Fevral ayı türk dünyasında Nəvai
ayıdır
(əvvəli ötən
sayımızda)
Maraqlıdır
ki, Səməd Vurğun "Leyli və Məcnun"u tərcümə
etdiyi halda Nizaminin başqa poemasının motivləri əsasında
əsər yaratmağı qarşısına məqsəd
qoyur. Bu hadisənin və faktın özü, istər-istəməz,
bir sıra suallar doğurur və düşüncələrə
vadar edir. Doğrudanmı "Leyli və Məcnun" kimi
emosional və misilsiz bir faciə Səməd Vurğun qəlbində,
qələmində əks-səda verməmişdir? "Xosrov
və Şirin"in "Fərhad və Şirin" şəklində
əks-sədasının sirri nədədir? Bu suallara cavablar
da elə Səməd Vurğunun öz əsərlərindədir.
Məsələ bundadır ki, Səməd Vurğun Nizami
irsinə hədsiz dərəcədə
yaxınlaşmağı bacaran və onun məhəbbət fəlsəfəsini
ehtiva etməyə can atan nadir sənətkarlardan biridir. Əgər
həssaslıqla yanaşsaq görərik ki, Nizami özünə
qədərki söz sənətində ilk dəfə olaraq
dünyaya üç məhəbbət modelini təklif və
təqdim etmişdir. Bunlardan birincisi və ikincisi "Xosrov və
Şirin"dədir. Poemada iki sevgi xətti - məhəbbət
tipi gerçəkləşdirilmişdir; 1. Xosrov və
Şirin. 2. Fərhad və Şirin. Nizamiyə
yazılmış nəzirələrdə hər iki sevgi
süjetinə müraciət olunmuşdur. Amma Fərhad və
Şirinin tragik sevgi qissəsi ürəkləri daha çox
yandırmış, daha sirayətedici təsir
bağışlamışdır. Səməd Vurğunun XX
yüzildə dastandakı nisbətən epizodik miqyasa malik
sevgi macərasına müraciət etməsinin əsas səbəblərindən
biri bununla bağlıdır. İkinci tərəfdən isə
böyük Nəvainin "Fərhad və Şirin"
dastanının özünəməxsus bir sevgi versiyası
kimi mövcudluğu da öz rolunu oynamışdır.
Nizaminin üçüncü məhəbbət modeli isə
"Leyli və Məcnun"da öz əksini
tapmışdır. Və Səməd Vurğun sevə-sevə
tərcümə etdiyi bu sevgi şedevrinin cazibəsindən
ömrü boyu qurtula bilməmişdir. Çünki o, XX
yüzilin faciələri kontekstində gerçəkləşdirmək
istədiyi Leyli və Məcnun əfsanəsini - öz
dövrünün sevgi tragediyasını gənclik
çağlarından yazmağa başlayıb, müdrik
yaşlarında belə yekunlaşdırmağa tələsmirdi.
Dünyanın ən tragik sevgi qissələrindən birinin
adı məhəbbət üslubunda və poeziyanın sevgi
dilində o qədər də məhrəm səslənmirdi:
"Komsomol poeması". Öz zamanının ədəbi-siyasi
əxlaqına uyğun olaraq müəllif ölüm-dirim
mübarizələrinin baş alıb getdiyi bir mühitdə
sadəcə və gözəl, qəmli bir sevgi dastanı
düşündüyünü və yazdığını
açıq-aşkar elan edə bilməzdi. Epoxanın sahibləri
və sifarişçiləri şairin siyasi bir dastan
üstündə əlləşib-vuruşduğunu
düşünürdülər. Əslində isə gənc
Vurğun ömrünün və zamanın dözülməz
çağlarında qoca Nizami ilə dərdləşir və
sirləşirdi. Nizaminin kəşf etdiyi Leyli və Məcnun
faciəsini öz dövrünün ən romantik sevgi dilinə
- Humay və Cəlal faciəsinə çevirirdi. Humay və
Cəlalın tragik taleyində "Yevgeni Onegin"in ruhunu və
başqa təsirləri görənlər, tapmaq istəyənlər
də bəlkə haqlıdır. Amma gənc Vurğun
"Komsomol poeması"nı düşünərkən, Cəlal
və Humayın öz zamanına sığmayan müsibətini
yazarkən Nizamidən dərs aldığı, "Leylil və
Məcnun" və "Fərhad və Şirin"lərdən
təsirləndiyi şəkk-şübhəsizdir. Şairin
özü də öz faciə ruhunun və qəhrəmanının
mənşəyi barəsində açıq-aşkar
söyləmişdi:
Humay
düşündürür, Humay ağladır,
O nə
Ofeliyadır, nə Tatyanadır...
Nəvaiyə
ithaf olunmuş əsərlər içərisində onun
mahiyyətini açmağa yönələn bədii
nümunələr xüsusi yer tutur. Nəvai fenomenini anlatmaq
istəyən, onun beynəlmiləl və etnopoetik əhəmiyyətini
bədii təhlil edən sənət dürdanələri həmişə
diqqəti cəlb etmişdir. Dahi şairin yaxın və uzaq
zamandaşlarının, şagird və
ardıcıllarının ithafları arasında məhz bu
cür poetik təcrübələr az deyil. Özbək və
Azərbaycan dillərində
yaradıcılığını uğurla davam etdirən
istedadlı şair Akif Azalpın ulu ustadın 550 illiyi şərəfinə
yazdığı "Ümman" (1991) şeirində az qala
500 ildən bəri türk dünyasında
doğmalaşmış həmin poetik ənənənin
gözəl davamının şahidi oluruq:
Dörd
ümman çəkdiyi sədd arasında,
Sonsuzluq
eşqiylə yananda cahan,
Bu son
minilliyin lap ortasında,
Uğultu başladı başqa bir ümman.
Ləl cəvahirləri
sözdə mücəssəm,
Məğrur
dalğaları ərşə dayanan,
Qitələr
qucduqca böyüdü hər dəm,
Dörd ümman bir oldu, o özü bir yan.
(Özbəkcədən
çevirəni
Əbülfət Zeynaloğlu).
Nəvai
günəşinin doğuluşu və poeziyanın
üfüqlərini genişləndirməsi poeziya nuruna təşnə
ürəklərə təsəlli və ümid verdi. Bu nurdan
güc alan min-min könül sazları və
neyləri onu yüz illərlə vəsf etdilər.
Amma yenə
də bu günəş hərarətli sözün, ümman
qüdrətli sənətin sirlərinə vaqif ola bilmədilər. Ondan od
alıb yananlar da, bu söz ümmanının dərinliklərinə
baş vuran qəvvaslar da Nəvai əbədiyyətinin sirlərini
aça bilməyib, sonsuz heyrətlər ağuşunda məkan
tutdular:
Bir vaxt
susayanda bəşər ziyaya,
Sərkəş
dəryaları qoynunda tüğyan,
Onu vermək
üçün təşnə dünyaya
Beş əsr sancıda qıvrıldı Turan.
Sonrakı
beş yüz il onun nurundan
Od
alıb yansa da nə qədər sazlar,
Axırda
xəbərsiz getdi sirrindən
Nə qədər səyyahlar, nələr qəvvaslar.
Hələ
də bilmədən məkan və zaman,
Yeni
üfüqlərə salıb həyəcan,
Əbədiyyət
dürrün saçmaqda hər an
Əlişir Nəvai adlanan ümman.
Böyük
özbək mətnşünası, öz ömrünü Nəvai
əlyazmalarının öyrənilməsinə və nəşrinə
həsr etmiş filologiya elmləri doktoru, professor Həmid
Süleyman Nizami, Nəvai və Füzuli
yaradıcılığının etnogenetik
ardıcıllığa mailk olduğunu vurğalayaraq
yazırdı: "Nizami, Nəvai və Füzuli bədii
inkişafın zəruri mərhələləridir. Onlardan biri olmasaydı, ümumtürk bədii təfəkkürünün
formalaşmış durumunda anlaşılmazlıq və
yarımçıqlıq yaranardı.
Məhz onların sayəsində klassik bədii
düşüncənin hərəkətini tam və
bütöv halda təsəvvür edə bilirik".
Bu
mülahizələrin davamı kimi Azərbaycan klassik
poeziyasının Özbəkistanda tərcüməsi və
təbliği sahəsində diqqətəlayiq xidmətləri
olan başqa bir görkəmli özbək ədəbiyyatşünası
filologiya elmləri doktoru, professor Xalid Rəsulun məsələyə
münasibəti də diqqətəlayiqdir":XIV,
XV və XVI əsrlər özbək ədəbi həyatını
dərindən anlamağa Füzuli
yaradıcılığı kömək edir. Nəvaini
hazırlayan və yetişdirən ədəbi mühit Nəvaini
dərk etməyə yardım etdiyi kimi, Nəvaidən sonra
davam edən bədii gedişat da Nəvai sözünün əzəmətini
təsəvvür etməyə köməkləşir.
Nəvaini dərindən duymaq üçün
Füzulini yaxşı öyrənməli və bilməliyik.
Başqa sözlə, Füzulini ehtiva etmək
üçün Nəvai zəruri olduğu kimi, Nəvaini tam
anlamaq üçün də Füzuli gərəkdir. Onlar tamın hissələridir. Daha
doğrusu, bir bütövdürlər".
Azərbaycanda da məsələyə həmişə,
təxminən, belə münasibət mövcud olub. XX yüzilin əvvəllərindən
etibarən formalaşmağa başlayan milli ədəbiyyatşünaslığımız
və türkologiyamızda məsələnin məhz bu
cür qoyuluşu diqqəti cəlb edir. Ədəbiyyatşünaslıq
elmimizin patriarxı Firudinbəy Köçərli və
türkologiyamızın babası Bəkir Çobanzadə Nəvai
və Füzuli irsinə vahid və bütöv ədəbi
proses kontekstində yanaşırdılar. Bu mənada
Səməd Vurğunun 40-ci illərin əvvəllərində
Nizami və Nəvai yubileylərini keçirən komitənin
iclaslarındakı çıxışları da diqqətəlayiqdir.
Böyük şairin":Biz elə
bilirdik ki, Nəvai Azərbaycan şairidir" deyə söyləməsi
də yuxarıda qeyd edilən ədəbi ənənəni və
dünyagörüşünü əks etdirir. Nəvai irsinin Azərbaycanda tərcüməsi və
təbliğindən bəhs edərkən "Leyli və Məcnun"
dastanının tərcüməsini xüsusi qeyd etməyə
dəyər. Azərbaycanın ədəbi
həyatındakı çoxillik arzu və mənəvi
ehtiyacın həyata keçməsi nöqteyi-nəzərindən
bu yaradıcılıq işi ciddi mədəni hadisə kimi
qiymətləndirilməlidir. Mütərcimin
təkcə istedadlı şair yox, həm də peşəkar
tərcüməçi və alim olması, Nəvaişünas
və Füzulişünas kimi fəaliyyət göstərməsi
tərcümənin uğurunu təmin etmişdir. Bu tərcümə
əsəri qardaş Özbəkistanda da ciddi rezonans doğurmuş,
xüsusən, Özbəkistanın xalq şairləri Erkin
Vahidov, Abdulla Aripov, Camal Kamal və başqaları tərəfindən
yüksək dəyərləndirilmiş, son dövrlərdə
Nəvaidən edilmiş bədii tərcümələr
arasında mühüm yer tutduğu
vurğulanmışdır. Görkəmli
şair və tərcüməçi Ayaz Vəfalının
"Leyli və Məcnun" poemasını müvəfəqiyyətlə
ana dilimizə çevirməsi başqa bir çoxdankı
arzumuza da qanad və təkan verir.
Səməd
Vurğunun, Həmid Alimcan və Qafur Qulamın və başqa
klassiklərimizin arzu etdiyi kimi,
Nəvai "Xəmsə"sini Azərbaycan dilində, Nizami
"Xəmsə"sini isə özbək dilində tərcümə
və nəşr etmək ədəbi-mədəni həyatımızda
böyük bir hadisəyə çevriləcəyi
şübhəsizdir. Ümumiyyətlə,
Nizami və Nəvai irsinin beynəlmiləl əhəmiyyəti,
beynəlxalq nüfuzu zaman keçdikcə yüksəlməkdədir.
Dünyanın ən məşhur mədəni
mərkəzlərində və paytaxtlarında hər iki
dahiyə abidələrin ucaldılması fikrimizi parlaq şəkildə
təsdiq edir.
O cümlədən,
Daşkəndin mərkəzi meydanlarından birində, dahi gəncəlinin
adını daşıyan Daşkənd Dövlət Pedaqoji
universitetinin qarşısında Nizami Gəncəvi şərəfinə,
Bakıda isə dahi özbək şairi və mütəfəkkiri
Əlişir Nəvainin xatirəsinə ehtiram əlaməti
olaraq yaradılmış gözəl abidələr də
söylədiklərimizə sübutdur.
Nizami və Nəvaiyə bəşəri münasibətdən
bəhs edərkən, hər iki dahinin yubiley bayramlarının
keçirilməsi ilə bağlı bəzi unudulmaz cəhətləri
yada salmaq zəruridir. Dünya mədəniyyəti tarixində çox az rast gəlinən nadir mərasimlərdən
biri də bizim dahilərimizin adı ilə qırılmaz surətdə
bağlıdır. Məlumdur ki, Nizaminin 800 illik, Nəvainin isə 500 illik yubileyləri ikinci
cahan savaşının başlanması səbəbindən
öz vətənlərində təntənə ilə qeyd
olunmasa da, müharibənin qızğın
çağında, dəhşətli mühasirə şəraitində,
insanların soyuqdan, aclıqdan və faşist bombalarından
həlak olduğu bir şəhərdə - Leninqradda yüksək
səviyyədə bayram edilmişdir. Bu hadisə
təkcə rus, özbək və Azərbaycan xalqlarına mənsub
keçmişin deyil, ümumən, insanlığın və
bəşər tarixinin ən işıqlı səhifələrindən
biridir. Yeri gəlmişkən, yubiley tarixləri
ilə bağlı bir faktı da burada xatırlamaq məqsədə
müvafiqdir. Özbək ədəbiyyatşünasları
Əlişir Nəvaiyə türk dünyasının sevgi və
sayqısından söz açarkən bu vaqiəni qeyd etməyi
xoşlayırlar.
Məsələ bundadır ki, Nəvai həzrətlərinin
ilk yubileyi Azərbaycanda qeyd edilmişdir. Başqa
sözlə, Nəvai yubileylərinin tarixi məhz bizim
diyarımızdan başlanır. Bu gözəl
və unudulmaz mərasim 1926-cı ildə Bakı şəhərində
yüksək səviyyədə keçirilmişdir.
Bu sətirlərin
müəllifi 70-ci
illərin əvvəllərində Daşkənd
Dövlət universitetinin özbək filologiyası fakültəsində
təhsil aldığı çağlarda klassik ədəbiyyatı
tədris edən müəllimlərinin bu özünəməxsus
yubiley tarixi ilə bağlı
söylədiklərindən dəfələrlə fərəh
duymuşdur. Görkəmli özbək Nəvaişünas və
Füzulişünasları professorlar V.Zahidov, İ.Sultan, Ə.Kayumov,
S.Dalimov, Ğ.Kərimov, Ə.Xayitmetov, S.Erkinov, B.Qasımov,
H. Məhəmmədxocayev, Ə.Xocaəhmədov, Y.İsaqov
və başqaları Nəvai tədbirləri və mərasimlərində
bu hadisəni sevinclə xatırlayır, qürurla
vurğulayırdılar.
Beləliklə,
dahi Nizaminin ən böyük şagirdi və dahi Füzulinin
unudulmaz ustadı, bütün dünya xalqlarının
sevimlisi olan Əlişir Nəvai Azərbaycan xalqının
bu gün də ürəkdən sevdiyi və əzizlədiyi,
qəlbinin dərinliklərində yaşatdığı bədii
dühalardan biridir.
Yaşar Qasımbəyli,
AMEA-nın baş elmi
işçisi,
Azərbaycan Yazıçılar
Birliyinin və
Özbəkistan Yazıçılar
İttifaqının üzvü,
filologiya elmləri üzrə fəlsəfə doktoru
Ədalət.- 2013.-
13 fevral.- S.7.