PROYEKTİMİZƏ
DAVAM EDİRİK: ALTMIŞINCILAR
PUBLİSİST-YAZAR:
- BÖYÜKXAN BAĞIRLI-4
"Altmışıncılar"
dedikdə adətən yazıçıları nəzərdə
tutular və bütün vur-həşir də, bildiyimiz kimi hər
zaman onların başında olur. Bunun nədən olduğunu
mən araşdıran deyiləm, amma bunu bilirəm ki,
ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin
bütün sahələrində özlərini göstərməkdə
idi. Və mənə elə gəlir ki, dünyamızın
altmışıncı illəri təkcə bizim məmləkətdə
deyil, başqa məmləkətlərdə də eyni anlamda
intibah illəri kimi yaddaşlara həkk olunub. Məsələn,
sevgili Türkiyə Cümhuriyyətində ALTMIŞINCILAR
adıyla bir dərnək də
var. Həmişə gönlüm keçib belə bir təşkilat
və ya dərnək bizlərdə də olsun, amma bizlər
ayrı, Türkiyə ayrı. Hər zaman adları
ortalıqda hallanan yazan və sənət adamları
sornakı nəsil tərəfindən heç də
gönül xoşluğu ilə qarşılanmayıb. Mən
onlarnı müdafiəsinə qalxmaq məqamında
uzağam. Mən, sadəcə, onlardan bəzilərini yenidən
xatırlatmaq istərdim. Ən çox o
yaradıcıları ki, onlar ədəbiyyatçı deyillər.
Yazar-çizər deyillər. Amma bu sırada yazarlar da ola bilər.
Daşlaşmış "ALTMIŞINCILAR"
sırasına salınmayan
ALTMIŞINCILAR da olub. Kimlərdir bunlar?
- Siz
tərəflərdən baxanda Azərbaycan nəsri necə
görünür və Siz dünya ədəbiyyatı ilə
ayaqlaşa bilirsinizmi, öyrənmək baxımından.
- Zəmanədən
gələn müəyyən çətinliklərə,
qadağalara, ideoloji basqılara baxmayaraq Azərbaycan nəsri
son yüz əlli ildə böyük inkişaf yolu keçib
və bu barədə çox yazılıb, çox deyilib.
Çağdaş nəsrimizin üfüqləri getdikcə
genişlənir və bu bir oxucu kimi məni sevindirir.
Anarın "Ağ qoç, qara qoç", "Otel
otağı", Əkrəm Əylislinin "Ətirşahmasan",
Elçinin "Ölüm hökmü", Sabir Rüstəmxanlının
"Ölüm zirvəsi", Elçin Hüseyinbəylinin
"Balıq adam", Kamal Abdullanın
"Yarımçıq əlyazma", İlqar Fəhminin
"Aktrisa", Nəriman Əbdülrəhmanlının
"Yalqız", Seyran Səxavətin "Yahudi əlifbası"
romanları, məncə, çağdaş nəsrimizin
uğurlarındandır. Ürəkaçan cəhəd odur
ki, son illər nəsrimizə Pərviz, Nərmin Kamal, Aslan
Quluyev, Aqşin Yenisey kimi istedadlı nasirlər gəlmişlər.
Onların simasında nəsrimizin irəli gedəcəyinə
ümidim çoxdur. O ki, qaldı dünya ədəbiyyatı
ilə ayaqlaşmağa, bu çətin məsələdi.
Avropa dillərindən müəyyən qədər ingilis
dilinə bələdçiliyim var, gec də olsa bu dili həvəslə
öyrənirəm. Nə yaxşı ki, bu sahədə Azərbaycan
Tərcümə Mərkəzi və onun "XƏZƏR"
dünya ədəbiyyatı jurnalı dadımıza
çatır. Bu jurnal-xəzinə əlimizdən tutub bizi
dünyanın nəhəng söz ustaları və onların
ədəbi inciləri ilə tanış edir. Son illər bu
jurnalda Afaq Məsud,Tehran Vəliyev,
Saday Budaqlı, Rövşən Ramizoğlu, İlqar Əlifoğlu,
Nəriman Əbdülrəhmanlı, Natiq Səfərov,
Cavanşir Yusifli, Orxan Budaqlı kimi istedadlı tərcüməçilərin
çevirmələrində Folknerin, Borxesin, Jorj Amadunun,
V.Nabokovun, Kenzi Maruyamanın, Otar Çıladzinin, Tomas Vulfun,
Moris Meterlinkin və dünya şöhrətli digər
yazıçıların şedevrlərindən seçmələrlə
tanış olmuşam. Lap elə bu günlərdə 2009-cu
ilin Nobel mükafatı laureatı, alman
yazıçısı Herta Müllerin "Nəfəs yelləncəyi"
romanını oxudum (Zaur Səttarlı və Qurban
Dağlının çevirməsində), yetərincə
zövq aldım, təsirləndim. Günlərin bir
günündə "XƏZƏR" jurnalını vərəqləyərkən
gözüm bir sərlövhəni tutdu: F.M.Dostayevski.
"Karamazov qardaşları" (romandan parça). Görkəmli
yazıçımız Afaq Məsudun çevirməsində
bu parçanı oxumadım, su kimi içdim, yenə doymadım.
Bir də içdim və Azərbaycan dilinin zənginliyinə,
var-dövlətinə, öz qapısını dahi rus
yazıçısının üzünə necə səxavətlə
açıb, qonaqpərvərcəsinə zər-zibasını
göstərməsinə heyran oldum...
- Bir
tərəfdən baxanda vallah,səni xoşbəxt yazar və
insan kimi görürəm. Elinə,obana yaxın və
bağlı bir ziyalı kimi yaşamağa davam edirsən.
Darıxmırsan oralarda. Axı Cənubun qürub
çağı çox ağır olur. Bəlkə mən
yanlış düşünürəm. Necə olmasa da mənim
də oralarla bir bağlılığım var. Ata dədəm
çox-çox illər öncə Ərdəbildən sizin
tərəflərə gəlib, sonra köçərilik
başlayıb. Dərbədərlik başlayıb.
-
Böyük mütəfəkkir, unudulmaz həmyerlimiz Əlibəy
Hüseynzadənin dediyi kimi bizim Muğan torpağında
güclü enerji var. Adam ayağını yerə qoyanda sanki
qoluna yeni bir qüvvət gəlir. Odur ki, öz el-obamın
içində özümü rahat hiss edirəm. Vaqif Səmədoğlu
demişkən, "mühit içində təpədən-dırnağa
ümid içindəyəm". Bu yerlərə bələd
olan bir yazar kimi özün yaxşı bilirsən ki, bizim Cənub
bölgəsi qoynunda xəzinələr saxlayan sirli-soraqlı
bir aləmdi. Özünəməxsus bağlı
boxçadı. Düz deyirsən, bu yerlərdə qürub
çağı çox ağır olur. Biz tərəflərdə
günəşin tülusu bir tamaşadırsa, qürubu isə,
sizin sözün qüvvəti, son dərəcə kədərli,
qəm-qüssəli vidalaşma anlarıdır... Muğanda
günəş qürub edərkən nə uca
dağların, nə də qalın meşələrin
arxasına çəkilir, o, uzaq ənginliklərdə,
haradasa yerlə-göyün qovuşduğu
qanqırmızı bir məkanda anbaan əriyir, sanki can verir,
son nəfəsində enib gəldiyi, dövran
sürdüyü səltənətə acı-acı nəzər
yetirib əbədiyyata qovuşur... Yetərincə kədərli,
təsirli, ibrət götürüləsi bir səhnə.
Ona görə də qocalar deyirlər ki, batan
çağı günə çox baxmayın, canbəsər
olar. Adama, ev-eşiyə sədəməsi dəyər.
Özünnən yeyilər dar niyaz vaxtı, yəni axşam
qürubunda qapınıza pis niyyətlə gələrlər.
Bu xalq inancı bu gün də bizim Cənub bölgəsində
gəzib-dolaşmaqdadır. Bizim Cənub bölgəsində,
Muğan düzlərinin dəriniklərində yaz
ağzı heç yerdə tayı-bərabəri olmayan, ətriylə
insanı məst eləyən çiçəklər
açır. Amma nə yazıqlar ki, gözdən-könüldən
iraq olan, öpülüb göz üstünə qoyulmayan, pərqu
ləçəklərinə nəvazişkar bir əl
toxunmayan bu dərdli-kədərli çöl gözəlləri
boyunlarını buraraq qarıyıb qalır, xəzələ
dönüb torpağa gömülürlər. Halbuki, bu bəxtsiz
çöl çiçəklərinin də göz
önündəki dibçək gülləri kimi sevilmək,
nəvaziş görmək ixtiyarı vardır... Tofiq, nədənsə
o gənclik illərində Bakı-Astara qatarıyla sizin
Qırmızıkəndin yanından keçəndə mən
həmişə duyğulanar, gözdən-könüldən
iraq yerlərdə bitən və insan üçün
darıxan o, çöl çiçəklərinin acı
taleyi barədə düşünərdim. Və bu məqamlarda
hardasa yadıma Vaqif Nəsibin "Durna gülü"
şeri və bu şeirlə bağlı xalq şairi Rəsul
Rzanın "Mənim fikrimcə" kitabında dərc
olunmuş qeydləri düşərdi. Özlüyümdə
deyərdim ki, nə olaydı, gecələrin birində
Qırmızıkəndi bizim Cənub qatarına
qoşaydılar, üstünə də yazaydılar:
növcavan vaxtı Tofiq Məhərrəmoğlunu bax bu elləri
gəzib, dolaşan kənddə İlham pərisi
oxlayıb... Tələbəlik illərindən fərqli
olaraq, indi daha mənim və eləcə də, bir
çoxlarının yolu Qırmızıkənd
stansiyasından keçmir. İndi Bakıya yüngül,
sürətli və sərfəli maşınlarla gedib-gəlirik.
Ancaq o, çöl çiçəkləri ilə və
onların oxşarı hesab etdiyim Qırmızıkəndlə
bağlı nisgilli duyğular hələ də içimdədi
və yəqin ki, onlar məni heç vaxt tərk etməyəcək.
Bizim Cənub qatarımız Qırmızıkənd stansiyasından
adətən sübhün alatoranında, təbiətin yuxulu
çağında keçirdi və bu dəmlər
vaqonların pəncərələrindən maraqla ətrafa
boylansaq da, təəssüf ki, sis-dumana bürünən kəndin
boy-buxununu, qədd-qamətini, Muğanın bu tərəfinin
özünəməxsus təbii gözəlliyini görə
bilmirdik və həmişə buna çox heyfsilənirdim. Bu
yaxınlarda xalq yazıçısı Anarın "525-ci qəzet"də,
vaxtilə sizin kənddəki evinizdə qonaq olarkən ailə
üzvlərinizlə birlikdə çəkdirdiyi şəkli
görəndə, qəlbimdə həmin o çöl
çiçəkləri ilə bağlı xoş bir
duyğu baş qaldırdı. Düşündüm ki, vaxtilə
ömrünün gur, axar-baxarlı, saçının qara
çağında bizim Cənub bölgəsinə gələrkən,
ayaq saxlayıb, Muğan mənzərələrini seyr edən
yazıçımızın Qırmızıkəndə səfəri,
əgər yaz fəslinə təsadüf edibsə, demək
o Muğanın dərinliklərindəki bənzərsiz
çöl çiçəklərini, səmada oynaşan
ağ buludları, üfüqdən göy qübbəsinəcən
uzanan Fatma nənənin hanasını, çiçəkdən-çiçəyə
qonan bal arılarını, bu yerlərin özünəməxsus
boyalarını... görüb. Bəlkə də, heç
belə deyil. Amma hər-halda nikbin olmağa əsas var.
İndi Cənub bölgəsinə gediş-gəliş
azaddır.
Daha
Qırmızıkənd stansiyasına çataçatda
qatarda sərhədçi "sarıqulaqlar" tərəfindən
keçirilən, pasport yoxlanışı deyilən əcaib
tamaşadan əsər-əlamət yoxdur və ola da bilməz.
Artıq Qırmızıkənd stansiyasına çatanda,
yuxunun şirin yerində əli avtomatlı sərhədçi
sarıqulaqların "Qalxın, pasportlarınızı
göstərin" deyə bağıraraq vaqonlardakı
soydaşlarımızın əsəb
sarsıntılarına, nevrozuna rəvac verdiyi əcaib anlar
tarixin zibilliyinə gömülüb.
(Son)
abdin41@mail.ru
www.tofigabdin.com
Tofiq Abdin
Ədalət.-2013.-16 fevral.-S.15.