Səməndər Rzayev:
Araq, serroz, sərxoş
oynadığı son rol
Bir xanımın şilləsiylə
yıxılacaqdı
Çox
qədim bir əfsanə var - Səməndər adlı
quş həmişə odda yanır, amma heç vaxt
ölmür. Özünü odlara yaxmaq onun yaşamaq
yanğısıdır, yanır və yaşayır. O vaxt
ölür ki, yaxılmağa od tapmır.
Ləqəbi "Aktyor" olan Səməndər
Atası
adını Səməndər qoydu, taleyini Tanrı verdi.
Tanrı yazdı ki, Səməndər aktyor olacaq, sənəti
üçün əbədi odlara yaxacaq özünü. Səhnədə, kinoda misilsiz obrazlar yaradacaq, heç vaxt
süni, ürəksiz oynamayacaq. Dublyajda da ürək
qoyacaq. Onun səsində
başqasının obrazı elə canlanacaq ki, elə bil Səməndər Rzayev özü
oynayır, oynayan aktyor onun səsində əriyib itəcək.
Sənəti üçün belə yandığına
görə cəmi 41 il yaşayacaq.
O,
dünyaya gələndə ölkədə Böyük Vətən
Müharibəsi gedirdi. 1945-ci
ilin yanvarı, böyük qələbəyə beş ay
vardı. Çoxuşaqlı ailənin sonbeşiyi olan bu
uşaq müharibənin
qan-qadasından uzaq Ağsu rayonunda doğulsa da müharibə
onun da taleyinə təsirsiz ötüşmədi.
Çox
çətinliklə, qıtlıq, kasıbçılıqla
böyüdü. Anası onu,
adının qısaldılmış formasında Səməni
- deyib çağırırdı.
Kasıbçılığı uşaq hissiyyatı ilə
duyan Səməni istedadına uyğun işlər tapıb
pul qazananda hələ çox balaca idi.
Tay-tuşları
ilə kənd klubunun yanında oynayanda açıq
qapıdan divarlara vurulmuş plakatlar onun marağını
çəkir. Klubun müdirəsinin diqqətini isə
plakatlara gözlərini zilləyib baxan bu toppuş uşaq cəlb
edir.
- Niyə
elə baxırsan, oğlum, xoşun gəlir?
-
Yox, baxıram ki, mən bunlardan yaxşı çəkərəm,
yazaram, rəngləri daha yaxşı yaraşdıraram
bir-birinə.
-
Çək gətir, baxaq, xoşuma gəlsə, bunların
yerinə sən çəkəni asaram.
İki
gün sonra iri bir plakatı qucağında güclə tutan
uşağı, öz qapısı ağzında görən
qadın təəccübünü gizlədə bilmədi.
"Bu uşağın məsuliyyətinə bax", - deyə
düşünüb, onun çəkdiyi plakatı klubun ən
görkəmli yerinə asdı, üstəlik Səməniyə
zəhməthaqqı da verdi. Bu minvalla Səməndər
anasına tez-tez belə oğul qazancı gətirdi.
Bir
gün qazandığı pulu
anasına verib dostları ilə rahatlıqla oynamağa getdi.
Hava yağışdan sonra çox gözəl idi, amma yer
palçıqdan sürüşkən olmuşdu.
Oynadığı yerdə üstündə oynadıqları
körpüdən sürüşüb
üzüaşağı yuvarlanan Səməndər dizindən
ağır zədə alır. Diz qapağı sınan
uşaq düz dörd il xəstəxana, sonra isə ev şəraitində müalicə
olunub.
Həmin
dörd il onun üçün gələcək həyatının
bünövrəsini qoyub. Hər gün radio tamaşaları,
verilişləri dinləməkdən başqa əlacı
olmayan uşaq, tezliklə bu sənətin sehrinə
düşür. Xüsusən "Arxib baba və Lyonka"
radio-tamaşasındakı Arxib baba rolunda Ələsgər Ələkbərovun
səsi Səməndəri aktyor olmaq üçün qərar
verməyə tələsdirir.
Şöhrətə doğru
Oxuduğu
məktəbdə "aktyor" ləqəbi qazanan Səməndər
Rzayev orta məktəbi bitirib İncəsənət
İnstitutunun aktyorluq fakültəsinə qəbul olunur. Bəxti
gətirir, çünki Rza Təhmasibin kursuna
düşür. Daha doğrusu, imtahanı özü
götürən Rza Təhmasib kursuna
yığdığı uşaqlar arasında Səməndərin
adını qırmızı haşiyəyə alır.
Azərbaycan
mədəniyyətinə isə bu ad qırmızı
haşiyədə yox, qırmızı hərflərlə yazılır -
Səməndər Rzayev.
İlk
vaxtlar Rza Təhmasib onu filmə çəkilməyə,
teatrda işləməyə icazə vermirdi, hələ
püxtələş deyirdi, "tez məşhurlaşıb
məhv olarsan"-deyirdi. Ona görə də Səməndər
Rzayev yalnız institutu bitirəndən sonra təyinatla
Sumqayıt teatrında işləmək hüququ qazandı.
Kinoda isə ilk dəfə "Uşaqlığın son gecəsi"ndə
ani bir kadra çəkilmişdi, 1968-ci ildə. Ardınca
"Tütək səsi" filmində, yenə epizodik rol.
Yalnız
1973-cü ildə artıq teatrdan, televiziyadan
tamaşaçıların sevdiyi Səməndər Rzayev ilk
dəfə "Nəsimi" filmində böyük rol
oynadı-Şirvan şahı rolunu. Həmin filmdəki Nəsimi roluna görə "Ən
yaxşı kişi aktyor" olan Rasim Balayevin uğuruna isə
ən çox sevinən elə Səməndər Rzayev idi.
Çünki Rasim Balayevi əlindən tutub bu sənətə
gətirən, ona kömək edən Səməndər Rzayev
olub.
Ümumiyyətlə,
bu aktyor həyatda heç vaxt özü üçün
yaşamayıb, sənəti, bir də dostları onun həyat
eşqi idi.
"Babamızın
babasının babası" (film, 1981), "Bağ
mövsümü" (film, 1985), "Bəyin
oğurlanması" (film, 1986) sonrakı illərin filmləri
idi. Hər birində fərqli, maraqlı obrazı var. Televiziya
tamaşaları deyəndə dərhal gözlərimizin
qarşısında Şakir Şəkərov canlanır. Səməndər
Rzayev kinoda çəkilməyindən danışanda "Ayə,
niyə oynamırsınız?" məşhur ifadəsi
yadımıza düşür. Onun teatr səhnəsində
oynadığı Xudayar bəy obrazının hələ də
təkrarı, yaxud ondan yuxarı pilləsi yoxdur. "Nə
deyir ə, bu" - əsərdə bu cümlə yoxdur, onu məhz
Səməndər Rzayev yaradıb və qalan bütün
Xudayar bəy ifaçıları bu ifadəni ondan öyrəniblər.
Sevgi və evlilik
Sevib-seçdiyi
qızla evlənəndə Səməndəri tanımayan yox
idi. Qız doğma yurdundandır - Ağsudan. Rayonda qohumlardan
birinin toy mərasimində
rastlaşmışdılar. Onu demək olar ki, qız
özü seçmişdi. Səməndərin çox
tanınması və cazibəli gözləri qızı cəlb
etmişdi, toy boyu ona o qədər baxmışdı ki,
axırda Səməndərin də diqqətini çəkmişdi
bu baxışlar.
Səməndər
Rzayev qadınlara meylli deyildi, amma qızın
baxışları onun evlənmək qərarı verməsinə
gətirib çıxartdı.
Evləndilər,
iki övladları dünyaya gəldi, bir qız, bir oğlan.
"Gənclik"də birotaqlı mənzildə
yaşayırdılar. Bu mənzili onlara Heydər Əliyev hədiyyə
eləmişdi. Teatrda Səməndər Rzayevin
tamaşasına baxıb ona valeh olandan sonra.
Gürcüstanın o vaxtkı dövlət
başçısı Şevarnadze də Səməndər
Rzayevi çox sevərmiş, bir dəfə Tiflisdə
qastrolda onun kürəyinə əlini vurub "sən böyük
aktyorsan" demişdi.
Onu
ölkəsində az sevmirdilər. Sənət
dostlarının dediyinə görə ölkənin elə
bil rayonu, əyaləti yox idi ki, Səməndər Rzayev ora
gedəndə bütün əhali onun pişvazına
çıxmasın. Camaat onun ayaqları altında qurban kəsərmiş
ki, Səməndər Rzayev bu torpağa ayaqlarını
basıb.
Tanıyanlar
insan kimi də Səməndər Rzayevi çox sevərmiş. Kimliyindən asılı olmayaraq
bir insan onun yanına kömək üçün gələrdisə,
Səməndər varından yox olub ona kömək edərmiş.
Dəstəyi götürüb bir salam verməyi bəs idi
ki, böyük idarə rəisləri, məmurlar onun istənilən
xahişini dərhal yerinə yetirsinlər.
Çox
savadlı və yalnız aktyor kimi deyil, fitrətən
istedadlı insan olub. Yaxşı rəsm çəkməklə
yanaşı pianoda gözəl ifa edib. Hərdən
özü çalıb, özü də pəsdən
oxuyarmış.
Radionun
"Bulaq" verilişinin aparıcısı kimi ürəklərə
xüsusən bulaq kimi axardı Səməndər Rzayev.
Çox vaxt verilişi, mətni özü redaktə edərmiş.
Hər hansı bir səhv Səməndərin gözündən
yayınıb efirə gedə bilməzdi.
Həm
istedad, həm savad-bilik, həm də insanlıq bir arada hər
aktyora qismət olan xoşbəxtlik deyil. Bu xoşbəxtlikdir,
yoxsa bədbəxtlik-hökm vermək çox çətindir.
Nə
yazıq ki bu qədər sevilən, uğurlu insanın taleyi
çox ağır olub. Və qəribəsi ondadır ki,
onunla eyni nəsildən olan aktyorların hər biri çox
istedadlı, böyük sənətkarlardır və belə
ağır tale yaşayıblar - Hamlet Qurbanov, Hamlet Xanızadə,
Şahmar Ələkbərov və. s.
"Çox
içirdi Səməndər, onun güdazına getdi" -
söhbət etdiyim bütün həmkarları, dostları ya
adını eşidən kimi, ya da onun haqqında
danışarkən sonda bu kəlməni dedilər.
Evi həmişə
qonaq-qaralı olardı. Dostları çox idi,
yeyib-içdiyi dostlar. Bunun üstündə bəzən evdə
xanımı ilə söz-söhbət olardı.
Xanımı onu qorumağa çalışardı ki,
çox içməsin. Görürdü ki, gözgörəti
uçuruma gedir həyat yoldaşı. Bu "dostbazlıq" onu
ölümə sürüklədi.
Son rol və qaraciyər serrozu
Teatrda
bir-birinin ardınca uğurlu rollar oynayır, hər dəfə
tamaşaçını heyrətləndirirdi, amma özü də, ətrafdakılar
da görürdülər ki, hər gün bir addım geri
gedir Səməndər Rzayev. Sənətdə irəli, fiziki
cəhətdən geri.
Artıq
yeriyəndə yer silkələnən, danışanda
gözləri lərzəyə salan Səməndər deyildi,
nəfəsi güclə gəlirdi, o qədər
arıqlamışdı ki, onu görən kimi xəstə
olduğunu hiss etmək asan idi.
Qara
ciyər hədsiz içkiyə davam gətirə bilmirdi
artıq. Fiziki cəhətdən sağlam olması 41
yaşına qədər içdiyi içkilərin ona
yıxa bilməməyinin göstəricisi idi, amma artıq
geri də yol qalmamışdı.
Bütün
ömrü boyu çalışdığı Dram
Teatrının səhnəsində "Sizi deyib gəlmişəm"
tamaşasında Xudayar bəyi oynayırdı. Tərəf-müqabili
Səidə Quliyeva danışır ki, çox möhtəşəm
bir səhnəmiz vardı, tamaşanın canı olan bu səhnədə
mən Səməndəri sillə ilə vururdum: "Həmin
yer gələndə Səməndər yavaşca
pıçıldadı ki, Səidə, ölürəm,
yola ver, vursan, yıxılacam, halım pisdir. Tamaşadan sonra
səhnə arxasından onu xəstəxanaya
götürdülər, siması ağappaq, özü də
büzüşmüşdü".
İki
gün sonra "Közərən ocaqlar" tamaşasında
oynamaq üçün birbaşa xəstəxanadan səhnəyə
gəlib Səməndər Rzayev. Onun üçün bilet
alıb gələn tamaşaçısını məyus
etmək istəməyib. Tamaşadan əvvəl bəsdir-demədən
içib, bu dəfə ağrılarını unutmaq,
tamaşanı oynamaq üçün. O qədər içib
ki, ayaq üstdə durmaq belə çətin olduğu halda
tamaşanı oynayıb və səhnə arxasında
yıxılıb, bu onun səhnədə son rolu olub.
Özündən
sonra həyatda onu saysız, yadda qalan obrazları
xatırladır, bir də övladları. Qızı
Rübabə radioda çalışır. Oğlu Rəşid
aktyordur, Milli Dram Teatrında çalışırdı, indi
psixoloji durumunda problemlər olduğundan işdən
çıxarılıb, evdə həkim nəzarəti
altındadır, vaxtlı-vaxtında müalicə olunur. Evlənməyib,
Səməndər Rzayevin əmanətinə xanımı
baxır. Hərdən "Nə yaxşı ki Səməndər
bu zülmümü görmür"-deyə şükür
də edir.
Çox
qədim bir əfsanə var - Səməndər adlı
quş əbədi odlara yanır, amma heç vaxt
ölmür. Özünü odlara yaxmaq onun yaşamaq
yanğısıdır, yanır və yaşayır. O vaxt
ölür ki, yaxılmağa od tapmır.
Ramilə Qurbanlı
Kulis.az
Ədalət.- 2013.- 12 fevral.- S.8.