Fevral ayı türk
dünyasında Nəvai ayıdır
Azərbaycanın
sərhədlərindən uzaqlarda
yaşayıb-yaratmış, eyni zamanda, Azərbaycan
xalqının mənəviyyatına və qəlbinə bu dərəcədə
yaxın olan ikinci böyük şairi təsəvvür etmək
çox çətindir. Özünün və
zamandaşlarının etiraf etdiyinə görə, erkən
yaşlarından Azərbaycana və onun söz sənətinə
ürəkdən bağlanan dahi sənətkar ömrü
boyu bu sevgini qəlbində yaşatmışdır.
Bədii
fikir tarixində özü mənsub olduğu zamanı əbədiyyətə
qədər böyüdən və nəhayət,
zamansızlıq müstəvisinə keçirən istedadlar
az olmamışdır. Amma əbədiyyət
anlayışına münasibət və yanaşma fərqlidir.
Onların zəminində isə bədii zövq, dini və
etnomilli mənafe dayanır. Bu meyarların mahiyyətində
subyektiv və obyektiv amillərin nə qədər və nə
dərəcədə həlledici rol oynaması isə göz
qabağındadır. Məsələn, XIX yüzilin
böyük və bənzərsiz mütəfəkkirlərindən
biri "Ən çox sevdiyiniz və dahi hesab etdiyiniz sənətkarlar
kimdir?" sualına eynən belə cavab vermişdi:
"Şekspir, Esxil, Höte". Bu cavabın özü və
buradakı sıralanma da çox maraqlıdır. Rusiyanın
dahi filosoflarından biri isə Tolstoy
yaradıcılığını insanlığın bədii
inkişafında tam yeni bir mərhələ hesab etmişdir.
Ümumən, Qərb və xristian mədəniyyəti ruhunda
tərbiyə və təhsil görmüş sənət və
fikir adamlarının dahi saydıqları simaların
siyahısında çox zaman Dante, Şekspir, Servantes,
Höte və Bayronun adının vurğulanması təbiidir.
Bəs Şərqdə sənətin əbədiyyəti
haqqındakı düşüncə və təsəvvürlər
necədir? İslam Şərqinin dahi söz adamlarının
sırasında kimləri görmək heç bir mübahisə
və fikir ayrılığı doğurmaz? Şübhəsiz
ki, onlar Şərqdə böyük və müqəddəs
kitabların - "Avesta"nın, "Qurani-Kərim"in,
öz siqlətinə və sanbalına görə az qala
onlara yaxınlaşan "Dədə Qorqud
Kitabı"nın məüllifləridir. Sonra isə təbii
ki, söz əbədiyyətinin sabit və dəyişməz
vətəndaşları "Şahnamə"nin müəllifi,
şahlar şairi Firdovsi, "Xəmsə"nin müəllifi,
şairlərin şahı Şeyx Nizami, bütün Şərqə
və islam dünyasına sığmayan Seyid İmadəddin
Nəsimi, iki Şirazlı dahi - müdrik Sədi və Şərqin
qəzəl bülbülü Hafiz Şirazi, ana dilmizin
peyğəmbəri Mövlana Məhəmməd Füzuli və
başqalarıdır.
Dahi
özbək şairi və mütəfəkkiri Əlişir
Nəvainin mübarək adı məhz bu sehrli silsilənin
içərisindədir. Bütün
yaradıcılığı boyu ustadlarını və
zamandaşlarını son dərəcə yüksək qiymətləndirən,
onları göylərə qaldıran bənzərsiz mütəfəkkir
təvəzökarlığı ilə təkcə
müasirlərini deyil, bugünkü nəsilləri də
heyrətləndirməkdədir. Nəvai öz
qarşısına möhtəşəm və müəzzəm
məqsədlər qoymuş, həm də onları yüksək
səviyyədə və dahiyanə bir cəsarətlə həyata
keçirmiş fövqəladə ədəbi şəxsiyyədir.
Öz dövrünün bütün ictimai və humanitar elmlərinə
baş vurmuş, bu sahələrdə peşəkarlıqla
uğur qazanmış və mükəmməl tədqiqatlar
yaratmış Nəvainin keçmiş zamanlar və
çağdaş meyarlarla yanaşdıqda belə təəccüb
doğuran məhsuldarlığı müqayisəedilməzdir.
Böyük şairin əzəmətli və insan ruhunun
estetik ensiklopediyası kimi təəssürat yaradan dörd
möhtəşəm divandan ibarət olan lirikası və
"Xəmsə"sinin özü də bənzərsizdir.
Bütün bunları nəzərə alaraq Nəvai irsini
heç bir mübaliğəsiz sadəcə olaraq Özəl
Özbək Mədəniyyəti adlandırmaq olar. Fövqəl
bir şəxsin və peyğəmbər qüdrətli bir
insanın yaratdığı bu mədəniyyətlə
yalnız qardaş və qədirbilən özbək xalqı
deyil, bütün türk və
dünya xalqları fəxr edə bilər. Zatən,
insanlığı ürəkdən sevən, son dərəcə
səmimi və səxavətli bir insan olan həzrət Nəvai
özü də nəyə qadir olduğunu və nələrə
imza atdığını aydın surətdə təsəvvür
edir, öz əməllərinə ilk qiyməti də elə
onun özü vermişdi:
Türkcə
sözlər içrə çəksəm də ələm,
Eylədim
bu məmləkəti yek qələm.
Yəni
şair deyir ki, mən min bir yaradıclıq əzablarına
sinə gərdim və bütün türk məmləkətini
bir qələm ətrafında birləşdirdim.
Ədalət
naminə onu da söyləməliyik ki, Əlişir Nəvainin
yaratdığı sənət xariqələri hələ
şairin sağlığında yaxınları və dostları
tərəfindən yüksək dəyərləndirilmişdi.
Şairin ustadı və ürək dostu, dahi fars-tacik
şairi Əbdürrəhman Cami Nəvainin gələcəyə
ünvanlanmış böyük əsərlərinə ən
yuxarı qiyməti vermiş, şairin təkcə türkcə
yaratdıqlarını deyil, farsca ərsəyə gətirdiyi
məşhur "Divani fani"ni də misilsiz sənət
möcüzələri adlandırmışdı. Nəvainin
ilk ustadlarından və şeir müəllimlərindən biri, böyük özbək
şairi Mövlana Lütfi Əlişirin çox erkən
yaşlarında yazdığı məşhur bir qəzəlinə,
xüsusən, bu beytə bütün
yaradıcılığını dəyişə biləcəyini
heyranlıqla söyləmişdi:
Çöhrəsin
örtcək gözümdən saçılır hər ləhzə
yaş,
Öylə
kim, peyda olur ulduz, nihan olcaq günəş.
Həqiqətən
bu misilsiz beytin canlandırdığı mənzərə səbəbsiz
yerə böyük Lütfini həyacanlandırmamışdı;
gənc lirik "mən" görün qəlbinin ilk heyrətini
necə əfsunkar və heyrətamiz miqyaslarda ifadə
etmişdi: məşuqənin üzünü örtməsi
ilə aşiqin gözlərindən yaşlar
tökülür, elə bil ki, günəş gizlənən
kimi səmada ulduzlar peyda olur. Şərqdə fars və
türk dillərində yazılmış yüzlərlə
ecazkar beyt və misraları misal gətirmək olar. Amma
razılaşın ki, bu qədər munis gözəlliyə
və insan qəlbini uzun müddət tərk etməyən
müqəddəs bir heyrətə çətin rast gələrsiniz...
Nəvai
dühasını ondan sonra yaşayıb-yaratmış
bütün böyük söz adamları səmimiyyətlə
etiraf etmişlər. Həmin dahilərdən Zahirəddin Məhəmməd
Baburun və Məhəmməd Füzulinin tərifləri
xüsusi əhəmiyyətə və vəznə malikdir.
Ümumiyyətlə isə, XV əsrin ikinci yarısından
XXI əsrə qədər türk bədiyyətinin
coğrafiyası və etnopoetikasının hüdudları
daxilində mövcud olmuş istedad sahibləri Nəvai
ruhundan güc almışlar. Şairə olan sonsuz məhəbbəti
və ən yüksək qiyməti də, təbii ki, onun
doğma vətəni Türküstanda, çağdaş
Özbəkistanda ifadə etmişlər. XX yüzilin əvvəllərində
dünyanın yenidən qurulduğu və yeni dövlətçilik
nizamı başlandığı vaxtlarda isə Nəvai
böyük mənəvi ehtiyaca çevrilmiş, yüzilliklərdən
adlayaraq öz övladlarının köməyinə gəlmişdi.
Yeni türk dövlətçilik mədəniyyətinin
formalaşma prosesi Nəvainin adı və irsi ilə
qırılmaz surətdə bağlıdır. Onu yalnız
Özbəkistanda deyil, Mərkəzi Asiyanın bütün
respublikalarında, Qafqazlarda və fasiləsiz dövlətçilik
mədəniyyətinə malik yeganə türk dövləti
- Türkiyədə də anır, yüksək dəyərləndirirdilər.
Yeni türk dövlət dillərinin yaranması və
inkişafı bilavasitə o böyük dahinin təsiri ilə
reallaşır, daha dəqiq söyləsək, Əlişir
Nəvai və Məhəmməd Füzulinin həyatbəxş
nəfəsindən güc alaraq ərsəyə gəlirdi.
Yeni
özbək mədəniyyətinin baniləri Mahmudxoca Behbudi,
Abdulla Əvlani, Əbdürauf Fitrət, Əbdülhəmid
Süleyman oğlu Çolpan, Abdulla Qədiri, Həmzə Həkimzadə
Niyazi və başqaları Nəvai şərəfinə həsr
etdikləri əsərlərlə, eyni zamanda, dahi ustadı
xatırlamaqla onun yeni mədəni quruculuq prosesindəki
iştirakını da təmin edirdilər. Qafur Qulam, Həmid
Alimcan, Aybek, Qeyrəti, Uyğun, Mirtemir, Maqsud Şeyxzadə,
Sabir Abdulla və başqalarının mənsub olduğu
şanlı pleyadanın nümayəndələri isə Nəvai
şəxsiyyətinə və şeiriyyətinə daha
qızğın, sürəkli münasibət bəsləyirdilər.
Onların hamısı Nəvaiyə və Nəvai
zamanına müraciət edir, sanki öz bədii fəaliyyətlərini
və ədəbi xətti-hərəkətlərini
ustadın meyar və ölçüləri ilə yoxlamaq,
onun qaibanə nəzərindən keçirmək istəyirdilər.
Bu nəslin Nəvai haqqındakı şeirlərində bu
leytmotiv bariz surtədə nəzərə çarpır və
yaratdıqları Nəvai obrazında sanki sınaqlar
qarşısında həyacan keçirən istedadlı
şagirdlərin həyacanı diqqəti çəkir.
XX
yüzil özbək ədəbiyyatına nəzər salsaq Nəvai
obrazının həqiqətən də mərkəzi
mövqeyə malik və ən çox müraciət olunan
bir surət olduğunu görərik. Formalaşmış ənənəyə
görə, öz istedadına və milli mənsubiyyətinə
hörmətlə yanaşan hər bir qələm sahibi Vətən
və Nəvai haqqında yazmağa borcludur. Böyük sənətkar
haqqında yazılmış əksəriyyət şeirlərdə
isə Nəvai obrazı Vətən və millət kimi əsas
poetik simvolların açmasıdır.
Qafur
Qulamın, Həmid Alimcanın, Aybəkin, Uyğun və
Mirtemirin "Nəvai" şeirləri bu gün də nəsillərə
Nəvai mənəviyyatından və Vətənə Nəvai
sədaqətindən köhnəlməyən bilgilər və
zəruri dərslər verməkdədir.
Aybəkin
"Nəvai" romanını dahi şəxsiyyətə
hörmət və məhəbbət hissi ilə tərbiyə
olunan çağdaş nəsillər də sonsuz bir maraq və
sevgi ilə mütaliə etməkdədirlər.
Özbəkistan
xalq yazıçıları İzzət Sultan və
Uyğunun qələminə mənsub "Əlişir Nəvai"
dramının dünən olduğu kimi, bu gün də sevə-sevə
tamaşasına gəlirlər.
Maqsud
Şeyxzadənin "Nəvai" poeması yaranmasından 70
ildən çox vaxt keçsə də haman yeni nəşrlərdən
özünə münasib yer almaqdadır. Böyük
şair və alimin "Qəzəl mülkünün
sultanı" adlanan və Nəvai lirikasının təhlilinə
həsr olunan qiymətli kitabı isə bu gün də Nəvaini
sevən və öyrənmək istəyən tələbələrin,
müəllimlərin və elm sahiblərinin masaüstü
kitabıdır.
XX
yüzil Azərbaycan ədəbiyyatında da Əlişir Nəvai
dühasına hörmət və məhəbbət yüksək
səviyyədə olmuşdur. Ötən əsrin 20-ci illərindəki
ədəbi-mədəni gedişatda Nizami, Füzuli, Vaqif və
başqa klassiklərimizlə bir sırada Nəvai də
iştirak edirdi. Azərbaycan ədəbiyyatşünaslığının
görkəmli nümayəndələri, demək olar ki, əksəriyyət
filoloq alimlərimiz dahi mütəfəkkir
yaradıcılığına o və ya bu dərəcədə
müraciət etmişlər. Həmin dövr Azərbaycan
poeziyasında isə yeni poetik dil yaratmaq uğrundakı
mübahisə və mübarizələrdə Füzuli ilə
bir sırada Nəvai də mədəni inqilab hərakatına
qoşulmuş gənc yazarlarımızın imdadına
çatırdı. Süleyman Rüstəm, Səməd
Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Osman Sarıvəlli
kimi yeni Azərbaycan poeziyasını yaradanlar Nəvai
şeiriyyətini də Nizami və Füzulinin əsərləri
qədər sevirdilər. Xüsusən, 30-cu illərin sonu və
40-cı illərin əvvəllərində Sovet
İttifaqında iki nəhəng ədəbi şəxsiyyətin
- Nizami və Nəvainin yubileylərinə hazırlıq
prosesində bu ədəbi məhəbbətlərin birləşməsi
və bütövləşməsi daha da intensivləşmişdi.
Nizami əsərlərini həvəslə və ilhamla ana
dilimizə çevirən Səməd Vurğun, Süleyman
Rüstəm, Rəsul Rza kimi gənc klassiklərimizin qəlbində
təbii olaraq Nəvai "Xəmsə"sini də tərcümə
etmək ehtiyacı baş qaldırırdı. Burada Səməd
Vurğunun Nəvai irsinə marağını və məhəbbətini
xüsusi qeyd etmək yerinə düşər. Böyük
şairimizin hələ 40-cı illərdə, təntənəli
yubileylərə hazırlıq iclaslarındakı
çıxışları və Nəvai "Xəmsə"sinin
Azərbaycan dilinə tərcüməsinin zəruriliyi barəsindəki
fikirləri belə deməyə əsas verir. Eyni zamanda,
şairin öz yaradıcılığındakı bəzi
mövzu və motivlər də onun Nəvaiyə münasibətinin
dərinliyinə, təsadüfi və mövsümi xarakter
daşımadığına dəlalət edir.
Məlumdur
ki, Səməd Vurğun Nizami "Xəmsə"sinin dilimizə
çevrilməsində fəal iştirak etmiş, "Leyli və
Məcnun"un tərcüməsi məhz onun unudulmaz
yaradıcılıq işi və zəfəri kimi əbədiləşmişdir.
Elə buna görə də Səməd Vurğun Nəvainin
"Leyli və Məcnun"unu da ana dilmizdə görmək
arzusunu səmimiyyətlə ifadə etmişdi. (Böyük
şairin bu arzusunu keçən əsrin axırlarında
görkəmli şair və tərcüməçi Ayaz Vəfalı
uğurla həyata keçirmişdir). Nizami sənəti ilə
bu dərəcədə yaxından ünsiyyət, təbii
ki, Səməd Vurğun yaradıcılığında öz
izlərini qoymuşdur. Şairin əsərlərinə bu
nöqteyi-nəzərdən yanaşdıqda, qeyri-ixtiyari
olaraq, "Fərhad və Şirin" pyesi yada
düşür. Bu əsərində Səməd Vurğun
sanki iki doğma dahiyə məhəbbətini
qovuşdurmuş və birləşdirmişdir. Nizaminin
"Xosrov və Şirin" və Nəvainin "Fərhad və
Şirin" dastanlarının ruhu pyesdə özünəməxsus
bir tərzdə çuğlaşmışdır.
(Ardı var)
Yaşar Qasımbəyli,
AMEA-nın baş elmi
işçisi,
Azərbaycan Yazıçılar
Birliyinin və
Özbəkistan
Yazıçılar İttifaqının üzvü,
filologiya elmləri üzrə fəlsəfə
doktoru
Ədalət.- 2013.- 12 fevral.- S.7.