Söz dünyası
Sözün işığı
Oxucu həmişə yeni söz gözləyir,
yeni səsin sorağında olur. Bu mənada dünyaya gələn, oxucu
auditoriyasına ayaq açan
hər bir qəzet, jurnal,
kitab özü-özlüyündə bir yeni hava
da gətirir, bir yeni ümid də közərdir, bir
xatirənin də ipucu olur.
Doğrudur, indi yeni söz bazarı müəyyən
bir qarmaqırışıqlıq
yaşayır. Yəni kimin nəyi varsa, nəyi necə bacarırsa, bu bazara
çıxarır, bu meydanda
sərgiləyir, bu dünyada
özü üçün
at səyridir. Amma bütün bunlar zaman məsələsidir. Ələnən ələnəcək,
xəlbirlənən xəlbirdən keçəcək, kimi yarı yolda, kimi əvvəldə, kimi
də hardasa qalacaq. Amma ən vacibi odur ki, dünyaya
gələn bu yeni
sözlər, yeni nəfislər ədəbiyyatın,
sözün ölməzliyinə,
yaşadığına bir dəyərli sübutdur.
"YADA
DÜŞDÜ"
Artıq
say baxımından 7-ci görüşə gələn ədəbi-bədii,
nostalji jurnal olan "Yada düşdü"
özünün ilk təqdimatından auditoriya qazana bilibdi. Bu
auditoriya əslində sözə dəyər verənlərin,
sözün keşiyini çəkənlərin illərlə
yaratdığı, qazandığı auditoriyadı. Ona
görə də bura cəm olanlar da nə istədiklərini,
niyə bir araya gəldiklərini yaxşı bilirlər.
Xüsusilə juranlın adından da göründüyü
kimi, burda yada düşənlər, xatırlananlar,
olmuşlar, şahidlər danışır,
pıçıldayır, həmsöhbət olur. Yada
düşənlər əslində səni bir oxucu kimi
çox-çox uzaqlara aparır. Hətta bəzilərimiz
uşaqlıq illərimizə, gəncliyimizə
qayıdırıq. İndi yanımızda olmayanlar,
ruhları ilə baş-başa qaldıqlarımızı
yenidən duyur, yenidən dərk edir, yenidən onlarla birlikdə
xatirəyə çevrilir, yenidən bu dünyamıza
qayıdırıq.
Jurnalın
bu il üçün 1-ci sayı ümumi say baxımından
isə 7-ci olan və bu tərtibatı ilə əvvəlkiləri
doğrudan-doğruya üstələyən nüsxəsini
neçə gündür ki, vərəqləyirəm. Oncədən
onu deyim ki, jurnaldakı mündəricata
baxımıdan elə ilk səhifədən başlayıb
sonuncu səhifəyə qədər bütün
yazıları oxumaq istəyi şəxsən məni tərk
etmədi. Elə belə də etdim.
İnanmırsınızsa bir neçə məqamı sizin
diqqətinizə çatdırım. Onda özünüz
görəcəksiniz ki, bu sayda təqdim olunan yazıların
hamısı həqiqətən oxucu gözləyir.
Belə ki, mərhum Əliağa Kürçaylının "Səməd Vurğun taleyimizdə" yazısını oxuduqca 60-cı illərdə, lap elə 70-ci illərə qədər də söz adamlarının özündən əvvəlki nəsilə, ustad sənətkarlara, həmçinin yaşıdlarına necə diqqətlə yanaşdıqlarını, onlarla hər görüşü yaddaşlarına yazıb ömürlərinə köçürdüklərini aydınca görmək olur. Hiss edirsən ki, bu mühitdə heç bir qısqanclıq, heç bir təkəbbür görünmür, duyulmur. Bax, elə söz də onda urvatlı olur, söz də onda yaşayır. Deməli, söz yaşayırsa, özü ilə birlikdə sahibini də, onun yaşamaq haqqını orta ya qoyanı da yaşadır. Necə ki, Azərbaycanda böyük əksəriyyətin bildiyi, xatırladığı "Qaytar ana borcunu" şeiri kimi.
Mərhum Əli Kərimin bu məşhur şeiri bütün zamanlar üçün, bütün analar üçün, bütün övladlar üçün bir dərsdi, bir örnəkdi, həm də bir tərs şillədi. Təbii ki, haqqı qanana, haqqı dəyərləndirməyi bacarmayanlara. Bax elə bu düşüncələrlə "Xalq şairi Rəsul Rza oğlu Anara yazırdı ki" məktubları oxuyuram. Bu məktublarda təkcə atanın, ananın övlada və yaxud da övladın ataya, anaya istəyi, münasibəti əks olunmayıb. Burada həm də bir yaradıcılıq var, bir yazı mədəniyyəti var, bir ədəbi mükalimə var. Oxuduqca da bu məktubların hər birinin arxasında dayanan zamanı da. dayanan şəxsiyyətləri də, gerçəklikləri də, sevgiləri də, xüsusilə ədəbiyyat nümunəsini də aydınca görürəm. Elə düşünürəm ki, məktublar mənim gözümün önündə, mənim müşahidələrimin altında vərəqlərə köçüb. Ona görə də mənə bu qədər doğmadı, məni bu qədər özünə çəkir.
Jurnalın baş redaktoru, dəyərli yazıçı-publisist Nahid Hacızadənin "Şair, səndən yazmaq istəyirəm" adlı xatirə yazısı xalq şairi Xəlil Rzaya həsr edilib. Bir az da konkret ifadə etsək, bu yazı Nahid Hacızadə ilə Xəlil Rzanın görüşlərinin oxucu müzakirəsinə verilməsidir. Yəni o görüşlər yazıya köçürülüb.
Jurnalda millət vəkili, yazıçı Hüseynbala Mirələmovun "Məhəbbət hekayəsi", Kamil İsmayılın "Qəribə adam" xatirə yazısı, "Böyük şəxsiyyətlər deyib ki, aforizmləri", eləcə də Şəmistan Nəzirlinin "Bir görüşdən xatirə", Səməd Vəkilov və Osman Sarıvəllinin (seminariya illəri) adlı araşdırma yazısı, həmçinin əməkdar jurnalist Əhməd İsayevin xalq şairi Bəxtiyar Vahabzadəyə həsr etdiyi "Dəyərli ömrün dörd günü" xatirəsi, şair-publisist Zülfüqar Şahsevənlinin Tofiq Bayrama həsr etdiyi "Sən sevdalı ürəyimi apar özünlə" xatırlaması, Novruz Nəcəfoğlunun "Dağa çiyin verən ədib"... esse-portreti, həmçinin gözəl şairimiz, dünyadan vaxtsız köçmüş Eldar Baxışın yumorlu söhbətləri oxucular üçün sözün həqiqi mənasında böyük bir hədiyyə çələngidir.
Jurnalın bu sayında poeziya həvəskarları üçün də maraqlı töhfələr var. Xüsusilə Sona Vəliyevanın şeirləri diqqəti çəkir.
Jurnalı mütaliə edən hər kəs burada uşaqlar üçün təqdim edilmiş rubrikanı, eləcə də yeni nəşrlərin nümunələrini də gözdən keçirə biləcəklər. Zənnimcə, "Yada düşdü"nün bu sayı bizə ömrün çox anlarından xatirələr hədiyyə edəcək və bir çox məqamlar yadımıza düşəcək.
"MİNGƏÇEVİR LEYSANI"
Təsisçisi və baş redaktoru İsmayıl Mərcanlı olan bu dərgi Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin ədəbi-bədii jurnalıdı. Kifayət qədər müəlliflər toplaya bilmiş jurnal vaxtaşırı oxucularının görüşünə gəlib. Hər gəlişi ilə yeni imzalar da oxuculara təqdim edən jurnalın bu sayı millət vəkili, politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadənin müsahibəsi ilə oxucularla görüşür. Bu müsahibədə əsas yeri Aydın müəllimin "Qarabağ düyünü" kitabı tutur.
Jurnalda həmçinin AYB-nin Mingəçevir bölməsinin üzvlərinin yeni yaradıcılıq nümunələri çap olunubdur. Belə ki, Alimə Gizlinurun şeirləri ilə poeziya həvəskarlarını sevindirən jurnal müəllifin dili ilə bu misraları pıçıldayır.
Doğan günəş kimi, açan gül kimi,
Nur saçan gözünə ehtiyacım var.
Qəlbimdən qəlbinə hərdən sel kimi,
Axan hər sözünə ehtiyacım var.
Jurnalda şair Böyükkişi Təmkinin, İnqilab İsakın, İsmayıl İmanzadənin, Ramiz İsmayılovun, Vahid Xəyalın, Zakir Qəmginin, Namiq Zamanın və digərlərinin şeirlər də oxuculara təqdim olunub. Jurnalın nəsr bölməsində Qaraş İsmayılın "Xurmayı saçlı" hekayəsi, həmçinin Əşrəf Əsgərovun hekayələri təqdim edilibdi.
"Mingəçevir leysanı"nın bu sayı da elmi-publisistik məqalələr, tərcümələr, həmçinin klassiklərin ədəbi nümunələri ilə araya-ərsəyə gəlib. Yəni "Mingəçevir leysanı" bu sayında da oxucuları darıxmağa qoymayacaq. Çünki onun yükü rəngarəng sözlərdir.
Əbülfət
Mədətoğlu
Ədalət.-2013.-21 fevral.-S.7.