QORİDƏN GƏLƏN QATAR

 

Firudin bəy Köçərli – 150

 

Vaqonda ikicə nəfər idilər - Firidun bəy Köçərli və arvadı Badisəba xanım. Qatar Tiflisə çatana qədər Firidun bəy gözünü belə qırpmadı. Naftunluğu ötəndə isə oturduğu yerdəcə yatdı. Badisəba xanım onun əszgin və yorğun üzünə baxa-baxa qalmışdı. Sarışın sifətində çoxdan ötüb keçmiş gəncliyin, gümrahlığın hələ də təravəti vardı.

Bir azdan qatar taqqa-turupla Böyük kəsiyi keçib, Salahlıya tərəf şütüyəndə Badisəbanın kəndi yadına düşdü, sağ səmtə baxa-baxa qaldı. Kürün o biri sahilində onun uşaqlığı, ilk gəncliyi qalmışdı. Doğma Salahlının yastı-yapalaq damları qaralırdı. Avey dağı, bir az aşağıda narlı qaj, bu yanda isə Ceyrançöl düzü, məşhur Qarayazı meşəsinin ətəyindən qıvrıla-qıvrıla axıb gedən Kürün qıraqları nə füsunkar, nə gözəl idi.

Kənddə daşdan çox az tikili var idi. Məscid, mədrəsə, bir də Abbasağa Qayıbovun imarəti uzaqdan diqqəti cəlb edirdi. Yoxsul kəndli damları Kür qırağı boyunca sıralanmışdı. Yaşıl böir lent kimi Kürün yaxasına biçilən Qarayazıda, Sədəfli biçənəyində heç nə dəyişməmişdi. Talalarda təkəm-seyrək mal-qara, qoyun sürüləri otlayırdı.

Bu, yaylağa qalxa bilməyən kasıb-kusubun dolanacağı, var-dövləti idi. Qart palıdların, şöy köyrüclərin, cökələrin yarpaqlarında azacıq saraltı görünürdü. Payız meşəyə, biçənəklərə, talalara təzəcə sığal çəkməyə başlamışdı.

Gözü o tayda, fikri-xəyalı uşaqlıq dünyasında qalan Badisəba atası evinin qara torpaq damlar arasında axtardı, tapa bilmədi. Məscidin bərabərində paltar sərilmiş daxmaya baxıb sevindi. "Yusif əmioğlunun evidi, - deyə fikirləşdi, - görən uşaqları anasız necə böyütdü?".

Qatar fit verib köhlən at kimi kişnədi. Təpəsindəki hisli-paslı qara şiş borudan iki-üç dəfə dümağ buğ buraxdı. Elə bil kimisə köməyə çağırır, kiməsə deyirdi ki, dünyanın Petroqrad adlı şəhərində əməkçi insan al bayraq qaldırıb, zülmkar çarı taxtdan saldı. Oyanın, yığışın "eh, əhli-müsəlman", mən maarif, işıq gətirirəm sizə.

Qori, Tiflis uzaqlarda qaldı, Sədəfli, Ağalı, Şəmmədli məhəlləri isə Kürün o tayında. Yaxınlaşan Tamaşa körpüsü, bir də oylu stansiyası idi.

Körpüyə xeyli qalmış sürətini azaldan qatar birdən lap yavaşıyıb dayandı. Badisəba əvvəlcə sağ, sonra  sol pəncərədən təəccüblə çölə baxdı. Elə bu vaxt pəncərənin yanından sürətlə üç-dörd atlı keçdi. Badisəba xanım yarı-açıq pəncərədən kiminsə qışqıra-qışqıra maşinisti söydüyünü eşitdi. Dönüb ərinə baxdı. Firidun bəy elə şirin mürgüləyirdi ki, Badisəba qıymadı onu oyatmağa. Lakin irəlidə qalmaqalın, hay-küyün daha da gücləndiyini görüb, Firidun bəyi bir-iki ağız ehtiyatla səslədi. Onun yorğun, yuxulu başı əyilib sinəsinə düşmüşdü. Əlini dizinə qoyub:

-Firidun, ay Firidun, qatar nəsə dayandı, - dedi.

Firidun bəy diksinib oyandı. İkiəlli üz-gözünü, alnını övkələyib, yuxusunu dağıtdı. Dağılmış seyrək saçlarını, nazik saqqalını tumarladı. Bığını qurdalaya-qurdalaya pəncərədən çölə boylandı:

-Qatar niyə dayanıb? - deyə o, pəncərənin ağzında dayanan Badisəbadan soruşdu.

-Bilmirəm, - deyib arvadı təəccüblə çiyinlərini çəkdi. Pəncərədən çölü göstərib - İndicə bir neçə atlı getdi, deyəsən, onlar saxladılar, odey, maşinistlər mübahisə edirlər, - deyib - irəlini göstərdi.

Firidun bəy ayağa durub, güzgüdə köynəyinin abnıtın düzəltdi, üst-başına diqqətlə baxıb:

-    Üzümü də yusaydım, pis olmazdı, - deəndə Badisəba onu yüngülcə irəli itələdi. - Boy Allah, elə bil şahzadə toyuna sağdışlığa hazırlaşır. Yeri, gör qatar niyə dayanıb?

Firidun bəy çiyni üstdən geri dönüb gülümsədi:

-Neçə dəfə demişəm, yenə deyirəm, müəllimin özünün səliqə-səhmanı bəddirsə, tələbəsini dərviş libasında görən təəccüb etməməlidir, - deyib bələdçinin çağırışına hay verdi.

Firidun bəy o anda çatdı ki, bələdçi pilləkəndə içəri soxulmaq istəyən adamları döşündən geri itələyirdi.

-Nə olub, qatar niyə dayanıb? - deyə Firidun bəy həyəcanla soruşdu.

Səsə geri dönən bələdçi:

-Ağa, - dedi, - bunların kim olduğunu bilmirəm. İçəri soxulurlar. Deyəsən sizi görmək istəyirlər. Qatarı da bunlar saxlatdırıb.

-İcazə ver, keçim, - deyib, Firidun bəy ehtiyatlı addımlarla yerə düşdü. Bu üç-dörd addımlıq məsafədə ürəyinə şübhə toxumu səpildi. Üz-gözündən gürcüyə oxşayan zabitlər onu lal-dinməz, qaş-qabaqla süzürdülər. Firidun bəy onlarla üzbəüz durub: - Nə olub? Kimi istəyirsiniz? - deyə soruşdu.

Əynində gödəkçə, başında kubanka olan ucaboylu, ortayaşlı zabit iri gözlərini bərəldib, Firidun bəyə təəccüblə baxırdı. Gürcü dilində yanındakına nəsə deyib, əlindəki matrağı titrədə-titrədə qəzəblə soruşdu:

-Siz aparırsınız seminariyanı?

gFiridun bəy işin nə yerdə olduğunu  dərhal anladı. İki addımlıqda kürən ayğırın yəhərinə yatan, elə ilk baxışdan qaçaq quldura oxşayan bu atlılardan gözü su içmədi. İki saat əvvəl Tiflisdən sorğu-sualsız keçəndə ona elə gəldi ki, daha qara-qorxudan qurtardı.  Özündə xeyri arxayınlıq hiss edən, ürəyi toxtayan Firidun bəy ana südü qədər şirin olan mürgüyə də elə onda təslim olmuşdu. Yolboyu "bircə Yevlaxa tez çataydıq" - deyib dururdu.

-Bəli, mən aparıram, - deyə sərli paqonlunun kənarında akselbantları titrəşən zabitə üz tutdu: - Nə olub məgər?..

-Sizə kim icazə verib dövlətin əmlakını şəxsi mal kimi vaqona doldurub aparırsınız? - Əsəbi zabit artıq ucadan qışqırırdı. Ağır təbiətli Firidun bəy təmkinini pozmadan:

-Cənab zabit, siz niyə belə əsəbisiniz? - dedi, - Özünüzə gəlin, toxtayın. Mən xalqın malını, xalqın balaları üçün aparıram. İstəyirəm ki, onlar dana-buzov otarmağa, küçələrdə, bazarlarda xırım-xırda alver eləməyə son qoysunlar. İcazəyə gəldikdə isə, əlbəttə, hökumətin icazəsi ilə aparıram.

-Nə hökumət, hansı hökumət?..

Firidun bəy istədi desin ki, Gürcüstan Menşevik hökumətinin icazəsi ilə. Bunun yalan olacağını duyub, ani olaraq fikrə getdi. Axı, bunlar elə menşevik hökumətiinin nümayəndələri idi.

Odur ki, - Gəncə qubernatorunun sərəncamına əsasən, -dedi.

Zabit hirsli-hirsli bir addım irəliləyib Firidun bəylə nəfəs-nəfəsə durdu.

-Nə vaxtdan Gəncə qubernatoru Gürcüstana rəhbərlik edir?! Bu saat seminariyanın bütün əmlakını qaytarın geriyə! Biz Gürcüstan menşevik hökuməti adından sizə əmr edirik!

-Cənab zabit, əsəbiləşməyin, yəqin ki, iki hökumət arasında danışıq və razılıq olub. Ona görə də mənə icazə verdilər ki, seminariyanın tatar şöbəsini Qoridən Ağdama köçürüm. Mən özbaşıma bu işə qol qoya bilməzdim.

Firidun bəy Gəncə qubernatoru məsələsini də yalan deyirdi. Özlüyündə fikirləşirdi ki, məsafənin uzaqlığını nəzərə alıb, bəlkə qayıdıb gedərlər. Həm də bu boyda  qatardan bir vaqonu ayırıb necə, nəylə aparacaqlar. Bu çölün düzündə, vaqonu ayırmaq da mümkün deyildi. Bir də o, az da olsa, Gəncə qubernatoruna bel bağlayırdı. Axı, oranın general-qubernatoru Badisəbanın əmisi oğlu İbrahim ağa Vəkilov idi. Bu qarışıq zamanda özgə bir hökumətdən, bir səlahiyyətli adamdan kömək gözləmək də mümkün deyildi. 1918-ci ilin yayında türk ordusu Qarsı, Ərdəhanı aldıqdan sonra Gəncəyə gəlib çıxmışdı. Bakıya dili bir, dini bir qan qardaşlarının köməyinə gedirdi. Müsavat hökumətinin baş naziri Fətəli xan Xoyski Gəncədə hökumət qurmaqla məşğul idi. Zaqafqaziyanın varlıları qüvvə toplayıb, Qafqazı şura Rusiyasından ayırmışdılar. Onların Tiflisdə təşkil etdikləri  "Seym" üç respublikanı birləşdirirdi.

Əslində Firidun bəy seminariyanın Azərbaycana köçürülməsini çoxdan planlaşdırırdı. Bu mühüm işə Azərbaycan maarifçiləri hələ 1884-cü ildə təşəbbüs göstərmişdilər. Seminariyanın müəllimi Səfərəlibəy  Vəlibəyov həmin il aprelin 24-də çağırılmış pedaqoji şurada Azərbaycan şöbəsinin vəziyyəti haqqında fikrini yazılı surətdə bildirmişdi. O, tələb edirdi ki, Azərbaycan şöbəsi müstəqil olsun və Azərbaycanın hər hansı bir rayonuna köçürülsün. Səfərəlibəy çox doğru olaraq əsaslandırırdı ki, məsafənin uzaqlığı, Qoridə azərbaycanlıların yaşamaması, şagirdin azlığı, müəllif kadrlarının istənilən səviyyədə hazırlanmasına mane olur.

Lakin Azərbaycan şöbəsinin ayrılmasının tərəfdarları pedaqoji şurada çox az olduğundan Səfərəlibəy Vəlibəyovun təklifini rədd etdilər.

1906-cı ildə Nəriman Nərimanov "Həyat" qəzetində "Qori seminariyası nerede olmalı" adlı məqalə ilə çıxış etdi. O yazırdı ki, Qori seminariyasına 60 şagirddən artıq qəbul olunmur. Qoridə həmişəlik sakin olan müsəlman yoxdur. Müsəlman olmayan surətdə kənardan gəlib oxuyan da olmayacaqdır. Qori Darül müəllimin Bakıda, ya da Gəncədə və ya qeyri-müsəlman şəhərində olsa, padşahlıq xərncinə oxuyan 60 nəfərdən savayı, 60 nəfər müsəlman uşağı da daha ziyada öz evlərində olarkən seminariyada elm, təhsil etməyə mümkünləri olacaqdır. Yəni, gündüzlər padşahlıq xəncinə oxuyan uşaqlarla bərabər, dərs oxuyub, axşamlar öz evlərinə gedərlər...

Firidun bəyin özü də həmin il avqustan 19-da Bakıda "Nəşri-maarif" cəmiyyətinin iclasında böyük bir nitqlə çıxış edərək, Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində vəziyyətin ağır olduğunu söyləmiş və şöbənin Azərbaycan şəhərlərindən birinə köçürülməsi məsələsini qaldırmışdı. Lakin nə rus çarğı, nə də gürcü knyazları seminariyanın Azərbaycan şöbəsini köçürməyə icazə vermirdilər.

İndi seminariya rəhbərliyinin yay məzuniyyətinə getməsindən, rus çarının yıxılmasından və gürcü knyazlarının hökumət qurmağa başlarının qarışmasından fürsət tapan Firidin bəy Azərbaycan şöbəsinə məxsus bütün əmlakı - mebel, kitabxana və başqa tədris ləvazimatını, müxtəlif avadanlığı vaqona doldurtdurub, öz xərci ilə Ağdama aparırdı. Ağdam,  - deyirdi, - hər halda Azərbaycanın rayonlarına Qoridən qat-qat yaxındır. Bir də ki, bu, bizim müsəlmanların: "Xristian içinə uşaq vermirəm" bəhanəsini də kəsərdi.

- Sür, Poyluda saxla. Orada Gəncə qubernatoru ilə əlaqə saxlayıb öyrənərik, görək hansı qanuna əsasən semiariyanı aparırlar, - deyib gürcü zabiti maşinistə təpindi.

Qatar tərpəndi. Firidun bəy on dəqiqəlik yolda az qala on il qocalırdı. Badisəba xanım ona toxtaqlıq versə də, özü narahatçılıqdan yer tapa bilmirdi. Xalqına maarif işığı aparan insanın arzularının puça çıxdığını görmək nə dəhşətmiş?!

-Bəlkə qohumlara xəbər verək, yoxsa qaytararlar geriyə, lap biabır olarıq, nə qədər zəhmətimiz...

Firidun bəy fikirli-fikirli:

-Əşi, zəhmətimiz cəhənnəmə ki, onsuz da bu qarışıq zamanda heç kəsin onu qiymətləndirməyə vaxtı da yoxdu. - Başını qaldırıb gözlərini Badisəba xanımın üzünə dikdi. - Doğrudan, bəlkə sənin qohumlarına xəbər göndərək.

-Mənim qohum olsa da, sənin xətrini məndən də çox istəyir. Hər halda bu adamlardan biri Qazaxın keçmiş qubernatoru Mənsur ağa Vəkilovu tanımamış olmaz. Onun gürcülər arasında çox yaxşı dostları var...

 

(ardı gələn sayımızda)

 

Şəmistan Nəzirli,

istefada olan polkovnik-leytenant

 

Ədalət.-2013.-27 fevral.-S.7.