MÜƏLLİM,
DOST, SİRDAŞ
Tədqiqatçı jurnalist-alim Nəriman
Zeynalovun 80 illiyi
"İnsanın
hər şeyi gözəl olmalıdır: üzü də,
geyimi də, qəlbi də, fikirləri də".
A.Çexov
Tələbələrindən o qədər də yaşlı görünmürdü. Biz universitetə qəbul olunandan bir il əvvəl ali təhsilini fərqlənmə diplomu ilə bitirmişdi. Üçüncü kursda müəllimimiz olmuşdu. O zaman respublikanın birinci qəzeti sayılan "Kommunist"də işə başlamış, az sonra şöbə müdiri vəzifəsinə irəli çəkilmiş, ötən əsrin 60-cı illərində öz dəst-xətti, yazı üslubu ilə sayılıb-seçilən jurnalist kimi tanınmışdı.
Azərbaycan Dövlət Universitetinin (indi BDU) jurnalistika kafedrasının müdiri Həsən Şahgəldiyev istedadlı tələbəsini redaksiyadakı işindən ayırmadan təcrübə dərsləri keçən ixtisas müəllimi vəzifəsinə layiq bilmişdi.
Sadə, istiqanlı, işıqlı insan idi
cavan müəllimimiz. Auditoriyaya
daxil
olanda içəriyə işıq dolurdu elə bil. Və
ifadəli, iti, gülümsər baxışlarını
sinif otağına gəzdirəndə bizə elə gəlirdi
ki, onun qarabuğdayı çöhrəsinə yaraşan
xoş təbəssümündən, cavan, qaynar qəlbinin
çınqısından hər birimizə pay
düşürg
Adəti üzrə əhvalımızı soruşub dərsə
başlardı. Heç vaxt səsini qaldırmazdı.
Sakit, təmkinli danışıq tərzi
vardı. Onu çox istəyirdik, diqqətlə
dinləyirdik. Bizə xoş, doğma təsir
bağışlayan səsi arxa sıralarda da aydın
eşidilirdi.
Hansı mövzuda, nədən
danışır-danışsın maraqla qulaq asırdıq. Dönə-dönə
tövsiyə edirdi ki, hər hansı mövzunu yetərincə,
tamam-kamal öyrənəndən sonra qələmə
alın, çalışın yazınız həm dərin,
mükəmməl, həm də oxunaqlı olsun. Oxucunu özünə cəlb etsin,
maraqlandırsın, nəyisə öyrətsin, bilgi versin, məlumatlandırsın.
Axı, necə?! Sualımıza
özünəməxsus təmkinlə, ətraflı cavab verərdi.
Ustad qələm sahiblərindən misallar gətirər,
oçerklərini, yazılarını təhlil edər, məsləhət
görərdi ki, onları oxuyaq, öyrənək.
Çox təvazökar idi, heç vaxt öz
yazılarından danışmazdı, nümunələr gətirməzdi. Jurnalistika aləmində
özünəməxsus dəst-xətti olan müəllimimizdən
yalnız auditoriyada deyil, eyni zamanda dövri mətbuatda
vaxtaşırı dərc edilən yazılarından
çox şey öyrənirdik. Dərsdə
keçdiklərimizin əyani nümunəsini onun yetkin qələmindən
çıxan yazılarında görür, diqqətlə
oxuyurduq. Məşhur cərrah Mürsəl
Qarayev (bəstəkar Qara Qarayevin qardaşı) haqqında
yazdığı oçerk xüsusilə bizə dərin təsir
bağışlamışdı və təəccüblü
deyil ki, hələ də yaddaşımızdan silinməyib.
Nəriman müəllim xüsusi vurğulayırdı
ki, jurnalistikada hər janrın öz yeri var, "quru",
maraqsız mövzu yoxdur. Əsas məsələ
necə yazmaqda, jurnalistin hər bir janrda qələmini işlətmək,
sözünü sərrast, təsirli demək
bacarığında, istedadındadır. Müəllimimiz
bununla bağlı müfəssəl danışıb,
mövzunu nümunələrlə izah edəndən sonra, dərsin
axırına yaxın adəti üzrə sinfə müraciətlə
fikrimizi soruşdu. Bir dəfə demək
olar ki, hamımız müsbət cavab versək də, "baş
məqalə"yə münasibətdə fikirlər
haçalandı. O, diqqətlə, səbrlə bizi dinləyib
mübahisəyə yekun vurdu: "Düz deyirsiz, indi qəzet-jurnallarda
quru, qəliz dildə yazılan, şablon, qulaqdöyən
söz yığınından ibarət, şüarlarla
yekunlaşan baş məqalələrə rast gəlirik. Ancaq siz janrın tələbləri səviyyəsində
yazılan məqalələrdən nümunə
götürün və cəsarətli olun. Yəni öz sözünüzü yerində deməyi,
dərin, oxunaqlı, maraqlı yazmağı öyrənin,
çalışın qələminiz püxtələşsin".
Biz dərsdən sonra da onu rahat buraxmır, şöbə
müdiri olduğu redaksiyaya gedir, yazılarımızı
göstərirdik. O, əlinə qələm alıb
gözümüzün qabağında "çiy"
yazılarımızı "bişirir", məsləhətlərini
verirdi. Sonra redaksiyalara zəng vurur, qələm
dostlarına bizi tapşırırdı. Beləcə
qəzet-jurnallarda yazılarımız işıq üzü
görür, səsimiz efirdən gəlirdi. Çap olunan ən kiçik xəbərdə,
yazıda görünən imzamız bizə böyük
sevinc gətirirdi. Getdikcə qələmimiz
itilənirdi, aldığımız müəllif haqqı,
qonorar təqaüdümüzü üstələyirdi.
Biz dövri mətbuatı müntəzəm izləyir,
necə deyərlər, ağı qaradan seçir, müxtəlif
qəzet janrlarında ən yaxşı yazılara xüsusi
diqqət yetirir, sinifdə müəllimimizlə birlikdə
müzakirə edirdik.
Bir dəfə
"Kommunist" qəzetinin baş məqaləsi xüsusi
olaraq hamımızın diqqətini cəlb etdi:
"Torpağa düşməsin havayı bir dən!"
Heç vaxt belə baş məqalə oxumamışdıq:
tamamilə yeni üslubda, orijinal dəst-xətlə qələmə
alınmışdı. Səməd Vurğunun
məşhur şeirinin misralarından ustalıqla istifadə
olunan baş məqaləni dönə-dönə oxuduq.
Sonra öyrəndik ki, redaktor İsrafil Nəzərov
baş məqalənin müəllifi Nəriman Zeynalovu
"letuçka"da bərk tərifləyib. Eşitmişdik ki, qocaman jurnalistin dilindən tərifli
söz çox nadir hallarda çıxır. Amma o,
vaxtilə dərs deyib biliyini "əla" qiymətləndirdiyi
sevimli tələbəsinin jurnalistikada tapdanmış yolla
getmədiyini, həmişə cəsarətlə yeniliyə
can atdığını, getdikcə kamilləşən bənzərsiz
qələm sahibi olduğunu ürək
açıqlığı ilə qeyd etmiş, mükafata
layiq görmüşdü.
***
"İnsanın
hər şeyi gözəl olmalıdır: üzü də,
geyimi də, qələmi də, fikirləri də".
Nəriman müəllim jurnalistin insani keyfiyyətlərini,
şəxsiyyətini səciyyələndirəndə
A.Çexovun ibrətamiz sözlərini xatırladardı. Sonra xüsusi
vurğulayardı ki, qəzet zövqoxşayan nəfis tərtibatı,
oxucunun ürəyinə yol tapan dərin məzmunlu
yazıları ilə diqqət çəkməlidir. Və müxtəlif janrlı, coğrafiyası əhatəli
bütün yazıların mərkəzində İnsan amili əsas
yer tutmalıdır. Odur ki, redaksiyada sətirləri
arxasından canlı insan, onun taleyi, problemləri görünən
oxucu məktublarına
həmişə xüsusi diqqət yetirilməlidir.
Dərsdən sonra Nəriman müəllim bizi
"Kommunist" qəzetinin Məktublar şöbəsinə
gətirdi.
Redaksiyaya gələn məktublar üzərində
aparılan işlə əyani tanış
olduq. Məsləhət görüldü ki,
şöbə ilə əlaqə saxlayaq, məktublarla
bağlı yazılar yazaq.
Bir qədər sonra Ələkbər Abbasovun "Bir məktubun
izi ilə" rubrikası altında "Ürək
döyüntüləri" sərlövhəli
yazısı "Kommunist" qəzetində (1 noyabr 1960)
çap olundu.
Çox təsirli yazmışdı, həyəcansız
oxumaq olmurdu. Redaksiyaya göndərilən
məktubun müəllifi özünü bıçaq
qabağına ataraq insan həyatını xilas edəndə
ürək nahiyəsindən xəsarət almışdı.
Əməliyyat olunanda ürəyi yaşamaq həsrətilə
döyünürdü. "Cərrahın
kiçicik bir səhvi ağır nəticə verə bilərdi.
Buna görə də həkimin ürəyi
narahat idi". Və nəhayət, əməliyyat
uğurla qurtardı. Həm xəstənin, həm də
həkimin ürəyi rahat döyünməyə
başladıg Ələkbər sağalmaqda olan xəstə
ilə görüşəndə o, məktubundakı
xahişini təkrar edir: "Həkim Ağəli Rəfiyevə
qəzet vasitəsilə mənim təşəkkürümü
bildirin".
O vaxt
respublikanın baş qəzetində belə diqqətçəkən
yazı ilə çıxış etmək xüsusən
jurnalist tələbə üçün böyük uğur
idi. Biz Ələkbəri ürəkdən təbrik
etdik.
Onu da
deyim ki, qrupumuz ürəyimizcə idi: dedikcə səmimi,
mehriban, çalışqan həmyaşıdlarımız Azərbaycanın
müxtəlif bölgələrinin ab-havasını gətirmişdilər.
Bir-birimizin uğuruna sevinir, çətinə
düşəndə əl-ələ verib köməkləşirdik.
Müəllimlərimiz bizim "j" qrupundan
çox razılıq edir, başqalarına nümunə
göstərirdilər. Hər müəllim isə əsil
məktəb, örnək, xəzinə idi: akademiklər Həmid
Araslı, Cəfər Cəfərov, professorlar görkəmli
yazıçı Mir Cəlal, İsmayıl Əlizadə,
dilçi alimlər Səlim Cəfərov, Yusif Seyidov,
Hadı Mirzəzadə, ixtisas müəllimlərimiz, tədqiqatsçı
jurnalistlər, kafedra müdiri Həsən Şahgəldiyev,
Nurəddin Babayev, Şirməmməd Hüseynov, Nəsir
İmanquliyev, Seyfulla Əliyev, Nüsrət Bağırovg
Nəriman Zeynalov həmkarlarından çox cavan idi. Təcrübə
müəllimimiz jurnalistikanın əlifbasından
başlayaraq bütün qəzet janrlarında yazmağı
bizə "bitdə-bitdə", inanılmaz səbr,
hövsələ, inadla öyrədirdi. Beləcə, getdikcə qələmimiz
cilalanırdı. Axırıncı kursda artıq Ələkbərin,
Yusifin, Yalçının, Namiqin, İlyasın, Əlikramın,
Rafiqin, Aydının, Mailənin, Dilarənin, Ruhəngizin, Əkbərin,
Zöhrabın imzaları mətbuat səhifələrində
tez-tez görünür, efirdən səsləri eşidilirdi.
Yazılarımız daha əvvəlki kimi
"çiy" olmurdu, təcrübəmiz artır, tədricən
püxtələşirdik. Redaksiyaların
qapıları üzümüzə açıq olurdu. Nəriman Zeynalovun tələbələri kimi bizi
tanıyır, hörmət edirdilər. Hər
bir uğurumuza müəllimimiz ürəkdən sevinir,
qayğısını, köməyini əsirgəmirdi.
Biz universiteti bitirib müxtəlif redaksiyalarda işləyəndə
də Nəriman müəllimlə əlaqə saxlayır,
onun dəyərli məsləhətlərinə ehtiyac
duyurduq.
Tale elə gətirdi ki, mən rayonlararası qəzetdə
işə başladım. O vaxt Salyan, Neftçala, Astraxanbazar
(indi Cəlilabad), Puşkin ( indi Biləsuvar)
rayonlarını əhatə edən "Məhsul" qəzetinin
xüsusi müxbiri təyin olundum. Məsləhət
üçün Nəriman müəllimin yanına gəldim.
O, xeyir-dua verib dedi: "Madam ki,
rayonlararası qəzetin xüsusi müxbirisən, həmin
bölgədən "Kommunist"ə yazmağı da sənə
tapşırıram. Oraya müxbir göndərməyəcəyəm".
Bu, böyük etimad idi. Faktiki olaraq
respublikanın baş qəzetinin bizim bölgə üzrə
müxbiri vəzifəsini də yerinə yetirir, müəllimimin
tapşırığı ilə materiallar hazırlayır, hər
ay yaxşı qonorar alırdım. Tənqidi
yazılarım büroda müzakirə olunur, nəticəsi
barədə qəzetdə məlumat verilir, tədbirlər
görülürdü. Eyni zamanda başqa qəzet və
jurnallarda da yazılarım dərc olunur, Azərbaycan radiosunun
statdankənar müxbiri kimi efirdən tez-tez səsim gəlirdig
Tələbə yoldaşım Yusif Kərimov da
rayonlararası (Jdanov - indiki Beyləqan, Füzuli,
İmişli) qəzetdə işləyirdi. "Yüksəliş"
qəzetinin məsul katibi kimi qəzetin məzmunlu, maraqlı,
nəfis tərtibatlı çıxmasında, oxucuların rəğbətini
qazanmasında biliyini, bacarığını, qələmini əsirgəmirdi.
Və Nəriman müəllimin tapşırığı ilə
"Kommunist"də tez-tez maraqlı yazılarla
("Torpağın səsi",
"Güllüçalanın nəğməsi",
"Son qozanın qiyməti") çıxış edirdi.
1965-ci ildə rayonlararası qəzetlərin əvəzinə
yenidən rayon qəzetləri bərpa edildi. Mən bir müddət
Salyanda çıxan "Qələbə" qəzetinin
redaktor müavini işlədikdən sonra Mərkəzi Komitənin
katibliyinin qərarı ilə Cəlilabad rayon "Yeni
gün" qəzetinin redaktoru təyin edildim. Bu zaman Nəriman
müəllim baş redaktoru olduğu "Sovet kəndi"ni yalnız kənd əməkçilərinin
deyil, artıq bütün ictimaiyyətin sevimli qəzetinə
çevirmişdi. Mən müəllimimlə
müntəzəm əlaqə saxlayır, onun zəngin təcrübəsindən
redaktor kimi əyani olaraq istifadə edirdim. Çox
keçmədi ki, bu öz bəhrəsini verdi.
O vaxt SSRİ-də rayon qəzetləri arasında keçirilən
müsabiqədə "Yeni gün" birinci yeri tutdu. Bir il sonra felyetonlarıma və tənqidi
yazılarıma görə SSRİ Jurnalistlər
İttifaqının mükafatı laureatı adına layiq
görüldüm.
Bu, o dövrdə ölkə miqyasında jurnalist
üçün yüksək mükafat idi. Ancaq illər keçəcək,
yaşa dolduqca "valideynin göydən yerə endirib səni,
müəllimin isə yerdən göyə ucaldıb"
müdrik kəlamının dərin məna
çalarını anlayıb bir həqiqəti dərk edəcəkdim:
ən yüksək mükafat İnsan məhəbbətidir, sənə
doğma, dost, sirdaş olan İnsan məhəbbəti!
Moskvadan
qayıdıb təyyarədən düşəndə
hamıdan öndə onu gördüm: yaraşıqlı qədd-qamətli,
şıq geyimli, xoş təbəssümlü, qəlbinin
sevinci gözlərində şəfəqlənən Nəriman
müəllimi. Məni qarşılamağa, təbrik
etməyə gəlmişdi, müəllimim, dostum,
böyük qardaşım kimi.
Ustad qələm
sahibi, tədqiqatçı jurnalist-alim, həmişəyaşar
mətbuatımızın salnaməsində, qədirbilən
insanların yaddaşında özünə əbədi abidə
qoyan, yaxşılıq, xeyirxahlıq mücəssəməsi
,bənzərsiz şəxsiyyət idi Nəriman Zeynalov.
Həyatının və yaradıcılığının
qaynarına ürəyi dözməyib 56 yaşında
dünyasını dəyişən unudulmaz müəllimimizin
işıqlı xatirəsini qələmə alanda yaşa
dolan tələbə dostlarımla görüşdüm. Namiq Abbasov, Ələkbər
Şəhrili, Yusif Kərimov, Yalçın Əlizadə,
Rafiq Zeynalov, Aydın Əliyev, Dilarə Vəkilova, Ruhəngiz
Rəhimova, Liza Ağayeva, İlyas Adıgözəlli,
Zöhrab Zeynalov ürək dolusu danışdılar. Vaxtilə
yaşına görə qrupumuzun "sonbeşiyi", indi Azərbaycan
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının birinci
prorektoru, fəlsəfə elmləri doktoru, professor Əlikram
Abdullayev dedi: "Özüm müəllim adını
qazanandan sonra tələbələr üçün
"müəllim-dost" olmağın mənasını
daha dərindən anlamağa başladım. Bu,
hər müəllimə xas olan keyfiyyətlərdən deyil.
Nəriman müəllim dərs dediyi, qələm
təcrübəsi öyrətdiyi tələbələrin ən
yaxın dostu, sirdaşı idi".
***
Nəriman müəllim qayğıkeş ailə
başçısı idi. Ömür-gün
sirdaşı Südabə xanım bu barədə kövrək
səslə danışır. Azərbaycan
Dövlət Pedaqoji Üniversitetinin baş müəllimi
işləyən ana övladlarından çox razılıq
edir.
Xatirə qızı həkimdir, iki övlad
anasıdır. Natiq oğlu Bakı Dövlət
Universitetinin tarix fakültəsini bitirib, Milli Təhlükəsizlik
Nazirliyinin əməkdaşıdır. Babasının
adını daşıyan oğlu Nəriman yüksək balla
Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasına qəbul olunub.
Qədirbilən övladlar "mənəvi dəstəyinə
ən çox ehtiyacları olduqları bir zamanda"
dünyasını dəyişən ataları haqqında hədsiz
məhəbbətlə danışırlar.
Xatirə
Nəriman qızı: "Atam çox şən, mehriban
insan idi. Bizimlə vaxt keçirməyi sevər,
dərslərimizə kömək edərdi. Hələ kiçik yaşlarımdan kitaba məhəbbət
oyatmış, mütaliə etməyə həvəs
yaratmışdı".
Natiq Nəriman
oğlu: "Çox təəssüf ki, amansız
ölüm atamın başladığı işlərin bir
çoxunu yarımçıq qoydu. Üzərində
uzun müddət işləyib başa çatdırdığı
doktorluq dissertasiyasını müdafiə etməyə macal
tapmadı. Eləcə də
"Gülöyşə nar" povesti yarımçıq
qaldı. Ən ağrılısı budur ki, həyatı,
ailəsini, övladlarını hədsiz sevən, ürəyi
xeyirxahlıqla döyünən yaradıcı İnsan
ömrü yarımçıq qaldıg Bütün bunlar nə
qədər kədərli olsa da, uzun illər dərs dediyi,
indi tanınmış, nüfuzlu qələm sahiblərinin
atamın xatirəsinə ehtiram və sayğıları məndə
sonsuz qürur hissi doğurur".
Əlövsət Bəşirli
Ədalət.-2013.-23 fevral.-S.10.