Efirimizin "Bakı vaxtı"
Tanınmış jurnalist
Müsəllim Həsənovun təqdimatında
Mənim də bir Bakım
vardı. Görmək istədiyim, qalmaq
istədiyim şəhər.
Gəldim, gördüm, qaldım.
Bu şəhərdə imzası, sanbalı olan peşəkar jurnalistlərlə çiyin-çiyinə
çalışmaq, onlardan
öyrənmək imkanı
qazandım.
Müsəllim Həsənov özümə
ustad saydığım
jurnalistlərdəndi. Bu istedadlı və türklər demiş mütəvazi insanla talesiz bir qəzetdə
- "Yeni Yüzil"də
bir yerdə çalışmışam.
O Müsəllim Həsənov
ki, 1958-ci ildə Şəmkirin Şiştəpə
kəndində doğulub.
1985-ci ildə Bakı
Dövlət Universitetinin
jurnalistika fakültəsini
fərqlənmə diplomu
ilə bitirib. Ali təhsili başa vurduqdan sonra bir müddət "Azərnəşr"də çalışıb.
"Yeni fikir"
qəzetində şöbə
müdiri, redaktor müavini olub, bir müddət
"Panorama" qəzetində şöbə müdiri kimi çalışıb.
1997-2000-ci illərdə Respublika Baş Prokurorunun mətbuat xidmətinə rəhbərlik
edib. Yaradıcılığının sonrakı illəri
"Media-Holdinq" şirkəti
ilə - "Bizim əsr" qəzeti və "Lider" telekanalı ilə bağlıdı. Artıq 3 ildir
ki, İctimai Televiziyanın "Carçı-Film"
Yaradıcılıq Birliyinin
redaktorudu.
O Müsəllim Həsənov
ki, İctimai Televiziyanın efirindən
yayımlanan "Daşdan
tikilmiş şəhər",
"Mübariz", Mirzə
Fətəli Axundzadədən,
Mİrzə Ələkbər
Sabirdən, Mİrzə
İbrahimovdan bəhs
edən sənədli
filmlərin ssenari müəllifi olub. Amerika Birləşmiş Ştatlarında
uzunmüddətli səfərdə
olarkən hazırladığı
"Amerika etüdləri"
silsiləsi geniş tamaşaçı rəğbəti
qazanıb. Bu silsilədən hazırlanan
"Alnımızın Qarabağı.
Amerikadan
oxunanlar", "Tarixdən
səhifələr", "Nyu-York mozaikası",
"Heydər Əliyev.
Şəxsiyyətə Amerikadan
baxış" və
s. sənədli filmlərinə
böyük maraqla baxılır.
Bu gün onunla İctimai Televiziyanın
"Carçı-Film" Yaradıcılıq Birliyində
hazırladığı "Bakı vaxtı" silsiləsi barədə danışmaq istəyirəm. Adından bəlli
olduğu kimi bu telelayihə Bakıya həsr olunub.
O Bakıya ki... Mən də bir vaxtlar
o Bakını görmək
istəyirdim. Gəldiyim,
gördüyüm və
qaldığım şəhər...
- Jurnalistikaya qəzetçiliklə başlayıb,
sonra televiziyadakı fəaliyyəti ilə məşhurlaşanlara Rusiyada,
Türkiyədə, elə
bizim məmləkətdə
də rast gəlmək olar. Siz də hər iki sahədə uğur qazanan jurnalistsiniz. Adaptasiya dövrü
sizin üçün
necə keçdi?
- Qəzetdən televiziyaya keçidimdən təxminən
10 il ötüb.
Ona görə də adaptasiya dövründəki
detalları tam xatırlamıram.
"Media-Holdinq"in "Bizim əsr" qəzetində çalışanda
eyni zamanda "Lider" telekanalının
sənədli filmlər
redaksiyası ilə də əməkdaşlıq
etməyə başladım.
Bir müddət bu iki işi
paralel gördüyümdən
uyğunlaşma prosesinin
neçə keçdiyini
hiss etmədim. Əslində mən burda ciddi bir fərq
görmürəm. Çünki hər ikisi sırf jurnalistika sahəsidir. Olsa-olsa forma fərqi
var. Qəzetdə hər
şey sadədi.
Məqaləni hazırlayırsan, redaktə olunduqdan sonra qoyurlar səhifəyə. Amma televiziyada
yaradıcılıq prosesi
bir qədər çox vaxt aparır. Bu mərhələdə kollektivin
digər üzvləri
də - rejissor,
operator, işıqçı, montajçı birbaşa
iştirak edir. Belə bir kollektiv
əməyin məhsulu
kimi o vaxtlar "Lider"də erməni təxribatçılarının vaxtilə Bakıda törətdiyi partlayışdan
bəhs edən
"106 saylı avtobusda
partlayış", 1963-cü ildə Sumqayıtdakı
anti-sovet mitinqindən
danışan "63-ün tutqun payızı" və s. sənədli filmlər ərsəyə
gəldi.
- Və televiziya jurnalistikasına elə bağlandınız ki, Amerikada yaşayanda da bu sənətdən
uzaq qalmadınız. Bioqrafiyanızdakı Amerika
dövrü, okeanın
o tayına getməyinizin
səbəbləri barədə
geniş məlumatım
var. Oxucularımız üçün
də aydın olsun deyə, bəlkə həmin dövr haqqında ətraflı danışaq...
- Azərbaycan Dillər Universitetində çalışan
xanımım 2003-cü ildə
ABŞ Dövlət Departamentinin
ali məktəb
müəllimləri üçün
keçirdiyi Fulbrayt mübadilə proqramında
qalib gəlmişdi. Həmin proqram qaliblərə ailə üzvləri ilə birgə ABŞ-a getməyə imkan verdiyindən biz də bu fürsətdən yararlandıq. Onda Amerikada
yaşadığımız altı aya yaxın
vaxtda, təbii ki, mən bir
jurnalist kimi boş oturmadım və köhnə qəzetçi kimi Amerika həyatı ilə bağlı silsilə yazılar yazdım. Sonra bu yazılar
"Adi və qeyri-adi Amerika" adlı kitaba çevrildi. Amerikadan qayıdandan
sonra "Lider"də
"Adi və qeyri-adi Amerika" adlı silsilə filmlərim də getdi.
2010-cu ildə ikinci
dəfə dörd aylığa Amerikaya getdik və bu səfərdən sonra da "Amerika etüdləri" silsiləsi meydana gəldi.
- Kitabın yazılma prosesi məlumdu, bəs uzaq Amerikada çəkiliş qrupunu necə formalaşdırdınız?
- Son səfərimiz zamanı xanımımın əməkdaşlıq
etdiyi tanınmış
Corc Meyson Universiteti bu işdə bizə yardımçı oldu. Azərbaycandan gələn jurnalist
kimi Amerika həyatından sənədli
filmlər hazırlamaq
istəyimizi onlara bildirəndən sonra universitet rəhbərliyi lazımi şərait yaratdı, operatorla, videokamera ilə təmin etdi. Çəkiləcək filmlərin Amerika
həyatının Azərbaycanda
daha yaxşı dərk olunacağına kömək edəcəyinə
inandıqları üçün
hətta universitetin büdcəsindən tələbə
operatora müəyyən
qonorar da ödədilər.
- Müsahibənin bu yerində Amerikadan Bakıya qayıdaq və "Bakı vaxtı"ndan danışaq...
- Mənim arxivlərdə işləmək həvəsimi
birgə çalışdığımız
müddətdə yəqin
ki, sən də müşahidə etmisən. Arxivlərdə araşdırma apararkən
Bakı şəhərinin
tarixi, buradakı memarlıq abidələrinin
yaranması ilə bağlı maraqlı sənədlərə rast
gəlirdim. Elə o zamandan
bu mövzuda silsilə verilişlər
hazırlamaq ideyası
yaranmışdı. 2010-cu
ildə İctimai Televiziyanın "Carçı-film"
Yaradıcılıq Birliyində
çalışmağa başlayandan
bu ideyanı həyata keçirmək imkanı qazandım.
İctimai Televiziyanın
Baş direktoru İsmayıl Ömərovla
elə ilk görüşümüzdə
bu mövzu barədə bir-iki kəlmə danışdım
və o peşəkar
televiziya mütəxəssisi
kimi mənim nə istədiyimi dərhal anladı, bəzi yeni ideyalar verdi,
Bakı barədə söhbətə İçərişəhərdən
başlamağı məsləhət
gördü. Və bu
telekanalda ilk işim İçərişəhər haqqında - "Daşdan
tikilmiş şəhər"
adlı sənədli
film oldu.
Bundan sonra isə "Bakı vaxtı" silsiləsinə
başladıq. Bu layihə
üçün də
hər cür şərait yaradıldı.
Qəzetinizin verdiyi fürsətdən
istifadə edib telekanalın rəhbərliyinə,
layihənin reallaşmasında
əməyi olan hər kəsə təşəkkürümü bildirirəm.
- Silsilənin adı da maraqlıdı.
Niyə məhz "Bakı vaxtı"?
- Bununla ekran qarşısında
oturan tamaşaçılara
demək istəyirik ki, indi Bakı
vaxtı, Bakı haqqında danışmaq vaxtıdı. Bu silsilədən
ilk veriliş Bakının
quberniya mərkəzinə
çevrilməsi tarixinə
həsr edilib. Tarixdən məlumdur ki, 1859-cu ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən
sonra quberniya mərkəzinin daha təhlükəsiz yerə
köçürülməsi məsələsi gündəmə
gəlir və bununla bağlı rus çarına müraciət olunur.
Çarın fərmanından
sonra həmin il quberniya
mərkəzi Şamaxıdan
Bakıya köçürülür.
- Bu silsilədən
olan verilişlərin
bəzilərinə - İsmailiyyə
binası, Dəmiryolu
vağzalı, Opera və
Balet Teatrının binası, Xaqani bağı (köhnə Molakan bağı), Fəvvarələr bağı
(köhnə Parapet) barədə
çəkdiklərinizə baxmışam. Dəvət etdiyiniz ekspertlərin
söhbəti verilişləri
daha maraqlı edir. Ekspert seçərkən hansı meyarları əsas götürürsünüz?
- Bu,
bizim belə deyək də, ən ağrılı yerimizdi. Danışacağı
mövzunu dərindən bilən, fikirlərini
tamaşaçılara çatdırmağı bacaran ekspert
tapmaq arxivdə çalışmaqdan qat-qat çətindi.
Elə mütəxəssislər var ki, mövzunu dərindən
bilsə də, bu və ya digər səbəblərdən
danışmaq istəmir. Elələri də var ki,
danışmaq istədiyi mövzunu dərindən bilmir.
İkinci qəbildən olan ekspert nə bizim üçün
maraqlıdı, nə də tamaşaçılarımız
üçün. Görünür, bu məsələdə
biz Rusiya telejurnalistlərinə hələ çox həsəd
aparacağıq.
- Müsəllim müəllim, siz
də, mən də, əhatəmizdəki dostların əksəriyyəti
də Bakıya Azərbaycanın müxtəlif
rayonlarından gəlib. "Bakı vaxtı"nı
hazırlayarkən ilk vaxtlar gəldiyiniz həmin o şəhər
üçün darıxmırsınız?
- Bəzən
nostalji hisslər baş qaldırır. Görünür,
bunsuz keçinmək mümkün deyil. Amma bu gün
paytaxtımız 30-40 il əvvəlki Bakı deyil. Son 10-12 ildə
Bakı xüsusi ilə dəyişib və inkişaf edib. Nə
qədər qəribə olsa da, bu inkişaf tempi bəzən
mənim verilişlərimə mane olur...
- Məsələn?
-
"Bakı vaxtı"nda Bayıl həbsxanası
haqqında da sənədli film hazırlamaq istəyirdim. Bu həbsxana,
səhv etmirəmsə, 19-cu əsrin ikinci yarısında
tikilib. Həmin həbsxanada dövrünün çox
tanınmış insanları, tarixi şəxsiyyətlər
cəza çəkib. Mən bununla bağlı müvafiq
arxiv materiallarını toplayana qədər həbsxananı
sökdülər. Ona görə də bu istəyimi
reallaşdıra bilmədim. Amma Bakının haqqında filmlər
çəkiləsi tarixi məkanları çoxdu. Yəqin
ki, tamaşaçılar İctimai Televiziyanın efirində
"Bakı vaxtı"na hələ çox köklənəcək.
Etibar CƏBRAYILOĞLU
Ədalət.-2012.-9 fevral.-S.6.