Vətən
Böldüm hecaya "Vətən"i
- "Və" - "tən",
Nə deməkdi
"və", nə
deməkdi "tən"?
Bağlayıcıdır "və",
dərslikdə var,
Min fikri, sözü
açar, bağlayar.
Bəs "tən"?
"Tən" - "bədən",
"tən" - "düz",
"tən" - "yarı".
Hansı uyardı bu mənaların?
Əlbəttə "yarı", "yarı", yəni "tən",
Eləysə onda nədir bəs "Vətən"?
"Və"dən qabağa
onlar, sən və mən,
"Və"dən arxaya qalan "yarı" - "tən".
Topla bu ayrı "yarı"ları sən,
Bax bu birlikdən yaranıb Vətən!
Vətən, yəni biz - bir
qəlbdə canı,
Şimallı, Cənublu Azərbaycanım!
Vətən
2 hecadır - "Ana",
2 hecadır - "Ata".
2 hecadır - "Vətən".
Bəs nədən,
2 analı olmur...
2 atalı olmur...
Bəs nədən,
2 paradır Vətən?!
***
-Göy nədir?
-Dayağımız!
-Yer nədir?
-Ayağımız!
-Biz kimik?
Sabahımız.
üç kişiyik
biz
Babam təkdi,
Atam təkdi,
Təkəm mən;
Tək
- Allahdı,
Tək
- Dünyadı,
Tək
- Vətən.
Babam deyir:
-"3"
ki, var,
Tək rəqəmdi;
Biz
"3"ünsə
Fərqi
odur ki;
Cəmdi.
Qar - süd...
Qar dənəsi buluddan
Ayrılıb küt-küt düşür;
Pap...
pap...
Pap...
pap...
Sanki camışımızın
Əmcəyindən süd düşür;
Pap...
pap...
Pap...
pap...
Bülbül
Cəmi
üç hərfdi
- b-ü-l...
İki hecadı
- bül-bül.
Biz
Nə olsun canımız var,
Canlı ki, sayılmırıq.
Canlanmaq
yuxusundan
Çoxumuz ayılmırıq.
Görməyə gözümüz yox,
Danışmağa dilimiz...
Ağ...
sarı... çil-çil...
qonur...
Adi yumurtayıq
biz.
Qış
Çölü boz sərçəlikdən
Bir anda çıxartdı qar.
Göyləri dimdiyinə
Aldı qara qarğalar.
Bağçamıza tökülüb,
Dən gəzən
quşları gör.
Gəl bizim kəndimizə,
Qarları, qışları gör.
Külək
Əsmə, külək, əsmə,
dur,
Çiçəklərim bar tutur.
Ağaclar
Susdu külək, yağdı qar,
üşüyəcək ağaclar.
Quzu... köşək...
Quzular daraşıb döşə,
Marça-marçla əmir köşək.
Sərçə
Sərçə dimdikləyir qarı,
Nə itirib, nə axtarır?
Qoyun... dəvə...
Qoyuna bax - ot
qırpır,
Dəvəyə bax - çır-çırpı.
At
At atlanır çəpərdən,
Şıllağa qalxır hərdən.
***
Sərçənin gözü cütdü;
Küncütdü.
Ovçu
Babam quşu uçurdur ki,
Vursun göyün üzündə;
Babam bir ovçudur ki,
Quş yayınmaz
gözündən.
Nəzakət
Mənim
adım Nəzakətdi,
Amma "Nazzı"
deyirlər.
Dərsə getmək istəyirəm,
"Yaşın azdı"
deyirlər.
Pişik balaları
İki pişik balası;
Bir-birindən balaca.
Biri miyoldayan tək,
O biri söyləyir:
"Can!".
Dostum
Gah it olur, gah pişik,
Gah canavar, gah ayı;
Gah danışır, gah susur,
Gah gülür,
gah ağlayır.
Bacım
Bacım
məni uşaq sayır,
Axşam-səhər yamsılayır.
***
-Atın balası nədi?
-Qulundu.
-Qulunun balası nə?
-Kişnəmək.
***
Qurdun qulağı şaxdı
-
Elə bil ki, şaxşaxdı.
Mırtda...
Mırtdayam ha, mırtdayam,
Qırt toyuğun altdayam.
Bu-gün - sabahlığım
var,
İçimdən "civ-civ" gəlir.
Hərdən başıma səs
düşür,
Elə billəm
div gəlir.
Atam, anam kimdi, kim?
Özüm ki, təkəm - birəm.
Ağmı, qaramı, bozmu...
Nə çıxacam,
bilmirəm?!
40
Qırxayaq - ayağı 40...
Qırxbuğum - qulağı 40.
***
Dəyişik düşdü birdən
Dovşan
ilə Yerkökü;
Yerkökünün dişində
Getdi Dovşanın
tükü.
***
-Ay baba, ayaqların
Nə yaman ərköyündü;
Çəkmələrimi verdim;
Geyinmir.
Nənəm
Nənəm təkdi Xəlsədə,
üçcə göz otaqda tək;
Qapısında təndiri,
Süfrəsində - duz-çörək.
-Allaha oxşamışam,
Deyir ki, son çağımda;
O da Təkdi, mən də - tək
Dünyanın qucağında.
Qəşəm İsabəyli
Ədalət.-2013.-22 fevral.-S.7.