BU DA BİR UNUDULMAZ XATİRƏ

 

Ankarada hər kəs onun qəhrəmanlığından danışırdı

 

Hər bir insan özü-özlüyündə qəhrəmandı. Sadəcə, hər bir insanın içində olan qəhrəmanlığı üzə çıxarmaq, göstərmək hər bir insana da nəsib olmur. Yəni Allah yaratdığı bütün bəndələrinə hər bir şeyi verir, onu kamil şəkildə ortaya qoyur. Bax, o kamil insan özü özünü, loru dildə desək, "işə sala" bilmək mexanizmini tapa biləndə onda təbii ki, insanın dünyasında olan hər şey özünü göstərir. Məsələn, bəziləri yazı-pozuya, digər bir qismi rəssamlığa, başqa birisi heykəltaraşlığa və yaxud da kimsə silaha, zabit olmağa meyl göstərir. Bu da həmin insanın içində olan o məlum hissəciyin vaxtında işə düşməsi ilə artıq özünü nümayiş etdirir. Kənardan baxıb görürsən ki, bu insanın dünyası daha çox nəyə meyllidi, daha çox nəyə qadirdi.

Təbii ki, öz içində qəhrəmanlıq hüceyrələrinin olduğunu hər kəs duya bilmir. O şəxslər duyur ki, onlar sonda bu qəhrəmanlıq addımlarını atırlar, qəhrəmanlıq ənənələrini ortaya qoyurlar. Sorğusuz-sualsız qəhrəmanlıqlarını adi bir qaydada təqdim edirlər. Çünki onların dünyasındakı həmin o halal qəhrəmanlıq hissi təqdimat istəmir, təqdimat gözləmir və buna ehtiyac da duymur. Sadəcə o, gərək olanı, gərəkli olanı yerinə yetirir.

Doğrudur, bu gün həqiqəti demək də, başqasının haqqını tapdamamaq da müəyyən mənada qəhrəmanlıqda. Ancaq sözün bütün mənalarında qəhrəmanlıq isə torpağa, millətə xidmətdən keçir. Bax, belə qəhrəmanlarımız bizim qürur yerimiz, bizim güvənc ünvanlarımızdı.

Artıq Azərbaycanda "Azərbaycan bayrağı" ordenli İbad Hüseynovu hər kəs tanıyır. Onun savaş meydanında göstərdiyi qəhrəmanlıq dillər əzbəridi. Lakin həmişə özümüzə sığınıb qalmağımız bizim kənardan görünməyimizə, tanınmağımıza mane olur. Bax, bu mənada İbadın da, yəni bu cəsur kəşfiyyatçının da ölkə hüdudlarından kənarda tanınması demək olar ki, müəyyən bir zaman kəsiyində yubandı, ləngidi. Lakin son aylarda sanki bu buz qırıldı və İbadı türk dünyası tanımağa başladı. Onun Türkiyənin dövlət adamları ilə görüşləri, bu görüşləri əks etdirən görüntüləri və materialları, internet saytları, kütləvi informasiya vasitələri artıq hər kəsə çatdırıbdı. Demək olar ki, onun barəsində istər baş bakan Ərdoğanın, istər xarici işlər naziri Davudoğlunun, istər millət vəkillərinin fikirləri özü-özlüyündə İbadı tanıyanlar üçün, İbadın döyüş dostları üçün bütövlükdə xalqımız üçün çox qürurvericidi.

Bu günlərdə İbadın Türkiyədə daha bir möhtəşəm tanıtım mərasimi keçirildi. Belə ki, Ankara şəhərində təqdimatı keçirilən "Atilla" dərgisinin mərasiminə toplaşan söz, sənət adamları, elm xadimləri bu cavan oğlanın timsalında türk dünyasının qəhrəmanlarından birini gördülər. Jurnalın təqdimat mərasimini açan Zeynəb Köşkər Türkiyədə hər kəs tərəfindən tanınan və sevilən aparıcılardan biridi. Onun İbad barəsində söylədiyi fikirlər tanıtım mərasiminə qatılan hər kəsi duyğulandırdı. Sonra jurnalın Türkiyədə işıq üzü görməsində böyük əməyi olan Avrasiya Yazıçılar Birliyinin başkanı Yakub Öməroğlunun söylədiyi fikirlər, yəni "Atilla" jurnalının bu sayının və bütövlükdə jurnalın məramının nəyə, kimə xidmət etməsini geniş şərh etməsi maraqla qarşılandı. Məhz Yakub bəyin Ankara Altındağ Bələdiyyəsində Kabakcı Konağı Kultur Mərkəzində keçirilən jurnalın təqdimatı Türkiyənin bu bölgəsi üçün yaddaqalan hadisələrdən biri kimi qeyd edildi. Professor, doktor, başkan yardımçısı Mehmet Sağlam, araşdırmaçı yazar Abdullah Satoğlu, Altındağ Bələdiyyə başkan yardımçısı Yunus Keleş, TRT Avazın kanal koordinatoru Adnan Süer, TRT Diş Yardımlar Dairəsi başkanı Süleyman Köksoy, Başkent Universitesi Dil Araşdırma və Uyğulama Mərkəzinin müdiri professor, doktor Əbdürrəhman Güzel, Türksoy Uluslararası Türk Kültür Teşkilatı direktoru doktor Firat Furtaş, Türksoy Uluslararası Türk Kültür Teşkilatının Azərbaycan təmsilçisi Elçin Qafarlı, İstanbul Bağçılar Bələdiyyə yardımçısı Yavuz Subaşı, "Bolqarıstan Türklərinin Səsi" qəzetinin genel yayım yöneltmeni Rafet Ulutür, "Türkiyənin Səsi" radiosu "Qorqud ata" proqramının yapımçısı doktor Seyfəddin Altaylı, Saloğlu şirkətinin prezidenti Tacəddin Mustafayev, "Sivil İnişiativ" qəzetinin genel müdiri Tulay Erim Gomez və digər yazarlar tanıtım mərasimində İbad Hüseynovun bütün türk dünyasının qəhrəmanı olduğunubütün dünyanı bir qatı terrorçudan xilas etdiyini vurğuladılar.

Böyük maraqla keçən və diqqətlə izlənilən bu tanıtım mərasimində çıxış edən İbad Hüseynov da ona göstərilən diqqətə görə hər kəsə öz dərin minnətdarlığını bildirməklə vurğuladı ki, o bu gün də əsgərdi və Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə hazırdı. Jurnalın ona həsr edilmiş buraxılışına da münasibət bildirən qəhrəman hər kəs qarşısında bəyan etdi ki, o, bir əsgər kimi dövlətindən, xalqından, ona dəyər verən hər kəsdən son dərəcə razıdı və qürur duyur. O fəxr edir ki, Azərbaycan əsgəridi? Türk əsgəridi!

Bəli, Ankara şəhərində keçirilən möhtəşəm tanıtım mərasimi də xatirə şəkillərlə, xatirə hədiyyələrlə yanaşı, həm də türk dünyasının qəhrəman oğullarına da böyük sevgi və diqqətlə yaddaşlara köçdü. Bu mərasim göstərdi ki, türk xalqı, türk dünyası öz övladlarına dəyər verməyi bacarır.

 

 

Əbülfət  MƏDƏTOĞLU

 

Ədalət.-2013.-8 fevral.-S.4.