İnsanların faciəsinə
yazı borcum var
I hissə
İmzasına rast gəldiyim gündən, üzü bəri
elə bir yazısı olmayıb ki, onu gözdən
qaçırmış, oxumamış olum. Hekayələrini,
povestini, romanını hər zaman təkrar-təkrar oxumaqdan
yorulmamışam. Ədəbiyyata bəşəri
ideyalarla yanaşan, həmçinin öz keçmişini,
ağrı-acılarını yadırğamayan bu
yazıçının əsərləri mənə olduqca
doğma və əzizdir. Azərbaycanın
müasir ədəbiyyatında öz yolu, dəst-xətti
olan çox maraqlı yazıçımız Şərif
Ağayarla olan müsahibəni sizə təqdim edirəm.
- Şərif bəy, ədəbiyyata gəlişiniz
yeni ədəbi mühitin yarandığı dövrə, ədəbi
proseslərin çox qızğın vaxtlarına təsadüf
edir. Siz özünüz Bakıya ilk gəlişinizi, o
dövrü necə yada salırsınız?
- Biz məcburi
köçkün kimi Ağcabədidə
yaşayırdıq. Orda nə evimiz var idi, nə
normal yaşayışımız. Ali məktəbi
bitirəndən sonra fikirləşdim ki, öz talesizliyimi və
imkansızlığımı Bakıda da yaşaya bilərəm.
Heç olmasa burada yazıb çap olunmaq
imkanlarım olacaq. Və yalnız yolpulumu
götürüb bu şəhərə gəldim. Ciddi bir ümidim, gözləntilərim də yox
idi. Gəldim və "Panarama" qəzetində
işə başladım.
Əslində, mən gələndə ədəbi
mühitdə xeyli sakitlik idi. Özüm gəlməmişdən
öncə tanınmış şair Vaqif Bəhmənli
şeirlərimi o zaman nəfis şəkildə çap
olunan "XXI dərgi"də "Dərgidə kitab"
seriyası ilə yayımlamışdı. Məndən
əvvəl Qulu Ağsəsin şeirləri çap
olunmuşdu burada. Demək olar ki, bu nəşr
ədəbiyyatda ilk pasportum oldu.
Mən Bakıya gələndə ədəbi mühitdə
doğurdan sakitlik idi. Belə deyək də, şeirdə
mütləq şəkildə bir Ramiz Rövşən
hökmranlığı vardı. Hamı
sanki, bir-birindən razı idi, gül-gülü,
bülbül-bülbülü çağırırdı.
Heç bir narazılıq, ziddiyyət yox idi.
Halbuki müstəqilliyini qazanaraq yenicə
özünə gələn ölkənin ədəbi
mühiti qaynamalı idi.
Mən həmin
illərdə bir çox qələm sahibləri ilə yaxından
tanış oldum, hətta aramızda dostluq münasibəti
yarandı: Akif Səməd, Murad Köhnəqala, Əlisəmid
Kür, Salam Sarvan, Akif Əhmədgil, Əhməd Oğuz,
öz tay-tuşlarımdan Rövşən Naziroğlu, Zahir Əzəmət,
İlqar Fəhmi, Həyat Şəmi, Əvəz Qurbanlı,
Sadiq Elyer və başqaları... Bu
tanışların içərisində xüsusilə
yadımda qalan, təkcə yaddaşıma deyil, ruhumun dərinliklərinə
işləyə bilən Mehdi Bəyazid oldu. İndi çox adamlar onu tanımırlar.
Tanıyanlar onun ədəbi bürokratlar üçün
problemli adam olduğunu, elə buna görə
həyatının alınmadığını bilirlər. Çox nadir insanlardan idi. Mən ömrüm
boyu rast gəldiyim qələm adamları arasında
sözü onun qədər bilən və hiss edən, sözə
canlı varlıq kimi yanaşan ikinci bir adam
görmədim. Çox sevinirəm ki, tale məni
onunla rastlaşdırdı. Məni ədəbiyyatın
elə kandarındaca başgicəllənməsi tutmuşdu.
Çünki normal bir mühit, aydın bir
istiqamət tapmaq gənc qələm adamı
üçün çətin idi. Və mən
mərhum Mehdi Bəyazidə qocaman bir palıd kimi toxundum,
toxundum və ayıldım. Sonra Murad
Köhnəqala ilə dostlaşdım. Mehdi
Bəyazidin dediklərinin Muradın şəxsində təsdiqini
tapdım. Bu iki nəfərdən öyrəndiklərimi
cild-cild kitablar mənə verə bilməzdi. Ona görə özümü yolunu tapmağı
bacaran qələm adamı sayıram.
-
Yaradıcılığınızın aktiv mərhələsi
nə zamandan başladı?
- Demək
olar ki, Bakıya ayaq qoyan gündən aktiv
yaradıcılıqla məşğul olmuşam. Ən
azı ortalıqda idim, yağmasam da guruldayırdım
(gülür)! İlk öncə şeir
kitabım çıxdı, sonra nəsr yazmağa
başladım. O vaxt tənqidçi Tehran Əlişanoğlu,
kulturoloq Aydın Talıbzadə və yazıçı Məqsəd
Nurun təsisçiliyi ilə "Yenisi" Sənət Təzahürləri
Mərkəzi fəaliyyət göstərirdi. Həmin
mərkəz Azərbaycanda ilk dəfə "Proza N"
adlı internet-müsabiqə elan etdi. Mənim
yazdığım iki hekayə, bir oçerk orda birinci yerə
layiq görüldü. Son dəqiqəyə
qədər müəlliflərin adı
açıqlanmırdı. Maraqlı olan bir məqam da
o idi ki, mənə ən yüksək balı
mərhum yazıçımız Sabir Əhmədli
vermişdi. Bu mənə həm böyük
şərəf duyğusu bəxş etdi, həm də
özümə inamı artırdı.
Böyük həvəslə
yazıb-yaratdığım dövrlərdən biri də
Azad Yazarlar Ocağının "Alatoran" jurnalının
buraxıldığı vaxta düşdü. İndi proza
kitabıma daxil olan povest və hekayələrin çoxu o
jurnallarda çap olunmuşu. Hər dəfə
yazılarım çıxanda maraqlı reaksiyalar olurdu.
Bizi Güney Azərbaycanda da həvəslə
oxuyurdular. Jurnalın baş redaktoru Rasim
Qaraca ilə hər görüş, hər söhbət
böyük yaradıcılıq eşqi verirdi mənə.
Və təkcə mənə yox, jurnalın daimi müəlliflərinin
hamısına...
Qısaca
belə deyim də, həyatımda çox ciddi rol oynayan
insanlar - Sabir Əhmədli, Mehdi Bəyazid, Rasim Qaraca, Murad
Köhnəqala məni aldatdılar (gülür), çox
böyük əziyyətə saldılar. Vaxtında
demədilər ki, daha ciddi bir işlə məşğul ol,
özünə, ailənə gün ağla. Ədəbiyyat olmasaydı, mən rahatca gedib
başqa bir işlə məşğul olardım və
özümə rahat həyat qurardım. Azərbaycanda
yalnız ədəbiyyatla yaşamaq, bununla özünə həyat
qurmaq mümkün deyil. Buna görə də
bizdə ədəbiyyata bel bağlayan istedadlı adamlar tək
özünü deyil, tale şəriki olduğu insanları da
məhrumiyyətlərə sürükləyir. Sən
özün heç, ailən, uşaqların var axı! Sən öz seçiminlə onları da bu əziyyətə
məhkum etmiş olursan.
-
Sonrakı illərdə siz Azad Yazarlar Ocağından
ayrıldınız. Bunun səbəbi nə
oldu?
- AYO
faktiki olaraq ictimai təşkilata çevrilə bilmədi,
bir ideoloji xətt olaraq qaldı. Mən bu xətdə
həmişə sadiqəm. Deməli,
AYO-dan heç vaxt ayrılmamışam. Azərbaycan
Yazıçılar Birliyinin üzvü olmağım tamamilə
formal xarakter daşıyır. Sadəcə
orada yaxşı insanlar, istedadlı adamlar və yaxın
dostlar var. Bu insanlara qarşı aqressiya lazım deyil. Mən də bir zamanlar aqressiv
çıxışlar edirdim. Zaman
keçdikcə hamını tərbiyələndirmək istəyindən
vaz keçdim. Ona görə yox ki, bu
mümkün deyil. Ona görə ki,
özümün hamıdan tərbiyəli
olmadığımı anladım.
-
Ömrünüzün xeyli hissəsi
qaçqınçılıqda keçdi və bu hələ
də davam edir. Nələrəsə ümid edirsiniz, yoxsa?..
- Bax indi atam bizdədir, hər
axşam dərdləşirik, inanırsınız, heç kəndimizdən
danışmırıq. Bu mövzu artıq
maraqsızlaşıb. Bəlkə də bu 20 ildə hər
şeyi danışıb qurtarmışıq, ona görə...
Hərdən Laçın yadıma düşəndə
içimdə küt ağrılar olur... Ancaq hazırda
atamla-anamın yaşadığı Ağcabədi rayonu məni
özünə daha çox çəkir. Görünür, şüuraltında
Laçınla bağlı ümidlərimi itirmişəm.
Desəm unutmuşam, bu da düz olmaz. Amma o qədər də çox xatırlamıram.
Çünki, o xatirələr mənə əziyyət
verir. Həm də hiss edirəm ki, ordan impuls alıram. Mən
Laçından - o fərqli, unikal dünyadan birdəfəlik
uzaqlaşa bilmədim. Halbuki, bu lazım idi.
Ola bilər ki, biz bir də ora qayıtmayaq.
Buna psixoloji cəhətdən hazır olmaq
lazımdır. Dünya çox
böyük, tarix çox qocadır. Zaman-zaman insanlar belə
də köçüblər, elə də! Həyat da davam
edib həmişə... Bircə məsələdə qəribi
ağlamaq tutur: hər kəsin doğulduğu yerdə dəfn
olunmaq haqqı var. Bu çevrənin qapanmasıdır və
təqdiri-ilahidir. Bu məsələdə insan olan kəs bir az humanist davranmalıdır.
Təbii, arzulayaram ki, o torpaqlara qayıdaq. Ancaq nədənsə,
buna inanmıram. Mənə elə gəlir
ki, bir daha oraları görməyəcəm. Bəlkə, ömrüm çatmayacaq, bəlkə
o torpaqlar qayıtmayacaq. Nə bilim, nəsə
Laçınla bağlı çox bədbin ovqatdayam...
- Şərif bəy, bütün bu
yaşadıqlarınız, həyatınızdakı çətinliklər
yazılarınızdan yan keçmir. Bəzi insanlar isə
sizi hərdən qınayırlar ki, daha çox köhnə
mövzulardan, qaçqınçılıqdan
yazırsınız. Siz bu barədə nə
düşünürsünüz?
-
Yazıçını mövzuya görə tənqid etmək
doğru deyil. Onun NƏ yox, NECƏ yazması
önəmlidir.
Fikirləri
mənə çox doğma olan sonuncu Nobel mükafatı
almış Çin yazıçısı Mo Yanın
mövqeyindən yola çıxaraq belə deyərdim ki,
yazıçı istər Parisdə, istərsə də
Qarabağın ən ucqar kəndində öz həqiqətini
tapa bilər. Allah eləməsin, mən Nobel
alım, ancaq Mo Yanın ata evi, bizim Ağcabədidə
palçıqdan olan evimizə çox bənzəyir. İnanın, Orxan Pamukdan da çox, Mo Yanın Nobel
mükafatına layiq görülməsi, mənim
İsveç Akademiyasına olan münasibətimi daha da ciddiləşdirdi.
Həqiqətən də orada ağıllı
adamlar oturub və onları heç vaxt aldatmaq olmaz.
Bəzən elə mövzular olub, mən öz yazar
dostlarıma demişəm ki, bu mövzu mənim
üçün maraqlı deyil, amma sənin üslubuna
uyğundur. Halbuki özüm də nəsə cızma-qara edərdim.
Amma fikirləşmişəm ki, o məndən
daha yaxşı yazar.
Bir məsələ
də var: mövzuya görə yazıçıların fərqlənməsi
pis tendensiya deyil. Bunu bəzən sadəlövhcəsinə
lokallıq hesab edirlər. Qətiyyən
belə deyil. Yenə də Mo Yanın
fikrinə qayıdıram. Çinin ən
ucqar kəndində, ən ucqar komasında yaşayan bir ailənin
timsalında dünyanın ən ağır problemlərini
qaldırmaq mümkündür. Əsas
odur ki, yazıçı problemə necə yanaşır,
hansı rakursdan baxır. Allahdan yazmaq hələ
o demək deyil ki, sən böyük yazarsan.
- Mən
sizin çapdan çıxmış iki kitabınızı
oxumuşam. "Haramı" romanı öz ətrafında
kifayət qədər müzakirələr açdı.
Amma bir oxucu kimi hekayələr kitabınız mənə
daha doğma gəlir. Sizcə, bu zövq məsələsidir,
ya hekayələrinizdə illərin, ayların
ağrı-acıları toplandığındandır?
- Yazılarımdan
ən çox sevdiyim "Kərpickəsən kişinin
dastanıdır". Bu povest həm də bir az
avtobioqrafikdir. Orda çox ağrılı məqamlar
var. Bilirsiniz, mən ümumiyyətlə obrazları uydura
bilmirəm. Heç buna ehtiyac da hiss eləmirəm. Ətrafımızda maraqlı insanlar və hadisələr
o qədər çoxdur ki, uydurmağa ehtiyac olmur. Məsələn, metroya girəndə insanların
sifətinə baxın. Çox
narahatdırlar, əsəbidirlər, harasa tələsirlər.
Hamının üzündə bir qorxu, təlaş
var. Bilirsiniz, bu ölüm qorxusu-filan deyil. Bu adi həyat, yaşamaq və dolanışıq
qorxusudur. Bizim cəmiyyət hələ
formalaşmayıb. İnsanların
bir-birinə səmimi münasibəti yoxdur.
Mən hər səhər işə gedəndə
görürəm ki, kor bir kişini bir xanım gətirir,
düz bizim yataqxananın yanında qoyulan stulda əyləşdirir. Sonra həmin kor kişi əlini uzadıb yalvara-yalvara dilənməyə
başlayır. Mən hər səhər bunun
şahidi oluram. Hətta görməyəndə səbirsizlənirəm
ki, görəsən necə oldu, başına nə iş gəldi?
Bu sözsüz ki, mənim əhvalıma təsirsiz
ötüşmür. İnsanlar mənim
yaddaşımda çox dərin iz buraxır. Onların sifəti böyük planda yadımda
qalır. Heç kimi unuda bilmirəm.
Və düşünürəm ki, mənim bu
insanların faciəsinə yazı borcum var. Heç olmasa bu
yazıyla əlimdən gələni edim.
Adamlar mənə çox maraqlıdır. Onlara yazığım gəlir...
Hətta yalan danışan siyasətçilərə belə...
Bəlkə də mənim taleyimin
alınmamasında, müəyyən problemlərimin
yaşanmasında o siyasətçilərin birbaşa rolu var.
Amma yenə də yazığımı gəlir. Şəxsən mən bayaq dediyim o kor kişinin
yerində oturub dilənərəm, ancaq efirə
çıxıb insanlara yalan danışa bilmərəm.
İnsanın nəyin xatirinəsə yalan
danışması böyük fəlakətdir. Və buna məcbur olan dünyanın ən
yazıq, ən miskin adamıdır.
Ədəbiyyat da, sənət də məhz bu məqamdan
başlayır. İnsanın məzlumluğu, miskinliyi
haqqındadır ədəbiyyat. Dostoyevskinin
əsərlərinə baxın. Orda bir nəfər də
olsun qalib adam yoxdur. Viktor
Hüqonun "Səfillər"ində bir Javer vardı, o da
mən deyənləri anlayınca intihar elədi. Dünyanın böyük əsərlərində
qalib yoxdur. Dünyanın böyük əsərləri
bu ilahi həqiqəti təsdiq edir ki, insan qlobal fəlakətlər
qarşısında acizdir. Onun
böyüklü, qüdrəti yalnız təmizliyində,
düzlüyündə, pis əməllərə arxa
çevirməyindədir. Bunu itirən hər
şeyini itirib və insanlığın ən vacib keyfiyyətlərindən
məhrum olub.
Mahiyyətcə
məzlum və aciz olan insanlar ali dəyərləri
itirib bir-birini didməməli, bir-birinə təsəlli verib
yaşamalıdırlar. Mənim
anladığım ədəbiyyat bunu təbliğ edir.
-
Bütün bu yaşantılara, ağrı-acılara
baxmayaraq, siz bəzən yazılarınızda istehza edir,
gülür, hətta qəhqəhə çəkirsiniz. Buna
necə nail olursunuz? Bu bir
görüntüdür, yoxsa, həqiqətən də o əziyyətlərə
qalib gəlirsiniz?
- Belə
bir söz var ki, komediya tragediyadan sonra başlayır. Məncə səhv edirlər. Həyatın
fonu tragediyadır. Dramaturgiya və komediya
uydurulub. Siz təsəvvür edin, biz burda
oturub söhbət edirik. Əminsinizmi ki,
bu yazını çapa verib, sonra da oxuya biləcəyik?
Mən şəxsən əmin deyiləm.
Bir saat sonra nə baş verəcək?
Heç kim bilmir. Və
bütün dünyada baş verən ən ciddi hadisələr
mahiyyətcə faciəvidir. Komediya
fondakı tragik qaranlığın içində işıq
saçma sənətidir. Yaradıcılıq
halıdır.
Samirə Əşrəf
Ədalət.- 2013.- 12 fevral.- S.6.