Eybəcər
(hekayə)
Yeddi il əvvəl
bitirdiyim universitetin yaxınlığında bir
mağaza vardı. Mağazanın qapısının üstündə, çərçivədə
qırmızı boyayla
"Xatirə" sözü
yazılmışdı. Qırmızı rəngi xatirələrə
heç cür yaraşdıra bilmirdim.
Keçmiş mənim
gözümə həmişə
ağ-qara rənglərdə
görünürdü. Görünür, dükanın yiyəsi keçmişi bu günlə uzlaşdırmaq
istəmişdi.
Evdə çoxdandan yığılıb
qalmış bir xeyli köhnə dəbli paltar vardı.
Bazar günü vaxt tapıb köhnə paltarları həmin dükana təhvil verməyə apardım.
Mağazaya girəndə adamı ötən əlli ilin havası vururdu. Köhnə paltarlar, otuz-qırx il əvvəlin bəzək-düzəyi, köhnə qoxular...
Mağazanın yiyəsi yaşına görə mağazadakı əşyaların dəblərini görmüş adam idi. O, açıq xurmayı rəngli, laklı stolun arxasında əyləşib yetmişinci illərin qəzetini oxuyurdu.
Müdirin oturduğu yerdən azca aralı köhnə musiqi valları olan dolab yerləşdirilmişdi. Ortaboy bir oğlan üzü dolaba dayanıb əlində tutduğu valın üstünə yapışdırılmış kağızda yazılanları oxuyurdu. Mən divarboyu asılmış paltarlara baxırdım. Səksəninci illərin dəbiylə tikilmiş, ətəyi gipür ağ qadın paltarı anamın gəlinliyini xatırladırdı.
Bu vaxtı həmin oğlan mənə yaxınlaşdı.
Bir də onda ayıldım ki, zəndlə mənim üzümə baxır.
- Tanımadın məni?
- ???
- Neçə il bir məktəbə gedib-gəlmişik...
- Eybəcər?!
Onu baxışlarından tanıdım.
Bir ayrı adam olmuşdu. Bərbad danışığından, kələ-kötür sifətindən, əyri ayaqlarından əsər qalmamışdı.
- Gör neçə il keçib!..
- On səkkiz ildi Moskvadayam.
Nə isə soruşmağıma macal vermədi.
- Qaçqın düşəndən
sonra dayım məni həkimə göstərmək üçün
Moskvaya apardı. Sonra qalıb dayımın yanında işləyəsi oldum.
- Oğuldan-uşaqdan nəyin
var?
- Dayım qızıyla evləndim. İki qızımız var. Böyüyüblər. Qayıtmaq istəyirəm.
Burdan ev
almışam. Yerbəyer eliyəndən
sonra gedib uşaqları da gətirəcəm.
Sonra bir az susduq. Ötən zamanların sözü-söhbəti
çox olduğundan,
onu bu dar
macala sığışdıra
bilmirdik.
- Natiq nə işlə məşğuldu? Yaxşıdırmı?
Qardaşımı soruşurdu.
Bozumtul gözlərini
üzümə dikib,
çoxdan aralı düşdüyü uzaq keçmişindən təzə
xəbər gözləyirdi.
Bilmirəm, bu anda mənim yadıma düşənləri o da
xatırlayırdımı?..
...Həmişə viran qoyulmuş evimiz, ölüb getmiş illərimiz, ayağımızın
altından qaçmış
torpağımız yadıma
düşəndə onun yerə sərilmiş əyri-üyrü
qaraltısı
gözümün önündə
canlanırdı.
Qardaşım soyuqqanlı, adama yovuşmaz olsa da, keçmişinə bağlı idi. Uşaqlıqdan, olub keçənlərdən danışanda
Eybəcəri də yada saldığımız
az olmamışdı.
Bacı-qardaş bir sinifdə
oxuyurduq. Qardaşım mənim ilk dostum,
həm məktəb, həm yol yoldaşım
idi. Evimizlə məktəbin arasındakı
yarım saatlıq yolu hər səhər
bir gedib, hər günorta bir qayıdardıq.
O biri yol yoldaşımız
hamının "Eybəcər"
dediyi həmin bu Asif idi.
Uşaqlar çörək yeyəndə onun üzünə baxmamağa
çalışırdılar, dili də ayağı
kimi axsayırdı.
Yol gedəndə yıxılmamaq
üçün əməlli-başlı
əziyyət çəkirdi.
İl on
iki ay məktəbə
çantasız gəlirdi.
Dərs vaxtı başını
partaya qoyub yuxulayırdı. Hər dərs ilinin sonunda müəllimlər
bir sınıq-salxaq
"3" yazıb onu
sinifdən-sinifə
keçirirdilər.
Qardaşım hara getsə, onu özüylə aparırdı. Dərsdən çıxanda evə
birgə qayıdırdıq.
Əmimgilin evi yolumuzun üstündəydi. Əmim uşaqlarının
istiqanlı nənəsi
arabir biz bacı-qardaşı
yoldan eləyib, darağı görsənən
əlləri ilə ovcumuza tut qurusu, kişmiş tökərdi.
Natiq həmişə payını
Asiflə yarı bölərdi.
Dekabrın sazaqlı günlərinin
birində üçlükdə
dərsdən çıxıb
evə gəlirdik. Yol boyu onlar öz aralarında
yeni çıxmış
velosiped haqqında danışırdılar. Sonra Eybəcər Moskvadan onlara qonaq gələn
dayısının alıb
gətirdiyi hədiyyələrdən
danışmağa başladı.
İkimiz də Eybəcərə
heyranlıqla qulaq asırdıq. Həmin anda
onun qüsurları gözümüzə görünmürdü,
elə bil Moskvadan gələn Eybəcərin dayısı
yox, özüydü.
Bizi daha da heyrətləndirmək
üçün dayısının
aldığı çantanı
açıb içindəki
dəftərləri, rəngli
karandaşları yolun
ortasında bir-bir bizə göstərməyə
başladı. Ən axırda
o bahalı qələmi
göstərdi. Dəmir
örtüklü qızılı
qələm
mənim də, qardaşımın da çox xoşuna gəldi. Eybəcər qələmi ürəklə
qardaşıma bağışladı.
Hərçənd Natiq
o qələmi az-az
işlədirdi, qıymırdı.
Yeni il yaxınlaşırdı. Bayramın gəlişinə uşaqlardan başqa heç kim sevinmirdi. Rayondakı yüksəkliklərdən atılan topların səsi gecələrimizi haram eləmişdi. Hər gün ölüm xəbərləri alırdıq.
Belə günlərin birində səhər dərsə yollandıq. Məktəbin həyətində hərbi maşınlar sıralama düzülmüşdü. Əsgərlər əl-qollarını ölçə-ölçə həyəcanla nəsə danışırdılar. Az sonra hər şey məlum oldu: cəbhədə vəziyyət ağırlaşdığından Bakıdan köməyə çoxlu hərbçi gəlmişdi. Gələnlərin bir qismini bizim məktəbə yerləşdirmişdilər. Ona görə də bizi ibtidai siniflər olan qanada köçürdülər. Ertəsi gündən dərsimiz günorta başlayacaqdı. Bu gün dərs keçilmədiyindən oğlanlar bayırda söhbətləşirdilər. Birdən bərk hay-küy eşitdik. Qızlara qoşulub bayıra çıxanda gördüklərimə inanmadım: qardaşımla Eybəcər əlbəyaxa olmuşdular. Müəllim onları ayıranda Eybəcərin burnundan qan damırdı. Qardaşım toz-torpaq içində çabalayan Eybəcərin bir az da əzilmiş üz-gözünə baxıb dedi:
- Yolunu düz gedə bilmir, mənimlə söz döyüşdürür.
Bunun ardınca o, Asifi ilk dəfə adıyla yox, ləqəbiylə çağırdı. Həmin gün evə ikilikdə qayıtdıq.
Dava kimin qohumlarının cəbhəyə gedib-getməməsi üstündə düşmüşdü. Eybəcər oğlanların yanında cəbhədə döyüşən qohumlarının sayı ilə öyünəndə bizim xarici ölkələrdə qulluq eləyən, dar gündə vətənin dadına çatmayan qohumlarımıza eyham vurmuşdu. Qardaşım da qınaqdan qurtarmağın ayrı yolunu tapmayıb yumruğunu işə salmışdı.
Eybəcər neçə dəfə barışmağa çalışsa da, qardaşım onu saya salmadı. Onsuz da heç kəsin yoldaşlıq eləmədiyi Eybəcər indi lap tək qalmışdı. Bir dəfə biz dərsdən qayıdanda onun da bizim arxamızca gəldiyini gördüm. Mən ayaq saxlayıb onu gözlədim. Qardaşım da dayanmağa məcbur oldu. Eybəcər sevincək bizə çatdı. Yolboyu danışmadan gedirdik. Birdən çantamın qulpu qırıldı, çanta əlimdən yerə düşdü. Eybəcər çantanı yerdən götürüb, aralı qalmış dəmir halqanı çantanın ilgəyinə keçirib sıxmağa çalışırdı. Soyuqdan bənövşəyi rəngə çalan barmaqlarının ucu titrəyirdi. Bunu görən qardaşım çantanı onun əlindən hirslə alıb dedi:
- Sənlik deyil.
Bundan sonra Eybəcər bizə yaxınlaşmadı. Ta o məktəbdən sonuncu dönüşümüzə qədər...
Birinci dərs
bitdi. Zəng çalındı. Bundan sonra cəbr dərsinə girəsiydik.
Oğlanlı-qızlı yeməkxanaya toplaşmışdıq.
Zəng vurulanda son tikələrimizi
yavanlıq eləyib sinfə qaçdıq.
Müəllim eynəyi gözünə
taxıb kitabı vərəqləyirdi. Onun
arvadı dörd il əvvəl
yel xəstəliyindən
ölmüşdü. Bu müddətdə
tək yaşadığından
müəllimin nə
huşu, nə də hövsələsi
qalmışdı. Özü
də çox vasvası adam
idi.
Dərsi başa salandan sonra müəllim sinfə diqqətlə göz gəzdirib yerinə keçdi. Uşaqların başı verilən tapşırığı yerinə
yetirməyə qarışmışdı.
Birdən müəllim
hamımızı fikirdən
ayırdı:
- Uşaqlar, mənim qələmimi görməmisiniz?
Hamımız döyükdük.
Bunu görən
müəllim çantasını
masanın üstünə
boşaltdı. Qələm üzə çıxmadı.
Kimsədən səs
çıxmadıqca cəbr
müəllimi bir az da əsəbiləşirdi. Sonra bir-bir
hamıya yaxınlaşıb
çantalarımızı yoxlamağa başladı.
Qardaşımla mən üçüncü
cərgədə əyləşirdik.
Dörd nəfərdən sonra növbə bizə çatdı.
Müəllim əlini qardaşımın
çantasına salıb-çıxaranda
Eybəcərin qardaşıma
bağışladığı qələm əlində gəldi. O, qəzəb dolu
heyrətlə gözlərini
qardaşımın üzünə
zillədi.
Qardaşım da matdım-matdım müəllimin üzünə
baxırdı.
Onun günahsız baxışları
müəllimi bir az da coşdurdu.
- Mənim qələmim sənin çantanda nə gəzir?
- Müəllim, öz qələmimdi.
Müəllim bu səfər başını yelləyib,
dişlərini qıcadı.
- Yalan deyirsən! Bu qələmi mənə
Asif bağışlayıb.
Ona da dayısı Moskvadan alıb gətirib.
Natiq tez dilləndi:
- Müəllim, mənə
də Eybəcər bağışlayıb, - bunu
deyib, küncə
qısnanmış gözləriylə
Eybəcəri axtardı.
Eybəcər lap axırıncı partada otururdu.
Müəllim qəzəblə üz-gözünü
qırışdırıb ona sarı baxdı. Sinfə səssizlik
çökmüşdü. Hamı onların arasındakı ədavəti
bildiyindən işin sonunu maraqla gözləyirdi
Müəllim Eybəcəri qaldırıb
soruşdu:
- Düz deyir?
Eybəcər yerindən duranacan həm qardaşımla, həm də mənimlə göz-gözə
gəldi. Sonra müəllimin əlindəki
qələmə baxa-baxa
dedi:
- Bəli.
Həmin gün evə üçlükdə qayıtdıq. Yolboyu susduq.
Eybəcər tez-tez köks
ötürüb nəsə
demək istəyirdi.
Amma axıracan da deyə bilmədi.
Qardaşım da ona mərdliyinin
əvəzini qaytara bilmədi. Yəqin sözünü bir başqa vaxta saxlamışdı.
Amma həmin vaxt gəlmədi...
Ertəsi gün dərsə gələndə məktəbin
darvazasını bağlı
gördük. Məktəbimiz bütünlüklə hərbiçilərə verilmişdi.
Elə o gündən,
o saatdan da sinif yoldaşlarımızdan
ayrı düşdük...
Eybəcərin səsi məni düşüncələrimdən ayırdı.
- Niyə dinmirsən? Olmaya Natiqin başına bir iş gəlib?
- Universiteti yarımçıq
qoyub cəbhəyə
getdi. Ayağını itirdi. İndi protez
ayaqla hərlənir.
Beynindən zədə almışdı.
Danışanda kəkələyir. Ancaq yaddaşı dipdiridi.
Deyir, kaş ayağımı itirincə, yaddaşımı
itirəydim.
Eybəcər divardan asılmış
köhnə dəbli kişi şalvarlarına
diqqətlə baxdı.
Elə bil, o şalvarların ayağında güllə
yeri axtarırdı.
Mən gətirdiyim paltarları mağazaya təhvil verdim.
Küçəyə çıxanda
Eybəcər Natiqlə
görüşmək istədiyini
dedi. Mən razılaşmadım. Onunla sağollaşanda telefon nömrəsini yazıb mənə verdi:
- Nə kömək lazım olsa, xəbər elə.
Beş-altı addım atandan sonra dayanıb geri döndüm. Eybəcərliyindən
əsər-əlamət qalmamış
Eybəcəri öz adıyla çağırdım:
- Bilirsən, Natiq həmişə deyir ki, Eybəcərin borcunu qaytara bilmədim. Özünə
dərd eləyir...
Yenə beş-altı addım atandan sonra dönüb
bir də arxaya baxdım. Eybəcər
üzü o yana
gedə-gedə dəsmalıyla
gözlərini silirdi.
Samirə Əşrəf
Ədalət.-2013.-28 fevral.-S.6.