EL SEVƏNİ ALƏM SEVƏR

 

Çağdaş dünyamızda  çoxlu sayda yazarlar var. Və onların hər biri qələmə aldığı hər hansı şeiri, hekayəni və publisist yazını özünəməxsus bir dildə oxucuya çatdırır. O yazarın ki, şirin dili var, hadisələrə fərqli yanaşır, təbii ki, belə kitabları oxumaq da çox asan olur. Bu günlərdə mənə çox hörmət bəslədiyim və gözəl ziyalı Səməndər Məmmədov yeni nəşr olunmuş "El sevəni aləm sevər" kitabını bağışladı.

Sözün düzü, indi kitab oxumaq o qədər də asan deyil. Birincisi, insanın yaş fərqi var, ikincisi də bəzən adam o qədər qayğılarla yüklənir ki, hər hansı kitabı vərəqləməyə vaxtı qalmır. Amma Səməndər müəllim bu kitabı mənə verəndə özüm də gözləmədiyim halda kitabın adı məni o qədər özünə çəkdi ki, birnəfəsə orda toplanan oçerkləri və müxtəlif kitablar haqqında rəyləri axıra qədər oxudum. Heç özüm də bilmədim ki, vaxtzaman necə gəlib keçdi. Bu yaşda bir gecədə hər hansı kitabı oxumaqbaşa çatdırmaq elə də asan deyil. Sadəcə olaraq, kitabı mənə oxutduran ayrı-ayrı tarixi şəxsiyyətlər, elm və sənət adamları barədə orijinal və səmimi bir formada qələmə alınmış yazılar idi. O yazılar ki, mənim ruhuma, qəlbimə bir işıq, bir nur gətirdi.

Ümummilli lider Heydər Əliyev haqqında və eləcə də Mir Cəlal Paşayev, Məmməd Araz, Zəlimxan Yaqub, Şamil Qurbanov,  filosof-alim Camal Mustafayev barəsində qələmə alınan oçerklər o qədər istedadlaşirin yazılmışdı ki, onları oxumamaq günah idi. Ən azından ona görə ki, Mir Cəlal PaşayevŞamil Qurbanov mənim müəllimlərim olub. Səməndər Məmmədov öz müəllimləri ilə bağlı bütün incəlikləri və detalları oxucuya elə ustalıqla çatdırır ki, həmin insanların şəxsiyyətinə, böyüklüyünə oxucuda inam yaranır. Oxucu inanır ki, bu insanlar özləri üçün deyil, ömürlərini, günlərini bu millət, bu xalq üçün şam kimi əridiblər.

Səməndər Məmmədov 1954-cü ildə Borçalıda - Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU-nun) filologiya fakültəsini bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm", "Abdulla Şaiq" və "Araz" ali ədəbi mükafatları laueratı, "Qabaqcıl təhsil işçisi"dir. "Faxralı", "Bir durna ayrıldı öz qatarından", "Payız çiçəyi", "Ümid qapısı", "Coşqun çay kimi", "Faxralı tək ağır elim var mənim", "Bir gəncin taleyi alt-üst olursa", "Nur çiləyənlər", "Ləkəsiz bir vicdan, böyük bir ürək", "Pedaqoji düşüncələr", üçcildlik "Ağır elsən, Borçalıda adın var", "İşıq ömrü yaşadı..." kitablarının müəllifidir.

"El sevəni aləm sevər" kitabı isə tamamilə həmin nəşrlərdən fərqlənir. Kitab ilk növbədə yüksək poliqrafiya nümunəsi ilə çap edilib. Kitabın redaktoru Musa Nəbioğludur. "Elm  təhsil" nəşriyyatı tərəfindən  çap olunan kitab həm də orijinal bir formada tərtib edilib. Başqa sözlə demiş olsaq, bu kitabda toplanan materiallar həm bədii dəyərinə, həm də estetik gözəlliyinə görə oxucunun diqqətini ilk baxışdan cəlb edir.

Kitabda toplanmış oçerklər: "Kremlə sancılmış türk bayrağı", "Müəllimlər müəllimi", "Böyük söz fatehi", "Ocaqdı şamilim, pirdi Şamilim", "Ölməz şairə böyük ehtiram", "Min budağın kökü olmaq" xoşbətliyi, "Alimlik, insanlıq yüzdə birdədir"g yazıları oxucunun ürəyinin sarı siminə toxunur.

Bayaq dediyimiz kimi bu oçerklər çox səmimi və şirin bir dildə qələmə alınıb. İndiki kitab bolluğunda oxucunu təəccübləndirmək və sevindirmək heç də hər qələm sahibinə nəsib olan məziyyət deyil. Sevindirici hal odur ki, şair-publisist Səməndər Məmmədov ayrı-ayrı tarixi şəxsiyyətlər, ziyalılar və təhsil işçiləri barəsində qələmə aldığı oçerklərdə  onların hər birinin obrazını çox gözəl detallarla və incəliyinə qədər oxucuya çatdıra və sevdirə bilir. Oxucu bu təqdimatdan sonra həmin oçerklərin qəhrəmanlarını özünə ən yaxın insan, sirdaş və həmdəm bilir. Elə ən böyük ustalıq da budur ki, qəhrəmanını oxucuya sevdirə biləsən.

"Kremlə sancılmış türk bayrağı" oçerkində müəllif yazır: "Kremilə sancılmış türk bayrağı - Heydər Əlirza oğlu Əliyev sonradan bütün türkdilli dövlətlərin bayrağına çevrildi. Bilmirəm, nədənsə hər dəfə Ümumilli Liderimiz Heydər Əliyevi xatırlayanda yadıma Ramiz Rövşənin bu misraları düşür:

 

Kimini taleh səsləyir,

Kimi bəxtə-bəxt doğulur..."

 

Böyük yazıçı, böyük alim, böyük ziyalı və böyük müəllim Mir Cəlala həsr olunmuş "Müəllimlər müəllimi" oçerkində diqqətimizi bu sətrlər özünə çəkdi: "Mir Cəlal müəllim qaygıkeş adam idi. Tələbənin qayğısına qalardı. Özüuşaq kimi sadə idi. Hələ onun predmetindən bircə nəfər tələbə də kəsilməmişdi. Bu, çox böyük hadisə idi. Onun cavan müəllimlərə belə bir nəsihət verdiyini mən özüm eşitmişəm: müəllimin bir qulağı eşitməməli, bir gözü də görməməlidir. Bəli, o, həm görən və eşidən, həm də "görməyən" və "eşitməyən" müəllim idi".

"Böyük söz fatehi" oçerkində Səməndər müəllim Zəlimxan Yaqubun nə qədər istedadlı və vətənsevər bir şair olduğunu yenidən oxucunun diqqətinə çatdırır. Oçerkdən oxuyuruq: "... ZəlimxanYaqub. Bu ad nəinki Borçalıya, Azərbaycana, bütün türk dünyasının ədəbiyyatsevərlərinə, poeziyasevərlərinə yaxşı tanışdır. "Vətənin qıraqda qalan yeri" Borçalı mahalının Kəpənəkçi kəndindən başlamış türk dünyasının istənilən obasına, köyünə, auluna qədər hər yerdə Zəlimxana sevgi var, məhəbbət var. Zəlimxan Yaquba olan sevginin, məhəbbətin isə sərhəddi yoxdur. Zəlimxana söz haqdan gəlib, Allahın çox gözəl bəndəsidi Zəlimxan Yaqub. Necə ki, şeirlərin birində deyir:

 

... Zəlimxanın ürəyi bir saraydı,

Qonaq olun, ay Allahı sevənlər..."

 

Bütün bu tapıntılar və təqdimatlar Səməndər müəllimin digər qəhrəmanlarını da oxucuya sevdirə biliroxucunun ürəyində belə bir hiss yaranır: el sevəni aləm sevər. Qoy sevsin! Bundan gözəl  ola  bilər?! Əlbəttə əgər "El sevəni aləm sevər" kitabını oxucular vərəqləsələr, onda görərlər ki, bu kitabın qəhrəmanları nə qədər bu xalqa doğmadır, əzizdir və unudulmazdır.

 

 

Faiq QİSMƏTOĞLU

 

Ədalət.-2013.-27 fevral.-S.6.