Yaradıcı şəxsiyyətə,
xeyirxahlığa verilən qiymət
(əvvəli ötən sayımızda)
Atalarımız yaxşı deyib ki, çox yaşayan çox bilməz, çox gəzən çox bilər. Rəsmi dövlət qulluğu, elmi, bədii yaradıcılığı ilə bağlı o bir sıra ərəb ölkələrində, ABŞ-da, İngiltərədə olub. Zəngin təəssüratlarını sonralar bədii əsərlərində, məqalələrində ədəbi ictimaiyyətlə bölüşüb. Azərbaycanı xaricdə ləyaqətlə təmsil edib, elmimizin, ədəbiyyatımızın, mədəniyyətimizin xarici ölkələrdə təbliğ olunmasına çalışıb. Professor Vasim Məmmədəliyev "Bir ömürlük xidmət" yazısında M.Füzulinin 500 illik yubileyi ilə əlaqədar İraqda keçirilən yubiley tədbirlərini yada salır. Q.Paşayev həmin tədbirdə "Füzuli və XVI əsr Bağdad mühiti" mövzusunda çıxış edib. Vasim Məmmədəliyev həmin məruzənin xarici qonaqlar tərəfindən rəğbətlə qarşılandığını, hətta İran alimlərinin professor Qəzənfər Paşayevin istər Orta əsrlər, istərsə də müasir İraq tarixini, mühitini gözəl bilməsini heyranlıqla etiraf etmələrindən yazır. Onu da qeyd edir ki, həcmcə o qədər də böyük olmayan bu məqalə yeni fundamental tədqiqatlar üçün bir növ zəmin rolunu oynaya bilər.
Qəzənfər Paşayev universal ədəbi şəxsiyyətdir. O həm çox, həm də məzmunlu yazmağı bacaran qələm sahiblərindən hesab olunur. 2012-ci ildə "Təhsil" nəşriyyatında nəşr olunan 7 cildliyi bunu bir daha təsdiq etdi. Onu da qeyd edək ki, əsərləri 7 cilddə çıxan alim və yazıçılarımızın sayı o qədər də çox deyil. Bu da professor Qəzənfər Paşayevin zəhmətsevərliyindən xəbər verir. Qəzənfər Kazımovun "Ədəbi yaşar, ədəbi-elmi abidə və ya iftixar doğuran yaradıcılıq" məqaləsi məlum çoxcildliyi əhatə edir. Qəzənfər Kazımovun qeyd etdiyi kimi, "Seçilmiş əsərlərdə"ki bədii və elmi yaradıcılıq nümunələri ancaq mətbuatda və nəşriyyatda çap olunan əsərlərdən ibarətdir. Çoxcildlik çapa hazırlanarkən müəllif onların üzərində yenidən işləməyi lazım bilməyib. Qəzənfər Paşayev yazıçının bu mövqeyinin düzgün olduğunu bildirir. Çünki doğrudan da hər bir əsər dövrün təfəkkürünün məhsuludur. Bu məqamda həm də redaktor və rəyçi əməyinə də hörmət qoyulur.
Ustadımız, akademik Kamal Talıbzadə həmişə deyərdi ki, hər bir alimin, onun elminin arxasında şəxsiyyəti dayanır. Şəxsiyyətində qüsur olanlar yüksək elmi nüfuz və karyera qazana bilməz. Qəzənfər Paşayevin ictimai, elmi və bədii fəaliyyətinin arxasında (hətta önündə) onun parlaq şəxsiyyəti dayanır. Həddən artıq sadə, təvazökar, iddiasız ziyalıdır. Xalq arasında belə insanlara gözü-könlü tox adam deyirlər. Kövrək qəlbi var, şair kimi duyğuludur, mərddir, sözübütövdür. Ancaq bütün bunlarla birlikdə, işində, vəzifəsində prinsipial və dəqiqdir. O, uzun müddətdir ki, AMEA-nın Nizami adına ədəbiyyat İnstitutunun Dissertasiya Şurasının həmsədridir və o bu vəzifənin öhdəsindən çox böyük işgüzarlıqla gəlir, müdafiələr mütəşəkkil və qızğın müzakirələr əsasında aparılır. Bu da onun bir ziyalı, alim kimi şəxsi keyfiyyətlərinin bəhrəsidir. "Ömrün əbədiləşən illəri" kitabındakı məqalələrinə əksəriyyətində Qəzənfər Paşayevin şəxsi keyfiyyətlərinə toxunulur, bu cəhətə xüsusi fikir verilir. Akademik Bəkir Nəbiyev, professor Yaşar Qarayev, professor Nizami Cəfərovun birgə imzaladığın "Azərbaycanın dəyərli ziyalısı və alimi" yazısında qeyd olunur ki, Qəzənfər Paşayevin çoxcəhətli yaradıcılığı və şəxsiyyəti ilə daha yaxından tanış olduqca inkarolunmaz bir həqiqətin şahidi oluruq. Sadə, mehriban, təvazökar insan olan Qəzənfər müəllim xeyirxah insandır. Yaradan ona elə tale və imkan qismət etmişdir ki, xeyriyyəçilik fəaliyyəti ilə də məşğul ola bilir. Şəhid ailəsinə yardım edir. İmkansızlara və maddi vəziyyəti ağır olan bəzi yaradıcı ziyalılara vaxtaşırı kömək əlini uzadır, kitablarının nəşrinə sponsorluq edir. İçərişəhərdə olan Nizami adına Ədəbiyyat İnstitutunun Folklor sarayındakı böyük zal və bir otağı təmir etdirərək "İraq-türkmən ocağı" yaratmışdır. Qəzənfər müəllim Dədə Qorqudun dəmirağacdan yonulmuş möhtəşəm heykəlini öz vəsaiti hesabına alıb Folklor sarayına bağışlamışdır. "Ədəbiyyat qəzeti" iki il öncə onun bağışladığı kompüter (bilgisayar) dəsti ilə yığılır. O böyük qədirşünas kimi müəllim, akademik Məmmədağa Şirəliyevin Fəxri Xiyabanda məzarının üstünü götürtdürmüş, eləcə də yaş fərqinə baxmayaraq, uzun illər dostluq etdiyi akademiyamızın müxbir üzvü Abbas Zamanovun məzarını abadlaşdırmışdır.
Bizim böyük alimlərimizin yazdığı bu məqalədə tarixən Azərbaycan ziyalıları üç qrupa bölünür; ənənəvi Şərq ziyalı tipi, rus-qərb ziyalı tipi və hər ikisinin sintezindən ibarət olan yeni Azərbaycan ziyalı tipi. Qəzənfər Paşayev Şərq və Qərb ziyalı tipinin ən yaxşı keyfiyyətlərini özündə birləşdirən ziyalı tipinə daxil edilir. Buradakı xeyriyyəçilik tədbirləri onun gördüyü işlərin ancaq kiçik bir hissəsidir. Təkcə onu qeyd edək ki, Qəzənfər Paşayev BDU və Azərbaycan Universitetində xeyli sayda tələbə və aspirantı himayəyə götürüb, onlara maddi yardım göstərir.
Qəzənfər Paşayev inamlı-inanclı ziyalıdır, taleyə, qədərə inanır. Humanistliyi, insansevərliyi, təvazökarlığı da bununla bağlı olan Qəzənfər Paşayevin 760 səhifədən ibarət olan "Nostradamusun möcüzəli aləminə səyahət" kitabı oxucular tərəfindən rəğbətlə qarşılanıb. Bu əsər göstərdi ki, Qəzənfər Paşayevin müqəddəs və səmavi kitablar haqqında zəngin biliyi var. Hamıya bəllidir ki, Nostradamusun öncəgörmələri bütün dünyanı heyrətə salıb. Dinindən, inancından asılı olmayaraq, dünyanın hər yerində onun bəşəriyyətin gələcəyi haqqındakı proqnozları oxunur və təhlil edilir. Kitab Azərbaycan oxucusuna Nostradamusun tanıtmaq məqsədi ilə nəşr olunub. Sərvaz Hüseynoğlunun, Flora Xəlilzadənin, Zərifə Bəşirqızının məqaləsində "Nostradamusun möcüzələr aləmi" kitabı təhlil olunur. Kitabı bizim üçün əhəmiyyətli edən cəhət budur ki, burada Ermənistan-Azərbaycan münaqişəsi, Boris Yeltsinin Azərbaycana qarşı hiyləsi, münaqişənin hələ xeyli uzanacağı haqqında kodlaşdırılmış fikirlər var ki, Qəzənfər Paşayev bu mətləblərin bir çoxunu açmağa nail olub. "Elə bir aləm var ki" məqaləsində Zərifə Bəşirqızı yazır: "Q.Paşayev tədqiqatları ilə belə nəticəyə gəlib və göstərir ki, katrenlərin anlaşılmazlığının sirri ondadır ki, hadisə baş verməyincə onu görmək elə də asan olmur. Nostradamusun fikrincə, hadisələrin qabaqcadan bilinməsi arzuolunmazdır. Nostradamusun deyir ki, mən buna qadir olduğum halda, hər katrendə verilənlərin dəqiq vaxtını göstərsəydim, bu hər adamın ürəyincə olmazdı".
2007-ci ildə Azərbaycan Yazıçılar İttifaqının "Natəvan" klubunda "Nostradamusun möcüzəli aləmi" kitabının təqdimat mərasimi keçirilib. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar dünya baxıcılarından heç birinin Nostradamus qədər məşhur olmadığını və kitabın müəllifi Qəzənfər Paşayevə hədsiz hörmət bəslədiyini, professor Himalay Qasımov imkan olsa bu kitabı birnəfəsə, özü də dönə-dönə oxumaq arzusunda olduğunu, xalq şairi Zəlimxan Yaqub xeyirxah insan, el ağsaqqalı, el adamının maddi tərəfini düşünmədən, bu qədər sanballı, həcmli kitab ərsəyə gətirməsindən heyrətləndiyini, nəcibliyinə, insanlığına, alimliyinə, böyük ictimaiyyət adamı kimi fəaliyyətinə vurulduğunu, professor Alxan Bayramov Qəzənfər müəllimin öz adını dünya nostradamusşünaslarının adları sırasına yazdırdığını qeyd ediblər.
Biz məqalədə Qəzənfər Paşayevin fəaliyyətini klassik irsimizin bilicisi və toplayıcısı S.Mümtazla müqayisə etmişik. Lakin "Ömrün əbədiləşən illəri" əsərini oxuyanda bundan da böyük, layiqli qiymətlə qarşılaşdıq. Ədəbiyyat mütəxəssisləri F.Köçərlinin gördüyü işləri, klassik ədəbi irsimizi toplamaq yolundakı xidmətlərini bütöv bir tədqiqat institutunun görə biləcəyi işlə müqayisə ediblər. Nizami Cəfərov tərəddüdsüz həmin qiyməti Qəzənfər Paşayevə də şamil edir və düşünürük ki, onun aşağıdakı fikirlərim həqiqətin ifadəsi kimi səslənir: "Qəzənfər Paşayev bizim o ziyalılarımızdan, o böyük alimlərimizdəndir ki, yalnız bir sahə üzrə işləməyib. Biz onu gözəl dilçi, folklorşünas, etnoqraf, tərcüməçi və s. kimi tanıyırıq. Q. Paşayev bizim alimlərimiz içərisində, bəlkə də, ən çox iş görən və ən təvazökar tədqiqatçılardandır. Bu da onun bizim bugünkü ədəbi-ictimai həyatımızda mövqeyini xüsusilə möhkəmləndirir. Bu qədər böyük işləri başqa birisi görmüş olsaydı, yəqin onun ədası yerə-göyə sığmazdı".
Qəzənfər Paşayevin xeyirxah əməlləri, bədii və elmi təfəkkürü təkcə xatirə - məqalələrdə deyil, poetik nümunələrdə də yüksək qiymətləndirilib.
Tanınmış və istedadlı şairimiz Hüseyn Kürdoğlu Qəzənfər Paşayevin 60 illiyi münasibəti ilə "Tovuzum mənim - oğuzum mənim" (1998) adlı lirik poema yazıb. Həmin poemada şair Tovuz elinin saz-söz məkanı olması, bu torpağın tanınmış şairləri və onların yaratdığı ədəbi ənənələr yüksək poetik dillə qələmə alınıb. Kitabda həmin poemadan müəyyən bir hissə, həmçinin şairin digər iki əsəri - "Səsin gəlir", "Dostum Qəzənfər Paşayevə" şeirləri də yer alıb. Yenə şairin 60 illiyinə həsr olunan "Səsin gəlir" şerində Hüseyn Kürdoğlu yazır:
Qardaş, sənə kim deyir ki, qocalmısan,
Qələm çalıb, söz eşqindən tac almısan.
Altmış ilin zirvəsinə ucalmısan,
Keçən günün hər çağında səsin gəlir.
Qəzənfər Paşayev qibtəediləcək səviyyədə yazıb-yaradır, insanlara yaxşılıq etməkdən yorulmur. Üzünü həmişə sabaha, işığa tutan Qəzənfər Paşayevin yeni uğurlarını yəqin ki, çox görəcəyik.
Məhəmmədəli
MUSTAFAYEV,
AMEA-nın Nizami
adına Ədəbiyyat
İnstitutunun
aparıcı elmi işçisi,
filologiya elmləri doktoru
Ədalət.-2013.-27 fevral.-S.5.