Ozanların yolu

 

(əvvəli ötən sayımızda)

 

Canımızda ağrı qalır, azar durur,

Ortalıqda can alveri, bazar durur.

Bu taledi, beşik ilə məzar durur,

İlk baharla son baharın arasında.

 

Son vaxtlar Zəlimxan Yaqubun səhhətində müəyyən problemlər yaranıb. Hal-hazırda da xaricdə müalicələr alır. Həkimlər məsləhət görüb ki, vaxtaşırı doğulduğum yerə get, oranın suyu-havası səhhətinə müsbət təsir edər.  Xalq şairi həkimlərin bu məsləhətini unutmur, imkan tapanda Borçalıya qayıdır. Onun ata yurduna hər dönüşü el bayramına çevrilir. Yaxın rayonlarda adamlar dəstə-dəstə görüşünə gəlir. Səfərlərin birində bir neçə yaxınları ilə Başkeçid yaylağına gedib. Obalara səs düşüb, ağsaqqallar, ağbirçəklər, gənclər şairin görüşünə yığışıb. Şair bir neçə nəfərlə ən hündür bir dağ  zirvəsinə qalxıb. Zirvədən Borçalı ellərini bir-bir seyr edərək deyib:

- Dünyanın heç bir yerindən baxanda bu qədər şəhər, kənd, oba görmək mümkün deyil.

Şairin kövrəldiyini görən nurani, ağsaqqal bir kişi  əlini onun çiyninə qoyaraq deyib:

- Siz ki, bu dağlara gəldiniz, bu dağlar ölməyəcək. Siz ölməyəcəksiniz  yox, dağlar ölməyəcək deyən bu ağsaqqalın hikməti həqiqətə söykənir. Bu həm onu göstərir ki, gəzdiyi yaylaqlar, çıxdığı dağ zirvələri kimi Zəlimxan Yaqubun da poeziyası əbədidir, həmişəyaşardır. Zəlimxan Yaqub Borçalı dağlarının, yaylaqlarının öz şeirlərində yaşatdığı kimi, bu yerlər onu yaşadacaq, onu daim xatırlayacaq:

 

Vuruldum şəhərə, bağlandım kəndə,

İstəyim dayanıb durmadı gendə.

Uca zirvələrdən söhbət düşəndə,

Mən sənə gətirdim iman, Başkeçid.

 

"Özün basdırdığın ağaca söykən" şeirlər kitabı xalq şairi Bəxtiyar Vahabzadənin belə bir fikri ilə başlayır: "Əlli yaşın dastanı" poemasının 36 səhifəlik "Hardan gəlir Zəlimxan" fəslini türk dünyası ədəbiyyat sənətinin manifesti proqram adlandırardım. Əslində hardan gəlir Zəlimxan sualına belə cavab vermək olar: Türk mifik təfəkküründən, qopuz sazdan, irfan şeirindən, Quran Məkkədən gəlir Zəlimxan Yaqub. Kökü, qaynağı lap qədimlərə gedib çıxan bu poeziya nəhri ona görə bu qədər gur təmizdir.

Hər bir şairin həyatında müəyyən dönüş olur ki, bu onun yaradıcılığında yeni səhifələr açır, həyat fəlsəfəsini formalaşdırır. Məkkə ziyarəti bu cür səfərlərdən biridir. Şair Məkkə ziyarətindən sonra irfani istiqamətdə xeyli şeirlər, poemalar yazdı, sözün tanrının ucalığını  yeni poetik zirvəyə qaldırdı:

 

Quşun lələyindən yüngül olur can,

Durulub damarda nura dönür qan.

İncəlir, kövrəlir, saflaşır insan,

Yanaqlar yaş olur, Allah evində.

 

İnsanlarla, xalqla yaxın olduğu kimi təbiətlə həmişə təmasdadır Zəlimxan Yaqub. Onun təbiət sirlərinin bir qismi dünyaya göz açdığı Borçalı ilə bağlıdır. Xüsusilə Dağ Borçalının təbiət gözəllikləri şairi daha çox duyğulandırır. Uşaqlıq illəri bu yerlərdə keçib. "Başkeçid yaylağı" şeirində yaddaşındakıları belə xatırlayır:

 

 

Xoşdu bu yerlərdə duman da, sis ,

 Meylin çəkirsə, dağlardan istə.

Hər çay kənarında, hər bulaq üstə

Ömür bir əbədi təravət istər.

 

Arı çiçəkdən bal çəkən kimi, Zəlimxan Yaqub da öz gücünü, qüvvətini, poetik imkanlarını təbiətdən alır, özünü təbiətin qoynunda azad, xoşbəxt hesab edir. Zəlimxan Yaqubun poeziyasında ancaq təbiət tərənnüm olunmur, təbiət öz rəngi, əsrarəngizliyi, ilahi gözəlliyi ilə olduğu kimi  şeirə gətirilir. Buna görə Zəlimxan Yaqubun şeirləri təbiətlə vəhdətdədir. Başqa cür desək, bu şeirlər elə təbiətin özüdür. Ona görə təbiətdən güc alan, ona sığınan şair bu mövzuda qələm işlədəndə çətinə düşmür, özünü, fikri mənəvi rahatlığını təbiətdə tapır:

 

Vurulmuşam şimşəklərin oyununa,

Sığınmışam çəmənlərin qoynuna.

Misralarım çiçəklərin boynuna,

Muncuq kimi düzülməmiş getmərəm.

 

  "Özün basdırdığın ağaca söykən" kitabındakı təbiət şeirlərini şair "Təbiət allahın şah əsəridir" adlandırıb. Buna yeni əlavələr edərək deyə bilərik ki, Zəlimxan Yaqubun təbiət şeirləri çağdaş poeziyamızın şah əsərləridir. Müxtəlif kitablarında bu tipli şeirləri oxuyan hər kəsə bir rahatlıq gəlir, yaşamaq həvəsi güclənir:

 

Bu sevgi, bu layla, bu beşik bizim,

Çəkər növbəmizi bu keşik bizim.

Nəyimizə lazım ev-eşik bizim,

Bu yaşıl ağacın altı bizimdi.

 

Zəlimxan Yaqubun şeirlərində mərhəmət, humanist fikirlər, insana sevgi özünü daha çox göstərir. İstər ictimai mövzuda, istər təbiət mövzusunda, istər məhəbbət motivində yazsın, fərqi yoxdur, insan ləyaqəti hər şeydən ucada dayanır, insanlar barışa, bir çətir altında yaşamağa dəvət olunur. Arı çiçəkdən bal çəkdiyi kimi,  insan da yaşamaqdan ləzzət almalıdır - budur şairin həyat fəlsəfəsi:

 

Çəmənlər torpağa xalı çəkirsə,

Xalıda yaşılı, alı çəkirsə.

Arı çiçəklərdən balı çəkirsə,

Biz niyə sevməyək bir-birimizi?!  

 

Ənənəvi şeir formalarına Zəlimxan Yaqub daha çox müraciət edir. Zəngin rədiflər, qulaq səs qafiyələri, heca vəzninin yeddilik, səkkizlik, onbirlik, on dördlük başqa formalarından məharətlə istifadə etmək şairin əsərlərini daha oxunaqlı yaddaqalan edir. Bədii ifadə vasitələrindən - epitetdən, təkrirdən, təzadlardan, mübaliğələrdən yeri düşəndə faydalanır, bu sahədə daim yeni uğurlara can atır. Fikrin çevik ifadə formasına nail olmaq üçün yeddilikdən, səkkizlikdən istifadə edir:

 

Qonaq elə bağına,

Çağına qız çağına.

Gözəlin ayağına

Gəlməkdən gözəl var?

 

İtirilmiş rayonlardan, torpaqlardan danışanda şeirdə bir dəvə ləngəri hiss olunur,  hüzn, kədər duyulur. Şair qəzəbini, düşmənə nifrətini daha dəqiq, effektli şəkildə qələmə alanda isə onbeşlikdən istifadə edilir:

 

Tərtərdə ləzzət qaldı, Qarqarda, Laçında,

Oğul qanı xanılandı anaların saçında.

Şəhid oldum Xocalıda, şəhid oldum Laçında.

 Bu yolların son ucunda şəhidlikdi qismətim,

Dur ayağa məmləkətim, qalx ayağa, millətim!

 

Böyük şairlər, tanınmış sənətkarlar öz həyat fəlsəfəsini ömrünün kamillik çağında yazır. Sevincli-kədərli, qayğılı-qayğısız günlər arxada qalanda, yaşın yetkin çağlarında şair dönüb geriyə baxır, keçdiyi ömür yoluna boylanır.

Bu zaman görür, necə görür bütün bunları necə qiymətləndirir - bu bədii təfəkkür sahibinin poetik istedadı ilə bağlıdır. Bu yaxınlarda "Kredo" qəzetində Zəlimxan Yaqubun bir səhifəlik şeirlərini oxudum. Hiss olunur ki, həmin şeirləri son aylarda, can ağrılarının onun incitdiyi günlərdə yazıb. "Çətin ağrılar", "Bilsəydim", "Gəzirəm", "Həqiqət", "Həkim", "İmtahan", "Əzrayılın qılıncı", "Həsrətimin rəngi sarı", "Yaramı boş bağla" şair şeirləri oxuyan hər kəsdə həyatın mənası, ömrün beşiklə məzar arasındakı məsafəsi haqqında təsəvvür yaranır. Şeirlər göstərir ki, Zəlimxan Yaqub bütün ağrılardan, əzablardan ucada dayanıb.

O "son ucu ölümlü" dünyanın puçluğunu elə Dədə Qorqudun özü kimi yaxşı dərk edir. "Bilsəydim" şerini birnəfəsə oxuyuruq. Xəstəliyin onu nə vaxt yaxalayacağını əvvəlcədən bilsəydi, nə edəcəyini öyrənməyə çalışardı. Ancaq bilsəydimdən sonra şairin nə edəcəyi şeirdə yoxdur. Elə yaxşı ki, yoxdur. Yaxşı ki, elə bir yığın sualı elə bir yığın cavabsız qoyur:

 

Bilsəydim yazda da yarpaq tökülür,

Bilsəydim payızdan əvvəl qış gəlir...

Bilsəydim dizləri əsdirib, əsib,

Bilsəydim xəyanət yolları kəsib,

Bilsəydim,

Bilsəydim...

 

Bu dünyada cavabı olmayan suallar çoxdur. Azman sənətkarların heç biri bu suallara cavab tapa bilmədikləri kimi, yəqin ki, Zəlimxan Yaqub da tapa bilməyəcək. Şairin xatirə şəkilləri arasında diqqətimizi bir şey cəlb etdi. Şəkillərin birində o əlini sal qayaya dayayaraq dərin xəyallara dalıb. Daş parçasının üzərinə "Ozanların yolu" yazılıb. Zəlimxan Yaqubun yolu da Ozanların yoludur, uluların, möhtəşəmlərin, irfan dünyasının yoludur.

 

 

Məhəmmədəli MUSTAFAYEV

AMEA-nın Nizami adına Ədəbiyyat

İnstitutunun  aparıcı elmi işçisi,

filologiya elmləri doktoru

 

Ədalət.-2013.-20 fevral.-S.6.