PROYEKTİMİZƏ
DAVAM EDİRİK: ALTMIŞINCILAR
TANINMIŞ
JURNALİST Şakir YAQUBOV – 1
"Altmışıncılar"
dedikdə adətən yazıçıları nəzərdə
tuturlar və bütün vur-həşir də bildiyimiz kimi hər
zaman onların başında olur. Bunun nədən olduğunu
mən araşdıran deyiləm, amma bunu bilirəm ki,
ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin
bütün sahələrində özlərini göstərməkdə
idi. Və mənə elə gəlir ki, dünyamızın
altmışıncı illəri təkcə bizim məmləkətdə
deyil, başqa məmləkətlərdə də eyni anlamda
intibah illəri kimi yaddaşlara həkk olunub.
Məsələn, sevgili
Türkiyə Cümhuriyyətində ALTMIŞINCILAR adıya bir dərnək də var. Həmişə könlüm keçib belə bir təşkilat
və ya dərnək bizlərdə də
olsun, amma bizlər
ayrı, Türkiyə ayrı. Hər zaman
adları ortalıqda hallanan yazan və sənət adamları sonrakı nəsil
tərəfindən heç də könül xoşluğu
ilə qarşılanmayıb. Bir ucu da gəlib yetmişlərə
və səksənlərə
çıxan bu yaradıcılar
kimlərdir? Mən sadəcə onlardan bəzilərini
yenidən xatırlatmaq istərdim.
ŞAKİR
YAQUBOV (Ş.HƏNİFƏZADƏ)
KİMDİR?
1951-ci
il fevralın 25-də Astaranın Balaca Şahağac kəndində
anadan olub. Azərbaycan Dövlət Universitetinin (indi Bakı
Dövlət Universiteti) kitabxanaçılıq fakültəsini,
Azərbaycan Jurnalist Sənətkarlığı
İnstitutunu və Azərbaycan KP MK yanında Marksizm-Leninizm
Universitetini fərqlənmə diplomları ilə bitirib.
Leytenant rütbəsində iki il keçmiş Almaniya
Demokratik Respublikasında hərbi xidmətdə olub.
1974-2000-ci
illərdə "Azərbaycan gəncləri",
"Kommunist" (indiki "Xalq" qəzeti), "Həyat"
(indiki "Azərbaycan"), "Sirdaş", "Səhər"
və "AFFA news", "Panorama" qəzetlərində
müqaviləli xüsusi müxbirlikdən baş redaktorun
birinci müavini və baş redaktoracan ən müxtəlif vəzifələrdə,
sonrakı 10 ildə isə Azərbaycan Respublikası Auditorlar
Palatasının redaksiya-nəşriyyat şöbəsinin
müdiri, "İqtisadiyyat və audit" elmi-praktik
jurnalının məsul redaktoru vəzifəsində
çalışıb. Hazırda 2-ci qrup əlildir, işləmir.
"Mən
şahidəm ki...", "Qətiyyətin təntənəsi",
"Hakim mərkəzi göstərər", "Bizim səfər
haçandı?!", "Banişevski olduğu kimi",
"Taleyimdən keçənlər" kitablarının
müəllifi, "Vətən bizim şöhrətimiz...",
"Bizim müasirimiz" və "On ikinci
şeyxülislam" kitablarının həmmüəllifi,
məşhur islamşünas alim Q.E. fon Qrünebaumun
"Klassik islam" monoqrafiyasının, Y.Boqatın
"Onlar belə sevirdilər" (Ə.Ağalarov və
E.Cabbarovla birgə) kitabının və dövri mətbuatda
çap olunmuş onlarca digər dəyərli əsərin tərcüməçisi,
Vasif Səmədov, Bəxtiyar Sadıqov, Müsəllim Həsənov,
Adil Qaçayoğlu və digər qələm sahiblərinin
publisistik kitablarının, habelə auditə dair 35-dən
çox elmi-kütləvi nəşrə redaktorluq edib. Müxtəlif
janrlı yazıları ayrı-ayrı toplulara, o cümlədən
əxlaq mövzusunda "Sevirsə, qayıdacaq..."
adlı oçerki IX siniflər üçün "Ailə
həyatının etika və psixologiyası üzrə
müntəxəbat"a (Bakı, 1989-cu il) daxil edilib.
İki
dəfə - sovet dövründə (1989-cu il) və müstəqillik
illərində (2005-ci il) "Əməkdar mədəniyyət
işçisi" fəxri adına, "Qızıl qələm"
və "Həsən bəy Zərdabi"
mükafatlarına, 10-dək yaradıcılıq müsabiqəsinin
mükafatlarına layiq görülüb. "Azərbaycan
Respublikasının fəxri auditoru" adını
almış ilk və yeganə
peşəkar jurnalistdir.
-
Öncə altmışıncılar haqqında fikirlərini
bilmək istərdim....
- Əvvəlcə
təşəkkürümü bildirirəm ki, nəhayət,
62 yaşımın tamamında olsa da yazı-pozu işiylə
bağlı ümumi şəkildə mənim də fikrimi
bilməyə Azərbaycan cəmiyyəti... Yox, bu, çox yekə
çıxır, konkret olaraq sənin özün, 10-12 ildən
bəri ardıcıl olaraq yazdığın bu köşədə
məni də dinləməyə, daha doğrusu, dilləndirməyə
əşhədü-ehtiyac hiss eləyibsən. Hərgah
müsahibə verməyə mənim nə həvəsim, nə
də vaxtım var.
Birinci
səbəb budur ki, mən "altmışıncı"
deyiləm; ümumiyyətlə, əgər Azərbaycan ədəbiyyatında
belə bir şey olubsa, bunun bir qədər yeri var -
çünki həmin illərdə Anarın, Elçinin,
İsa Hüseynovun, Sabir Əhmədlinin, Əkrəm Əylislinin
"və başqaları"nın ədəbi-ictimai fikrə
yenilik gətirən əsərləri olub, çap edilib və
oxucuya çatdırılıb.
Azərbaycan jurnalistikasında belə bir şey olubmu?
-Bəlkə "samizdat"lar olub, hardasa yeni-yeni qəzet və ya jurnallar çap
olunub və onlarda kommunist partiyasının qoyduğu
"ustanovka"lardan fərqli
tərzdə yazılmış
yazılar dərc olunub? Əsla belə bir şey
olmayıb! Olub Cəmil Əlibəyov,
Rəfail Nağıyev,
Nəriman Zeynalov - öncə də QƏZETÇİ
kimi. 1967-ci ildə
"Ulduz" jurnalı,
1969-cu ildə "Qobustan"
sənət toplusu nəşrə başlayıb
və onlarda Anar, Vidadi Paşayev, Tofiq Məhərrəmoğlu (onun
"Etüd" kitabı
da 1969-cu ildə, özü də "MƏHƏRRƏMOĞLU"
imzasıyla çap olunub), Səyavuş Sərxanlı, Seyran Səxavət, Azər
Abdulla, radioda Vaqif Əlixanlı, Mövlud Süleymanlı başlayıblar
o dövr üçün
yeni olan mövzularda, qeyri-standart ifadə üslubunda yazılar yazmağa. Əslində, onilliyin sonuna düşdüyü
üçün onları
və yazdıqlarını
da "altmışıncı"
yox, tərəddüdsüz-filansız
"yetmişinci" hesab
eləmək lazımdır
və bu halda sel kimi
gələn, azı
20 il sərasər
SÖZ DEYƏN böyük bir nəsildən danışmaq
olar - təsəvvür
elə ki, Şamil Şahməmmədov,
Aqşin Kazımzadə,
Şahin Quliyev, Piri Məmmədov, Əhməd İsayev, Fazil Rəhmanzadə, Akif Ağayev, İlham Rəhimli, Şahmar Əkbərzadə, Yusif İsmayılov, Nemət Veysəlli, İntiqam Mehdiyev, Məmməd Oruc, Möhbəddin Səməd, Rafael Hüseynov və bir neçə digər qələmdaşımızın
aid olduğu
o nəslin sıralarına
düşmək də mənim üçün
asan deyil.
İkinci səbəb: "yel
əsir, qoz tökülür" - heç kimin vecinə də deyil ki,
Şakir Yaqubov Azərbaycan jurnalistikası,
onun dünəni və bu günü,
ayrı-ayrı nümayəndələri
barədə nə fikirdədir. Çünki elə həmin
bu insan-oxucuların dəftər-kitabında Şakir
Yaqubov adlı-soyadlı
jurnalist, ümumiyyətlə,
yoxdur.
- Şakir müəllim, bu bir az insafsız yanaşmadır və təvazökarlıqdan o yana
bir söhbətdir.
- Bu mənim fikrimdir. Halbuki bu adam,
yəni Şakir Yaqubov sovet dövrünün mətbuatında
ştatdankənar müxbirlikdən
ölkənin birinci qəzetinin rəhbər üçlüyünədək istisnasız olaraq ÖZ ƏMƏYİ
hesabına uzun bir yol keçib,
"Əməkdar mədəniyyət
işçisi" fəxri
adına layiq görülüb və o dövrün bir xeyli jurnalistindən fərqli olaraq, bizim müasir BAZAR jurnalistikasında da ÖZ
SİFƏTİ və ÖZ SÖZÜ olan tək-tək jurnalistlərdən biri olaraq qalıb, müstəqil Azərbaycanda
da "Əməkdar mədəniyyət işçisi"
fəxri adını alıb; başqa sözlə, bu fəxri ada İKİ DƏFƏ
layiq görülmüş
YEGANƏ jurnalistdir...
On il bundan
qabağın söhbətidir,
oturmuşam bir redaktorun, daha doğrusu, baş redaktorun otağında və onunla dünyanın gərdişi
barədə dərdləşirik.
Mənim nəvəm yaşında bir qız içəri girir, salamsız-kəlamsız
baş redaktora nə barədəsə məlumat verib geri qayıtmaq istəyəndə, bu baş redaktor ondan soruşur ki, bəs içəri
girəndə niyə
salam vermədin?
Qız qayıdır ki, mən bu
gün neçənci
dəfədir bu otağa girib-çıxıram
və salam
da vermişəm... Müdir him-cimlə buna qandırmaq istəyir ki, mənə yox, bu müəllimə, yəni qonağa salam vermək
lazım idi. Qız çiyinlərini çəkir və bəndənizi tanımadığını
bildirir, yəni tanımadığım adama
niyə salam
verməliyəm ki?! Onda baş redaktor
mənim ad-soyadımı
söyləyir - qız
yenə təəccüblə
üzümə baxır;
bunu görüb az qala birnəfəsə bütün
titullarımı, hansı
mətbuat orqanında
hansı vəzifələrdə
çalışdığımı sadalayır. Ancaq bunun da bir
təsiri olmur və "nəvə"
birmənalı şəkildə
"baba"sını tanımır...
Vəziyyətdən çıxmaq
üçün baş
redaktor üzrxahlıqla
qızın jurnalistika
üzrə magistraturada
oxuduğunu bildirir...
Necə bilirsən, Tofiq, mən bundan sonra ölməliyəmmi? Demə,
heç də yox! Bu hadisə-faktdan düz SƏKKİZ İL sonra
qol.az saytında elə
həmin o qızla yaşıd olan Aydın Bağırovun
"Korifeylər və
intelligentlər" adlı
yazısını oxuyuram.
Gör o, nə yazır:
"Az əvvəl Rövşən Binnətliyə,
Azərbaycanın idman
jurnalistikasının ağsaqqallarından
sayılan, dünən
100 yaşını qeyd
edən futbolumuzun təbliğində müstəsna
xidmətləri olan Rövşən Binnətliyə
zəng edib soruşuram:
- Tədbiriniz necə keçdi?
Sualıma sualla cavab verir:
- Hansı tədbir?
- Mən tədbir deyəndə, əlbəttə
ki, AFFA-nın "Buta palace"da təşkil etdiyi möhtəşəm yubiley
mərasimini nəzərdə
tuturdum. Binnətlidən
aldığım cavab
məni təəccübləndirir:
- Ora dəvət olunmamışdım.
Ardınca dedikləri isə
məni artıq təəccübləndirmir, sarsıdır:
- Heç Şakir Yaqubov da çağırılmamışdı.
Tanıyan tanıyır, tanımayanlar
üçünsə çox
sadə, hamının,
o cümlədən AFFA-da
oturan yoldaşların
(daha burada hörmətli sözünü
əlavə etmək qətiyyən yerinə düşmür. Hörmət etməyi bacarmayan
və ya istəməyən adama nə hörmət?)
anlayacağı dildə deyirəm: Azərbaycan futbolu üçün Banişevski
kimdirsə, Azərbaycan
idman jurnalistikası üçün də Şakir Yaqubov odur"...
Sağ olsun bu cavan
oğlanı ki, Şakir Yaqubovun, heç olmazsa, Azərbaycan idman jurnalistikasındakı əməyini
bu dərəcədə
qiymətləndirib. Hərçənd
sən özün də yaxşı bilirsən ki, idman tematikası jurnalist Şakir Yaqubovun məşğul olduğu çoxsaylı sahələrdən yalnız
biriydi və o, yəni Şakir Yaqubov ürəyin istəyən temaların hər hansı birində kifayət qədər dəyərli
yazılar yazıb, elə indi də yazmaqdadır,
başqa sözlə,
o, təkcə idman jurnalisti deyil...
NOT: Suallara yazılı cavab alındığı
üçün bu və bundan sonrakı müsahibələrdə
həmkarımın vergülünə
və nöqtəsinə
toxunmadan çap edirik.
(Davamı olacaq)
abdin41@mail.ru
www.tofigabdin.com
Tofiq Abdin
Ədalət.-2013.-23 fevral.-S.15.