"O qız səhərdən axşama qədər teatrda
yatırdı"
"Ədalət" qəzeti bu həftədən etibarən "Hədəf" adlı yeni rubrikaya başlayır. Rubrikamızın ilk qonağı Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Mətanət Atakişiyevadır. Qeyd edək ki, son illər ölkə teatrları mətbuat səhifələrində. efirlərdə daha çox rəhbərlik və aktyorlar arasında yaranan qalmaqallarla müzakirə olunur. Kimi rəhbərliyin ona istədiyi rolları verməkdə xəsislik elədiyini, kimi hələ də layiq olduğu fəxri adı ala bilmədiyini deyir. Elə bütün bunları nəzərə alaraq, ilk müsahibimizin heç bir qalmaqalda adı hallanmayan, amma məsələlərdən kifayət qədər xəbərdar aktrisanın olmasını istədim. Həmsöhbətim əvvəlcə sənətindəki yeniliklərdən danışır.
"...təbii ki,
qane olmayacağam"
- Hazırda Abdulla Şaiqin "Qaraca qız" əsəri əsasında hazırlanan eyniadlı tamaşada Pəricahan rolu üzərində işləyirəm. Martın əvvəllərinə kimi tamaşa hazır olmalıdır. Hələ ki, çəkildiyim iki serialın çəkilişləri dayandırılıb. Dövlət pul ayıran kimi çəkilişlərimiz bərpa olunacaq. Həmçinin İctimai Televiziyada dublyajla məşğulam.
- Nəyə görə bu qədər işlərə rəğmən əksər sənət adamları, xüsusən də aktyor və aktrisalar həmişə maddi çətinliklərdən gileylənirlər?
- Bu, tək sənət adamlarında belə deyil, indi bütün peşə sahiblərinin maddi problemi var. Aldığımız pul tələbatımızı ödəmir. Üzdə olan bir neçə sənət adamının gözəl villası, maşını, təmtəraqlı yaşayış tərzi varsa, bu o demək deyil ki, hamı elədir.
Mən aparıcı səhnə ustasıyam, əməkdar aktrisayam, 30 ildir həyatımı teatra sərf eləmişəm. Məni heç vaxt yüngül rollarda görə bilməzsiniz. Sənətimi çox sevirəm, institutu fərqlənmə diplomuyla bitirmişəm.
Amma bütün bunlara rəğmən 305 manat məvacib alıramsa, təbii ki, qane olmayacağam. İki oğul anasıyam, hər ikisinə təhsil verirəm. Bunlar hamısı tələbatdı.
- Bir müddət əvvəl aparıcı aktyor və aktrisalar belə bir məsələ qaldırmışdılar ki, 30 ildir teatrda dublyor olan, amma indiyə kimi bir dəfə də olsun səhnəyə çıxmayan adamlar ya teatrdan uzaqlaşdırılsınlar, ya da məvacibdə fərq olsun.
- Bu, inkarolunmazdır. Mən prezident təqaüdü alırdım...
- İndi almırsınız?
- Xeyr. Amma teatrın repertuarında
olan bütün əsərlərdə varam.
Məsələn, "Xanuma"
da əsas rollardan birini oynayıram. Ötən il üç
tamaşa təhvil vermişəm. Elçin Əfəndiyevin "Şekspir" əsərində
əsas rol olan Sara Bernarı oynamışam. Mənim dublyorum
da olmayıb.
"Sabah o, küçədə
adama nalayiq söz deyə bilər"
- Belə başa düşdüm ki, illərlə səhnəyə
çıxmayanlar da sizin qədər məvacib alırlar...
- Onlar hətta mükafat da alırlar.
- Kimlərdir onlar?
- Siz Azdramanın
bir aylıq repertuarına baxın. Görəcəksiniz ki, kimlər oynamır. Biz aktyor və aktrisalar ailəyik. Qardaşın biri yaxşı
olur, bacının biri pis. Ona görə də ad çəkmək istəmirəm.
- Səməndər Rzayevin oğlu Rəşid Səməndərin teatrdan
uzaqlaşdırılmasıyla bağlı direktor İsrafil İsrafilov bildirib ki, iş yoldaşlarını
təhqir edirdi. Şəxsən sizi təhqir
edib?
- Burda İsrafil müəllimin zərrə
qədər də günahı yoxdur. Rəşid çox yaxşı insandır, yaxşı oğlandır, istedadlı
aktyordur. Ona "Şekspir"
əsərində, "Napoleon"da
ona baş rol verilmişdi. Sadəcə,
mən onun haqqında çox danışmaq istəmirəm.
Çünki sabah o, küçədə
adama nalayiq söz deyə bilər. Hər iki tamaşanın
məşqində məlum
oldu ki, Rəşidin səhhətində
problem var.
- Yəni İsrafil müəllimin dediyi kimi aktyorları təhqir edirdi?
- Əlbəttə.
- Kimi?
- Hamısını. "Napoleon"da məşq vaxtı hamını təhqir eləmişdi.
Amma bu çox qorxuludur.
Sabah tamaşa vaxtı da eyni
hərəkətləri təkrar
edə bilər.
Bu insan hərəkətlərinə
cavabdeh ola
bilmir.
- Azərbaycanda çəkilən
serialların yerli kütlə tərəfindən
qəbul olunmadığı
məlumdur. Əksəriyyət bunu aktyorların
teatral, pafoslu oyun nümayiş etdirmələri ilə izah edir. Bu iradla razısınız?
- Onu deyirlər, amma göstərsinlər ki, hansısa rejissor sanballı serial çəkdi və aktyorlar düzgün oynamadılar.
- Deməli, seriallarımızın
problemi rejissorla bağlıdır?
- Xeyr. Bu iş vəhdət təşkil
eləməlidir. Ssenari, aktyor
oyunu və rejissura bir-birini mükəmməl şəkildə
tamamlamalıdır. Aktyor seçimi
də çox vacib məsələdir.
Əvvəla, seriaların ssenarisi
çox bəsit yazılır. Əvvəllər gözəl dramaturqlarımız
var idi. İndi hamı ssenari yazır. Bizdə bu sahə yeni
olduğundan müəyyən
təcrübə keçməyə
ehtiyac var. Məsələn,
aktyorlar, ssenaristlər,
rejissorlar təcrübə
keçmək üçün
başqa ölkələrə
göndərilməlidirlər.
"Bütün
bunları Əkrəm
Əylisli də görüb mənim kimi"
- Mütəmadi izlədiyiniz
yerli serial var?
- Vaxtım olanda baxıram.
- Hansına?
- "Pərvanələrin rəqsi" , "Həkimlər",
"Sirr" seriallarına
baxıram.
- Adını çəkdiyiniz
üç serialdan peşəkarlıq baxımından
hansı daha üstündür?
- "Pərvanələrin rəqsi" aktyor oyunu, rejissor işi və ssenari baxımından yaxşıdır. Düzdür,
serial bir az
uzansa da, yenə yaxşıdır.
Amma sevinirəm ki, bizdə seriallar çəkilir. Onu, iyirmisi
pis olacaq. Amma axırda istədiyimizə nail olacağıq.
- Son vaxtlar ölkəni silkələyən Əkrəm
Əylisli olayından
xəbərdarsınız yəqin
ki...
- Mən əsəri axıra kimi oxumamışam. Amma mətbuatda oxuduqlarımdan,
efirlərdən, mülahizələrdən
çox pis oldum. İnsan nə qədər
daşürəkli olmalıdır
ki, belə bir əsər yazsın. Hər dəfə Xocalı soyqırımıyla, 20 yanvarla
bağlı lent yazılarına
baxanda özümə
gələ bilmirəm.
İndi də o kadrlara baxanda gözümün yaşını saxlaya bilmirəm. Bütün bunları Əkrəm
Əylisli də görüb mənim kimi.
- Deyilənə görə
teatrlarda aktrisalar arasında
elə qalmaqallar, saçyoldular olur ki, efirdə
gördüklərimiz onun
yanında toya getməlidir. Niyə yola getmirsiniz?
- Mən bütün teatrların mətbəxində
deyiləm. Ola bilsin ki, hansısa
teatrda olur, amma Azdramada belə şey yoxdur. Mən bütün həmkarlarımı
çox sevirəm.
İstənilən gənc aktyordan
soruşun ki, Mətanət Atakişiyeva
gənclərlə necə
münasibətdədir. Deyəcəklər ki, çox
yaxşı. Özümdən böyüklərdən belə
görmüşəm. Teatr haqqında hansısa dedi-qodu olanda deyirəm ki, bu nə vaxt
oldu ki, mən görmədim.
Bizim teatrda belə şeylər yoxdur. İsrafil İsrafilov da gənclərə şərait
yaradır ki, göstərin özünüzü.
Mətbuatda oxuyuram ki, guya gənclərə yol verilmir. Amma belə şey yoxdur.
- Yeri gəlmişkən bir sual verim.
Yəqin
ki, aktyor Sərdar Rüstəmovun teatra buraxılmamasından
xəbərdarsınız. Məsələyə daha yaxın
insan kimi nə deyə bilərsiniz?
- Sərdarın
xətrini çox istəyirəm. O da mənim xətrimi istəyir, yaxşı oğlandır.
"Sən səhər tezdən bufetdə oturursan, səhnəyə çıxmırsan"
- Bəs yaxşı aktyordurmu?
- Sərdar indi özünü göstərməyə
başlayırdı. O illər
uzunu teatrımızda
çox kiçik, özünü göstərə
bilməyən rollar oynamışdı. Heç vaxt
sanballı baş rollar oynamayıb. İsrafil müəllim gələndən
sonra bütün gəncləri yardımçı
heyətə götürdü.
Onlar epizodik rolar oynayıb özlərini göstərməli idilər.
Məsələn, Şəlalə Quliyeva da yardımçı heyətdə idi. Kiçik rolları oynaya-oynaya özünü təsdiqlədi,
böyük rollar oynadı. Zəhmətiylə əməkdar artist də oldu. O qız səhərdən axşama qədər teatrda yatırdı, bütün məşqlərdə
özünü öldürürdü,
sözsüz səhnələrə
çıxırdı. Sərdara "Xanuma" əsərində
çox gözəl epizodik rol verilmişdi.
Sərdar dedi ki, bu mənim
səviyyəm deyil. Mən özüm şəxsən dedim ki, bala, hələlik
bu rolu oyna.
Mən institutu yenicə bitirib teatra gələndə Mehdi Məmmədov "İblis"i
səhnəyə qoymuşdu.
O tamaşada bütün
aktyorlar massovkaya çıxırdılar. Hətta sözünü
demiş aktyor və aktrisalar da kütləvi, sözü olmayan səhnələrə çıxırdılar.
Mikayıl Mirzə kimi adam
massovkaya çıxırdı.
Amma necə monumental əsər
alınmışdı. Həmin tamaşada sözsüz rol almağa da razı idim.
İndiki xalq artistlərimiz
həmin tamaşada səhnədə sözsüz
rollarda ora-bura qaçırdılar. İndikilər teatra gələn kimi baş rol
oynamaq istəyir.
Mən teatra gələndə Səidə Quliyeva Zemfira Nərimanova hələ "Atabəylər"də
massovkalar oynayırdılar.
Amma Sərdarın sözü
epizodik olsa da, sözü var idi. Direktor da dedi
ki, yardımçı
heyət epizodik rollar oynayan aktyorlar üçündür.
Sən səhər tezdən bufetdə oturursan, səhnəyə çıxmırsan.
Sərdar özü-özünə elədi.
- Fəxri adı nə vaxt almısınız?
- Fəxri adı 2002-ci ildə Heydər Əliyevin imzasıyla almışam.
- Düşünmürsünüz ki, növbəti fəxri adın vaxtıdır?
- (gülür) General olmaq istəməyən əsgər əsgər deyil. Ötən il
Hüseynbala Mirələmovun
"Gəncə qapıları"nda
Cavad xanın həyat yoldaşı Şükufə xanımı
oynadım. O tamaşaya
görə "Aramızda
qalsın", "Qayınana"
seriallarından imtina elədim. Çox nikbin insanam.
Qarşıda Azərbaycan teatrının
140 illiyi gəlir.
Bu çox böyük
hadisədir. İnanıram ki, mədəniyyət sahəsində olan insan kimi qiymətimi
alacağam.
İntiqam Valehoğlu
Ədalət.- 2013.- 14 fevral.- S.6.