BİR ƏSR
SOYQIRIMLA ÜZ-ÜZƏ
(əvvəli
ötən sayımızda)
Tarixi
hadisələrin, siyasi proseslərin gedişi göstərir
ki, XX əsr boyu Azərbaycanlılar üçün erməni
məsələsi, sonra isə Qarabağ problemi əsl tarixi fəlakətə
çevrilib. Eyni zamanda Qafqazda öz nüfuzunu itirmək istəməyən
Rusiya da bu işə
yardımçı olub. İmperiyanın parçalanması
təhlükəsi yarandıqda bir qayda olaraq həmin problem
ortaya çıxır və ya vəziyyət sabitləşdikdə
o da arxa plana keçir.
Bunun əyani sübutu kimi 1905-1907 və 1917-1918-ci illərdə Rusiyanın dərin iqtisadi, siyasi böhran keçirdiyi bir vaxt, vəziyyətdən çıxış yolu kimi milli qırğınlar törətməsini göstərə bilərik. 1905-1907-ci illərdə Azərbaycanda on minlərlə insan dəhşətli şəkildə soyqırıma məruz qaldı. 1918-ci ilin mart ayında başlanan qırğınların miqyası daha böyük, daha ağır idi. Azərbaycanlıların soyqırımı Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Gəncədə, Lənkəranda və Muğanda xüsusi qəddarlıqla həyata keçirilib. 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Muğanda və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirib, evləri qarət edib, on minlərlə sakini evlərindən qovublar. Şamaxıda 58 kənd dağıdılıb, 7 min nəfər, o cümlədən 1653 qadın, 964 uşaq öldürülüb. Qubada 122, Qarabağda 150, Zəngilanda 115 kənd tamamilə dağıdılıb, dinc əhaliyə divan tutulub, qadınlar təhqir olunublar. İrəvan quberniyasında 211, Qarsda isə azərbaycanlılar yaşayan 82 kənd dağıdılıb. İrəvanın özündə və ətrafında Azərbaycanlılar yaşayan 1920 ev yandırılıb, 131970 nəfər xüsusi qəddarlıqla qətlə yetirilidir.
Bütün bu qırğınlar, Azərbaycan xalqının böyük oğlu, görkəmli ictimai-siyasi xadim və dövlət adamı M.Ə.Rəsulzadənin təbirincə desək, Azərbaycan xalqının milli azadlıq və istiqlaliyyət əldə etmək arzusunu və inamını elə beşikdəcə boğmaq məqsədi ilə edilib.
Azərbaycan SSRİ-nin tərkibinə qatıldıqdan sonra isə bu siyasət başqa şəkildə - repressiyalar və deportasiya adı altında həyata keçirildi. 23 dekabr 1947-ci ildə isə Stalinin imzaladığı "Ermənistan SSRİ-dən kolxozçuların və başqa Azərbaycanlı əhalinin Azərbaycan SSRİ-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərarla 1948-50-ci illərdə Ermənistandan 150 min Azərbaycanlı Azərbaycana köçürüldü. Bu insanların əksəriyyəti yerli iqlimə uyğunlaşmayaraq həlak oldu.
SSRİ dağıldıqdan sonra isə Azərbaycanı MDB-yə qatmaq üçün qondarma Qarabağ problemindən mühüm siyasi və hərbi təzyiq vasitəsi kimi istifadə edildi. Sov.İKP MK-nın baş katibi M.S. Qorbaçov 1988-ci ilin axırlarında mərkəzi televiziyaya verdiyi müsahibədə "Qarabağ problemi"ni belə əsaslandırırdı: "Əlbəttə, Qarabağ problemi var və onun kökləri dərindir. Ona görə kəskinləşib ki, Azərbaycan rəhbərliyi mühüm mərhələdə həmin əhaliyə Lenin ənənələri ruhuna uyğun gəlməyən səhv münasibətdə olub, sadəcə olaraq qeyri-insani münasibət bəsləyib".
Dünya ictimaiyyəti fikrində əfsanələrə çevrilmiş olan "əzabkeş erməni xalqı" məhfumu yalnız xarici himayədarların mərhəmətini qazanmaq məqsədini güdmür. Bu, həmçinin erməni xalqının psixologiyasını öz məqsədlərinə tabe etmək, Ermənistanda ictimai fikir ilə istənilən şəkildə manipulyasiya etmək, geniş kütlələri hər an bu məqsəd üçün ayağa qaldırmaq məqsədlərinə xidmət edir. Daşnaksütyun partiyasının Misirdəki orqanı olan "Uyasber" qəzetinin baş məqalələrinin birində göstərilirdi: "Millətlərin gələcəkdə böyük savaşlarında hamı bir nəfər kimi, ya da bilavasitə olaraq iştirak etməlidirlər. Biz birinci qrup millətlərə aidik". Daşnakların siyasi məqsədləri üçün bir nəfər kimi istifadə edilən ermənilərin müəyyən təbəqələri şovinizm ruhunda tərbiyə olunur. Onlarda regionda torpaqlarına göz dikdikləri, birinci növbədə türkdilli xalqlara qarşı dərin nifrət hissi aşılanır. İnformasiya vasitələrində verilən yazılar, elmi və bədii ədəbiyyat, incəsənət əsərləri, dini ibadətlər antiazərbaycan, antitürk notları üzərində qurulur. Öz xoşbəxtliyini türk xalqlarının bədbəxtliyi üzərində qurmağa yönəldilmiş erməni millətçilərinin uzun müddət həyata keçirilən siyasi xətti bu gün də dayanmadan davam edir və bütün vasitələr bu məqsədə yönəldilir.
Tədqiqatçıların apardıqları araşdırmalar nəticəsində müəyyən edilib ki, tarixdə 14 mindən çox müharibə olmuşdur. Lakin onların heç biri erməni-Azərbaycan müharibəsi qədər dəhşətli olmayıb. Ermənilərin XX əsrdə növbəti dəfə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım aktı 1988-1994-cü illərdə baş verdi. Bu hadisələr nəticəsində 800-dən çox Azərbaycan kəndi işğal edildi, dağıdıldı, 1 milyondan artıq Azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi, 10 minlərlə insan qətlə yetirildi, minlərlə günahsız azərbaycanlı əsir və itkin düşdü. Bu dövrü 2 mərhələyə - 1991-ci il müstəqillik əldə edilənədək olan dövr və müstəqillikdən sonrakı dövr kimi ayırmaq olar. Fikrimizi ikinci dövrə yönəltsək daha məqsədəuyğun olar. Çünki bu dövrdə Azərbaycanda siyasi və hərbi münasibətlər daha da kəskinləşmişdi. Torpaqlarımızın bir-birinin ardınca itirilməsi, soydaşlarımızın soyqırıma məruz qalması məhz müstəqillik əldə ediləndən sonrakı illərdə baş verdi. Torpaqların sürətlə erməni quldurları tərəfindən tutulması onların güclü olması yox, bizim bu məsələyə münasibətdə həmrəy olmamağımızdan irəli gəlirdi. Bu dövrdə hakimiyyətdə olan Ayaz Mütəllibov komandası olduqca zəif və yarıtmaz siyasət yeridir, hərbi və siyasi qüvvələri mərkəzi hakimiyyətə tabe edə bilmirdi. Ölkədəki siyasi qüvvələr öz qüvvələrini səfərbərliyə alıb düşmənə cavab vermək əvəzinə bu vəziyyətdən öz siyasi məqsədləri naminə faydalanır, ictimaiyyətdə fikir ayrılığı yaradırdılar. Eyni zamanda hərbçilər arasında da bu ayrı-seçkilik davam edir, dırnaq arası siyasətçilərin avantürasına xidmət edirdilər. Mütəllibov hər vəchlə Rusiyanın etimadını qazanmağa çalışır, ona müxalif olan qüvvələr isə Mütəllibovu devirmək üçün hər vasitədən istifadəyə hazır idilər.
Sözsüz ki, ermənilər Azərbaycanda cərəyan edən bu hadisələri diqqətlə izləyir və bundan öz məqsədlərinə çatmaq üçün məharətlə istifadə edirdilər. 90-cı illərin əvvəllərində baş verən hadisələrin ən dəhşətlisi Xocalı soyqırımı idi. Xocalı soyqırımına gedən yol 1992-ci il fevral ayının 17-dən 18-nə keçən gecə Xocavənd rayonunun Qaradağlı kəndində edilən qırğınlardan başlayırdı. Doğrudan da Qaradağlı kəndində baş verən hadisələr bir millət olaraq bizim mənəvi faciəmizdir. Azərbaycan torpaqlarında bir qrup quldur tərəfindən gözümüzün qarşısında soydaşlarımıza divan tutulur, ana və bacılarımız təhqir olunurdu. Qaradağlıdan sonra daha da sərbəstləşən erməni separatçıları tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-yə məxsus 366-cı alayın köməyi ilə Xocalı şəhəri mühasirəyə alınaraq, güclü artilleriya atəşinə tutuldu. Bundan sonra zirehli texnikanın köməyi ilə mühasirəni yararaq şəhərə daxil olan erməni quldurları silahsız sakinlərə, qocalara, əlillərə, qadınlara, uşaqlara misli görünməmiş divan tutdular. Minlərcə günahsız insanlara işgəncələr verildi, minlərlə həmvətənimiz qətlə yetirildi. Azərbaycan Respublikası Prezident Aparatının Mətbuat Şöbəsi isə 2 nəfərin öldüyü və o qədər də insanın yaralandığı haqqında məlumat verdi. Bu məhsuliyyətsiz bəyanatlardan ermənilər bu gün də bizim əleyhimizə istifadə edirlər. Hökumət rəhbərliyi tərəfindən hadisəyə nə siyasi, nə də hüquqi qiymət verildi. Xarici jurnalistlərin və müxbirlərin yazılarında Xocalı soyqırımının qurbanlarının sayı aşağıdakı kimi verilirdi:
"Torpaq üzərində ölü və yaralı çox idi. 470-500 nəfər Xocalıda, 650-700 nəfər çayların yaxınlığında və yollarda, 85-100 nəfər isə Naxçıvanik kəndi ətrafında həlak olub".
- The İndependent,
London, 12 iyun 1992.
"Erməni hücumu zamanı yüzlərlə Azərbaycanlı öldürüldü və ya itkin düşdü, təxminən 1000 nəfər Xocalı sakini çərşənbə axşamı erməni ordusu tərəfindən qətlə yetirildi"
-The Vashinqton Times. 2 mart 1992.
"Biz Xocalıda təpənin döşünə səpələnmiş yüzlərlə meyit gördük "
"Times"
qəzeti
- Anatol Levon. 1992 mart.
İstər Xocalı soyqırımına,
istərsə də
XX əsrin əvvəllərində
baş vermiş soyqırımlara yalnız
Heydər Əliyev hakimiyyətə gələndən
sonra hüquqi qiymət verildi. Ümummilli lider H. Əliyevin təşəbbüsü ilə
1994-cü ildə Milli Məclisdə keçirilən
müzakirələrdən sonra Xocalı soyqırımına hüquqi-siyasi
qiymət verildi və Milli Məclisin qəbul etdiyi qərara əsasən, hər il fevral
ayının 26-sı "Xocalı soyqırımı və milli matəm günü" kimi qeyd olunur. Bunun ardınca Ulu Öndərimiz Heydər Əliyev ermənilərin
xalqımıza qarşı
törətdiyi bütün
soyqırım faciələrini
tarixə əbədi
həkk etmək məqsədilə 1998-ci ilin martında fərman imzaladı. Həmin fərmana uyğun olaraq 31 mart Azərbaycanlıların soyqırımı günü elan edildi. Bu
sənəd bizi tariximizin qanlı səhifələrini dönə-dönə
xatırlamağa, ermənilərin
törətdikləri vəhşilikləri
unutmamağa çağırır.
Xocalı
soyqırımının şəhidləri
sırasında Rusiyalı
jurnalistlərdən C.Smolov,
Y.Zaraxoviç, T. Vaal, V. Belix də var.
Tom de
Vaal öz reportajında deyirdi;
"Ağdamda nəinki
Xocalı sakinlərini
xilas etməyə, hətta Xankəndini belə tutmağa qadir olan ordu
var idi. Lakin Azərbaycan
hökuməti Azərbaycanda
Azərbaycanlıları müdafiə
etmədi. Mən hələ
də bu suala cavab tapa
bilmirəm ki, niyə hökumət öz vətəndaşlarını
müdafiə etmədi?!"
Rusiyalı jurnalistin bu sualının cavabını
tapmaq üçün
hamılıqla tariximizə
nəzər salıb düşünməli və
Azərbaycan xalqınınn
mənəviyyatının, ləyaqətinin, ruhunun təhqir olunduğu Xocalı soyqırımından
dərs almalı, ümummilli maraqları şəxsi maraqlara dəyişməməyi anlamalı,
milli varlığımızı
qorumağın yollarını
və qorumağı öyrənməliyik...
Kərim Novruzov,
Ağdam rayon
5 saylı köçkün orta məktəbin
Tarix və ictimaiyyət müəllimi
Ədalət.- 2013.- 14 fevral.- S.5.