FÜZULİDƏ MÖHTƏŞƏM İŞLƏR GÖRÜLÜR...

 

Bu gün ölkəmizin əksər regionlarında çox böyük quruculuq, abadlıq və tikinti işləri görülür. Bu da təsadüfi deyil. Sosial iqtisadi inkişafa dair Dövlət Proqramına uyğun oaraq nəinki şəhərlərdə, hətta ən ucqar kənd rayonlarında belə misli görünməmiş quruculuqtikinti işləri həyata keçirilir. Bu işlər heç də asanlıqla həll edilmir. Yəni hər hansı bir layihəni gerçəkləşdirmək üçün mütləq rayonda hamı bu işə kömək etməli və yardım göstərməlidir.

 

TƏMİZ HAVA...

 

Bilmirəm, sizin yolunuz son vaxtlar Füzuli rayonuna düşüb, ya yox?! Amma iş elə gətirib ki, bu torpaqda dünyaya gəldiyimə və böyüyüb boya-başa çatdığıma görə, tez-tez Füzuliyə və eləcə də doğma kəndim Bəhmənliyə gedirəm. Elə ki, Beyləqanı keçib Füzuliyə çatırsan, o dəqiqə hiss edirsən ki, qeyri-adi bir yerə düşmüsən. Füzulinin girəcəyindən hava dəyişir. İstər yayda, istər yazda, istərsə də payızda-qışda bu havanın gözəlliyini daha dərindən hiss edirsən.

Oksigenlə zəngin olan bu yurdda nəfəs almaq daha asan olur. Xüsusən səhhətində problem yaşayan insanlar bu havanı daha gözəl hiss edirlər. Hiss edirlər ki, gözəl bir məkana düşüblər, yaşıllığın, ağaclığın qoynunda doyunca təmiz hava udurlar. Axı biz Bakıda bu təmiz havaya çox vaxt həsrət qalmışıq.

 

BİR-BİRİNDƏN GÖZƏL TİKİLİLƏR

 

Son iki ildə Füzuli rayonunda o qədər möhtəşəm yeni tikililər inşa olunub ki, həmin binalara baxanda adamın ürəyi açılır. Bir-birindən gözəl, bir-birindən yaraşıqlı tikililər rayonun mərkəzi olan Horadiz şəhərinə qeyri-adi bir gözəllik füsünkarlıq gətirir. Horadiz ölkə prezidenti İlham Əliyev cənablarının köməkliyi ilə qısa zaman kəsiyində Avropa şəhərlərinə uyğun tikilib. Yəni şəhərin asfalt yolları, tikililəri, səkiləri digər yerləri elə bir orijinal formada inşa edilib ki, adam bu tikililərə baxanda doymaq bilmir yenidən o tikililərə baxmaq istəyir.

İki il ərzində Horadiz şəhərində inşa edilmiş tikililəri bir daha oxucularımızın nəzərinə çatdırırıq: 2 hektar ərazinin əhatə edən Heydər parkı, Heydər Əliyev Mərkəzi, ikimərtəbəli mədəniyyət evi, şahmat məktəbi, Heydər Əliyev prospekti, Heydər Əliyev Fondunun hesabına 180 yerlik tam orta məktəbin binası, Gənclər Mərkəzi, Muğam Evi... bunların sayını daha da artırmaq olar. O qədər tikililər var ki, onları saymaqla qurtarmaq olmur.

Horadiz şəhərinin gündüzü gözəl olduğu kimi, axşamları da çox qeyri-adidir. Bu şəhərə gələn adamlar gündüz saatlarında onun gözəlliyini görəndən sonra axşamlar da bir daha bu füsunkarlığı seyr etmək istəyirlər. Dəfələrlə tanıdığım dost-tanışlardan bir neçəsi gecə saatlarında Bəhmənlidən Horadiz şəhərinə gedib bu qeyri-adi gözəlliyə tamaşa edib. Qayıdandan sonra isə deyib ki, vallah, Horadiz Avropa şəhərinə oxşayır. Heç inanmazdıq ki, cəbhə bölgəsində, ermənilərin iki addımlığında belə bir möhtəşəm şəhər salınıb.

 

YENİ ƏKİLMİŞ AĞACLAR

 

Həmişə kimlərsə yaz payız fəslində yeni ağaclar əkirlər. Bu ənənə Füzulidə davam edir. Demək olar ki, Füzuli rayonunun girəcəyindən düz Horadiz şəhərinə qədər magistral yolun sol sağ hissəsində iki il bundan əvvəl çinar ağacları əkilib. Maşallah olsun, bu ağaclar elə tez böyüyb ki, artıq yay gələndə hər tərəfə kölgə salır. Son iki ildə Füzulidə müxtəlif yaşayış məntəqələrində yüz minə yaxın ağac bəzək kolu əkilib. Horadiz şəhərində isə az, çox Amerikadan, Türkiyədən İtaliyadan gətirilmiş 50 min ağac basdırılıb. İndi bu ağaclar demək olar ki, hamısı böyüyüb inkişaf edib.

Füzuli rayon icra hakimiyyətinin şöbə müdiri Məcnun Namazəliyev bildirir ki, rayonda ağacəkmə kampaniyası mütəmadi olaraq davam edir. Horadiz şəhərinin girəcəyində - Azpetrolun yaxınlığındakı təpəlikdə çoxlu sayda ağac əkiləcək. Hələ bu da hamısı deyil. Rayon icra hakimiyyətini başçısı, hörmətli Alı Alıyev möhtəşəm layihələrin gerçəkləşməsi üçün bir çox ideyalar irəli sürüb. Allah qoysa, yaxın gələcəkdə həmin ideyaların həyata keçirilməsinə başlanılacaq. Bir faktı da qeyd edim ki, bu gün rayonumuzda insanlar arasında çox böyük xoş əhval-ruhiyyə nikbinlik var. Bu da onunla bağlıdır ki, ölkə prezidenti cənab İlham Əliyev həmişə füzulilərə arxa durub kömək göstərib. Cəbhə bölgəsində yaşamağımıza baxmayaraq, insanlar öz dədə-baba yurdlarında ürəkdən çalışır gələcəyə inamla baxırlar. Zarafat deyil, "erməninin ağzının içində" bu qədər möhtəşəm işlər görmək bu yurdda duruş tapmaq üçün böyük ürək sahibi olmalısan. Bu ürək isə hər bir füzulilidə var onlar heç nədən qorxmurlar.

 

ONLAR HEÇ VAXT YADDAN ÇIXMIRLAR

 

Qarabağ müharibəsinin ən ağır günlərində bu sətirlərin müəllifi həmişə Füzulidə "qaynar nöqtələrdə" olub. Döyüş bölgəsində o qədər çətin anlarla, ölümlə üzləşmişəm ki, bu gün də həmin dəqiqələr yadıma düşəndə tüklərim biz-biz olur. Mən o döyüşlərdə, yekəlik olmasın çox şeylər görmüşəm. Erməniylə döyüşən və son gülləsinə qədər vuruşan əsgərlərimizin yanında olmaq elə də asan deyil. Çünki bu döyüşlərdə ölən də vardı, öldürən də. Mənim yadımda qalan odur ki, həmin Qarabağ müharibəsində Füzuli rayonu 730 şəhid verib, 1240 nəfər əlil olub, 181 nəfər isə itkin və girov düşüb.

Döyüşün ən ağır anlarında igid oğullarımızı görmüşəm və onlarla çiyin-çiyinə səngərdə ermənilərə qarşı bir vuruşmuşuq. Füzulinin şəhid olmuş 6 Milli Qəhrəmanını deyirəm. Aman Allah, onlarda nə qədər böyük cəsarət, nə qədər böyük vətən sevgisi vardı! Elə onları da qələbədən qələbəyə aparan bu vətən sevgisiydi: döyüşdülər və sonra da şəhid oldular. Milli qəhrəmanlar - Faiq Qəzənfər oğlu Rəfiyev, Nazim Qabil oğlu Quliyev, Seymur Qəhrəman oğlu Məmmədov, Elxan Qaçay oğlu Zülfüqarov, Pəhləvan Əhliman oğlu Fərzəliyev, Bəşir Bəylər oğlu Kərimov! Onların adı hər bir füzulinin qəlbinə əbədi həkk olub. Elə mənim də qəlbimə bu adlar əbədi yazılıb. Adları əbədi həkk olununan qəhrəman oğulları isə nə tarix unudar, nə də insanlar...

 

 

Faiq QİSMƏTOĞLU

 

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

 

Ədalət.-2013.-9 fevral.-S.4.