QORİDƏN GƏLƏN
QATAR
Firudin bəy Köçərli – 150
(əvvəli ötən
sayımızda)
- Onda belə eləyək, - deyib
Firudun bəy oturduğu yerdən durdu. Qatar Poyluda dayanan kimi, sən
bir minik tapıb özünü Qazağa yetir, əhvalatı
Mənsur ağaya danış. Mən inanmıram, düşən
kimi Gəncə ilə əlaqə saxlaya bilək. Şamxorda
deyirlər "Zəkat" yığan türk əsgərləri
ilə möhkəm vuruşma gedir. Hətta dəmiryolu belə
dağılıb, yəqin ki, telefon xətti də sıradan
çıxıb. Mən də çalışaram bunlarla
çox mübahisə edib, başlarını qatım.
Qatar
fısıldayıb Poyluda dayandı. Firudun bəy perrona
çıxanda, gürcü zabitlərinin vağzal rəisini
axtardığını gördü. Sağ tərəfdə
meşin qapıya vurulmuş "Vağzal rəisi"
yazısının yanında dayandı. Zabitin göndərdiyi
kəndli ucaboy, enlikürək bir cavanla gəlirdi. Bu,
vağzal rəisi idi. Hələ uzaqdan Firudun bəyə təfərrüncə
baxa-baxa gələn rəis yaxınlaşanda
addımlarını yeyinlətdi. Xoş və utancaq bir təbəssümlə:
-
Salam, xoş gəlmisiniz, Firudun bəy, - dedi, - bizim obaya. -
Bir-bir qonaqlarla da görüşüb yenidən üzün
Firudun bəyə tutdu. - Deyəsən, tanımadınız.
Salahlı Şərif ağanın oğluyam. Ötən il
atamla Tiflisdə olanda sizi Müşti Mirzə Hüseyn əfəndinin
evində görmüşdüm.
Fikri
dağınıq Firudun bəy yarısevinc, yarıkədərlə:
-
Aha, xoş gördük, oğul, bağışla, bir az vəziyyət.
Qatarımız gecikdi. - O, gürcü zabitini və əsgərləri
göstərdi. - Bunlar saxlanışdırlar. Mən Qori
seminariyasının Azərbaycan şöbəsini Yevlaxa,
oradan da Ağdama aparmalıyam. Bunlar icazə vermirlər ki,
Gürcüstan menşevik hökumətinin rəsmi icazəsi
yoxdur. Əslində, oğul, - deyə o, bir az duruxdu, pencəyinin
yaxalığını düzəldib, - onu soruşdum,
telefonun işləyirmi?.. Gəlmişik sənin telefonunla zəng
vurub Gəncə qubernatoru ilə Gürcüstan menşevik
hökumətinin rəsmi danışığı
olduğunu bunlara deyək. Yoxsa...g
Rəis
üzünü gürcü zabitinə tutub:
- Siz
hansı ixtiyarla dövləin bu boyda qatarını
saxlamısınız? Bilirsinizmi, hər vaqonun bir neçə
dəqiqə dayanması nə qədər xərcə
başa gəlir? Ən başlıcası yollarda cədvəl
pozulur, bütün qəzalar da bundan törəyir. Yəqin
ki, bizim dəmiryolunun nizam-intizamının sizin hərbi
qayda-qanundan heç də geri qalmadığını
yaxşı bilirsiniz?
-
Naçalnik, bizim ixtiyarımız var. Özü də o
vaqonu geri aparacağıq, - deyib zabit ortadakı vaqonlardan birinə
tərəf əl uzatdı.
-
Qatar geri qayıda bilməz, onu qaytarmağa heç kəs cəsarət
edə bilməz, - deyə zabitə mülayimliklə bildirdi.
Yanında dayanan stansiya növbətçisinə: - Qatarı
yola salın getsin, - dedi. O, mübahisəli vaqonu isə
açıb kənarda saxlayın. Məsələ həll
olunandan sonra yola salarıq.
-
Yaxşı, biz zəng eləməyə gəlmişik. Əgər
Gəncə qubernatoru desə ki, rəsmi icazəsi var, onda qoy
teleqram göndərsin. Biz də çıxıb gedək. Mən
- Gürcüstan menşevik hökmətinin nümayəndəsi
ştabs-kapitan Xelaşvili bu məsələni həll eləməmiş
qayıdan deyiləm. Özbaşıma gəlməmişəm
ki, məni hökumət göndərib. Seminariya ləvazimatı
ilə dolu oan oğurluq vaqonu geri qaytarmalıyam.
Rəis
dəstəyə əl atıb:
- Bu
saat, - dedi. - Allo, Gəncə qubernatorunu... Necə, gözləməyək?
Nə vaxta kimi, xanım qız? Bir saat... Bu çox gec olar,
mümkünsə, burada çox vacib...g
Rəis
dəstəyi yerə qoydu. Üzünü qonaqlara tutub dedi
ki, Şamxorda vəziyyət çox ciddiləşib, - deyirlər.
Qubernator dünəndən oraya gedib, bu günə bəlkə
də qayıtdı. Hələlik bir stəkan çay
içək, bir azdan yenə zəng edərik.
Firudun
bəy narahatçılıq keçirirdi. Az qala
danışığını belə itirmişdi. Fikri-zikri
Badisəbanın yanında idi. Özlüyündə
Qazağın, Salahlının yollarını
ölçüb-biçirdi. "Kaş Mənsur
ağanı evdə tapa biləydi".
-
Oğul, heç soruşmadım, atan necədir,
sağ-salamatdırmı?
Sağ
olun, Firudin bəy, yaxşıdı, sizinlə
görüşünü, söhbətlərini həmişə
fəxrlə dost-tanışına nəql edir. Tiflisdə
çıxan "Azərbaycan tatarlarının ədəbiyyatı"...
Kitabınızı gecə-gündüz
əlindən yerə qoymur.
Qapı
ədəb-ərkanla döyüldü. Kandarda şux geyimli,
sərt baxışlı bir bəy dayanmışdı. O,
qalın bığına ötəri əl gəzdirib,
yarıaçıq qapını zər naxışlı əsası
ilə ehmallıca geri itələdi. Rəis dərhal yerindən
durdu. Qabağa yeriyib, hörmət və izzətlə:
-
Buyurun ağa, keçin içəri, xoş gəlmisiniz.
Əvvəlcə
Mənsur ağa, Süleyman ağa, Annaq bəy, Daşsalahlı
Məmməd kovxa, Mehdi ağa, Salahlıdakı rus-tatar məktəbinin müəllimi Əhməd
ağa Mustafayev, Qocaoğlu və Qazağın bir neçə
adlı-sanlı bəyləri içəri keçdilər.
Mənsur
ağa irəli yeriyib gürcü zabitinə əl verdi. Ani
olaraq üzbəüz durdular. Birdən qucaqlaşıb öpüşdülər.
Zabit geri çəkilib şaşkasını düzəldə-düzəldə?
-
Qamarçoba, genasvale - deyib, Mənsur ağanı yenidən
qucaqladı. Hal-əhval tutdular.
Mənsur
ağa, "Tato necədir, uşaqlar
sağ-salamatdılarmı? Bu yay bizim tərəflərə
yaylağa gəlmədiniz. Yəqin Məngilisə getmisiniz",
- deyə soruşdu.
-
Yox, Qocordadı uşaqlar, atam inad elədi ki, bu il
uşaqları Qocora aparıb özümün
cavanlığım keçən yerləri göstərəcəm.
Birdən nə bilmək olar, ölüm-itim
dünyasıdır...
-
Niko sağdımı, deyəsən Qocora getməklə
qocalıq ona əsər eləyib.
- Mənsur
ağa, atam çox yaxşı idi, sən ki, bilirsən,
Aleksandrın müharibədən qayıtmamağı onun
belini əydi, - deyib, - zabit cahan müharibəsində həlak
olmuş qardaşı üçün kövrəldi.
-
Heyf Aleksandrdan, - deyib Mənsur ağa da dostunun çox gənc
ikən həlak olmuş oğluna yanıb-yaxıldı. -
Vicdansızlar yenə dinc oturmurlar, dünyanı qan dənizində
təzədən çalxalayırlar. Necə ki, belə
parçalanmışıq... Hərə bir hökumət
qurmaq istəyir, ayrı yaşayırıq, sakit həyatımız
da olmayacaq. Onlar başa düşmürlər ki, ağac
kökü ilə güclüdür, insan dostları ilə.
rusiyada, deyirlər, əməlli-başlı hökumət
qurulub. Mən yeni hökumət başçısının
- Leninin bu yaxınlarda bir kitabını tapıb oxudum. Balam,
onun dediklərinin hamısı xalqın xoş güzəranı
naminədir. Mən şəxsən inanıram ki, Rusiyada yeni
Şura hökuməti bina tutacaq.
Mənsur
ağanın müsavat, daşnaq və menşevik hökumətinə
inamsızlığı bir neçə il əvvəl onu
qubernator vəzifəsindən azad etmişdi. Qara camaata
üzgörənliyi, "cinayətkarlarla" dolu Şəkərin
qalasını boşaltması, onları ancaq xırda-para cərimə
ilə azadlığa buraxması Mənsur ağanı
çar hökuməti yanında etibardan salmışdı.
"Çarizm yaltaqlıq edir" sözlərini ilk dəfə Qazaxda ali bir məclisdə Mənsur
ağa işlətmişdi. Ürəyi bununla soyumayan Mənsur
ağa: "Ağalar, - demişdi, - mən yaltaq adam görmüşdüm,
amma yaltaq hökumət yox, siz özünüz təsəvvür
edin, məgər yaltaqlığın da ömrü uzun olurmu?
Başını itirən imperator artıq xırda partiyalara,
zəif dövlətlərə belə yaltaqlanırdı. Rus
dilində səlis danışan və gözəl savadı
olan Mənsur ağa Peterburqda, Kiyevdə ali təhsil
almışdı. Onun qubernatorluğu dövründə Qazax,
Dilican nahiyəsi qaçaqlarla dolu idi. Qarapapaqlı Dəli
Ağabəyə, salahlı Qızılqaz oğlu Cahangirə,
nöyüt, mazut satmaq adı ilə kəndlərdə
inqilabi iş aparan Fərəhli Muxtar Hacıyevə
qarşı heç bir mübarizə, heç bir tədbir
görülmürdü. Hələ üstəlik
Çaylıda, Salahlıda kəndlilər mülkədarların,
bəyin üzünə ağ olurdu. Hətta yoxsul, Aslan
İsgəndər oğlu Daşsalahlı Məmməd kovxaya
qarşı sui-qəsd də eləmişdi. Kəndlərdə
polisi, məmuru daşa basır, vergi, töyücü verməkdən
imtina edirdilər. Bütün bunlara görə mənsur
ağaya "gözün üstə qaşın var" deməzdilər.
Ancaq çar hökumətinin ünvanına dediyi söz və
çara sadiqliyinin zəifliyini əsas tutub onu vəzifədən
azad etdilər.
Mənsur
ağa isə vəzifədən
çıxarılmağına görə zərrəcə
qəmlənmir, əksinə, bu barədə söhbət
düşəndə fəxrlə deyirdi:
-
El-oba ilə xoş rəftarı olmayan adam nə atasına, nə də
özünə rəhmət qazana bilər. Ulu babam vəkil
Alıağaya niyə hər yerindən duran rəhmət
oxuyur, çünki elin-obanın hökumətini qazanıb,
nifrətini yox. Xalq haqqı tələb edir. Mən onlara
qarşı çıxa bilmirəm. Xalq güclü bir seldi.
Mənsur
ağanın gürcü zabiti ilə söhbəti uzun olsa
da, oturanlar üçün darıxdırıcı deyildi.
Firudun
bəy onların belə səmimi dost çıxmalarına
hamıdan çox sevinirdi. Dinmədən sakitcə oturan
Firudun bəy ona görə narahatlıq keçirirdi ki, Mənsur
ağa niyə əsas mətləbə keçmir. O isə
arxayınlıqla çay içə-içə zabitlə
keçmişlərdən söhbəti söhbətə, əhvalatı
əhvalata calayırdı.
Nəhayət,
zabit üzünü rəisə tutub:
- Nə
oldu bizim qubernatorla söhbətimiz, biz geriyə nə xəbərlə
qayıdacağıq?
Rəis
əlini dəstəyə atmaq istəyəndə Mənsur
ağa işarə elədi ki, lazım deyil.
-
Teymuraz, - dedi, - məsələ mənə məlumdur.
Heç bir Gəncə qubernatoru-zad lazım deyil,
keçmiş Qazax qubernatoru olanda nə olar ki, yəni indi
bizim vəzifəmiz yoxdu, hörmətimiz, sözümüz də
alındı?.. - Firudun bəyi göstərib, - bunun
xalqımıza elədiyi misilsiz xidmətin heç kəs əvəzini
verə bilməz. Sizin mixail Kipianinin, Yakob Qoqebaşvilinin, Nikolay Lomourinin
yandırdığı maarif işığından
qığılcımı götürüb bizim xalqın qəlbində,
ürəyində yandırmağa aparır. Gəl, bu işi
hər şeydən qabaq Firudun bəyə bağışla,
- əlini ərklə onun
çiyninə qoydu. - O, həm də bizim kürəkəndi,
- deyib gülümsündü. - Mənim əmim qızı
Badisəbanın həyat yoldaşıdı.
Zabit
başını aşağı salıb
düşünürdü. Xeyli sükutdan sonra şəstlə
Mənsur ağanın üzünə baxdı.
-
Ağa, - dedi, - biz gürcülərdə bir məsəl var,
insan paltarını dəyişər, ürəyini yox. Nə
olsun ki, vəzifəniz yoxdu, kişiliyiniz, mərdliyiniz bizim
kimi dostların ürəyindən silinməz. Mən hər
şeyi sizə bağışladım, - deyib dostlarına
müraciət etdi. - İndi mənim əvəzimdə siz
olun, lütfən deyin görüm, nə edərdiniz?
Hər
üçü əvvəlcə çiyinlərini çəkdi.
Mənsur ağa ilə yanaşı oturan gənc poruçik
isə:
- Əlbəttə,
- dedi, - dostluğa bağışlardım.
İçəri
ortaboylu, şişpapaqlı bir kəndli girdi. Mənsur
ağa dərhal:
- Nə
olub, - dedi, orada boş fayton qaldımı, qonaqları bizə
aparmağa?
Kəndli
yazıq-yazıq:
-
Yox, - dedi, - ağa, hamısını yüklədik, boşu
qalmadı. İcazə versəniz...
Rəis:
-
Lazım deyil, - dedi, - axtarma, Mənsur ağa, bizim faytonumuzla
gedərsiniz.
Gürcü
zabiti papirosunu sümürüb külqabında
söndürdü.
-
Ağalar, - dedi, - onda belə danışaq, nə biz sizin
qatara çata bildik, nə də vaqonunuzu gördük. Əgər
qayıdıb desək ki, dostluğa bağışladıq,
onda Noy Cordaniya bizi Orta Calada dar ağacından asdırar.
Kənedli
əlini övkələyə-övkələyə:
- Mənsur
ağa, - dedi, - avadanlıqları hara boşaldacağıq?
Mənsur ağa ani olaraq
fikrə getdi.
- Hələlik, - dedi, - Məşədi İbrahim
Mirabın həyətinə
boşaldın, ora genişdi.
Hamı durub birgə perrona çıxdı. Gürcü
zabiti vağzala göz gəzdirib:
- Onda rüsxət verin, qatar
getsin, - dedi.
Rəis
gülümsünüb:
- Cənab zabit, qatar çoxdan
gedib, onu bu qədər saxlamağa bizim ixtiyarımız yoxdur.
- Bəs seminariya ləvazimatı? - Firudun bəyi göstərib, - bu kişi
qaldı, - dedi.
- Seminariya üçün narahat olmayın, artıq Qazağa çatmaqdadır.
Firudun bəy irəli yeriyib:
- Ağalar, bəylər, - dedi, - qəhərdən boğazı qurumuşdu, bir neçə dəfə öskürüb,
- siz ki, mənə bu təmənnasız yaxşılığı
etdiniz, mən də əvəzində sizə hörmət əlaməti olaraq onu edə bilərəm
ki, Qori seminariyasının Azərbaycan
şöbəsini Qazaxda
açım. Görünür
qismət belə imiş...
(ardı
gələn sayımızda)
Şəmistan Nəzirli,
istefada olan polkovnik-leytenant
Ədalət.-2013.-28
fevral.-S.8.