NƏĞMƏKAR ŞAİR

 

(İslam Səfərlinin 90 illiyi münasibətilə)

 

ƏDƏBİ HƏYAT

 

İslam Səfərli... 1923-1974. Nəğməkar şair... Dramaturq.. Dostlarının, tanışlarının xatirəsində gözəl insan. Hər bir sənətkar öz yaradıcılığı ilə özünə abidə qoyur. Əlbəttə, qranitdən və mərmərdən daha çox, xatirələrdə, yaddaşlarda bu abidəni yaradır. Ürəklərdə yaranan belə abidələrdən biriİslam Səfərli abidəsidir.

O, cəmi 52 il yaşadı. Fevralda dünyaya gəldi (1923), noyabrda (1674) - soyuq payız günlərinin birində dünyadan köçdü. Ancaq ömrün uzun və qısalığı əsas şərt deyil, elə 52 illik bir ömürbir insanı yaddaşlarda yaşatmaq üçün kifayət edər.

İslam Səfərliylə yaşıd olanların çoxu dünyadan gedib, amma bir nəsil öz köçünü sürsə də, gələn nəsillər həmin nəsli xatırlayır, onların gözəl ənənələrini davam etdirirlər.

İslam Səfərli 1974-cü ildə vəfat edib, amma onun vəfatından keçən bu 39 il ərzində həmişə xatırlanıb. Yurdun hər bir guşəsində "İslam Səfərli" adı gələndə təbəssümlə yada salırlar onu. Bu təbəssüm İslam Səfərlinin sənətkar ömrünün yaşantılarıdır ki, izlərə, gözlərə çilənib.

Nə qədər ki, biz anaları dünyada ən müqəddəs varlıq sanırıq, qarşısında baş əyirik, dünyadan köçəndən sonra ana itkisi qəlbimizə yara vurur... Nə qədər ki, Azərbaycanın ən şirin ləhcəli sənətkarı olmuş Rəşid Behbudovun ifasında "Ana" mahnısını dinləyirik, o zaman bu mahnının müəllifi İslam Səfərlini də yad edəcəyik:

 

Saçının ağına,

qarasına qurbanam,

Könlünün o həzin

laylasına qurbanam.

 

Əziz ana

Unudulmur analar, unudulmur Rəşid, unudulmur İslam Səfərli.

 

Lakin bu günün bir sıra ifrat solçuları, keçmişinə daş atan nihilistlər sovet dövründə yaşayan şairlərimizi, sənət adamlarını inkar ediblər. Əgər onlara qalsa, gərək İslam Səfərli də yad edilməyə. Səbəb odur ki, İslam Səfərlinin 35 illik yaradıcılığında sovet dövrü həqiqətləri də əks olunmuşdur. Bəli, bu gizli deyil ki, S.Vurğun, S.Rüstəm, R.Rza, M.Rahim, Ə.Cəmil kimi İslam Səfərli də partiyanı, Lenini, Oktyabrı tərənnüm edən şeirlər yazmışdır, hətta V.İ.Leninin "İskra" dövrü fəaliyyətindən bəhs edən "Qığılcım" poemasını qələmə almışdır. Bəli, İ.Səfərli sovet dövrünün şairi idi və təbii ki, o, yaşadığı sosializm dövründə ölkədə gedən quruculuq işlərini, əmək qəhrəmanlarının həyatını vəsf etməliydi. Lakin İslam Səfərlini, eləcə də digər şairlərimizi bütün bunlara görə qınamaq doğru deyil. Axı onun elə şeirləri var ki, bunları heç cür sovet ideologiyası qəlibinə sığışdırmaq olmaz.

 

Siz qaynar həyatsınız,

Kükrəyən ağ atsınız.

Nəğməmə qanadsınız,

Sahili şən dalğalar,

Aşıb-daşan dalğalar.

 

Yaxud:

 

De, vardır dünyada

Ana südündən təmiz.

Doğulduğun torpaqdan,

Olduğun evdən əziz?

 

Bizim gözəl xalq mahnılarımız var: "Ay bəri bax", "Süsən sünbül", "Almanı atdım xarala", "Gül açdı", "Sona bülbüllər" s. Bu xalq mahnılarının yaşı bilinmir, ilk müəlliflərinin kimlər olduğu da məlum deyil, amma yaşayır. Bir var ayrı-ayrı şairlərin sözlərinə yazılmış mahnılar. Onların da bir çoxu yaşayır. Füzulinin bir çox qəzəlləri, Nizaminin "Sənsiz"i, A.Səhhətin "Vətənimdir", S.Vurğunun "Azərbaycan" şeirləri öz mahnı ömürlərini yaşadığı kimi...

 

Bağçamıza gəldi bahar,

Yaşıl xalı sərdi bahar,

Gəl dedim, gəlmədin, yar.

Gəlmədin, yar.

 

Bu mahnını Sara Qədimova oxuyurdu, indi gənc xanəndələr oxuyur. Bəlkə illər keçəndən sonra onu da xalq mahnıları sırasına qatacaqlar.

Hər səhər evdən çıxıb işə yollanırıq, bir az qayğılı, bir az qayğısız, həm şən, həm qəmgin. Elə bil bu mahnı da bizimlə yol gedir:

 

Qayıdıb xoş güzərdən,

Günəş qalxır Xəzərdən.

Sevgilim keçən yerdən,

Bütün şəhər yeriyir,

Bakı, sabahın xeyir!

 

Nədir bu nəğmələri yaşadan? Hansı sehirdir?

O nəğmələrdə sözlər sanki adilikdən çıxır, poetik hüsn təmtəraq qazanır, deyim tərzində bir şirinlik, axıcılıq, təbiilik bu nəğmələrin bəzəyinə çevrilir. "Zərif gülüşlüm", "Dan ulduzu, bir mən", " vaxta qaldı", "Bir ürək sındırmışam", "Zəriflik"... onlarla belə şeirlər lap yaranışdan nəğmə kimi bu dünyaya gəliblər.

İslam Səfərlinin nəğmələri bir şeir kimi gözəldir. Yəni bunları sırf mahnı kimi alıb, təhlil eləmək doğru deyil.

 

Mən onu dan ulduzu,

Zərrin şəfəq sanırdım.

Kimə inanmasam da

Bir ona inanırdım.

 

Qəbahətim böyükdür,

Ay ellər, dünən axşam

Bir ürək sındırmışam,

Bir könül sındırmışam.

 

İslam Səfərli qədim odlar diyarımız Naxçıvanda dünyaya göz açmışdı. Yaradıcılığa çox erkən başlamışdı - ilk şeiri "Ədəbiyyat qəzeti"ndə (1940) dərc ediləndə onun cəmi 17 yaşı vardı. Elə təzəcə ədəbi aləmdə təzəcə tanınırdı ki, müharibə başlandı, onun kövrək qələmini süngü əvəz etdi. O, əsgər şineli geydi, 416-cı atıcı diviziyasında kəşfiyyatçı oldu, Şimali Qafqaz, Krım, Ukrayna, Pribaltika cəbhələrində döyüşdü. "Qızıl əsgər" "Qırmızı bayraq" cəbhə qəzetlərində oçerk, məqalə şeirlərini çap etdirdi. İllər keçəcək, müharibə mövzusu İ.Səfərlinin yaradıcılığında əsas mövzulardan birinə çevriləcək, "Onüçlər" kimi gözəl bir şeir, digər əsərlər yaranacaq.

Müharibə bitdi İ.Səfərli ilk, kövrək addımlarını atdığı ədəbi aləmə qayıtdı. Müharibədə igid bir kəşfiyyatçı kimi özünü sübut edən İ.Səfərlinin ədəbi aləmdə tanınması sevilməsi uzun çəkdi. O, "Darülfünün" silsiləli şeirlərini yazdı, bu şeirlər oxucuların ədəbi ictimaiyyətin marağına səbəb oldu. İ.Səfərlinin dostu Əlfi Qasımov bir xatirəsində yazır ki, böyük şairimiz Səməd Vurğun universitetə görüşə gəlmişdi. O, gözəl bir çıxış etdi, birdən zala göz gəzdirdi, "hanı o mənə oxşayan Qara İslam?" deyə soruşdu. İslam "Burdayam, Səməd müəllim" dedi. Səməd Vurğun dedi: "Yazıçılar İttifaqında keçən "Gənclər günü"ndə bir şeir oxudun ha, indi oxuya bilərsənmi onu? İslam xitabət kürsüsünə qalxıb "Beşik başında" şeirini şövqlə oxudu. Alqış səsləri salonu titrətdi.

 

Ümumiyyətlə, İslam Səfərli yaradıcılığı həm öz qələm dostları olan yazıçıların, həm tənqidçi-ədəbiyyatşünasların nəzərindən uzaq düşməmişdir. Məsələn, görkəmli tənqidçi Əkbər Ağayev yazırdı: "İslam Səfərlinin poeziyasında Xəzərin ləpələri pıçıldaşır, müasir kəndin şəhərin müxtəlif təbiətli adamları tərənnüm olunur. Vətən , onun təbiəti İ.Səfərlinin tərənnümündə tam bir poeziyadır, incədir, xəfifdir, gözəldir".

50-60-cı illərin poeziyasında İ.Səfərlinin bir şair kimi öz yeri, öz mövqeyi vardı. O öz şair adını şəxsiyyətini şeirlərində tam ifadə etmişdi. Onun gözəl lirik şeirləri ilə yanaşı, "Sınaq gecəsi", "Yaralı nəğmə", "Birinci katib", "Dəfinə" s. poemaları da olmuşdur. Ancaq onun poema yaradıcılığında böyük ustad Aşıq Ələsgərə həsr etdiyi poeması bədii-sənətkarlıq baxımından daha mükəmməl idi.

Onun yaradıcılığında şübhəsiz ki, baş mövzu Azərbaycan idi. Şeirlərinin birində yazırdı: "Bağrıma basmışam Azərbaycanı. Araz bir qolumdur, Kür bir qolumdur".

 

Sinən bir gümüşdü, gümüşdü,

Gözüm hüsnünə düşdü, düşdü,

Sahilində işıqlar qızıldı,

Yel dəydi, göy köynəyin sızıldı,

Suların çin-çin oldu, Xəzərim,

Ləpən göyərçin oldu, Xəzərim.

 

Söylə görüm, ay dəniz, ay dəniz,

Çimibmi göy sinəndə Ay, dəniz?

Ulduzlar xalınmıdır gecələr,

Dalğalar yalınmıdır gecələr?

Saf qoynuna düşübdür güzərim,

Xəzərim, ay Xəzərim, Xəzərim.

 

O, Xəzər haqqında ehtirassız yaza bilmirdi. Çünki Xəzəri sevirdi, ona gözəllik tablosu kimi baxırdı. Bu vurğunluğu biz onun doğulub boya-başa çatdığı Naxçıvana həsr etdiyi şeirlərində görürük.

"Ey axarlı, ey baxarlı, ey gülzarlı Naxçıvanım" deyən şair "İki Culfa", "Əbədiyyət nəğməsi", "Araz burulub keçir", "Qızlar bulağı", "Tanış gözlər", "Gəlmişəm" şeirlərində Naxçıvan torpağının gözəlliklərini poeziyaya gətirirdi.

 

Bulaqların bir səmtədir axarı,

"Salvartı"nın xoş görünür baxarı,

Biçənəkdən at səyirdib yuxarı,

Yalmanına yata-yata gəlmişəm,

Mərcan gözlü Batabata gəlmişəm.

 

Dağ cığırı, hər tərəfim duman, çən,

Boz qayadan cüyür ürkdü qəflətən,

Tüfəngimi sinəm üstə basıb mən,

Arxasınca ata-ata gəlmişəm,

Mərcan gözlü Batabata gəlmişəm.

 

Vüqarlıdır zirvələrin, qaşların,

Üzü gülür qayaların, daşların,

Mən İslamam, öz səsimi quşların

Nəğməsinə qata-qata gəlmişəm,

Mərcan gözlü Batabata gəlmişəm.

 

İslam Səfərli ədəbiyyat tariximizdə həm bir dramaturq kimi anılır. Bəlkə çox şair nasir dram əsəriylə tanınmır, onları ancaq şair nasir kimi yad edirlər. Lakin İslam Səfərlinin elə bircə "Göz həkimi" pyesi kifayətdir deyək ki, o ədəbiyyat tarixində həm dramaturq kimi yaşayacaq. Bu əsər əllinci illərin ortalarında qələmə alınmışdı səhnəyə vəsiqə alandan sonra uzun müddət bizim Baş Teatrın repertuarında özünə yer tapdı. "Göz həkimi" pyesi göstərdi ki, İslam Səfərli - lirik duyğular şairi həm həyatda, gerçəklikdə baş verən hadisələrə dramatik məqamlardan da yanaşa bilir.

İslam Səfərli həyatdan çox erkən getdi. Amma bu işıqlı dünyada öz izini qoydu - bir insan kimi , şair kimi . Onun bu misraları bir daha təsdiq edir ki, şairlər ölmür, onların ölümü cismanidir, mənəvi həyatlarısa həmişə davam edir:

 

Yan-yanadır yüz alaçıq,

Gah yamaca, gah yola çıx.

Ürək geniş, süfrə açıq,

Kefim duru, damağım çağ,

Mənə qalan bu olacaq.

 

Günlər keçir birəm-birəm,

Bir uğurlu yol gedirəm.

Yurdumuzu vəsf edirəm

Əldə qələm, dizdə varaq,

Mənə qalan bu olacaq.

 

 

Vaqif YUSİFLİ

 

Ədalət.-2013.-9 fevral.-13.