Ömür bitər, yol bitməz!

 

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin

 

Dünya duracaq yer deyil, ey can, səfər eylə,

Aldanma anın felinə, andan həzər eylə -

 

düşüncəsi, qənaəti əsrlərdir ki, insanlığın bu gəlimli-gedimli dünya haqqındakı çeşidli götür-qoylarının nəticəsi kimi qavranılır. Əslində bineyi-qədimdən ulu babalarımızın şahid durduğu bir həqiqətdir ki, paklıq simvolu olan suyun özü belə bir yerdə çox qalanda istifadə təyinatını başqa səmtə yönəldir, könül bulandırır.

Hər yolun öz vacib tərəfi var. Ancaq ruhunla, düşüncələrinlə, əməllərinlə, arzularınla, amalın və ideyalarınla Tanrıya doğru atəşin yolçuluq etməyin savabı deməklə, yazmaqla bitməz ki, bitməz!..

Bu yol:

 

Biz adam olsaq da

Quşlar qədəm bacarmadıq...

Sərçələr qədər birgə

Yuva qurmağa

Varmadıq -

 

deyə vətəndaş narahatlığını, nigaranlığı keçirənlərin yoludu. Bu yol:

 

İçimiz boşaldı torpaqdan öncə,

Sonda can göründü Vətən yerinə.

Öncə can sağlığı deyən kəslərin,

Torpağı bölündü bədən yerinə -

 

deyə vətəndaş ağrısı yaşayanların, ümumxalq kədəri daşıyanların yoludu.

Tanrıya doğru dartınan, Tanrıya varan kəslərin, Tanrı aşiqlərinin yolu əslində Vətən müqəddəsliyindən rişələnir, gəlib, gəlib də Vətən ünvanına qovuşur. Bu qutsal fikrin, bu əbədiyaşar düşüncənin dilmancı kimidi tanınmış şair, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın poeziya dünyası. Tanrısına, deməli, öz həqiqətlərinə doğru yol başlayanların dərin ehtirama layiq yolçuluğunun sınırları bu duyğulu poeziyadan birər-birər keçməkdədir.

Elə şair-publisist Gülayə xanım da Sona Vəliyevanın elmi və poetik yaradıcılığına həsr etdiyi "Tanrının yol adamı" kitabında da bu mətləblərdən söz açır.

Son dərəcə səlis, oxunaqlı bir dildə yazılmış, milli-mənəvi dəyərlərimizə sədaqət hissilə qələmə alınmış nümunələri həssaslıqla incələmək baxımından son dövr ədəbiyyatşünaslığımızın dəyərli nümunələrindən sayıla biləcək "Tanrının yol adamı" kitabı əslində elmi-nəzəri araşdırma məramının poetik ovqatla bir arada ifadə edilməsi, çuğlaşması cəhdinin uğurlu nümunəsidir. Bütün kitab boyu elmi-nəzəri fikrin tutumlu ifadəsi ilə poetik dil faktoru qəribə şəkildə çuğlaşır. Annotasiyada qeyd edildiyi kimi, "kitabda çağdaş poeziyamızın tanınmış nümayəndəsi, dəyərli alim, Azərbaycançılıq məfkurəsinin layiqli təbliğatçısı Sona xanım Vəliyevanın  poetik və elmi yaradıcılığı dərin qədirbilənlik hissi ilə araşdırılır, xüsusi bir ehtiramla tədqiq olunur". Kitab boyu milli-mənəvi dəyərlərimizə, tarixi köklərimizə, tariximizə olan ehtiram duyğusu istedadlı bir şair-alim vətəndaşlığının vəhdətində ifadə edilib.

Gülayə xanım doğru olaraq önə çıxarır ki, Sona Vəliyeva bütün poetik və elmi yaradıcılığı boyunca heç bir halda vətənpərvərlik mövzusunun arxasında gizlənmir, daha çox bu mövzunu ruhən, mənən yaşayır, Şuşaya ilk qələbə bayrağı sancan soydaşımızı bəri başdan qardaş bilərək köksünə sıxır, yolunu qutlayır".

Gülayə xanım fərqindədi ki, S.Vəliyevanın Allah-Təaladan bir az da artıq ömür möhnəti diləməyinin də alt qatından "Vətən deyib varmaq", nizamı pozulmuş, bağı qırılmış, yollardan kəsilmiş yollarımızı uc-uca bağlamaq, nizama salmaq niyyəti, övladlıq, vətəndaşlıq borcu keçir:

 

Əl uzatdım qılınca, əlim qoldan kəsildi,

Yol başladım Şuşaya, yolum yoldan kəsildi.

Hanı atlı oğlan, səbrik kəsik-kəsikdi,

Möhlət ver bizə Allah, bui torpağı almağa,

Bir az möhlət ver, Allah, dünyanı tanımağa!

 

Milli ağrı, kədər hissilə qaynaqlanan bu şerin varlığında, mahiyyətində heç bir halda məyusluq, taleylə barışmaq, qədərə boyun əymək düşüncəsi zərrə qədər özünə ayaq yeri qoymayıb. Əl qoldan kəsilib, yol yoldan ayrı salınıb... Ancaq ağlamaq, sızlamaq yoxdur! Daha çox milli qürurun qabarması var, əlin qoldan kəsilməsi, yolun yoldan ayrı salınmasının özü belə milli birlik, səfərbərlik hissi təlqin edir.

"Tanrının yol adamı" adlı araşdırmasında Gülayənin dəqiq bir müşahidəsi xüsusi diqqət çəkir ki, insanın harayına yetmək, insanın yanında olmaq fədakarlığı Sona xanımın poetik düşüncəsindən dönə-dönə, sistemli şəkildə keçir və bu duyğusallıq onun şeir dünyasını oxucu ruhuna, yaddaşına nəqş edir. "Bu tendensiya milli təfəkkürümüzün tarixi, çox qədim köklərindən gəlir. Eyni zamanda, bu qədimlikdə böyük Cavidin, Səməd Vurğunun, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün və başqalarının əbədi payı var.

Sona Vəliyeva bu tarixi keçmişin, qədirbilənliyin ruh birliyini öz yaradıcılığında ləyaqətlə ifadə edir. Onun poetik düşüncəsi:

 

Unutmayın ki, şairləri

Hayqırmayan bir millət

Sevənləri torpaq olmuş

Yetim cücə kimidir -

 

deyən, yurdun şairini cəmiyyətdə baş verənlərə ayıq-sayıq olmağa səsləyən Məhmət Əmin Yurdaqulunun vətəndaşlığı ilə həmahəngdi, eyni zamanda da bu düşüncə Türk dünyasının tanınmış şairi Yavuz Bülent Bakilərin mənəvi dünyası ilə bütöv, boyaboy səsləşir:

 

... Yüz illərdən bəridir Altaylardan

Tunaya

Bizim türkülərimizdi söylənən

Danışılan dil bizim dilimizdir.

Rəng-rəng,

Naxış-naxış uzanan torpaq deyil,

Kilimlərimizdir...

 

Tədqiqatçı haqlıdır ki, bu duyğulu tanışlığın, təqdimatın növbəti silsiləsi kimi göz önünə gəlir Sona Vəliyevanın misraları:

 

İçimdə də, çölüm də də qəm tarixdir,

Dərbənd bağlı qapı, Təbriz lal anam.

Şuşa baş örtüyüm - sürüşüb düşüb,

Şahın hüzurunda necə dayanım?

 

Bu tale günahı, tale səhvini,

Gəldim ululardan sorum nədəndi?

Uşaqkən dünyanı mat qoyan şahın

Yurdu parça-parça, pərən-pərəndi...

 

Təbiidir ki, Gülayənin də xüsusi olaraq vurğuladığı kimi, hər iki şairdən - istər Yavuz Bülent Bakilərdən, istərsə də Sona Vəliyevadan keçirilən bu seçmələr həm milli qürur, iftixar, həm də eyni dərəcədə təəssüf, ağrı ifadəsi olmaqla bir-birinə doğma, yaxından da yaxındır.

"Hər iki qələm əhlini milli təəssübkeşlikdən doğan qürur hissi və məğlubiyyət acısı birləşdirir, bu kədər bir-birindən keçir".

Gülayə xanım S.Vəliyevanın Türk mənəviyyatından, insanpərvərliyindən qaynaqlanan poeziya nümunələrini eyni duyğu, düşüncə doğmalığı, munisliyi ilə təhlilə cəlb edir, doğru qənaətə gəlir ki, Sona Vəliyeva bir şair olaraq da bu gərəkli, vacib düşüncənin etibarlı, vəfalı daşıyıcısıdır, Azərbaycançılıq milli ideologiyası mənzərəsinin ədəbi, elmi-estetik təhlilinin müxtəlif aspektlərinə aydın vətəndaş nəzərlərilə işıq tutan araşdırmaçı alim kimi də...

Müəllif öz baxışlarının nə dərəcədə doğru və obyektiv olmasını - bir çox mötəbər elm xadimlərinin S.Vəliyevanın poetik və elmi araşdırmalarına verdiyi dəyər kontekstində təqdim edir. AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun alimin "Azərbaycançılıq milli ideologiya və ədəbi estetik təlim kimi (məsələnin qoyuluşuna dair)" monoqrafiyasına yazdığı maraqlı ön sözə istinad edir: "Sona Vəliyeva Azərbaycançılıq ideologiyasının köklərini (tarixəqədərki dövr!), təkamül mərhələlərinin kifayət qədər sistemli bir şəkildə nəzərdən keçirərək belə bir düzgün nəticəyə gəlir ki, Azərbaycançılıq ideologiyası XIX əsrin sonu, XX əsrin əvvəllərində ideologiyaya çevrilsə də, XX əsr boyu mürəkkəb bir təkamül yolu keçmişdir... Cəsarətlə demək olar ki, bu mücadilə, təkamül tarixinin əsas mərhələləri Sona Vəliyevanın əsərlərində ilk dəfədir ki, aydın (və mükəmməl) bir metodologiya ilə müəyyənləşdirilmiş, hər bir mərhələnin özünəməxsus səciyyəsi verilmişdir..."

Bu düşüncə bütövlüyü imkan verir ki, Sona Vəliyeva poetik deyimlərində son dərəcə inamlı və qürurlu ola bilsin, onun şair müşahidəsinin diqtə etdikləri oxucu auditoriyası tərəfindən birmənalı şəkildə, özü də dərin ehtiramla qəbul edilsin:

 

Sağlığı, varlığı dəyər ölçüsü,

Vətən sərhəddidir Vətən bayrağı.

Uğrunda ölməyi bacarmadıqsa,

Torpaq unudacaq Vətən olmağı.

 

Torpağı "Vətən" deyə qucmağın, tanımağın fəlsəfəsi, nədənliyi bu misraların daşıdığı məntiqdən, məramdan keçir. Bizə elə gəlir ki, Gülayənin bir tədqiqatçı, araşdırıcı olaraq Sona Vəliyeva yaradıcılığına çəkən, bağlayan başlıca cəhət də onun elmi və poetik yaradıcılığının özündə ehtiva etdiyi "Vətən" anlayışına bağlılıq hissidi. Vətən məvhumu Sonanın yaradıcılıq köynəyindən çox qutsal, pak, müqəddəs bir anlamla keçir. Bu münasibətdə doğma bir ana-bala sevgisinin pünhan, eyni zamanda da aləm-aşikar yaşantısı hökm edir. Çağdaşlığımızın fikir ucalığında dayanan "Vətən" müqəddəsliyi onun poeziyasından başlıca mövzu kimi keçir.

"Tanrının yol adamı" araşdırması da məsələnin bu tərəfinə ehtiramla nəzər salır, təqdir edir ki, yaddaşın əlindən tutub qeyb olmuş illərin, vətən, yurd sarı sevgi duyğuların yeddi qatından keçirə bilmək ustalığı Sona xanımın elmi və poetik yaradıcılığının başlıca məziyyətlərindəndir. Bu kitab Sona xanımın elmi və poetik yaradıcılığından əxz olunan fikir ucalığını oxucuya bir daha yenidən, bütün çalarları ilə yaşadır, vacib məqamlara aydınlıq gətirir.

 

 

Nəzakət

 

Ədalət.-2013.-7 fevral.-S.6.