Ozanların yolu

 

Türkün iki minillik ədəbiyyat tarixinə nəzər salsaq çox zirvələr yada düşər. Sıralayanda siyahı düşündüyümüzdən böyük olar. Mükəmməl insan, mükəmməl cəmiyyət axtarışlarında humanist və dünyəvi poeziyamız Nizami Gəncəvi, İmadəddin Nəsimi, Yunis Əmrə, Məhəmməd Füzuli, Mövlanə Cəmaləddin, M.Ə.Sabir, S.Vurğun kimi dahilər yetişdirib. Elə son iki əsrdə XIX-XX yüzillərdə milli ədəbiyyatımız böyük bir sıçrayışla Şərqdə və Qərbdə tanınıb, istiqlal şüurumuzun, dövlətçilik təfəkkürümüzün hazırlanmasında, formalaşmasında ictimai şüurun  digər formaları kimi, poeziyamız öncül mövqedə dayanıb.

Bu çətin, əzablı, ancaq şərəfli yolun yolçuları sırasında xalq şairi Zəlimxan Yaqubun adı və ünvanı poeziyamızın, ictimai fikrimizin yaddaşına əbədi həkk olub. Ümumxalq məhəbbətinin səviyyəsinə, miqyasına görə son bir əsrdə Z.Yaqubu ancaq Səməd Vurğunla, Məmməd Arazla, Bəxtiyar Vahabzadə ilə müqayisə etmək olar. 40-50-ci illərdə poeziyanın möhtəşəm zirvəsinə yüksələn S.Vurğundan, Məmməd Arazdan, Bəxtiyar Vahabzadədən sonra təkrar eyni müvəffəqiyyəti heç kəs təkrar edə bilməmişdi. Bütün türk dünyasında iki minilliyin, iki əsrin keçidində poeziya, mənəviyyat ustadı olmaq qisməti, vəzifəsi Zəlimxan Yaqubun boyuna biçildi. Bu təkcə  bir şəxsin, bir ədəbiyyat mütəxəssisinin fikri deyil.

Zəlimxan Yaqubun böyüklüyün, ədəbiyyatımızdakı yerinin möhtəşəmliyi ondadır ki, o poeziyaya sısqa bulaq kimi  gəlmədi. Dağ seli, yaz yağışı kimi poeziya nəhrini doldurdu. Ancaq dağ selindən fərqli olaraq boz-bulanıq axmadı, bulağı gözü kimi saf, dupduru göründü:

 

Alıb çiyinlərimə ömür adlı bir yükü,

Qışdan yaza çıxmışam, yazdan yaya gəlmisəm.

Yağış kimi hopmuşam torpağın ciyərinə,

Süzülüb çeşmələrə, axıb çaya gəlmişəm. 

 

Ayağı torpaqda, başı buluddan yuxarıda - bu şairin ədəbi portretidir. Mayası ilahi eşqdəndir. Düz qırx ildir əlinə dəmir hasa, ayağına dəmir çarıq geyinib həqiqət, halal dünya, halal insan axtarışındadır. Bu məqsədlə müqəddəs yerlərə - Məkkəyə, Mədinəyə üz tutub, dünyanı bəladan, iblisdən qurtarmaq üçün tanrıya duaçı olub:

 

Dünya başdan ayağa insaf olsun, din olsun,

Dünyada yaxşı var, artsın birə-min olsun.

Verdiyin hər nemətə min dəfə şükür olsun

İlahi, xırdalama, həmişə böyüt bizi.    

 

Allahın verdiklərinə şükür edən şair öz taleyinin arxasınca gedir. Ancaq hara gedirsə, ayağı hara dəyirsə işıq, nur aparır, dünyanı xeyirxahlığa, ədalətə səsləyir. Dünya romantizminin mayasında dayanan insanı ucaltmaq, ona yüksək zirvədə, günahlardan təmizlənmiş şəkildə baxmaq  konsepsiyası Zəlimxan Yaqub yaradıcılığında yeni, daha müasir poetik formada meydana çıxır. Kinə-küdurətə üsyan edən, badalaq hərislərinə gülən, onların nadanlığına heyfslənən şair, hər cür pisliyin, nifrətin, şeytan fitnə-felinin qarşısına çox qüdrətli bir silahla çıxır. Elə silahla ki, xeyirlə şərin mübarizəsində bu silah reaktiv mərmilərin, nüvə potensialının gücünü sıfıra endir - dünyanı sevgi yağışına tutur. Şıdırğı bir yaz yağışından sonra təbiət necə təmizlənirsə, gözəlləşirsə, Zəlimxan Yaqubun "sevgi yağışından" sonra insanın, oxucunun içi, mənəviyyatı da o cür saflaşır, ucalır naqisliklərdən təmizlənir:

 

Necə ki, kin-küdurət bir-birinə calaqdı,

İnsan hey qaçmaqdadı, həmişə daş-qalaqdı.

Anamızı ağladan böhtandı, badalaqdı,

Sevgi yağışına tutacağam dünyanı. 

 

Şifahi xalq yaradıcılığından, folklordan, xalq deyimlərindən Zəlimxan Yaqub çox bacarıqla istifadə edir. Şair sonuncu beytdə "Bizi bu günə salan böhtandı, badalaqdı" da deyə bilərdi. Fikrini başqa cür ifadə etməyə münasib sözlər tapa bilərdi. Ancaq belə deyir: "Anamızı ağladan böhtandı, badalaqdı", "Anamızı ağladan" sözündən başqa heç bir ifadə müəllif fikrini bu qədər yerində, dəqiq ifadə edə bilməzdi. Bu mənada Zəlimxan Yaqub söz ustadı, söz ustasıdır. Onun tikdiyi möhtəşəm sənət abidələrindən bir kərpic (bir söz) qoparıb başqa yerə qoymaq mümkün deyil. Yüz şair yığışıb bir bəndin bir misrasını dəyişsə, boşluq yaranar, yerini başqa söz ifadələrlə doldurmaq olmaz. "Dəli utanmaz yiyəsi utanar" atalar sözünü hamımız dəfələrlə eşitmişik. Poetik ifadədə həmin deyimin rəndələnmiş, qəlibə salınmış formasına diqqət yetirək:

 

Əl açar, sevginin əli utanmaz,

Xırmanı görər, vəli utanmaz.

Yiyəsi utanar, dəli utanmaz,

Dəli olmadığıma bir addım qalıb.  

 

Bədii söz sənətkar idealı - bu iki ifadənin arasında Zəlimxan Yaqubun bütöv bir dünyası , sənət kəhkəşanı dayanır. O sözün üstündə əsir, onun nazını çəkir, - necə ki, ana öz balasına nəvaziş göstərir. Mahir futbolçu topla, rəssam fırça ilə, memar daş, qum çınqılla  necə rəftar edirsə, şair öz sənət materialı olan sözlə eyni cür davranır. Söz fikrə, fikir sözə pərçim olur, şerin məzmunu  forması vəhdət təşkil edir, biri digərini tamamlayır. O öz söz fırçası ilə dünyanın şəklini çəkir, özü necə çəkir? Dünyanın bütün rəngləri, dərdləri, ağrı-acısı, yalanı-doğrusu bir tabloda əks olunur. Dünyanın dərd çəkən şairləri çox olub. Ağılsızların ağıllıların da dərdini çox görmüşük. M.Füzulidən, Y.Əmrədən, Mövlanədən, A.Ələsgərdən, H.Caviddən, S.Vurğundan, M.Arazdan sonra bu dərdin necə yük olduğunu, necə çəkildiyini  Z.Yaqub yaradıcılığında təsadüf etdik:

 

Səninlə əkə bilmirəm,

Bir könül tikə bilmirəm.

Dərdini çəkə bilmirəm

Gəl şəklini çəkim dünya.

 

Dərdi çəkilməyən dünyanın şəklini çəkmək qisməti, taleyi Zəlimxan Yaquba  qismət olub. Yarım əsrə yaxındır ki, şair bu dünyanın şəklini çəkir, möhtəşəm bir ağrı poeziyası abidəsi yaradıb. Borçalı, Zəngəzur, Dərbənd, Qarabağ harayı bu ağrı poeziyasının qövr edən yaralarıdır. "Dərbənddən gəlirəm", "Mənim Borçalıda qalan illərim", "Cavad Heyət körpüsü", "Qarabağ ən çətin sualdır, qardaş", "Döyüşən türk, oyanan türk, qalxan türk" başqa şeirlərində şair itirilən torpaqlara heyflənir, üsyan edir, xalqı, bütün türk dünyasını birləşməyə, türkün qüdrətini qaytarmağa çalışır, bədii həqiqətdə tarixi həqiqət axtarır şair. "Səbr eləmə" şerində astagəllərin "səbr" fəlsəfəsinə qarşı çıxır, nələrə səbr eləmək olmazların içərisində birinci ünvan kimi  tarixi saxtalaşdıranları göstərir:

 

Qara yellər üstümüzdən əsə bilər,

Əyri əllər yolumuzu kəsə bilər.

Babaların ruhu bizdən küsə bilər,

Tarix saxta yazılanda səbr eləmə.

 

Mübariz, döyüşkən, Dədə Qorqudun, Atillanın ruhunu yaşadandır Zəlimxan Yaqubun poeziyası. Mübarizə meydanı isə çox geniş dəqiqdir: Dünyadakı xeyirlə şərin, əyriliklə düzlüyün, mələklə iblisin mübarizəsinə sərf edib Zəlimxan Yaqub ömrünü. Bütün bunlar göstərir ki, şairin həyat yolu çoxlarının düşündüyünün əksinə olaraq rahat keçməyib - elə "Barışmaram" şerində gördüyümüz kimi:

 

Düşmən mənə zor göstərdi, zor elədi,

Ocağımı kül elədi, qor elədi.

Ağlamaqdan gözlərimi kor elədi,

Yanağımdan axan yaşla barışmaram!

 

Şair insan ömrünü beşiklə məzar arasında yola bənzədir. Həmişə söhbətlərin deyir ki, insanlar ancaq qəbristanlığa gedəndə ölüm yadına düşür. Hər kəs hiss edir ki, son taleyi ölümdən keçir. Ancaq məzarlıqdan qayıdandan sonra yenidən bütün bunlar yaddan çıxır. İnsanlar yenidən dünya malına uyur, yenidən xəyanətlər, iblis əməlləri baş alıb gedir. İnsan unutqan olmamalı, beşiklə məzar arasında ömrünü ləyaqətlə yaşamalıdır:

 

(Ardı var)

 

 

Məhəmmədəli MUSTAFAYEV

AMEA-nın Nizami adına Ədəbiyyat

İnstitutunun  aparıcı elmi işçisi,

filologiya elmləri doktoru

 

Ədalət.-2013.-19 fevral.-S.5.