Yaradıcı şəxsiyyətə, xeyirxahlığa verilən qiymət

 

Görkəmli folklorşünas və ədəbiyyatşünas, dilçi, publisist, professional tərcüməçi Qəzənfər Paşayevin ictimai nüfuzu, elmi-təşkilatçılıq bacarığı, işgüzarlığı, insanlarla dil tapmaq qabiliyyəti, xeyirxahlığı haqqında indiyə qədər çox söz deyilib, çox yazılıb. Həmişə sakit və təmkinli olmağı bacaran bu şəxsiyyətin xarici görünüşündə, davranışında və danışığında xoş ovqat yaradan bir kompleks var. Bununla bağlıdır ki, o həmişə diqqət və qayğı ilə əhatələnir, haqqında həmişə xoş xatirələr dolaşır. Bu alimin cəmiyyətə, ətrafındakı insanlara təkcə özünü təqdimetmə qabiliyyəti ilə bağlı deyil, həm də keçdiyi zəngin, mənalı ömür yolunun qibtəedici səhifələri ilə əlaqədardır.

Elmi və bədii yaradıcılıq sahələrinin hər birində o istedadının, zəhmətinin gücünə irəli gedib, ad-san, nüfuz, hörmət-izzət qazanıb. Ədəbi ictimaiyyət və xalqımız Qəzənfər Paşayevi daha çox "Altı il Dəclə-Fərat sahillərində" əsəri ilə tanıyıb. Sovet hakimiyyəti dövründə bu cür əsərlərin meydana çıxması o qədər də asan başa gəlmirdi. Lakin 6 il İraqda tərcüməçi işləyən Qəzənfər Paşayev fürsətdən faydalanaraq ölkədəki Türkmənlərin ədəbiyyatını, folklorunu, ictimai və məişət qayğılarını mükəmməl öyrənməyə imkan tapmışdı və bu zəngin təəssüratın nəticəsində "Altı il Dəclə-Fərat sahillərində" əsərini yazmışdı.

Qəzənfər Paşayev İraqdan təkcə həmin dövlətin yüksək təltifləri SSRİ Nazirlər Sovetinin Fəxri Fərmanı ilə qayıtmadı. Eyni zamanda sinəsində və səfər çantasında İraq türkmənlərinin qayğı və problemlərini, Kərkük bayatılarını, zəngin folklor nümunələrini də Azərbaycana gətirdi. Sübut etdi ki, İraq türk dünyası üçün gözdən iraq, Bağdad M.Füzuli üçün qərib diyar deyil. O bizi ancaq türkmən mahnılarını və xalq deyimləri ilə tanış etməklə işini bitmiş hesab etmədi. Sübut etdi ki, Qafqaz, İran, Türkiyə kimi, İraq da türk məkanıdır, ürəyimizin bir parçasıdır. "Altı il Dəclə-Fərat sahillərində" əsərinin bu qədər çox sevilməsinin, həmişə aktual olmasının səbəbini bu faktorda axtarmaq lazımdır. Sonralar nəşr etdirdiyi "Kərkük bayatıları", "Kərkük dialektinin fonetikası", "Kərkük tapmacaları", "Kərkük atalar sözləri", Bağdadda çap etdiyi "Rusca-ərəbcə danışıq vəsaiti", "Kərkük folkloru antologiyası", "İraq  Kərkük bayatıları" və burada adını çəkmədiyim çoxsaylı əsərləri göstərdi ki, Qəzənfər Paşayev türk dünyasının mənəvi biliyinə çalışan, bu etnosun tarixini, ədəbiyyatını, zəngin mədəniyyətini öyrənən, bütün dünyaya tanıtmağa çalışan tanınmış ədəbi şəxsiyyət, geniş ictimai nüfuz sahibidir. O Kərkükün Əta Təbrizi, Mustafa Göyqaya, Əbdüllətif Bəndəroğlu, Sinan Səidi, Daquqlunusair alim və yazıçıları ilə daim əlaqə saxlamış, İraqa səfər edən Azərbaycan yazıçı və şairlərini,  alimlərini İraq mədəniyyəti və Türkmən ədəbiyyatı ilə yaxından tanış etmişdir.

Qəzənfər Paşayevin çoxillik fəaliyyətinə, yaradıcılığına həsr olunan "Ömrün əbədiləşən illəri" (Bakı, "Gənclik", 2012) əsəri belə demək mümkündür ki, onun təxminən 50 illik ədəbi-ictimai fəaliyyətinə verilən qiymətdir. Bəribaşdan qeyd edək ki, kitab zəngin ədəbi materiallar və təəssüratlar əsasında yazılıb. Kitabdakı müəlliflərin imzası da bunu bir daha təsdiq edir. Yazı müəllifləri sırasında Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev,  Teymur Bünyadov, Vasim Məmmədəliyev kimi akademiklər, Ə.Bəndəroğlu, N.Hacıyev, İ.Məlikzadə, H.Kürdoğlu, Ə.Cəfərzadə kimi yazıçılar da var. Səmimi duyğuların ifadəsi olan bu yazılar əsərdə müəyyən mərhələlər üzrə yerləşdirilib. Bu oxucuya imkan verir ki, Qəzənfər Paşayevin ictimai fəaliyyətini və ədəbi irsini ardıcıllıqla izləyə bilsin, onun çoxşaxəli, çoxtərəfli yaradıcılığı haqqında konkret təsəvvür əldə etsin.

Kitabdakı məqalələrin bir qismini vaxtilə İraqa gedən, Qəzənfər Paşayevlə orada görüşən ədəbiyyat mütəxəssisləri və yazıçılar yazıb. Ona görə də bu yazılar daha zəngin materiala əsaslanır, oxucunu maraqlandırır. Biz də müəlliflə bir yerdə İraqa qayıdır, hadisələrin, əhvalatların canlı şahidinə çevrilirik. Əzizə Cəfərzadənin, Sabir Rüstəmxanlının, Bəxtiyar Vahabzadənin, Vasim Məmmədəliyevin, Bəkir Nəbiyevin, Yaşar Qarayevin məqalələri buna əyani sübutdur. "Bayatıdan, Xoyratdan başlayan yollar və illər" məqaləsində Yaşar Qarayev qeyd edir ki, Qəzənfər Paşayevin İraq səyahətində əldə etdiyi ən böyük uğurlardan biri Nəsiminin divanıdır. İlk dəfə elm aləminə Qəzənfər müəllim tərəfindən təqdim edilmiş bu divandan sonra onlarca yeni Nəsimi qəzəli bədii və elmi dövriyyəyə daxil edilmiş, iyirmidən çox məlum qəzəlin məhz Nəsimiyə məxsusluğu barədə həqiqətə elmiestetik möhür basılmış, onlarca bədii nümunəyə təshihlər verilmişdir.

Bəxtiyar Vahabzadənin "O qədər uzaqbu qədər yaxın" yazısı da İraq təəssüratları əsasında yazılıb. Şair 1959-cu ildə R.Rza Q.Qasımzadə ilə birlikdə Kərkükdə olduğu günlərə qayıdır. Səfərdən qayıdandan sonra mətbuatda Kərkük xoyratlarını dərc etdirdiyini R.Rzanın ön sözü ilə "Kərkük bayatıları" (1968) kitabının, eyni zamanda Qəzənfər Paşayevin "Arzu Qənbər" dastanının (1971), "Kərkük mahnıları" (1973), "İraq-Kərkük atalar sözləri" (1978), "İraq Kərkük bayatıları" (1984) əsərlərinin nəşr olunmasını yada salır. Qəzənfər Paşayevin  türk xalq yaradıcılıq nümunələrini, folklorunu sistemli şəkildə toplamaq, çap etdirmək sahəsindəki fəaliyyətini S.Mümtazın ədəbiyyatımız qarşısındakı xidmətləri ilə müqayisə edir. Şübhəsiz ki, bu böyük və ədalətli qiymətdir. Həqiqətən də Salman Mümtaz kimi Qəzənfər Paşayevhalal zəhmətlə qazandığı pullarının bir qismini xalq ədəbiyyatının, türk mənəvi yaddaşının toplanmasına və nəşrinə sərf edir.

Qəzənfər Paşayevdən bəhs edən məqalələrin xronoloji ardıcıllıqla verilməsinin özündə  bir yenilik, qarşıya qoyulan məqsəd var. Kitabı vərəqlədikcə,  ötən əsrin 80-ci illərindən  çağdaş günümüzə qədər təxminən 30 illik bir dövrün tədqiqat istiqamətləri gözümüz önünə gəldiyi kimi, eyni zamanda Qəzənfər Paşayevin özünün də yaxından iştirakı ilə baş verən milli ədəbi-tarixi prosesin son 50 ili haqqında da bitkin fikir formalaşdırılır. Başqa cür desək, bu əsər təkcə bir yazıçının, ictimai xadimin, istedadlı alimin çoxillik ədəbi-elmi fəaliyyətinə verilən qiymət deyil. Eyni zamanda həm də çağdaş ədəbi və elmi düşüncəmizin bütöv bir mərhələsinin dərki mənasında qiymətlidir.

Bu cəhətdən Hüseyn Kürdoğlunun "Oxucuya bir neçə söz" məqaləsi diqqəti daha çox cəlb edir. Müəllif Qəzənfər Paşayevin araya-ərsəyə gətirdiyi Kərkük bayatıları haqqında məlumat verir. Qədim türk şeri janrı mənasında bu bayatıları təqdir edir. Hüseyn Kürdoğlu bunu da əlavə edir ki, mən bu formada uzun illər ərzində qələm çalsam da, kitablarım nəşr olunub bəyənilsə də, həyatını vaxtı keçmiş bir janr hesab edən bəzi ədəbiyyatçıların yanlış mülahizələrinə görə narahat idim. Qəzənfərin tədqiqatları əyani şəkildə göstərdi ki, həyatı bütün türk dünyasının ölməz şeiridirçağdaş şairlərin də bu biçimdə yazıb-yaratmağı son dərəcə gərəklidir. Yeddi hecalı, dörd misralı bayatı, həm də özünə şair deyənlərin sınaq meydanıdır.

Göründüyü kimi, Qəzənfər Paşayev təkcə qədim türk bayatılarını, xalq şeir janrlarını toplamaq və nəşr etdirmək fəaliyyəti ilə işini bitmiş hesab etmir. Həm də ənənəvi şeir formalarının poetik xüsusiyyətləri, janr topologiyası haqqında sanballı elmi fikirlər səsləndirir, onlara yeni həyat, yeni nəfəs verir. Bu prosesdə klassik şeir ənənələri öz qiymətini alır, ədəbi prosesin inkişaf istiqamətləri müəyyənləşdirilir. Qəzənfər Paşayevin ədəbiyyatımız qarşısındakı xidmətlərindən biri bununla bağlıdır.

Qəzənfər Paşayevin ümumi elmi-ədəbi fəaliyyəti kontekstində tərcümələri də xüsusi yer tutur. O, A.Dümanın "Qafqaz səfəri" (1985), Sula Venetin "Necə yaşayasan - yüzü haqlayasan" (1989), Aqata Kristinin "Mavi qatarın sirri" əsərlərini və başqa xarici ədəbiyyat nümunələrini dilimizə tərcümə edib. Bu tərcümələr peşəkarlıq baxımından, yüksək bədii keyfiyyətinə görə fərqlənir. "Ömrün əbədiləşən illəri" kitabındakı məqalələrin bir qismində bu sahəyə ayrıca yer verilir. Akademik Teymur Bünyadov öz xatirə məqaləsini Qəzənfər Paşayevin tərcümə etdiyi ABŞ Elmlər Akademiyasının və Ölkəşünaslıq Cəmiyyətinin üzvü Sila Venetin "Necə yaşayasan - yüzü haqlayasan" əsərinin tərcüməsinə həsr edib. Əsərin müxtəlif dünya xalqlarının dilinə tərcüməsindən bəhs edən müəllif onu da unutmur ki, Sovet İttifaqında bu kitab ilk dəfə respublikamızda "Yazıçı" nəşriyyatı tərəfindən nəşr olunub. "Necə yaşayasan - yüzü haqlayasan" əsərində  Qafqazda yaşayan türklərin,  gürcülərin, abxazların,  çoxsaylı Dağıstan xalqlarının adət-ənənəsi, milli xüsusiyyətləri dərin müşahidələrin nəticəsi kimi təqdim edilir. Sila Venetin yazır: "Qafqazlıların gücü-qüdrəti nə şəxsi qəhrəmanlığında, nə də var-dövlətlərindədir. Onun gücü-qüdrəti nəslə, kökə-soya bağlılığındadır.

Teymur Bünyadov Qəzənfər Paşayevin həmin əsəri yüksək peşəkarlıqla tərcümə etdiyini  bildirir, tərcümə üzərində ciddi yaradıcılıq axtarışlarının aparılmasını təsdiq edir.

 

(Ardı var)

 

Məhəmmədəli

MUSTAFAYEV,

AMEA-nın Nizami

adına Ədəbiyyat İnstitutunun 

aparıcı elmi işçisi,

filologiya elmləri doktoru

 

Ədalət.-2013.-26 fevral.-S.6.