Unudulmaq əzabından doğulan poeziya

 

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Beynəlxalq Rəsul Rza mükafatı laureatı şair Balayar Sadiqin (Əliyev Balayar Sadıq oğlu) şeir və poemaları toplanmış onuncu kitabı "Allahın unutduğu adam" ("Yazıçı", 2010) adı ilə oxuculara təqdim olunur. Səlim Babullaoğlunun redaktorluğu ilə işıq üzü görən bu kitabın adı xalq danışığından gəlmə ifadədir. "Allahın unutduğu adam" ifadəsinin məzmun çalarında Allaha küfrlük-asi düşmə əlamətləri də var.

Balayar Sadiqin tərcümeyi-halından isə onun BDU-nun jurnalistika fakültəsini bitirən ali təhsilli şəxs olduğunu öyrəndim. Deməli, şairlik təbi-istedadı ilə yanaşı ali savadı da olan müəllif işlətdiyi hər sözün, ifadənin məntiqini dərindən bilir. Hələ onun 1965-ci ildə Lerik rayonunda anadan olması faktı isə onu bildirir ki, islami dəyərlərin kifayət qədər qorunub-saxlanıldığı bir bölgənin yetirməsidir. Bəs onda kitabın adında daşınan məzmun nəyi ifadə edir? Adam zalımın əlindən təngə gələndə, haqsızlıq içində təklənəndə və bir kimsədən kömək-dad görməyəndə, gücü-gümanı başının üstündəki Allahına çatır və Tanrıdan da bir inayət görməyəndə isə naəlac qalıb özü-özünə deyinir ki, "Allahın unutduğu adam"dır. Yəni Tanrı yadına salsa, ona da bir yardım əli uzadar, arxa-həyan durar. Əslində bu "küfrlükdə" Allahından bir kömək umma istəyi-diləyi var. Bu məntiqlə düşünəndə "Allahın unutduğu adam" obrazı dünyada təklənən - özü öz başının hayına qalan və taleyindən gileylənən fağır bir bəndənin obrazıdır ki, Allahın onu yadına salmasını - dərdinə çarə etməsini, dadına-fəryadına yetişməsini arzulayır.

Bu prinsipdən düşünərək Balayar Sadiqin kitabında toplanan şeir və poemaların ümumiləşmiş təhlilini verə bilsək, onda həmin nümunələrin ruhundan çıxış edən lirik mən obrazının Allahın unutduğu adam timsalında çıxış etdiyi qənaətinə gələrik.

 

Ümid köhnə yoldur,

əgər inanmırsan,

üstündəki

ayaq izlərindən soruş.

 

Bu misralardakı məntiqdə də fikrimizə aydınlıqgətirici nüanslar var: "ümid köhnə yoldur" - yəni tapdanmış - ayaqlanmış yoldur: insan isə dünyada ümidlərlə yaşayıb arzularına qovuşar, ümidlər isə tapdalananda - ayaqlar altına düşəndə - "ümidin üstündə ayaq izləri" olanda insan qəlbinin arzuları ürəyində qalır, bu zaman həyatdan ümidi üzülüb təklənir, belə bir məqamda "Allahın unutduğu adam" surəti "Yenə şirlər ot yeyir, atlar ət çeynəyir", - deyib, canı boğazına yığılır, dünyadan bezib: "Şeytana lənət oxuyub, bəndə olmaqdan istefa verirəm, Tanrım..." ("İstefa" şeiri) kəlmələrini hiddətli şəkildə dilə gətirir. Əlbəttə, adam uman yerdən küsər məsəlinə müvafiq tərzdə deyək ki, bu hiddətin-qəzəbin mahiyyətində də bir Allaha tapınma, Allahından kömək diləmə hissi dayanıb, çünki qatı dinsiz - Allahsız adam heç nə Allahı yadına salar, nə Allahdan kömək umar, nə də "acıq edib-inciyər". Son güvənc yeri, axır tapınma məqamı həmişə Allah olduğundan, insan üçünsə "axır-mənşər" gəlib yaxınlaşanda, üzünü Allahına tutar, ondan dad-imdad istəyər.

"Təcavüzün rəsmi" şeirindən də bəşəri dəyərdən çıxış edən müəllifin azadlıq arzusunda olan "adamların üzündə yalan çiçəkləndiyindən" bəhs açılır:

 

Azadlıq gözəl qadındır,

Hamı onu sevər,

o isə könül verməz heç kimə...

Ürəyinin qapısında

duran adamların üzündə

yalan çiçəkləyib.

 

"Müqəddəslik" sərlövhəli nümunədən isə müharibə ilə bağlı söylənilən aşağıdakı fikirlərin də məzmunundan qanlı savaşların qurbanı olanlar sətirarxası tərzdə "Allahın unutduğu adamlar" - allahın köməyinə yetdiyi adamlar kimi boy göstərir:

 

Cibindəki bəyaz dəsmalla

burnundan axan qanı

silməyə heyifslənir

müharibə sözü...

 

"Təhqir olunmuş ölüm" adlanan poetik nümunədə isə dolayı yolla da olsa, ölümün mələyi olan Əzrail tərəfindən göndərilməməsi məsələsinə etiraz edilir:

 

Qatil

dar ağacının xoşbəxtliyidir.

Dar ağacı

qatilin mükafatı...

İlk dəfə

boyundan yuxarı

qalxmaq xoşbəxtliyidir

qatilin ölümü...

 

Başqa sözlə, dar ağacı qurulmaqla ölümə məhkum olunmuşlar da hardasa Tanrıdan, ölüm mələyi Əzraildən xəbərsiz görülən əməllərdir ölümün özü Allah-təala tərəfindən göndəriləndə gözəl olur. Demək, dar ağacından asılanlar da hardasa Allahdan xəbərsiz olanlardır - Allahın unutduğu adamlardır.

 

Daha keçib,

bir ovuc həyasızlıq borc ver,

Üzümdəki həyanı silim...

Yaşamaq lazımdır, yaşamaq...

 

Balayar Sadiq bununla demək istəyir ki, insanın üzündəki həya pərdəsi götürülüb yaşayanda, Allahsızlıq baş verir. Çünki həya insanın şərəfidir, həyalı adam Allahın da xoşuna gedər. Həyasızlıqla pul qazanıb yaşamağa məhkum olanlar da bir cürə "Allahın unutduğu adamlar" sırasındadırlar. Belələri isə ya həyasızlıqlarına - həddindən artıq pis adam olduqlarına görə Tanrı dərgahından qovulublar, Allah onları yadından çıxarıb, ya da ki, məcburiyyət üzündən üzlərindən həya pərdəsini atıb yaşamağa vadar olanları Allahın yadına salmasını arzulayır ki, Allah-təala bu fəqir bəndələrinə bir xeyirxahlıq qapısı açsın - "Allahın unutduğu adam" qiyafəsindən sıyrilib çıxsınlar.

 

İçimdən çölə daşıdım özümü...

Bir misra

Gömrük haqqı verdim...

 

Beləcə, öz dünyasını çölə - zahirə çıxarmaq üçün "gömrük haqqı" olaraq misralara çevirir, daxili dünyasının səsini misralar vasitəsilə zahirə çıxardır, oxucusuna bəyan edir.

Kitabda getmiş poemalarının ruhunda da eyni məzmun yükü daşınır - "Allahın unutduqlarını" yada salmaq missiyası boy göstərir:

 

Bir yüyənsiz at,

bir paslı qılınc

havadan asılmış

bir qaragül papağın şəklinə

baxırsan, məmləkətim?!

 

"Qan yaddaşının kişnərtisi" adlı lirik poemadakı bu başlanğıc misraların təsvirində "Allahın unutduğu məmləkətimiz" görünür: "Gavur "Ocağ"ı tüstülənir qədim Xankəndinin küçələrində":

 

Təzə qan izini

Yalayan canavar tək

Gavur nəfəsi

Dağların-daşların üzünü yalayırdı.

 

"Topxana" meşəsinin hıçqırığı

Ağac-ağac, budaq-budaq,

Yarpaq-yarpaq

Sükutu cırmaqlayırdı.

Buğlanırdı

Bulud-bulud

Qarabağ torpağının intizarı...

 

Balayar Sadiq bir vətənpərvərlik yanğısı ilə Qarabağ dərdimizi izhar eləyir, yüyənsiz atı yüyənləyən, pas atmış qılıncımızı ovxarlayan, qaragül papağı qeyrət simvolu kimi başına qoya bilən köhnə kişiləri - mərd ərənləri yurd uğrunda savaşa - vətənimizin azadlığı yolunda cihada səsləyir...

 

"Məmləkət kreslo-kreslo vurnuxurdu,

Kabinetlər

Manqurtluq havası qoxuyurdu", -

 

deyə kreslo davasına çıxan kabinet manqurtlarının bu Allahsızlıqlarından - "Allahın unutduğu adamlar"dan şikayətlənir, qan yaddaşı dəli bir hayqırtı çəkib kişnəyir:

 

Yurdun taleyinə qapı kimi açılmış

Qaranlıqların çiçəyi çırtlayırdı.

Beyrək-beyrək,

Buğac-buğac,

Xatun-xatun

Dədə Qorqud boylarının

bağrı çatlayırdı.

 

Bu cür təsirləndirici duyğularla yurdun taleyinə qaranlığın qapı kimi açılmasını, çiçəyi çırtlayan qaranlıqda yurd itkisini ağır faciə kimi təsvir edir:

 

Bu qəmdən qəm yoluna çıx,

Taleyə qəm yolu açıq.

Tökülməyə qanımız yox,

Qəm yemə, a Xan kişnərti.

 

"Tökülməyə qanımız yox" - yəni yurdun azadlığı uğrunda qan töküb döyüşənlər gərəkdir fikri ilə çıxış edən şair oyum-oyun oyulur, qan yaddaşının kişnərtisi əks-səda verib oxucu dünyasını silkələyir:

Məmmədəmin harayıyla

Ovxarlanırdı azadlıq savaşı...

Yüyənini qıran at kimi

Kişnəyirdi qan yaddaşı.

Salam, a qan yaddaşımdan

Dünyaya baxan kişnərti.

Yuxulardan bulud-bulud

Ömrümə yağan kişnərti!

 

Bu cür lirik-fəlsəfi duyğular üstündə qan yaddaşını hayara çağıran Balayar Sadiq "yuxulardan bulud-bulud ömrümə yağan kişnərti" deməklə yurd itirənlərin bu itkidən yuxularının da ərşə çəkildiyini - dərdin bulud-bulud ömrə yağmasını məcazi bir tonda vurğulayır, digər tərəfdən isə yuxunun bir təhtəlşüur hadisəsi olduğunu da xatırladıb gecə yatarkən özlərindən ixtiyarsız yuxularında yağı tapdağında qalmış dədə-baba torpaqlarımızı gördüklərini demək istəyir. Çünki yuxuda görünənlər qan yaddaşının kişnərtisi olub, adamı unutqanlıqdan xilas olmağa səsləyir. Nəticədə isə bununla müəllif sanki "vətənə gəldim, imana gəldim" məsəlinə müvafiq şəkildə vətəndaşları qan yaddaşını oyatmağa - unutqanlıqdan xilas olmağa səsləyir. Axı bu məntiqlə düşünəndə vətənsiz adamın imanı olmaz; imansız adamın isə Quranı, dini, başının üstündə uca Allahı olar. Deməli, insan özündən - öz vicdanından - daxili Allahından başlamalıdır öz günahlarını yuyub-təmizləmək üçün... İnsan öz vicdanını allahını unutmamalıdır ki, Allah-təala da öz bəndəsini yadına salsın - unutmasın. "Allah dağına baxıb qarın yağdırar", - deyiblər. İnsanlar yollarından azandan, Allah-bəndə münasibətini korlayanda, onda Allaha da acıq gedər, Allah da bəndəsini yadına salmaz...

Bir sözlə, Balayar Sadiqin "Allahın unutduğu adam" kitabının adı içi - məzmunu o ideyanı təlqin edir ki, əvvəlcə adam öz allahını unutmamalı, vicdanını satın alıb yeməməlidir. Çünki namusu itə atıblar, it yeməyib deyiblər:

 

Adamın it olması,

İtin adam olması

Məchul ədəddir.

Adamla itin arasındakı məsafə

Cəbr dəftəridir.

Bu məsafədə aksiomlar

Oyuncağı əlindən alınmış uşağın

Göz yaşları qədər

Səmimilik qoxuyur.

Adamın uşaqlığı

İtin küçüklüyünə parodiyadır.

Cəngəllik qanunlarının yuxusu

qarışır deyəsən...

Burda məntiq

başını götürüb qaçır

misraların arasıyla.

Meydandan qaçmaq

Qorxunun təbəssümüdür

Ya da əksinə...

 

Bu şeirdə müəllif yuxarıdakı xalq məsəlinə adekvat bir məntiqlə getmiş, sonda isə "meydandan qaçmağı" - döyüş zonasından qaçıb fərarilik eləməyi "qorxunun təbəssümü" - qorxunun gülüşü, acizliyin qələbəsi kimi bədii planda ifadə etmişdir.

Başqa sözlə, deyilənlərdən bir daha onu yekun nəticə olaraq çıxarmaq gərəkdir ki, istər Balayar Sadiqin şeirlərində, istər poemalarında, elə konkret olaraq misal gətirdiyimiz poemasında dil açıb danışan duyğuların arxasında "Allahın unutduğu adam" - "Allahın unutduğu məmləkət" ifadəsi dayanıb. Müəllifin "Allahın unutduğu adam" qiyafəsindən siyrilib çıxmaq üçün, Allahın unutduğu məmləkət"in vətəndaşları olmamaq üçün aşıladığı ideya ondan ibarətdir ki, öncə insan öz Allahını unutmamalıdır. bir bir arzu boy göstərir: Heç kəs "Allahın unutduğu adam" olmasın.

 

 

Şakir Əlifoğlu,

fəlsəfə doktoru, dosent

 

Ədalət.- 2013.- 13 fevral.- S.8.