PROYEKTİMİZƏ
DAVAM EDİRİK: ALTMIŞINCILAR
PUBLİSİST-YAZAR:
- BÖYÜKXAN BAĞIRLI-3
"Altmışıncılar"
dedikdə adətən yazıçıları nəzərdə
tutular və bütün vur-həşir də, bildiyimiz kimi hər
zaman onların başında olur. Bunun nədən olduğunu
mən araşdıran deyiləm, amma bunu bilirəm ki,
ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin
bütün sahələrində özlərini göstərməkdə
idi. Və mənə elə gəlir ki, dünyamızın
altmışıncı illəri təkcə bizim məmləkətdə
deyil, başqa məmləkətlərdə də eyni anlamda
intibah illəri kimi yaddaşlara həkk olunub. Məsələn,
sevgili Türkiyə Cümhuriyyətində ALTMIŞINCILAR
adıyla bir dərnək də var. Həmişə
gönlüm keçib belə bir təşkilat və ya dərnək
bizlərdə də olsun, amma bizlər ayrı, Türkiyə
ayrı. Hər zaman adları ortalıqda hallanan yazan və sənət
adamları sornakı nəsil tərəfindən heç də
gönül xoşluğu ilə qarşılanmayıb. Mən
onlarnı müdafiəsinə qalxmaq məqamında
uzağam. Mən, sadəcə, onlardan bəzilərini yenidən
xatırlatmaq istərdim. Ən çox o
yaradıcıları ki, onlar ədəbiyyatçı deyillər.
Yazar-çizər deyillər. Amma bu sırada yazarlar da ola bilər.
Daşlaşmış "ALTMIŞINCILAR" sırasına
salınmayan ALTMIŞINCILAR da olub. Kimlərdir bunlar?
"İNTELLEKTUALLIQ
YAZARA HARACAN LAZIMDI"
sualınıza
gəldikdə isə, onu deyə bilərəm ki, bu barədə
xalqın gözəl bir ifadəsi var: "buynuz qoça
ağırlıq eləməz". Nə olar, qoy
yazıçının intellektual səviyyəsi
şkalanı vurub keçsin. Lakin Puşkinin, Qoqolun, Tolstoyun,
Çexovun, Folknerin, Hemenqueyin, Mirzə Cəlilin, Sabirin,
İlyas Əfəndiyevin, Anarın, Elçinin, Əkrəm Əylislinin,
Yusif Səmədoğlunun ədəbi irsinə nəzər
yetirərkən, şəxsən bir oxucu kimi mən
özlüyümdə bu qənaətə gəlirəm ki,
yazıçılıq üçün əsas şərt
Allah vergisi və istedaddır. Əgər belə olmasaydı,
onda ədəbiyyat nəzəriyyəsini, ədəbi
qayda-qanunların həçə-püçəsini
hamıdan yaxşı bildiklərinə görə ədəbiyyat
üzrə professorlar, akademiklər bu əziyyətli və
şöhrətli peşədən ikiəlli
yapışardılar. Yaxud yüksək intellektə malik olan
M.Şahtaxtinski kimi alimnüma bir naşir "Şərqi-rus"
qəzetində kömbəni Mirzə Cəlilin deyil, elə
öz qabağına çəkərdi. Neyniyəsən ki,
Allah-təala istedadı hər adama vermir. İntellekt
gücünə yazılan bədii əsərlərə gəldikdə
isə, onlar istiliyi, hərarəti olmayan ay
işığına bənzəyirlər. Məncə
intellektuallıq yazıçının içindən gəlməlidir.
İntellektuallıq naminə intellektuallığı, vallah, şeytana
papış tikən qazdan ayıq müasir oxucu həzm eləmir,
intellekt ilə yüklənmiş soyuq, bumbuz, qəliz mətnləri
bir tərəfə atıb: "Pah atonnan... yox əşşi..." deyir.
Bu gün də aktuallığını itirməyən,
sevilə-sevilə oxunan Mirzə Cəlil
nəsrinin həmişəyaşarlılığının,
müasirliyinin sirri onun bədii məziyyətləriylə
yanaşı, sadəliyində, dilinin
şirinliyində, aydınlığındadır. Ədəbi
tənqid, ədəbiyyatşünaslıq sahəsində də
sadəliyi, elmi rəvanlığı, təhkiyə
duruluğunu ədabaz akademizm
əvəzləyəndə, "Mən Tarixi-Nadiri
yarıya qədər oxumuşam..."
deyən Məşədi İbadın məşhur
qınağı yada düşür.
Məsələn, mən bir
oxucu kimi xalq yazıçısı Elçinin
sadə dildə yazdığı nəsr əsərləri
ilə bərabər, onun ədəbi-tənqidi
məqalələrini, elmi
araşdırmalarını da həvəslə
oxuyuram və bundan böyük zövq
alıram.
-
Yeri gəlmişkən, altmışıncı illərdən
bizim ortaq tanışımız, dostumuz bir yazar vardı sizin
tərəflərdən, QASİD NAĞI OĞLU. İndi nə
ilə məşğuldur. Şair Abasağanı
xatırlayırmı sizin o gözəl məmləkətdə,
yəni heç olmasa yaş mərasimlərində o yada
düşürmü? - "...bir yazar vardı..."
Təsəvvür
edin ki, mən sizin suallara cavab verdiyim zaman (yəni mart
ayında) o sağ və salamat idi. İndi isə yoxdu. Onun qəfil
itkisi bütün qələm dostlarını şoka
saldı. Vaxtı ilə "Qobustan" toplusuyla əməkdaşlıq
etdiyi, sizinlə ünsiyyətdə olduğu illəri dərin
ehtiramla xatırlayırdı. Şair Abbasağaya gəldikdə
isə, onun əziz xatirəsi həmişə məclislərimizdə
böyük ehtiramla yad edilir. Unudulmaz şairimizin doğulub
boya-başa çatdığı küçə indi Cəlilabad
şəhərində onun adını daşıyır.
-
Sualımızın cavabı yarımçıq
qaldığı üçün onu oxuculara bir də
xatırladıram: Bir yazar olaraq sənin yazılarında
çox gözəl bir kolorit duyulmaqdadı və bilirəm
ki, sən bu şəhərlə də çox
bağlısan. Ancaq bütün hekayələrində cənuba
bağlılıq və cənub aksenti çox seçilir.
Sizin tərəflərdən olan neçə-neçə
yazarda bunu hiss etmək çox çətindi. Heç
uzağa getməyək: çox istedadlı şair və
yazar Aqşin Yenisey... bax ha... təxəllüsə bax...
YENİSEY. Məsələn Sergey Yesenin yada düşür.
Və onun yazılarında həmişə bir
intellektuallıq özünü büruzə verir və bunu
onun yazarlar haqqında yazılarında da görmək
mümkündü. Məsələn, yazar Kamal Abdulla
haqqında yazısı məhz bu əynəmdə
yazılmış bir yazı idi. Sən bilən
intellektuallıq yazara haracan lazımdı. Və ya zorla intellektuallıq
haqqında fikriniz nədir?
AZƏRBAYCAN TARİXİNDƏN
BİZƏ MÜHAZİRƏ OXUYAN RƏHMƏTLİK LƏTİF
ƏSGƏROV MƏNİM SIXILDIĞIMI GÖRÜB DEDİ:
"Siz
bu oğlana gülməyin, o özüylə birlikdə
auditoriyamıza Cənub ab-havasını gətirib. Sizin hər
birinizin mənsub olduğunuz bölgənin ləhcəsində,
uzaqbaşı, bir-iki milyona yaxın adam danışır,
amma bu oğlanın ləhcəsində ən azı on
milyondan çox Azərbaycan türkü bir-biriylə kəlmə
kəsir, ünsiyyətdə olur..." Sonra Lətif müəllim
əlavə elədi ki, xalqımızın ən gözəl
ədəbi abidələrindən biri olan "Heydər babaya
salam" əsəri Cənub ləhcəsində
yazılıb. "Kitabi-Dədə Qorqud" dastanları da
Təbriz aşıqlarının dilindən yazıya
alınıb. "Koroğlu" eposu da həmçinin.
Cavandım. Bu sözlərdən sonra qoltuğum şişdi.
Bir az da məşhurlaşdım. Yaşa dolduqca hiss etdim ki,
dil baxımından, Cənub bölgəsində böyük
bir xəzinə var. Bu xəzinənin qapılarını
açmağa xiridar gərək. Ləhcəyə gəldikdə
isə, o, hər hansı bir bədii əsərdəki surətlərin
dilində, özü də zəruri hallarda özünü
göstərə bilər. Bir şərtlə, dilimizin ədəbi
qanun və normalarına ziyan vurmadan. Koloritə gəldikdə
isə o, yazının ruhunda, canında və qanında
olmalıdı. İsa Hüseynovun "Kollu koxa" povestində,
İlyas Əfəndiyevin "Körpüsalanlar" əsərində,
Sabir Əhmədlinin "Yamacda nişanə" kitabında
olduğu kimi. Bu barədə çoxlu misallar çəkmək
olar. Amma bununla belə, dilimizdə lüğət
kitablarına, sözlüklərə düşməyən
xalqın gündəlik həyatında gen-bol istifadə etdiyi
nə qədər canlı sözlər, gözəl ifadələr
var. Onlar nə üçün ədəbiyyatımıza gətirilməsin?
Yeri gələndə, dilimizin ədəbi normaları dediyimiz
çərçivəni sındırmaq olar - lüğət
fondumuzun zənginləşdirilməsi naminə. Bu çərçivələr,
qəfəslər giriftarı olmaqdan qurtulmaq gərək.
NECƏ Kİ, NƏSİMİ
DEYİRDİ:
"...Sındır
qəfəsi, tazə gülüstan tələb eylə".
Əgər
Puşkin, Qoqol, Turgenev və digər rus klassikləri ədəbiyyata
yeni sözlər gətirməsəydilər, görün rus ədəbiyyatı
nə qədər kasıb görünərdi. Mən
böyük söz ustadımız Rəsul Rzanın
"Qızıl gül olmayaydı", Səməd
Vurğunun "Muğan", "Aygün", Nəbi Xəzrinin
"Günəşin bacısı", Bəxtiyar Vahabzadənin
"Etiraf", "Muğam", Əli Kərimin
"İlk simfoniya", İsa İsmayılzadənin
"Böyüdülmüş şəkillər"
poemalarını, böyük şairimiz Məmməd
Arazın təbiət mövzusunda yazdığı şeirləri,
eləcə də Vaqif Bayatlının "Qonşu toyuna
oynayan uşaq" şerini, Anarın "Dantenin yubileyi"
povestini, "Yaxşı padşahın nağılı"
hekayəsini, Bayram Bayramovun "Karvanyolu", İsmayıl
Şıxlının "Dəli kür", Sabir Əhmədlinin
"Gülmalı kişinin axırı", İlyas Əfəndiyevin
"Geriyə boylanma, qoca", Elçinin "Ölüm
hökmü" romanlarını, Əkrəm Əylislinin
"Kür qırağının meşələri",
Mövlud Süleymanlının "Dəyirman" povestlərini
dönə-dönə oxumaqdan doymuram. Ona görə ki, bu əsərlərdə
xalqımın ruhu, ürəyinin
çırpıntıları, dilinin dadı-tamı var. Bu əsərlərin
müəlliflərinin imzalarını gizlətsən,
göstərməsən, yaxud sürətlərin
adlarını digər millətlərin adlarıyla əvəzləsən
də, mətnlərin koloritindən bilinəcək ki, bu
yazılar məhz Azərbaycan xalqına, Azərbaycan təfəkkürünə
məxsusdur. Əlbəttə, bu sözləri kitablardan, yaxud
ədəbiyyatdan ədəbiyyata gələn intellekt
"Dibçək güllərinin" - özlərini super
yazar kimi təqdim edənlərin, savad gücünə
quraşdırıb-uydurduqları və pişik alması kimi
müxtəlif nəşrlərdə tez-tez oxucuların
qabağına çıxıb, onların ovqatını təlx
eyləyən əndərəbadi sicilləmələrinə
aid etmək olmaz. "Bu dibçək güllərinin"
yazılarına nə qədər intellekt enerjisi yüklənsə
də, xalqın ovqatını əks etdirən bədii
söz baxımından müqayisədə onlar dərman və
rayondakı kalorili yem gücünə çəki
artımı verən, günəşin altında gəzişib
yaşıl otlarla qidalanmayan dadsız-tamsız yekrəng
fabrik toyuq-cücələrinə bənzəyir. Müqayisə,
bir az kobud çıxsa da, bu həyat həqiqətidir.
İş onda mütəqəlqəl olur ki, bu intellekt-yazarlar
vəzifə, mənsəb sahibi olalar. Belələrinin
dövrəsində fırlananlar başlayırlar onların
ora-burasına xına yaxmağa. Bir deyən də yoxdur ki, ay
qardaş, həvəsdi, bəsdi. Ayıbdı axı, bu
adamlar nə Çexovdu, nə Mirzə Cəlil, nə Çəmənzəminlidir,
nə də Ənvər Məmmədxanlı".
(Cəlilabad-Bakı)
-2012
(Davam edəcək)
Tofiq Abdin
abdin41@mail.ru
Ədalət.-2013.-9 fevral.-15.