"ARAMIZDA QALSIN"IN BAŞ QƏHRƏMANI
"Hədəf"
rubrikası İntiqam Valehoğlunun
təqdimatında
İkinci
"Hədəf"imiz tanınmış aktyor Qurban Məsimovdur.
Uzun müddət efirlərin ulduzuna çevrilən bu aktyor nədənsə
indi mədəniyyət gündəmində deyil. Aktyorun sənət
yeniliklərini və baş rol oynadığı
"Aramızda qalsın" serialından uzaqlaşma səbəblərini
ilk dəfə biləcəksiniz.
- Qurban müəllim, hazırda nə
işlə məşğulsunuz?
- Gənc
Tamaşaçılar Teatrında "Qaraca qız"
tamaşasına quruluşçu rəssam kimi dəvət
almışam. Tamaşanın quruluşçu rejissoru Vaqif Əsədovdur.
İşlər yekun mərhələsindədir. Hələlik
yeni çəkilişlərim yoxdur. Bir beynəlxalq layihə
ilə danışıqlarımız gedir. İstedadlı gənclərin
müxtəlif seriallara yönlənməsinə
yardımçı olmağa çalışıram.
- Bir
sözlə, hələlik aktyor kimi fəaliyyətiniz
yoxdur...
-Bəli.
Bir də "Simsar" teatrında gənc aktyorlarla məşğələlər
keçirirəm.
-
"Aramızda qalsın" serialından
ayrılmağınızın səbəbi hələ də
qaranlıqdır.
-
Yeni müqavilə şərtlərini qəbul etmədim. Yəni
reklamlara ödənişsiz çəkilməkdən imtina
etdim.
- Doğrusu mən bu səbəbi çoxdan
bilirdim. Amma sizin etirafınız daha maraqlı idi.
- Serial bazarında biz ən zəifimiz qədər güclüyük. Təbii ki,
uğurlu aktyor ansamblı serialın uğurunun yarısıdır.
- İndi
həmin seriala baxırsınız?
- Öncə də "Aramızda Qalsın"a baxmırdım. Yalnız maraqlı quruluş
olanda onun montajdan sonra necə təqdim olunacağını izləyirdim.
İndi də ara-sıra imkan olanda hadisələrin
gedişinə və aktyorların oyununa baxıram. Amma sırf informatik.
Əvvəl isə serial efirə
gedəndə çəkilişdə
olanda demək olar ki, heç
baxa bilmirdim.
- Sizin həmin serialda rol aldığınız
vaxtla indikinin fərqi varmı?
- Düşünürəm ki,
bunu özünüz daha yaxşı bilirsiniz. Hər halda "Aramızda
qalsın" serialının
uğurlu bir layihə olmasını istəyirəm və orda çalışan hər kəsə uğurlar diləyirəm.
- Bu sualı əksər peşəkar həmsöhbətlərimə
verirəm. Niyə bizim serialların
çoxu uğursuz alınır?
- Bu mövzuda günlərlə
danışmaq olar. Bu, tamamilə yeni
sektordur. Peşəkarların yetişməsinə zaman lazımdır. Peşəkar texniki qrup, aktyorlar,
çəkiliş vərdişi
gərəkdir uğurlu
serial üçün. Zamanla düzələcək yəqin.
- Qayıdaq reklam məsələsinə.
Serialın sponsorunun reklamına
çəkilmək üçün
nə qədər qonorar tələb etmişdiniz?
- Bu, kommersiya sirridir (gülür).
- Bu kommersiya sirri nədirsə, ancaq Azərbaycan üçün
keçərlidir.
- Ola bilər.
- Əkrəm
Əylisli olayından
xəbəriniz var?
- Əsərini oxumamışam,
amma baş verənlərdən təəssüflənirəm.
- Niyə hansısa teatrda aktyor kimi fəaliyət
göstərmirsiniz?
- İxtisasım rejissorluqdur
(gülümsəyir).
- Amma hər kəs
sizi aktyor kimi tanıyır
- Razıyam. Düşündüm ki, aktyorluğu
da bilməliyəm.
Kiçik rejissor işlərim
indi də Pantomim teatrında oynanılır və dünyanı gəzir.
Ayrı-ayrı festivallarda tamaşalar
qurmuşam. Həmçinin şəxsi sifarişlərlə
filmlərim, dublyaj işlərim olub.
- Efirlərdən
uzaq düşməklə
populyarlığınızı itirməkdən qorxmursunuz?
- Qorxu? Populyarlıq sənətkarlıq deyil. Öz işini layiqincə
görməyə çalışdıqda,
kimə lazımsansa və nəyə gərəksənsə səni
tapacaqlar.
- Populyarlıqdan
söz düşmüşkən,
"Bu şəhərdə"yə baxırsınız?
- Efirdə gedəndə baxıram.
- Bəyənirsiniz?
- O üçlüyə böyük
hörmətim var, güclərinə bələdəm.
Amma bazar tələbinə uyğun olaraq "Bu şəhərdə" topla
sərçə vurmağa
məcburdur.
- Sizcə sərçəni vura bilirlər?
- Hədəfə dəyirlər.
- Deməli, bu onların gücü deyil?
- Onlar daha güclüdürlər...
- Nə vaxtsa qadın paltarında səhnəyə
çıxmısınız?
- (düşünür) Olub. Məşhur gürcü rejissoru
Robert Sturuanın tələbəsi
olduğum vaxt onun "Hamletsiz Hamlet adlı layihəsində bir neçə üslubda oynamalı idim.
- Yəni burda ayıb sayılacaq nəsə yoxdur.
- Yoxdur. Amma aktyor da elə oynamalıdır ki, tamaşaçıda ikrah hissi oyatmasın.
Mənə bir filmdə oynamaq təklif edildi. Orda qadına çevrilməliydim
və elə oynamalıydım ki, tamaşaçı məni
qadın zənn etsin. Lap məşhur
"Tutsi" filmindəki kimi
(gülür)... Amma imtina
etdim.
- Niyə?
- Gördüm ki, xasiyyətimlə təzad
təşkil edir. Bu rola başqa
aktyoru təklif elədim və oyun üslubunda da həmkarıma kömək elədim.
Nəticə həmin aktyordan
və filmin rejissorundan asılıdır.
- Dövlət seriallara vəsait ayırır, siz də rejissorsunuz.
Bəlkə özünüzü sınayasınız?
- Dəvət etsələr,
düşünmək olar.
Amma indi serial çəkənlərin
çətinliklərini başa
düşürəm.
- Günlərin birində sizi türk seriallarında görə
bilərikmi?
- Türkiyənin o qədər
aktyoru var ki. Onları yerbəyer edirlər,
bizə ehtiyacları yoxdur. Onlarda bir aktyor serialdan çıxan kimi digər serial onu alır. Bizdə isə seriala yeni sifət axtarırlar çox vaxt. Ona görə də
çəkilənlərin əksəriyyəti aktyor
deyil, sifətlərdir.
İstərdim ki, təsadüfən
seriala düşənlərdən
maraqlı aktyorlar çıxsın. Amma dünyada
aktyor təhsili olmayan, gözəl görünüşlü modellər
də aktyor kurslarında təhsil alırlar.
- Amma belə bir deyim
var ki, yaxşı
aktyora hər zaman tələbat var. Sizcə rəqabətə
davam gətirə bilməzsiniz?
- "Yaxşı aktyora
hər zaman tələbat var" deyiminə inanmıram. Burda rejissor
və prodüser konsepsiyası daha çox rol oynayır. Rəqabətə gəlincə, bir
rola bir neçə nəfəri
yoxlayırlarsa, yenə
də güclü seçilməlidir.
- Bundan əvvəl hansısa serialda çəkilmisiniz?
- Çəkildiyim ilk serial Ramiz
Fətəliyevin ekranlaşdırdığı
"Moment istini"da epizod
olub. Rauf rolunu oynamışam.
Sonra Ramiz Fətəliyevin Rusiyanın
sifarişi ilə çəkdiyi "Qraf Krestovski"də cangüdən
Tayr obrazım olub. Serialda sonuncu işim
isə "Aramızda
qalsın" da baş rol - Mehman olub.
- Yeni təkliflər var?
- Hər dəvətlə də razılaşmaq olmaz.
- Deməli, dəvətlər
var, razılaşmırsınız?
Burda da maddi şərtlər
qane etmir?
- Hələ ki dəvət yoxdur (gülümsəyir).
- Son olaraq sizi sevənlər
Qurban Məsimovdan basqa hansı yenilikləri gözləsinlər?
- Məni sevən xanımım və əzizlərimdir. Yaradıcılığımda aldığım ləzzətlə bölüşdüklərim
isə heç nə gözləməsinlər.
Maraqlı nəsə baş
verəndə onlara sürpriz olsun. Valeh etməyi uşaqlıqdan sevirəm.
Məsimov Qurban
Ədalət.-2013.-26
fevral.-S.8.