Bədii publisistikadan nəsrə keçid

 

Novruz Nəcəfoğlunun imzasını ilk dəfə "Azərbaycan" və "Ulduz" jurnallarının və "Xalq qəzeti"nin səhifələrində izləmişəm. Publisistik qeydlərini, ayrı-ayrı ölkələr barədə səfər təəssüratlarını oxumuşam. Sonra dəyərli şair Ağacəfər Həsənli müəllifin birdən-birə dörd kitabını mütaliə edib qaytarmaq şərtilə mənə verdi. Budur, ilk vərəqlədiyim irihəcmli publisistik toplu: "Sinqapur - böyük dünya şəhəri, iddialı ölkə".

Əlbəttə, başqalarını deyə bilmərəm, mənim Novruz müəllimin bu möhtəşəm, sanballı kitabına qədər Sinqapur haqqında bilgilərim çox bəsit idi. Bircə onu bilirdim ki, bu ölkə yeganə şəhərdən ibarətdir. Vəssalam. Ona görə Sinqapur haqqında nələrisə öyrənmək və bilmək mənə olduqca maraqlı gəldi. Düzü, heç ön sözü də oxumadım, birbaşa kitaba keçdim. Onda ayıldım ki, Sinqapur haqqında yazılan iki yüz səhifəlik bədii-publisistik nəşri su kimi başıma çəkmişəm.

Bəs "Sinqapur - böyük dünya şəhəri, iddialı ölkə"də oxucunu çəkən, cəlb edən nədir? Bizcə, yazıçı-publisistin gözəl, şirəli dili, özünəməxsus üslubu, adi həyati hadisədən bədii obraz yaratmaq bacarığı. Mən ustalıqla yazılmış publisistik əsəri ən yaxşı nəsrə bərabər tuturam. Əslində Novruz Nəcəfoğlu kitabını yol qeydləri, səfər təəssüratları adlandırsa da, hər səhifədə, obrazda, cümlədə yazıçıdır. Məhz yazıçı səriştəsi kitaba rəng qatıb, oxunaqlı edib, onu qiymətə mindirib. Yox, bu kitab təkcə quru faktların və rəqəmlərin yığnağı deyil, burda hər şey yerli-yerindədir, yerli-yataqlıdır. Müəllifin heç bir sözü göydən düşmür. O, Azərbaycan həqiqətləri barədə Şabranın timsalında yad məmləkətdə danışanda da, qısa müddət ərzində ölkəmizin nail olduğu uğurlarından bəhs edəndə də səmimi təsir bağışlayır, oxucunu inandırır.

"Müdrik Şərqə bir baxış", "Cənub Şərqi Asiyanın maliyyə paytaxtı", "Gəzməyə qərib ölkə", "Niyə "Şir şəhəri?", "Sudan başlayan həyat və tərəqqi", "Əkəndə yox, biçəndə yox..." kimi yarımsərlövhələrdə xeyli məlumat, maraqlı hadisə peşəkarlıqla işlənib, diqqətə çatdırılıb. Novruz Nəcəfoğlu Sinqapurun görüntülərini qabarıq rəngli boyalarla verir və həsas oxucu "Böyük dünya şəhəri"nə nəzər salarkən aydın rəsmini görür. Lakin müəllifin təsvirlərində lirik ovqat istər-istəməz mənzərə yaradır: "Günəş göydən yorğun-yorğun boylanır. Uzanıb gedən yolları ikiyə bölən qoruyucu xətlərin arasında, yolun kənarları ilə sıx-sıx, sanki bir dəstə kimi bağlanaraq yerə sancılmış çəhrayı rəngli çiçəklər göz oxşayır, yorğun yolçuya bir könül rahatlığı gətirir. Bir qədər sonra öyrənəcəkdik ki, bu ölkə-şəhərdə hər addımda, hər yerdə rastlaşdığımız bu çəhrayı səhləb gülləri də Sinqapurun simvollarından biridir". Elə bil minbir çalarlı Azərbaycan təbiəti haqqında yazılıb bu isti sözlər.

Novruz müəllim "Səhləb çiçəyinin nağılı" bölməsində qəribə müqayisə apararaq, Sinqapurda gördüyü mənzərəni doğma Azərbaycanda axtarıb tapır. Özü də Şabranın ucqar dağ kəndlərində. Həmin bölmədə deyilir: "Mənbəyi Qaragöldən başlayıb, dağların qoynu ilə süzülüb Qəriblikdən, Zöhrab kəndinin ortasından gəlib keçən Qızılçayın Gilgilçayla birləşdiyi geniş vadi çəhrayı rəngli əlvan çiçəklərlə örtülmüşdü. Təbiətin bu füsunkar guşəsində elə belə ötüb getmək günah olardı. Maşından düşüb torpağa ayaq basdıq. Leysan yağışların, selin-suyun dağların sinəsindən yara-yara qoparıb sürüyüb gətirdiyi nəhəng sal daşların köksündən koma-koma qalxan, hər kökün üstündə bir qucaq dolusu qom-qom boy verən bu çiçəklər səhləb çiçəkləri idi". Bəli, Allahın yaratdığı möcüzəli təbiət hər yerdə birdir, ölkənin, qitənin fərqi yoxdur, adamlar başqadır.

Sinqapur barədə yazılan dolğun kitabın ən maraqlı cəhətlərdən biri də səhifələr boyu foto-şəkillərin ardıcıllıqla yerləşdirilməsidir. Şəkillər kitaba yaraşıq verir, onlar peşəkarlıqla çəkilib, hər biri sanki canlıdır. Bir sözlə, adalar qoynunda yerləşən Sinqapuru Novruz Nəcəfoğlunun əsərindən öyrənib, kəşf etmək mümkündür.

Müəllifin hekayə və povestləri də ("Bir qış gününün xatirəsi", "Yollar uzanan gün" kitablarında toplanıb) nəsrimizin maraqlı nümunələridir. Dağ camaatının gündəlik həyat tərzi, ailə-məişət məsələləri, yurd-torpaq sevgisi, saf məhəbbət duyğuları bu nəsrin ana xəttini təşkil edir. Bədii publisistikasında olduğu kimi hekayə və povestlərində, pritçalarında da dil sadə, axıcı və yabançı sözlərdən uzaqdır. Yazıçı-publisist Nəcəf, Zaur, Nicat, Mərdan, Bəhruz ("Bir qış gününün xatirəsi"), İsaxan müəllim, Dövran ("Yuxu"), Kamran, Xanquliyev, Əşrəf, Molla Manaf, Əhmədxan ("Zalım oğlunu öldürürdüm"), Kamil, Xanım, Ağamməd ("Yalan yeriməsə də..."), Məzahir ("Yerisənə"), Bənövşə, Şirxan, Giryan, Zülfüqar, Sərkər ("Səhra gəmisi"), Sərvinaz, Güllü, Həsən, Göyüş, Əmrah, Yetər ("Kövrək pıçıltılar"), Cəfər, Höcət, Əli, Güleyşə, Narınc, Nərgiz ("Bu evin çoxdankı dostu"), Məlikağa, Pərviz Məşədi Böyükağa, Gülcamal ("Dünyası nur ömürlər") kimi bir-birindən fərqli xarakterlər, sürətlər yaradıb. Onların içərisində "baş qəhramanlar" da var, epizodik planda verilən obrazlar da. Əsas odur ki, bu surətlərin iç dünyalarını müəllif müxtəlif priyomlarla açır, diqqətə çatdırır. Hekayəni və ya povesti oxuyub bitirəndən sonra qəhrəmanın kiçikliyini-böyüklüyünü unudursan...

"İllərin şaxtasından, sazağından girov düşmüş qaşları-gözlərinə kölgə salan kişi sağ əlindəki əsanı yerə dirəmiş, sol əli ilə dal ayaqlarının biri mahmızına qədər ağ (səkil) dayçanın boynuna, üzüaşağı telənən yalına sığal çəkərək: - Bu səkil qulan yaxşı at olacaq. Hayıf, mən minə bilməyəcəyəm, - dedi". Bu həsrətli, nisgilli cümlələr Novruz müəllimin "Köhnə kişilər" hekayəsindəndir. Fani dünyanın puç olduğunu, ötərgi olduğunu, yalnız xoş əməlin yaşadığını oxucusuna təlqin edən yazıçı nəsil növbələşməsini taleyin gərdişi sayır. "Və nə yaxşı, bizdən sonra gələn gənc nəsil var" qənaəti hekayənin bütün surətlərinin dilində səslənir. Nikbin ovqat həyatın sonunun bədbin notda yekunlaşmasını sanki təbii şəkildə sığortalayır.

"Çarəsiz yolçu" və "Bu dərənin uzunu" povestləri bitkin nəsr nümunələridir. Heç təsadüfi deyil ki, "Çarəsiz yolçu" qardaş Türkiyədə də ayrıca kitab şəklində nəşr olunmuş, müəllifinə geniş oxucu məhəbbəti qazandırmışdır. Novruz Nəcəfoğlu "Çarəsiz Yolçu"da elat-tərəkəmə həyatını qələmə alıb. Köç yazda yaylağa, yəni dağa, payızın sonunda isə qışlağa, Muğana yollanır. Bu, mal-qara, qoyun-quzu saxlayan insanların alın yazısıdır. Çölçü şəxsə aran da doğmadır, yurdun dağı-daşı da. Axı, bu torpaq bütövlükdə Vətəndir, Azərbaycan torpağıdır, aran-dağ şərti bölgülərdir. Yazıçı Qıztamamın simasında namuslu-qeyrətli kənd xatınının surətini yaddaqalan ştrix və detallarla canlandırır. Hansı xəstəlikdənsə ağlını itirmiş, başı xarab olmuş əri Məmişin bütün dəliliklərini "həzm edən" Qıztamam oğul evləndirir, qız köçürür, hampaçılıqdan qalmır, camaatın xeyrinə-şərinə yarayır. Qadının sonda faciəli ölümü ürəkdə bir acı təəssüf doğurur, oxucunu əməlli-başlı kövrəldir, özündən çıxarır.

Novruz Nəcəfoğlunun publisistikası ilə nəsr əsərləri arasında kəskin fərqlər, uçurumlar yoxdur. Keçidi nazik bir xətlə müşahidə etmək mümkündür. Bizcə, yazıçının həm publisistik qeydləri, həm də nəsri ədəbiyyatımızın ciddi hadisəsidir.

 

 

Günay Raufqızı

 

Ədalət.- 2013.-13 fevral.- S.6.