İnsanların faciəsinə
yazı borcum var
II hissə
- Sizcə,
müharibə dövründə yaşayan bir
yazıçının ən müqəddəs arzusu nə
olmalıdır?
- Ədəbiyyatçının
dinc, sülh şəraitində yaşamaqdan böyük nə
arzusu ola bilər? Heç bir yazımda mən müharibəni
təbliğ etməmişəm. Əksinə, bir çox
hekayələrimdə müharibəyə ciddi ironiya var.
Müharibə bir oyundur. İnsanları öldürmək nə
deməkdir? Bu heyvani vərdişdən nə vaxt xilas
olacağıq?
Mənim
doğulduğum, böyüdüyüm yerdə
qayıdıb ölmək haqqım var. İnsanlar bunu
anlamalıdır. Çoxlu həmyerlilərim, qohumlarım
var ki, onlar qayıdıb öz yerlərində ölmək
istəyirlər. Xüsusilə də yaşlaşandan sonra
insanın bədəni instinktiv olaraq bunu arzulayır. Mən də
həmçinin... Evlərinin qoxusunu, həyətlərindəki
ağaclarını, qapısındakı itlərini belə
unutmadığım kəndimizə qayıdıb, orda ölmək
istəyirəm. Tanrı bu haqqı mənə verib. Mən
sizə nə edirəm axı? Yer kürəsi çox
böyükdür, adamların hamısı yaşaya bilər
burda. Bəs mənə yaşamaq imkanını niyə
vermirsiniz? Nə istəyirsiniz məndən?
Məsələ
burdadır ki, gəlib çıxırsan şəhərə,
görürsən, heç burda da səni rahat buraxmırlar.
Kimsə səndən nəsə istəyir. Bəzən,
ümumiyyətlə mövcud olduğunu qəbul edə
bilmirlər. Fikirləşirsən ki, mən bu adamlara nə
etmişəm? Onlarda bu vəhşiliyi, bu əclaflığı
görəndə insan çox sarsılır.
Yenə də,
yenə də çıxış yolu kitablardır.
Gerçək həyat adamı üzəndə, məcbur
olursan ki, qaçıb kitablara sığınasan. Ancaq
kitablarla həyat arasındakı əlaqəni itirmək də
təhlükəlidir. Gerçək həyatdan əlini
üzüb kitablara sığındınsa, artıq fəlakət
başlayıb. Əslində kitablar ona görə
yazılır ki, oradakı həqiqətlər, oradakı
işıq həyata tətbiq olunsun.
- Sizin
"İşğaldan bir gün əvvəl" hekayənizdə
ölülərlə dirilər qarşı-qarşıya gəlirlər.
Və dirilər həmişəki kimi günahkardırlar. Mənim
üçün çox maraqlıdır: biz dirilərin
günahları bu qədərmi çoxdur? Həm də
axı ölülər də nə zamansa diri olublar?
- O hekayə
mənim ən zəhləm gedən hekayəmdir. Amma nədənsə,
kitaba saldım. Bilmirəm niyə?
Deyim də,
o hekayəni niyə yazmışam və niyə ondan zəhləm
gedir.
Çox
cavan vaxtlarımda, belə deyək də, lirik-sentimental
çağlarımda Ağcabədidə dayımgildə
qalırdım. Bizim kəndlərdən
tanıdığım bir çox köhnə geyimli,
başlarında tozlu papaq, ayaqlarında əyri ayaqqabı olan
adamlara ağcabədililər gülürdülər. Mən
də buna görə çox əziyyət çəkirdim.
Bilirdim ki, mənim tanıdığım bu adamlar onlara
gülənlərdən daha mənəviyyatlıdırlar.
Hətta
bəzən utandığımdan qaçıb gizlənirdim
ki, onların alçalmasını görməyim. Bəzən
isə, o kasıb və zəlil insanların halına gizlicə
göz yaşı tökürdüm. Bir az yaşlanandan sonra
həmin adamların bir çox əclaflıqlarını
gördüm.
Gördüm
ki, mənim halına ağladığım bəzi adamlar
heç də yaxşı adamlar deyilmişlər, mənim
göz yaşlarıma dəyməzmişlər. Bax, həmin
hekayə o hisslərdən yarandı. Mən onu ciddi ədəbiyyat
nümunəsi saymıram. Çünki, yaşım bir az da
artdıqca görürəm ki, elə o uşaqlıq
hissiyyatım daha doğru imiş. İnsan hətta əclaf
olsa belə, onu sevmək lazımdır.
- Bayaq
Dostoyevskidən danışdıq. Sizin əsərlərinizdə
də Dostoyevski sayağı balaca qızcığazlar,
uşaqlar var. Bu nə ilə bağlıdır?
- Müqayisəyə görə bizi
qınamazlar ki (gülür)? Sizə səmimi deyirəm,
Atası kasıb olan qız uşaqlarının gözlərinə
baxa bilmirəm. Oğlan olanda vecimə deyil. Qoy, gedib
yamaqlı şalvar geyinsin, böyüyüb, mənim kimi birtəhər
başını saxlayar. Amma qızlar üçün
çox çətindir. Mənim də qızım var. Onu
çox istəyirəm. Yazılarımdakı bu barədə
narahatçılığı düz tutmusuz.
Təzə
qaçqın düşdüyümüz vaxt
tanıdığım yataqxanaların birində
sarsıdıcı bir hadisə olmuşdu. Balaca bir qız
uşağı ət mağazasının yanından
anası ilə keçəndə ağlamışdı ki,
mənə ət al. Yoxsul anası qızın üstünə
acıqlananda, ət mağazasının satıcısı
bunu görmüş, qadına borca bir kilo ət çəkib
vermişdi. Qaldıqları otağa gələndən sonra əhvalatdan
xəbər tutan ata özünü beşinci mərtəbədən
atmışdı. Stolun üstünə isə bu sözləri
yazıb qoymuşdu: "Qızıma bir kilo ət ala bilmirəmsə,
yaşamağa haqqım yoxdur!" Düzdür o, səhv eləmişdi.
Ancaq, hardasa haqlı idi həm də!..
Biz
varlı ölkəyik. Bir dəfə Mirşahin dünya
şöhrətli alim Lütfi Zadədən soruşdu ki,
Amerika kimi super güc sənin beyninə ehtiyac hiss edib, səni
ora çağırır, bizə də bir məsləhət
ver, bizdə niyə alınmır?! O, bilirsinizmi, nə dedi:
"Siz paylaşmağı bacarmırsınız!"
Məncə
böyük alim haqlı idi.
- Sizin
yazılarınızda hikkəli qadın qəhrəmanlar da
çoxluq təşkil edir. Ümumiyyətlə qadınlara
münasibətiniz necədir?
- Mən
patriarxal mühitdə böyümüşəm. Orada
qadınlar hüquqsuz idilər. Mən də uzun müddət
qadın-kişi bərabərliyinə ironiya ilə
baxmışam. Ancaq sonralar Sevinc el Sevər, Aygün
Aslanlı, Nərmin Kamal, Günel Mövlud, Aliyə
Dadaşova və başqaları kimi xanım dostlarım oldu.
Mən onların şəxsində özümdən daha azad,
daha istedadlı, daha cəsarətli, həqiqət
üçün daha çox savaşan xanımlar
gördüm. Onları asanlıqla qəbul etdim və onlara
inandım
- Bu
yaxınlarda Qoqol haqqında bir məlumat oxudum. Onun hansısa əlyazmasında
təxminən minə qədər "Mən yaza bilmirəm"
sözü yazılıb. Siz, Şərif Ağayar, nə
vaxtsa yaza bilməmək qorxusu yaşamısınız?
-
Maraqlı misaldır (gülür). Əslində Qoqol mən
yaza bilmirəm yazanda da yazırmış! Əgər bir adam
deyirsə, mən pis adamam, deməli, o pis adam deyil.
İçindəki mənfiliyin fərqinə varan insan,
artıq yaxşı olmağa başlayır.
O ki
qaldı yazmamaq, yaza bilməmək qorxusuna, buna çox vaxt
yaradıcılıq böhranı da deyirlər. Bu
bütün yazıçılarda olur. Məndə də dəfələrlə
olub. İçimdə o qədər boşluq hiss eləmişəm
ki, nəinki nəsr, ümumiyyətlə nə isə
yazacağıma inanmamışam. Bəzən isə əksinə,
yer axtarmışam, içimdəkiləri töküm
klaviaturanın üstünə, canımı qurtarım.
Yaza bilməmək
yazıçı üçün qorxuludur. Bu bir
qadının dünyaya övlad gətirə bilməməsi
kimi ağır hissdir. Mən qocalacam, tək qalacam, məni
atacaqlar və s. Bəlkə də bir çox
yazıçıların intihar etməsinin səbəblərini
burda axtarmaq lazımdır. Yazı adamı çox duyğulu
olur.
Dəfələrlə
çox ciddi şəkildə bu qənaətə gəlmişəm
ki, mənim yazıqlarımın ciddi ədəbiyyata dəxli
yoxdur. Camaat yalandan, xətrimə dəyməmək
üçün məni tərifləyir. Bəzən isə
adi bir yazımı dəhşətli heyranlıqla
oxumuşam.
Ancaq mənə
belə gəlir ki, yaza bilirəm və yazmalıyam.
Çünki mən yazdıqlarımı və
yazacaqlarımı məndən başqa heç kim yazmayacaq.
Ona görə yox ki, böyük adamam. Sadəcə olaraq, mənim
bir baxış bucağım var ki, ordan heç kim baxmır.
- "Son
on ildə beşcə səhifə də rahat oxuduğum bir ədəbi mətnlə
rastlaşmamışam". Bu sizin 2010-cu ildə verdiyiniz
müsahibədə səsləndirdiyiniz fikirdir. Mənim
üçün maraqlıdır, ötən bu üç
ildə nəsə dəyişdimi?
- O
sözləri cavanlar haqqında demişəm. Saday
Buaqlıdan, Səfər Alışarlıdan, Etimad
Başkeçiddən danışmamışam. Öz
tay-tuşlarımdan danışmışam ki, özüm də
təxminən elə ora daxiləm. Mətn istedadla
yanaşı sonsuz əziyyətlər hesabına başa gəlir.
Yeni nəsrin xüsusi bir havası var ki, biz hələ də
onu tuta bilməmişik. Yenə də o fikirdə qalıram. Səmimi
qəlbdən beş səhifə oxuya biləcəyim bir mətn
yenə də yoxdur. Lakin tay-tuşlarım arasına ciddi nəsr
yazan insanlar var. Məsələn, Seymur Baycanın çox
gözəl, ciddi qələmi var.
Bəzi
yazarlar bunu eşidəndə mənə deyirlər ki, sən
zövqsüz adamsan. Ancaq onlar bilmirlər ki, Seymur doğrudan
da çox ciddi yazıçıdır. Sadəcə olaraq,
o, bir az insanları incidir, onlara sataşır, ona görə
etiraf etməkdə çətinlik çəkirlər. Bir
yana baxanda yaxşı da edir! (gülür) İlqar Fəhmi
struktur baxımından yaxşıdır.
Kənan Hacının maraqlı qələmi var. Jalə İsmayıl balaca hekayələri çox gözəl yaza bilir. Sən özün maraqlısan. Xüsusilə bu sonuncu hekayən vardı hansı ki, Nəsimi ədəbiyyat müsabiqəsində birincilik qazandı, həmin hekayən xoşuma gəlmişdi. Cavid Zeynallı, Ayxan Ayvaz, Mövlud Mövlud, Kəramət Böyükçöl, Şəhriyar del Gerani... yadıma düşən bunlardır... Fikirləşsəm yenə də var nəsr yazan istedadlı gənclər...
- Bütün əsərlərinizdən hər zaman haqsızlıqlara qarşı mübariz, üsyankar, eyni zamanda saf, təmkinli bir yeniyetmə boylanır. Özünüz keçmişə çevrilib baxanda, həmin yeniyetmə sizə necə görünür? Məğlub, yoxsa qalib?
- Həyat bizi məğlub elədi. Torpağı da uduzduq, ədəbi meydanı da! Amma ədəbiyyatı yox. Belə deyim, bizim nəsil də uduzdu. Bunun günahkarlarının adını sadalamayaq, qan-qaraçılıq yaratmayaq. Yalnız sözdən yapışıb, ədəbiyyatda qalmaq lazımdı.
Heç olmasa, burda qələbə çalaq. Bədbəxt və istedadlı insanların, yalnız ədəbiyyatda böyük uğurlar qazanmaq şansı var. İstedadlı adamı cəmiyyət bədbəxt edirsə, ədəbiyyat ona qucaq açır. Ədəbiyyat xoşbəxt adamları həmişə səmimi qəlbdən bağrına basmır.
Şəxsən mən çox şeyi uduzmuşam. Nə yalan deyim... Qırx yaşa doğru gedirəm... Ortalıqda ciddi bir şey yox. Nə istədiyim yazıçı ola bildim, nə də normal bir adam. Özüm cəhənnəm, bu çətin həyata üç nəfəri də şərik etdim.
Bax, buna görə doğurdan da hər zaman xəcalət
çəkirəm. Utanıram... Hesab edirəm ki, nə
vaxtsa, bu barədə övladlarıma bir məktub
yazacağam. Bəlkə də mənim ən gözəl əsərim
o məktub olacaq. Orda izah edəcəm ki, niyə belə oldu? Mən əslində normal
insan idim. Filan, filan səbəblərdən belə
alındı.
Ancaq ədəbiyyatda bizim nəsil çox iş gördü. Biz elə bir işıq yandırdıq ki, o işıq heç zaman sönməyəcək. Nə qədər ki, ömrümüz var yola davam!
Samirə Əşrəf
Ədalət.-
2013.- 13 fevral.- S.6.