Şeir təhlilləri
I yazı
Əziz
oxucu! Türkiyənin Kafkas universitetində
çalışarkən bir çox kitablarla
tanışlıq imkanı əldə etdim. Bunların
içərisində Mehmet Kaplanın "Şeir təhlilləri"
adlı kitabı çox xoşuma gəldi. Kitabda hər şairdən bir-iki şeir örnək
olaraq alınmış, həmin şeirlər hər cür
ideoloji yanaşmalardan uzaq durularaq mətn baxımından
araşdırılmışdı. Təssüfləndim
ki, indiyə qədər Azərbaycan ədəbiyyatşünaslığında
bu tipli araşdırmalar yoxdur. Ona görə
də şeir sevənlərə, tələbələrə,
gənc araşdırıcılara yardım olması
üçün mən də Azərbaycan poeziyasının
örnəkləri əsasında təhlillər aparmaq istədim.
Bəllidir ki, hər hansı bir ədəbi nümunə
yazılıb oxucunun ixtiyarına verildikdən sonra müəllifindən
asılı olmayan bir müstəqil sənət obyektidir. Oxucunun bu
obyekti necə qavraması, ona münasibəti artıq müəllifdən
asılı bir məsələ deyil. Oxucunun
əsəri düzgün qavraması, ondan estetik zövq ala
bilməsi üçün təbii ki, onun estetik, elmi
baxımından araşdırılmasına ehtiyac yaranır.
Bu halda oxucunun köməyinə ədəbiyyat
araşdırmaçısı gəlir. Amma
ədəbiyyat araşdırmaçısının vəzifəsi
bədii nümunənin ətrafında dolaşmaq, ideoloji,
siyasi qəliblərlə onun mövzusu, məzmunu üzərində
subyektiv yorumlar yapmaq deyil, bədii mətninin ruhuna daxil olub
gözəllik sirlərini oxucu anlatmaq, heç olmazsa, sezdirməkdir.
Tənqidçinin əsas işi əsərin
estetik dəyərini ortaya çıxara biləcək mətn
təhlili olmalıdır. Mətn nədir?
Hər hansı bir mövzunu, hadisəni anlatmaq
üçün işlədilən kəlmə, deyim,
cümlə, abzaslardan yaranan söz toplusu mətndir. Bu,
Gəncə üsyanını anladan bir tarix mətni də, kəpənəklərin
həyat tərzini incələyən bir bioloji mətni də,
bir cinayəti təsvir edən istintaq mətni də ola bilər. Bədii mətn isə
hər hansı bir duyğu, düşüncə, xəyal,
hadisənin ədəbi bir biçimdə ifadəsindən
yaranan söz toplusudur. Məzmun, forma, dil,
üslub kimi dörd əsas ünsür üzərində
dayanmadan ədəbiyyat tarixçiliyinin ümumi hökmləri
ilə bədii mətnin ədəbi sirrini, estetik dəyərini
ortaya çıxarmaq mümkünsüzdür. Mən də illərlə topladığım bilik,
təcrübədən yola çıxaraq, məhz mətni əsas
götürməklə hər hansı bir bədii əsərin
estetik dəyərini anlamaq, araşdıra bilmək
üçün oxuculara örnəklər vermək arzusu ilə
bu təhlilləri aparmağa girişdim. Burada
apardığım təhlillər mənim bir ədəbiyyat
araşdırıcısı olaraq ayrı-ayrı şeirlər
haqqında düşüncələrimdir. Bacardıqca ideolji ştamplardan, vulqar yanaşmalardan
uzaq duraraq şeir mətnlərini təhlil etməyə
çalışdım. Beləliklə,
ilk olaraq XX əsr poeziyamızdan başlamaq istədim.
Məhəmməd Hadi
El fəryadı
Hürriyyət
ilə millət edər kəsbi-məali,
Hürriyyət
ilə mülkün olur qiyməti ali,
Avropalı
hürriyyət ilə tapdı kəmali,
Əlbəttə
əsarətlə olur məhv əhali,
Hürriyyətü sərbəstlik imrani-vətəndir.
Azadə
gərək şəxs, süxən, fikrlə xamə,
Hər kəs gələ hürriyyət ilə
şövqə, xüramə.
Ta kim, ola insan qədəməndaz məramə,
Sərbəstlik
ilə olunur mülk idamə,
Gər qalsa qüyudatdə, viran vərəndir.
Hər kəs
həqi-məşruinə sahib gərək olsun,
Qayətdə
ədalətli qəvanin qoyulsun,
Ən
faidəli qaidələr cari olunsun,
Mizani-ədalət
və müsavat qurulsun,
Mizani-ədalət demək imrani-vətəndir.
Fasid olub əlhəqq
vətənin abühəvası,
Hürriyyət
ilə qabil olur üssi-əsası,
Bişübhə
pozulmuş bunun əvvəlki binası,
Meydanə
qoyulsa yeni qanuni-əsasi,
Qanuni-əsasi isə dərmani vətəndir.
Sövq
etmək üçün milləti şəhrahi-fünunə,
Minlərcə
əhali olub ağişteyi-xunə,
Diqqətli
nəzər qıl, bunu həml etmə cünunə,
Boş
laf uran kəslərə olsun bu nümunə,
Bunlar şühədayi-rəhi-canani-vətəndir.
Zülm
atəşi hər yanə saçır dudeyi-zülmət,
Biçarə
vətən sanki olub məhşəri-şərrət,
Səhrayi-bəladə
gəzir avarə rəiyyət,
Övladını bəslərmi belə madəri-şəfqət?
Bu zillətə, bu möhnətə giryan vətəndir.
XX əsr romantik poeziyamızın ən
güclü nümayəndələrindən birisi olan M.Hadi
1906-cı ildə
bolşevik qəzeti "Təkamül"də
çap etdirdiyi bu şeirinə
"El fəryadı" kimi mənalı bir ad
seçib. Hadi yaradıcılığında Tənzimatdan
sonrakı Osmanlı ədəbiyyatının təsiri
güclüdür. Xüsusən "El fəryadı"
şeirində türk poeziyasında vətən mövzulu
siyasi lirikanın ilk örnəyini yaradan Namiq Kamalın
"Amalımız, əfkarımız iqbali-vətəndir, Sərhədimizə
qalə bizim xaki-bədəndir" misraları ilə
başlayan "Vətən şərqisi" əsərinin
təsiri açıq-aydındır.
"El fəryadı"
adından göründüyü kimi Hadinin şəxsi fəryadının,
fərdi azadlıq istəyinin deyil, elin, millətin arzusu və
onun bədii ifadəsidir. Şeirin ilk üç
bəndi təntənəli üslubda, mədh pafosu ilə
yazılmışdır. Şair
hürriyyəti (azadlığı) təriflədiyi
üçün məzmuna uyğun bir üslub
seçmişdir. Birinci bənddə
şair hürriyyətin insana, millətə, vətənə
nələr verə biləcəyini göstərir,
Avropanın inkişafını misal göstərir. Bu bənddə "hürriyyət"
sözünün dörd dəfə işlədilməsi,
üç dəfə isə misra başında gəlməsi
şairin azadlıq haqqında düşüncələrini
qabarıq ifadə etmək istəyinə uyğundur. İkinci bənddə azadlıq və sərbəstliyin
gərəkliliyi əsaslandırılır, onların
yoxluğunun vətənin viran qalmasına səbəb
olduğu göstərilir. Üçüncü
bənddə vətənin xoşbəxtliyi üçün ədalət,
bərabərlik, qaydaların lazım olduğu elan olunur.
Dördüncü bənddə isə
biçarə vətənin düşdüyü bəlalardan
qurtulmasının, əski çağlardakı möhtəşəmliyinə
geri dönüşünün hürriyyətə sahib
olması, qanuna əsaslanması ilə mümkün
olacağı bildirilir. Beşinci bənddə
mübarizənin boş bir şey olduğunu söyləyənlərə
azadlıq uğrunda minlərlə şəhid olmuş insan
nümunə göstərilir. Sonuncu bənddə isə
vətən və millətin hansı bəlalara, zillət və
möhnətlərə giriftar olduğu təsvir
edilir. Şeirin ilk üç bəndi arzu
olunanların, sonrakı üç bəndi isə gerçək
olanların bədii ifadəsidir. Bütövlükdə
şeirin ideya-məzmunundan anlaşıldığına
görə, müəllif ictimai-siyasi azadlığı
bütün arzu və ümidlərinin mərkəzinə
qoyur, vətənin dərdlərinin dərmanını onun
azadlığında görür.
Şeir əsasən
bu dəyərlər üzərində qurulumuşdur:
hürriyyət, azadlıq, sərbəstlik, qanun, ədalət,
vətən, millət! Şeirin "hürriyyət"
sözü ilə başlaması da çox mənalıdır.
Hürriyyət və əsarət
qarşılaşdırmaları şairə fikirlərini
ifadə etmək üçün imkan yaradır. Təbii ki, bu qarşılaşdırmada Hadi
hürriyyətin tərəfindədir. Şair
açıq şəkildə bildirir ki, hürriyyətin,
azadlığın, sərbəstliyin və qanunun
olmadığı bir yerdə millətin varlığı, vətənin
xoşbəxtliyi də olmayacaqdır. İnsan toplumu
yalnız bu dəyərlərə sahib olandan sonra millət
kimi varlığını qoruyub saxlaya bilər, vətən
qanunla, ədalətlə idarə olunduqda xoşbəxt ola bilər. Hadinin "hürriyyət"
(azadlıq) anlayışına bu qədər önəm verməsi
təsadufi deyil. Bu bir tərəfdən
türkün xarakteri ilə bağlıdır. Şeirin yazıldığı dövrdə belə
bir fikir yayğın idi ki, türk əsarət sevməz, azad
yaşamaq, azadlığa sevgi onun xarakterindən irəli gəlir.
Burada şairin türk tarixindən gələn
bir ənənəyə bağlılığı
özünü göstərməkdədir. Şeirin sonrakı misralarında da buna
açıq-aydın işarələr vardır. Digər tərəfdən "hürriyyət"ə
bu dərəcədə vurğunluğu Hadinin müasirliyindən,
ölkənin, millətin düşdüyü vəziyyətdən
çıxış yollarına baxışından irəli
gəlirdi. Şair görürdü ki, millətə
azadlıq verilməyincə o daha da geri edir, istibdadın əlində
qəhr olur. Hürriyyət
anlayışına belə yüksək qiymət yalnız
Hadinin, romantiklərimizin yaradıcılığı ilə
məhdudlaşıb qalmır, hətta tənqidi realizmin zirvəsi
sayılan Sabir yaradıcılığında da özünü
göstərirdi. Sabirin məşhur misralarını
xatırlayaq:
Kim ki
insanı sevər, aşiqi-hürriyyət olur,
Bəli, insanlıq olan yerdə də hürriyyət
olur.
Təkcə bu şeirdə deyil, ümumən Hadi
yaradıcılığında azadlıq (hürriyyət)
bütün mübarizələrin mənası, hər
cür səadətin əsası, yaradıcısı kimi dərk,
təsvir və tərənnüm olunur. Hadinin siyasi
azadlığa verdiyi qiymət təkcə onun
dünyagörüşünün və
yaradıcılığının müsbət cəhəti
olaraq qalmır, həm də o dövrün qabaqcıl sənətkarlarının
inqilabi ideyaları nə dərəcədə mənimsədiyini
göstərir.
Ədəbiyyatda
yenilik həvəskarı və iddiasında olan Hadi bu
şeirində mövzu, məzmun və ideya baxımından
yenilik gətirsə də, formaca klassik şeir
qaydalarından, təsvir və ifadə vasitələrindən
çox da kənara çıxa bilməmişdir. Şeirin dili klassik ədəbiyyatdan gələn tərkiblərlə
(şəhrahi-fünunə, ağişteyi-xunə, məhşəri-şərrət
və.s), o zaman geniş əhali tərəfindən
anlaşılmayan ərəb-fars sözləri ilə doludur. Bunun bir səbəbi
də şairin sənətdə seçdiyi üslub və
istiqamətlə bağlıdır. Bəzi
hallarda Hadinin öz ilhamını zorladığı da
aşkar görünür. "Qoyulsa yeni
qanuni-əsasi" misrasını sonrakı misra ilə
bağlamaqda şair çətinlik çəkmişdir.
Klassik şeirin müxəmməs
(beşlik) formasında yazılmış şeirdə Hadi bir
az ənənədən kənara
çıxmışdır. Belə ki, birinci bənd klassik
poetikada olduğu kimi aaaaa şəklində deyil,
bbbba şəklində qafiyələnmişdir.
Qələminin hələ yenicə püxtələşdiyi
dövrə təsadüf edən bu şeir qafiyə sistemi
baxımından çox da mükəmməl hesab edilməz.
Üçüncü və dördüncü bəndlərdə
qafiyələrin söz köklərindən təşkil
olunmaması (olsun, qoyulsun, olunsun, qurulsun; həvası, əsası,
binası, əsasi ) bəndlərdəki
ritm və ahəng gözəlliyinə xələl gətirmişdir.
Müqayisə üçün digər bəndlərin qafiyə
düzümünə baxaq: məali, ali, kəmali,
əhali/ xamə, xüramə, məramə, idamə/
/fünunə, xunə, cünunə, nümunə/ zülmət,
şərrət, rəiyyət, şəfqət. Burada qafiyə söz köklərindən
yaradılmışdır. İkinci və
altıncı bəndlərdə isə qafiyə
pozğunluğuna rast gəlirik. Digər bəndlərin
sonuncu misrasındakı qafiyələrlə (imrani, dərmani,
canani) ikinci və altıncı bəndin son
misralarındakı qafiyələrdə (viran, giryan) qüsur
var. Hətta birinci və üçüncü bəndlərin
son misralarındakı imrani-vətəndir qafiyəsi təkrarlanmışdır.
Şeirin söz xəzinəsi də onun yeniliyindən xəbər
verir.
Şeirdə 6 dəfə "hürriyyət", 2 dəfə "sərbəstlik", 8 dəfə "vətən",
2 dəfə "mülk",
2 dəfə "millət", toplum, xalq mənasında 2 dəfə "əhali",
insan bildirən "şəxs", "hər kəs"",
"rəiyyət" sözləri işlənmişdir. Sözlərin belə təkrarlanması heç də
şairin söz ehtiyatının azlığı ilə izah olunmamalıdır.
3-cü bənddə misraların sonunun arzu şəklində
bildirilməsi /olsun, qoyulsun, olunsun, qurulsun/ məhz romantizmin tələbindən
irəli gələrək şairin gələcəyə
ümidlə baxdığını göstərir!
Şeirin kompozisiyasında bir qüsur da görünməkdədir. Burada bitkin bir
kompozisiya axtarmaq lazımsız bir işdir. Görünür bu səbəbdən, sanki
"şeir bitməyib" fikri oxucuya hakim kəsilir. Diqqət edilərsə, doğrudan da şeirdə
sonluq, son vurğu yoxdur. Belə
görünür ki, qafiyə tükənməsə,
şeiri sonsuza qədər davam etdirmək olarmış.
Bu qüsurlarına baxmayaraq "El fəryadı"
şeiri həm Hadi yaradıcılığında, həm də
XX əsr poeziyamızda mühüm yer tutur. Şair azadlıq probleminin
bədii əksində rəmzlərdən, aşiq-məşuq
münasibətlərinin ənənəvi obrazlarına yeni məzmun
aşılamaq cəhdlərindən yan keçmiş, poetik
dildə siyasi terminlərdən ("həqi-məşru",
"qanuni-əsasi", "mizani-ədalət",
"müsavat və s.) uğurla
yararlanaraq siyasi-vətəndaşlıq lirikasına məxsus
olan açıq üsyankar və publisist bir üsluba
müraciət etmişdir. "El fəryadı"
şerində Hadinin azadlıq düşüncələri
romantik bir üslubda, coşğun, hissiyyatlı bir poetik dillə
ifadəsini tapmışdır.
VURĞUN ƏYYUB
Ədalət.-2013.-23
fevral.-S.7.