Cabir İmanov: "Heç kimi təhqir
etmək fikrimiz yoxdur"
"Sizdən parodiya
üçün icazə almalıyam?"
"Bakılı
oğlanlar"ın keçmiş üzvü, "Planet
Parni iz Baku" KVN teatrının aktyoru Cabir İmanovun
Kulis.Az-a müsahibəsi
- Niyə mətbuatda az-az
görünürsünüz?
- Təəssüflər
olsun ki, çox vaxt jurnalistlər söylədiyim fikirləri
başqa cür yazıb. Mənim müsahibəmi oxumaq istəyən
insan fikirlərimlə tanış olmaq istəyir, ancaq
jurnalistin yazdıqlarını oxuyur.
-
Tamaşaçılar gülüşün səviyyəsinin
aşağı olmasından tez-tez şikayət edirlər.
Türkiyəli Cem Yılmaz öz vətənində də,
Azərbaycanda da sevilir. Bizdə insanları Cem Yılmaz səviyyəsində
güldürə bilənlər varmı?
- Cem
Yılmazı tanımıram, çünki Türkiyə
telekanallarını çox nadir hallarda izləyirəm. Ancaq
haqqında çox eşitmişəm.
Biz nə
etmişiksə, özümüz etmişik. Heç kimdən
nümunə götürməmişik. Kiminsə ləhcəsi,
danışıq manerası gülməlidirsə, onu göstərmişik.
Bu parodiyaya aid olan bir şeydir. Yumorun səviyyəsi haqda isə
bir yumorist kimi heç nə deyə bilmərəm. Bu barədə
qoy başqaları danışsın. "Planet Parni iz
Baku"nun sonuncu konsertinin, sonuncu verilişinin,
tamaşasının zəif alınmasını deyənlər
ola bilər. Biz belə fikirləri hər zaman dinləməyə
hazırıq. Azərbaycanda yumorla insanları güldürənlərin
hər birinin öz auditoriyası var. Təbii ki, bizim auditoriya
digər auditoriyalardan fərqlənir. Yumorun səviyyəsini
həmin auditoriyalar öz kumirinə görə müəyyən
edir.
- Space
televiziyasında yayımlanan serialdan narazılar çoxdur. Hər halda serial bundan da yaxşı çəkilə
bilərdi.
-
Tamaşaçı "Planet Parni iz Baku"nun çəkdiyi
serialda seriya boyu gülüş gözləyir. Bu serialda biz gücü tək gülüşə
verməmişik. Cinayət hadisələri,
qadın mərdliyi, sevgi, problemli ailələr və digər
məsələlərə də toxunmuşuq. Bəlkə
buna görə də tamaşaçı
gülüşün az olduğunu
görüb, serialı zəif hesab edir. Düşünürəm
ki, serial gənc nəsil üçün çox faydalı ola bilər. Əlavə edim ki, bir il bundan əvvəl Azərbaycan televiziya məkanında
çox az sayda maraqlı verilişlər vardı. Ancaq cənab prezidentin serialların inkişafına
ayırdığı vəsaitdən sonra biz bu gün milli
seriallarımızı izləyirik. Bu
seriallar Azərbaycanın məhsuludur. Narazı
insanlar həmişə var. Onlar heç nə etmirlər.
Sadəcə kənarda oturub deyirlər ki, gərək
bunu belə edərdin, onu elə edərdin. Gəl, özün elə. Yaxşı-pis
bizimdir. Serial çəkən insan öz
səhvlərini görür. Səhvlərini
görən insan yeni işində əvvəlki səhvlərini
təkrarlamayacaq. Məgər, Stiven Spilberq
anadan peşəkar doğulub? Mən əminəm ki, beş ildən sonra bizim serialların keyfiyyəti
çox artacaq. Məhsul varsa fikir də var. Məsələn,
bizim sonuncu konserti bəyənənlər də var, bəyənməyənlər
də. Elə zarafatlar var ki, bir insan deyir,
çox əladır, bu, bir zərbə idi. Həmin insan başqa zarafatı və ya səhnəciyi
bəyənmir. Sonra digər bir insanla
görüşürsən. Onun bəyəndiyi
zarafatı bu bəyənmir. Və yaxud da əksinə.
Zövqlər, fikirlər müxtəlifdir.
Bizim serialı bəyənməyənlərin
sayına gəldikdə isə küçədə çox
gəzirəm, insanlarla ünsiyyətdə oluram. Həmişə olduğu kimi fikirlər müsbətdir.
Ola bilər görüşdüyüm insanların 10 faizi
desin ki, bəli, bu serial zəif alınıb. Əsas
odur ki, yaxşı fikirlər pis fikirlərdən çoxdur.
- Sonuncu
konsertinizdə sosial problemlərə çox sərt
yanaşmısınız.
- Biz həmişə
belə olmuşuq. Həmin səhnələr sərt
görünürsə, deməli belə şeylər həqiqətən
də bizim yaşadığımız ölkədə var.
Bizim kollektiv həmişə
sosial problemlərə çox diqqət ayırıb. Biz Azərbaycan vətəndaşı kimi istəyirik
ki, göstərdiyimiz problemlər ölkəmizdə
olmasın. Təəssüf ki, o səhnələrin
əsl qəhrəmanları həyatda hər gün adi
insanlarla ünsiyyətdə olan dövlət nümayəndələridir.
İstər yol polisi olsun, istər həkim, istər vergi
işçisi, istər müəllim və s. O səhnələrin
sərtliyi ondan ibarətdir ki, bu gün çox adam nə istəyirsə, onu da edir, bu qədər
arxayınçılıq, bu qədər
özbaşınalıq, bu qədər qorxusuzluqmu olar? Bütün bunlar insanda hirsdən, sərtlikdən
başqa nə yarada bilər? Bunlar
hamısı ona görə edilir ki, həmin insanlar özlərini
səhnədə görsünlər və nəticə
çıxarsınlar. Başa
düşürsünüzmü? Axı
bu sevimli vətənimizin, millətimizin və dövlətimiz
nüfuzuna xələl gətirir.
- "Bakılı oğlanlar"da
çıxışınız zamanı Ağasəlim
Çıldağı parodiya etmişdiniz.
- Hə,
etmişəm (gülür).
- Bəhram da Xalq şairi Qabili parodiya edirdi.
- Tahir də
Fikrət Qocanı.
- Qabilin
oğlu Bəhramın atasını parodiya etməməsindən
gileylənib.
-
Doğurdan?
- Hə.
Yazıçılar, şairlərlə bağlı səhnələr
niyə azalıb? Əvvəllər maraqla
qarşılanırdı.
-
Sözün açığı, görkəmli şairimiz
Qabilin oğlunun belə danışması çox xoş
oldu. İnanın, belə sözləri
eşitmək mənim üçün sevindiricidir. Son zamanlar ancaq eşidirik ki, sən məni niyə
belə parodiya etmisən? Əcəb
etmişəm, bu mənim sənətimdir. Parodiya etmişəm də, başqa şey etməmişəm
ki? Sizdən parodiya etmək
üçün icazə almalıyam? Dünyada Maykl
Cekson, Alla Puqaçova parodiya olunur. Onlar yumoru
necə başa düşürdülər. Normal parodiya normal cəmiyyətdə normal qəbul
olunmalıdır. Bu təhqir deyil, bu sadəcə
parodiyadır. Hər bir insanın vərdişləri
var və o vərdişləri parodist tutur. Parodiya olunan
qəhrəman elə bilir ki, ona heç kim
fikir vermir. Parodiya zamanı etdiyi vərdişi
görəndə buna ancaq sevinməlidir. Bizimkilər
də başlayır, sən niyə belə etdin, sən niyə
elə etdin. Görürsünüz,
Qabilin oğlu bunu normal qəbul edir. Həqiqətən
çox xoş oldu. Biz bu haqda
düşünərik, yaxşı təklifdir
(gülür).
- Son
konsertlərinizdə parodiya etdiyiniz şəxslərdən
biri də Bakı Metropoliteninin rəisi Tağı Əhmədovdur.
- Bu parodiyanın qanunudur, biz
heç vaxt tanınmayan insanı parodiya edə bilmərik.
Heç kim gülməyəcək,
çünki parodiya etdiyin insanı tanımırlar. Tağı müəllimi də Metropolitenin rəisi
kimi əhalinin nə bilim bir-iki faizi ya tanıyardı, ya
tanımazdı. Tağı müəllim
Youtube-da yerləşdirilən videolarından sonra
özündən asılı olmayaraq məşhurlaşdı.
Onun o məşhur müsahibələrinə neçə
yüz min adam baxıb. Biz də
dərhal bu insanı parodiya etməyə qərar verdik. Çünki artıq onu dövlət məmuru kimi
hamı tanıyır. Sizə çox
maraqlı bir faktı deyim. Mən ikinci təhsilimi
Bakı Dövlət Universitetinin hüquqşünaslıq
fakültəsində almışam. Oxuduğum dörd il müddətində qrup
yoldaşlarımın hamısı ilə yaxın dost
olmuşam və bu gün də dostluğumuz davam edir. Tağı müəllimi birinci dəfə parodiya
etdikdən sonra qrup yoldaşım məni qucaqlayıb,
öpdü ki, Allah canını sağ etsin, atamı çox
gözəl parodiya etmisən. Dedim, sənin atan kimdir ki?
Mən həqiqətən bilməmişəm.
Dedi, necə yəni bilmirsən? Tağı Əhmədovun
oğluyam da. Dedim 4 il bir qrupda
oxumuşam, bilməmişəm sən Tağı Əhmədovun
oğlusan. Amma yenə də normal reaksiyadır.
Sivil, tərbiyə görmüş,
dünyagörüşü böyük olan insanın
reaksiyası başqa cür ola bilməz. Yalnız müsbət olmalıdır.
- Parodiya etməyi özünüz
istədiniz?
- Təvazökarlıqdan
uzaq da olsa yəqin mənim ifamda yaxşı alındı
(gülür).
- Ləhcəsiz
danışırsınız. Ancaq səhnədə
rahat şəkildə şivə ilə
danışırsınız. Daha çox
da Qarabağ şivəsində.
- Şuşanın şirin ləhcəsi bizim Azərbaycandakı
KVN fəaliyyətimizə çox təsir edib. Biz Bakıda
doğulsaq da babalarımız, nənələrimiz
Şuşada anadan olub. Lakin biz Azərbaycan
dilində ləhcəsiz danışırdıq. Birinci
dəfə Şuşaya gedəndə orda eşitdiyimiz ləhcəyə
lağ edirdik, gülürdük (gülür). Gedəcək
sözü, necə gedəjəy ola bilər?
Gedəcəkdi də. Sonuncu
dəfə 11 yaşım olanda, 1987-ci ildə Şuşada
olmuşam. Böyüdükcə anladıq ki, hər
rayonun öz ləhcəsi var. Sonradan özümüz Şuşa ləhcəsində
danışmağa başladıq. Şuşa ləhcəsi
şirin, qəlbə yatan ləhcədir. Ləhcə
ilə Şuşanın özündə gülməli danışan
insanlar vardı. Biz onların
danışıqlarını tuturduq. Rayonlarda çox az oluram. Ayrı-ayrı
insanların danışığında
çalışıram ki, həmişə gülməli ləhcəni
tutum.
- Polis
polkovnik-leytenantısınız. Son serialda da
polis rolunu canlandırırsınız. Polisləri
parodiya etmək böyük rəislərlə aranızda
problem yaratmır? "Bizi parodiya etmə"
deyirlərmi?
- Hər
kəs öz fikrini bildirir və biz də o fikirləri dinləyirik.
Bəli, nə vaxtsa ola bilər ki, dediyim
söz onların xoşuna gəlməyib. Amma
biz heç vaxt sözümüzdən dönməmişik və
heç kimi də təhqir etmək fikrimiz yoxdur. Sadəcə olaraq baş verən hadisələrə
yumor prizmasından qiymətimizi veririk. Necə
işləmişiksə, elə də işləyəcəyik.
Heç vaxt da heç kimdən
qorxmamışıq. Heç qorxmağa
da dəyməz. Nə varsa onu deyirik.
Nə görürüksə, onu göstəririk.
Heç kimə şər, böhtan
atmırıq. Deyirlər, ən gözəl
lətifələr həyatdan götürülənlərdir.
- Həm aktyor, həm də polis kimi
iki iş görmək çətinlik yaratmır?
-
Çox yaxşı sualdır. 1999-cu ildən,
yəni 14 ildir ki, polisdə çalışıram və həmişə
çalışmışam rəislərim KVN fəaliyyətimə
görə mənə irad tutmasın. Bakı Şəhər
Baş Polis İdarəsində bir dəfə beş
dəqiqə işə gecikdiyimə görə rəisimlə
mübahisə etdim. Mübahisə etdiyimə
görə şiddətli töhmət aldım. Rəislər olub ki, KVN yolum onların xoşuna gəlib,
rəislər olub ki, onların xoşuna gəlməyib.
Biri deyir nə gözəl, rahat get, öz işini gör. Həmişə çalışmışam ki,
KVN-nin işləri ilə nahar vaxtı, yaxud işdən sonra
məşğul olum. Amma elə rəis
olub ki, deyib bu nədi e, ayıbdı. Sənə
yaraşmaz, ya oyana get, ya bu yana. Rəislər gəlir, gedir. Çox
rəislərim olub, hamısı da mənə müxtəlif
cür münasibət bəsləyib. Bəli,
mən polisdə işləmək istəyirəm və KVN-i
də çox istəyirəm. Bu gün
polisdə rəhbər vəzifədə
çalışsaydım, fiziki cəhətdən səhnədə
işləməyi çatdırmazdım. Rəhbər vəzifə böyük məsuliyyət
tələb edir. Hal-hazırda Daxili
İşlər Nazirliyinin baş idarələrinin birində
baş əməliyyat müvəkkili vəzifəsində
çalışıram. Bildiyiniz kimi polis
haqqında qanun yaradıcılıqla məşğul
olmağa imkan verir. Çəkilişlər,
çıxışlar olanda rəsmi şəkildə icazəmi
alıb işimi görürəm. Aktyorluğuma
görə mənə irad tutmayan rəislərimə minnətdarlığımı
bildirirəm (gülür).
- Kişi aktyorların qadın
paltarı geyinməsi söz-söhbətlər yaradır. Sizi qadın paltarında görmürük. Kişi aktyorların qadın paltarı geyinməyinə
necə baxırsınız?
-
Qadın paltarı geyinmək və ya geyinməmək hər
bir aktyorun öz seçimidir. Aktyor ona görə
aktyordur ki, o, hər bir obrazı canlandıra bilir. Hazırda yaşayan,
dünyasını dəyişən aktyorlarımızın
arasında da qadın paltarı geyinənlər çox olub.
Geyinməyənlər isə geyinənlərdən
çoxdur. Elə aktyor var ki, bunu
özünə ayıb bilmir. Onun
üçün aktyorluq birincidir. Kənardan kim nə desə fikir vermir. Çünki
sənətini çox sevir, fikrindən dönmür. Mən buna normal baxıram. Bəli,
mən qadın paltarı geyinməyi xoşlamıram. İş qadın paltarı geyinib qadın kimi
danışmaqda deyil. Səhnədə
qadın obrazını yaşamalısan. Bəlkə
də ona görə mən qadın paltarı geyinmirəm.
Ümumiyyətlə, qadın kimi
danışmaq, hərəkətlər etmək mənim
üçün çox çətindir.
- Teatrınızda neçə nəfər
çalışır?
- Tahir
teatrımızın rəhbəridir. Bəhram, Azər, Emil
Abbasov, Kübra xanım və mən teatrın əsas
aktyorlarıyıq. Ümumilikdə
teatrımızda 60 nəfərdən çox insan
çalışır. Kübra xanım
son illər səhhətinə görə bizimlə
çalışa bilmir. O, hal-hazırda müalicə
alır. Onun yolunu səbirsizliklə gözləyirik.
O, söz verib ki, bu yaxınlarda mütləq bizimlə yenidən
bir səhnədə çalışacaq. Allah
Elçinə də qəni-qəni rəhmət eləsin.
Onun yeri çox görünür. Biz
yaxşı dost idik və onun yeri teatrımızda əvəzolunmazdır.
Çünki o həqiqətən də istedadlı
idi. Heyf ondan, bizi çox vaxtsız tərk
etdi. Gənc aktyorlardan Məcidi qeyd etmək
istərdim, çox istedadlı aktyordur. Hansı
seriala baxırsan, ordan Məcid çıxır
(gülür).
- "Bakılı oğlanlar"dan sonra "Planet Parni
iz Baku"da Vado Korovin sizinlə idi. Sonra sizi tərk etdi.
Ancaq növbəti illərdə Bəhram, Emil,
Azər qayıtdılar.
- İnsan var ki, səhnəsiz yaşaya bilmir. İnsan da var
ki, səhnəsiz yaşaya bilir. Bax, kim
səhnəsiz yaşaya bilmirsə, onlar qayıdır
(gülür). Elə insan da var ki, deyir, yox ey,
qurtardı. Yekə kişiyəm,
ayıbdı. Hərdən bir mən də
düşünürəm ki, 36 yaşım var. Bəlkə,
səhnədən gedim. Ancaq hər dəfə Heydər
Əliyev adına sarayın səhnəsinə
qalxanda yaşayıram. Elə bil hansısa əziz
bir yerə gəlmişəm. Oradakı səs-küy,
qaçaqaç, dinamika, hazırlıq, məşqlər məni
çəkir. Konsertə bir saat qalır,
konsert başlayır, bitir. Bütün
bunlar mənim həyatımda ayrı bir səhifədir.
Mən hər dəfə o saraya girəndə
qeyri-adi hislər keçirirəm. Ötən
illəri, keçmiş konsertlərimizi yada salıram ki, bu səhnədə
kimlərlə çıxış etmişik, kimlər bizi
izləyib. Mərhum prezidentimiz Heydər Əliyevin
bizim çıxışlara verdiyi böyük qiyməti, dəstəyi
qeyd etmək istəyirəm. Bunlar
hamısı o saraydan başlayıb. O saraya daxil olanda mən
başqa Cabir oluram.
- Ənənəvi aprel konsertləriniz nəzərdə
tutulub?
- Bəli,
nəzərdə tutulub. Aprelin 26, 27, 28-i Heydər Əliyev
adına sarayda "Planet Parni iz Baku" KVN teatrının
"Hər gün sirk" adlı yeni solo konserti keçiriləcək.
Biletlər fevral ayının 22-dən etibarən
satışa çıxarılacaq. Odur
ki, tamaşaçılarımızı konsertimizə dəvət
edirik.
Fərid Mirzəyev
Ədalət.-2013.-21 fevral.-S.8.