GENERAL HEYBƏT HEYBƏTOV

 

Şəmistan Nəzirli istefada olan polkovnik-leytenant

 

 (əvvəli ötən saylarımızda)

 

***

 

1985-ci ildə sazaqlı fevral ayının yarıdan çoxunu bizim "Hünər" verilişinin çəkiliş qrupu Kuban torpağında ezamiyyətdə keçirdi. Məqsədimiz general Heybət Heybətovun komandir olduğu iki yüz iyirmi üçüncü Azərbaycan atıcı diviziyasının döyüş yolundan silsilə verilişlər hazırlamaq idi. Diviziyanın min otuz doqquzuncu atıcı alayının mərmi bölməsinin komandiri, istefada olan mayor Əbduləli Mürsəlov da bizimlə birgə keçmiş döyüş yerlərinə səfərə çıxmışdı. O vaxtdan qırx ildən çox keçsə də uğrunda vuruşduğu Ust-Labinskin,  Nekrasovskayanın,  Stebilyevskayanın, Krasnoarmeyskin,  Temirqoyevskin və Kurqansk yaşayış məntəqələrinin hər cığır və yolunu yaxşı xatırlayırdı. Diviziya Kuban torpağı uğrunda döyüşərək bu yerləri düşməndən azad etmişdi.

Hara gedirdiksə igid oğullarımızın əsgəri rəşadətindən, döyüş məharətindən minnətdarlıqla söhbət açırdılar. Bir azərbaycanlı kimi iftixar hissi keçirirdik ki, qəhrəman həmyerlilərimizin igidliyi kubanlıların xatirəsindən silinməyib.

Əbduləli müəllim bizi Krasnodar Diyar Veteranlar Şurasının sədri, general-mayor Aleksey İvanoviç Kabanovun da görüşünə apardı. Bizi səmimiyyətlə qarşılayan general sevinclə:

- Sizə general dostum Heybətovun-Zuvanovun igidliklərindən danışa bilərəm, - dedi. General Heybətovun özünü mən daha yaxşı tanıyırdım. Biz tez-tez beşinci zərbə ordusunun hərbi şurasında görüşərdik. İki yüz iyirmi üçüncü diviziyanın igid döyüşçülərini, onun mərd komandiri general Heybət Heybətovu biz kubanlıların unutmağa haqqı yoxdur. Azərbaycanlılar bizim torpağımızın azadlığı uğrunda yüzlərlə oğlunu qurban verib, misilsiz igidliklər göstəriblər.

...1943-cü il martın doqquzunda general Heybət Heybətovun diviziyası partizan dəstəsi ilə birləşərək Krasnoarmeyski stanitsasını azad etdi. İlk dəfə diviziyanın min qırx birinci alayı bizim torpaqda, Azərbaycan SSR Ali Sovetinin Keçici Qırmızı Bayrağı ilə təltif olundu. Bayrağı məşhur şair Səməd Vurğun general Heybət Heybətova təqdim etdi. Bu bayraq Vyanaya qədər döyüş yollarında azərbaycanlı igidləri yeni qələbələrə ruhlandırdı. Üzərində Suvorov və Kutuzov ordenləri olan həmin bayraq indi Moskvada- Sovet Ordusunun Mərkəzi Muzeyində saxlanılır. Kuban torpağının iki guşəsində iki yüz iyirmi üçüncü Azərbaycan atıcı diviziyasının əsgər və zabitlərinin döyüş yolunu əks etdirən muzey təşkil etmişdik. Kuban torpağının azadlığı uğrunda canından keçən hər bir azərbaycanlı əsgərin xatirəsi bizim üçün əzizdir.

 

***

 

... "Attestasiya" sənədi hər bir zabitin keçdiyi həyat yolunun, döyüş və hərb yolunun güzgüsüdür. Hərbçinin fəaliyyətini öyrənmək üçün hər bir tədqiqatçı-jurnalist onu mütləq diqqətlə oxuyub öyrənməlidir. Xatirələrdə, yazılan hər hansı publisist və bədii əsərlərdə müəllif istədiyi kimi təsvirə yol verə bilər. Amma "Attestasiya" kimi rəsmi sənddə bu qeyri-mümkündür. Ona görə də general-mayor Heybət Heybətova verilən "Attestasiya"nın mətninin burada verməyə ehtiyac duyuruq.

"Yoldaş general-mayor Zuvanov-Heybətov 1943-cü ilin noyabrından (416-ci diviziyadakı xidməti nəzərdə tutulur, - Ş.N.) indiyədək böyük döyüş yolu keçmiş və Dnestr, Kulstrin, Oder, Berlin ətrafında faşist işğalçıları ilə döyüşlərdə, düşmənin Visladan Berlinə kimi təqib edilməsində, hərbi hissələrə rəhbərlik işində fəal iştirak etmişdir. Taktiki şəraitdən tez baş aça bilir, xüsusi əməliyyatları ümumi əməliyyatlara görə uyğunlaşdırmağı yaxşı bacarır. Həm də qoşun növlərinin qarşılıqlı hərəkətini təşkil etmək vərdişinə malikdir. Təlim şəraitində hissələrin öyrədilməsinin zəruri vaxtını bilir. Qoşunların öyrədilməsində təşkilati vərdişlərə malikdir.

Döyüş və təlimlərdə qoşunların idarəsinin təşkili məsələsini düzgün qiymətləndirir, idarə işini təşkil etməyi bacarır. Arxa cəbhə xidmətini və döyüşdə arxa cəbhənin rolunu bilir. Yürüşlərdə dözümlüdür, ancaq son vaxtlar sağlamlığından tez-tez şikayət edir. Xaraktercə möhkəmdir, general kimi mədənidir, icraçıdır, mərd və qorxmazdır, cəsarətli və qətiyyətlidir. Mənəvi cəhətcə yenilməzdir, ünsiyyətlidir, xüsusi heyətin arasında nüfuzludur, söhbətlərində sadədir. Siyasi cəhətcə savadlıdır. İdeoloji cəbhədə təmkinlidir. Yaralı olsa da heç vaxt döyüşdən yarımçıq çıxmayıb, axıra kimi əməliyyatlarda fəal iştirak edib.

ÇIXARIŞ: - Nizami hissə komandirinin müavini vəzifəsinə layiqdir.

Otuz ikinci Suvorov ordenli atıcı korpusun komandiri, Sovet İttifaqı Qəhrəmanı,  qvardiya general-leytenantı Jerebin.

Beşinci zərbə ordusunun komandanı, general-polkovnik Berzarin.

Hərbi Şuranın üzvü, general-leytenant F.Y.Bokov

12 iyun 1945-ci il

 

***

 

General Heybətov haqqında çox düşünmüşəm. Bəzən bu keşməkeşli həyat yolu keçmiş generalın taleyinə acımışam. Elə olub ki, onun haqqında yazdığım bu qeydlər günlərlə yazı stolumun üstündə qalıb. Bundan sonra nə yazım, oxucuya nə deyim? - sualı mənə əzab verib. Düşünmüşəm ki, yəqin ad-famili dəyişmək sonralar - ahıl yaşına çatanda generalın özünə də mənəvi əzab verib, el-oba arasında sıxıntı keçirib. Əgər elə olmasaydı, öz azərbaycanlıları arasında dostu-tanışı azlıq təşkil etməzdi. Belə anlara polkovnik Baxış Mehdiyevin danışdığı bir epizod mənim fikirlərimi alt-üst edib, generalı Azərbaycan xalqına doğmalaşdırıb. 

1944-cü ilin may ayında Dnestr çayı uğrunda döyüşlər gedirdi. Dörd yüz on altıncı diviziya da bizim iki yüz iyirmi üçüncü diviziya ilə yanaşı, çiyin-çiyinə vuruşurdu. Platsdarmda növbəti döyüş fasiləsi idi. Xəbər gəldi ki, general Heybətov bir qrup döyüşçü ilə mühasirəyə düşüb, vəziyyəti çox ağırdır, bəlkə də, düşmən onları məhv edib.

Mən cəsur döyüşçülərdən bir neçəsini götürüb köməyə getdim. Dörd saata qədər vuruşub onları mühasirədən azad etdik. General Heybətov yaralanmışdı. Özümü yetirib onu bərk-bərk qucaqladım. O, boynuma sarıldı. Kövrəldi: - yenə öz millətim köməyimə gəldi, yenə öz el oğlum məni ölümdən, dardan qurtardı...

Onda mənə kortikini  bağışladı. Sonralar üstündə belə yazdırdı:

"İgid kəşfiyyatçı Baxış Mehdiyevə!

Düşmən arxasına keçərək, alman ober-leytenantını əlbəyaxa döyüşdə tərk-silah edərkən göstərdiyi igidliyə görə xüsusi silahla mükafatlandırılır.

General-mayor Heybətov. 5 iyul 1944-cü il"

... O kortiki mərhum polkovnik Baxış Mehdiyev əziz yadigar kimi saxlayırdı.

Görəsən, bu dar macalda onu ölümdən xilas edən eloğlusunu qucaqlayıb öpərək, - yenə öz millətim məni xilas elədi, - deyən general Heybət Heybətov həmin anlarda nə fikirləşirmiş?

Həmin ilin, həmin ayında cəbhəçi-yazıçı Məmməd Aranlı gündəliyində yazmışdır:

"İyirmi bir may 1944-cü il. Bu gün axşam son dərəcə kədərləndirici bir xəbər eşitdim. Mayor Məmmədov xəbər gətirdi ki, general-mayor Heybət Heybətov 223-cü diviziyaya gedən günün səhərisi həlak olub. Bəzi xəbərlərə görə meyidi tapılmayıb".

... Yazıçı İbrahim Novruzov isə generalın insani keyfiyyətləri və general rəşadəti haqqında qısa bir epizodun ən yaxşı müəllifidir desək, mübaliğə olmazdı.

"Mən general Heybət Heybətovu otuzuncu illərin ortalarından tanıyırdım. Yanında əsgər olmuşdum. O vaxt mayor rütbəsində olan Heybətov yetmiş yeddinci diviziyanın qərargahının operativ şöbəsinin rəisi idi. Bir ilin içərisində o, əvvəlcə qərargah rəisi, sonra da diviziya komandiri oldu. O vaxtdan keçən müddət ərzində demək olar ki, zahirən onda heç bir dəyişiklik əmələ gəlməmişdi. Əvvəlki kimi o, yenə də qıvraq, geyimində səliqəli, yerişində cəld, baxışlarında iti idi. Danışığında da maştağalılara məxsus şivəni saxlamışdı.... Ruslar onu "Batya" çağırırdılar, azərbaycanlılar ona "ata" deyirdilər.

O, həqiqətən diviziyadakılara ata idi. Onlara yoldaş, silahdaş və sirdaş idi. Onun müsahibələrinə axır öyüdü bu olurdu:

- Əsgər gərək rəşadət göstərə!

General Heybət Heybətov özü çox rəşid adam idi.

... Düşmən yuvası Berlinə də general Heybət Heybətov öz diviziyasının önündə girdi.

Mizrab sarı simləri titrədəndə, generalın pərdə-pərdə muğamat dediyini eşidən əsgər dostları bu dəfə onun Almaniyanın paytaxtında, Unter-den Linden ştrassedə, Brandenburq darvazası qarşısında çəpik çalıb "Qaytağı" oynadığını gördülər. Dördillik döyüşlərin hesabatını verən birləşmə komandiri Azərbaycan diviziyalarından danışanda general Heybət Atamoğlan oğlu Heybətovun adını birinci çəkdi, ona cəbhə komandanı marşal Georgi Jukovun təşəkkürünü yetirdi.

General bu tərifə, bu təşəkkürə layiq əsgər idi".

Bilmirəm, bütün bunlardan sonra general Heybətova - xalqına dönük çıxıb demək mümkündürmü?

Əlbəttə, yox. Mən inanmırdım və indi də inanmıram ki, hardasa ad-familini dəyişməklə, general Heybətov öz elinə, obasına, xalqına dönük çıxıb, ondan üz döndərib. Bu addımın səbəbkarı yalnız ehtiyac olub. Tanrı heç kəsin bəxtini, döndərib, xurcununu əyməsin. Əyəndə insan yerişini də itirir... müdrik Səməd Vurğun demişkən: ehtiyac qul eylər qəhrəmanı da. Əgər atası Atamoğlan kişi 1918-ci ildə heç nədən bir erməni daşnakının, namərd gülləsinin qurbanı olmasaydı, oğlu Heybət bu səhv addımı atardımı? Ana Tutixanım Heybət adlı oğlundan keçərdimi? Əlbəttə yox!

İbrahim Novruzovun "Yaşıdlarım" kitabındakı balaca bir epizodu oxuyanda qeyri-ixtiyari kövrəldim.

"Bir səhər qəzetlər general Heybətovun Kiyev şəhərində uzun sürən xəstəlikdən sonra vəfat etdiyini xəbər verdilər.

Deyirlər ki, general Heybət Heybətov canını tapşırmamışdan qabaq bayatı çağırmışdır, "Ölməyə Vətən yaxşıdır" söyləyərək, cənazəsinin Odlar yurdunda dəfn olunmasını vəsiyyət etmişdi..."

Qədirbilən xalqımız general oğlunun vəsiyyətinə əməl etdi. 1959-cu il oktyabrın 7-də altmış bir yaşında vəfat edən general-mayor Heybət Atamoğlan oğlu Heybətov Fəxri xiyabanda dəfn olundu. Doğma kəndi Maştağada abad bir küçə onun adını daşıyır.

Dünyadan, hərb tariximizdən silinib getməkdə olan bir sərkərdə adı xalqımızın yaddaşında əbədi qalacaq. General 1922-ci ildə tatar qızı Anna Kalakatorva ilə evlənəndən sonra bu günə qədər min yalan, uydurmalar danışılıb və yazılıb. Rəsmi sənədlərin dili ilə bu yalanlara son qoyduq. Müdrik atalar gözəl deyib ki, min yalan bir doğruya dəyməz. Generalın ruhunun rahatlığı naminə bu araşdırmalardan sonra biz də rahat nəfəs aldıq. Allahtəala onun müqəddəs məzarına bol günəş işığı, ruhuna əbədi rahatlıq versin. Amin!

Əziz oxucu! İndi özün düşün, özün saf-çürük elə. Kimdir general Heybətov? Onunla fəxr eləmək olarmı? Bu suala özün cavab ver!

P.S. - Səksəninci illərdə bəzi ziyalılıar general Heybət Heybətov-Zuvanovu qəbul etmək istəmirdilər. Buna səbəb də onun daşıdığı rus familyası və danışılan mənasız bir əhvalat idi. Guya, gəncliyində o bir keşiş qızına vurulub, qızını vermək istəməyən keşiş gənc Heybətin qarşısında iki şərt qoyub: əvvəl soyadını dəyiş, sonra xristianlığı qəbul et. Bu yalan saf bir insanın tərcümeyi halına ləkə salırdı. Hətta "Azərbaycan Sovet Ensiklopediya"sının dördüncü cildində belə (səh. 348) general Zuvanov Vladimir Pavloviç kimi təqdim olunur. Mötərizədə isə atasının adı səhvən Heybət yazılır. Bir xeyli axtarış aparıb onun çox saylı cəbhə dostları və bacısı Sara xanımla görüşdüm. Generalın "Zabitin xidmət" kitabıçasını çətinliklə də olsa tapdım. Bu rəsmi sənədi oxuyanda gördüm ki, onun bioqrafiyası başdan-başa təhrif olunur. 1990-cı ildə "Sovet kəndi" qəzetində, 1991-ci ildə "Azərbaycan generalları" kitabımda, general barədə çıxış edib, generala atılan iftiranı inkar etdim.

1993-cü il iyunun 8-də mərhum şair dostum Nazim Rizvan ünvanıma "Azərbaycan generalları" adlı on doqquz bəndlik şeir göndərdi. Kiçik ixtisarla təqdim etdiyim şeir general Heybət Heybətova həsr olunub.

 

"General Zuvanov - ləkəli varlıq",

Belə tanıyırdıq onu bir zaman.

O kimdir? Nəçidir? Bildiyim budur:

"Bir qızın eşqilə əslini danan".

 

Dağıtdın fikrimdə olan tüstünü,

Bildim, el oğluymuş sərkərdə Heybət.

Bilincə vurğunmuş, dilə, millətə,

Uçurtdu nifrəti şanlı həqiqət.

 

Heç vaxt satılmayıb tərsa qızına -

Deyir Şəmistanın ədalət səsi.

Onun soyadını körpəliyindən,

Dəyişib Zuvanov - himayəçisi.

 

Şeirlər deyirmiş öz ləhcəsində,

Doğma bayatılar dilində əzbər.

Ana Vətəninin azadlığıyçün,

Qürbət torpaqlarda qurmuşdu səngər.

 

Berlinə ilk girən general idi,

Öz ana dilində etdi çıxışı.

Bu çıxış deyildi, qışa son qoyan,

Bir yaz yağışıydı, bahar yağışı.

 

Özü qürbətdəydi, ruhu Vətəndə,

Sevdi varlığıyla xalqı, Vətəni.

Bayatı çağırıb son nəfəsində,

Dedi: "Vətənimdə basdırın məni".

 

Şəmistan, dəyişir gözümdə aləm,

Sənin kitabını oxuduqca mən.

Axı, ər oğluyla, ər qızlarıyla,

Həmişə böyüyüb ucalır Vətən.

 

Bölünməz ruhusan Azərbaycanın,

Heç vaxt ayırmadın dağı arandan.

Vurğundan öyrəndin həyat dərsini:

Könül yaşayarmı ayrılsa candan?

 

Yaz, əziz qardaşım, eşqin var olsun,

Eşqin Vətənimin bir ilk baharı.

Yaz, yarat, düşmənə çalsın qılıncı,

Məğrur "Azərbaycan generalları".

 

 

Ədalət.-2013.-8 fevral.-S.7.