İlk peşəkar teatr
rəssamlarımız
Azərbaycan teatrı – 140
Dünya
teatrında tamaşa tərtibatının çiçəklənmə
dövrü XVIII və XIX əsrlərə təsadüf
edir. Bu dövrlərdə teatrda çox gözəl və
mürəkkəb arxa pərdələr çəkilir,
üzərində heç kimin gəzmədiyi saray pilləkənləri,
heç kimin keçmədiyi arkalar və heç kimin
açmadığı qapılar təsvir edilirdi. Bu dəbdəbəli
boşluq yalnız ön səhnədə monoloqların
oxunması üçün fon rolunu oynayırdı. Zaman
keçdikcə rəssam teatrın əsas simalarından birinə
çevrildi.
Azərbaycanın
ilk peşəkar teatr rəssamı təsviri sənətimizdə
realist dəzgah boyakarlığının, portret və mənzərə
janrlarının banisi olmuş Bəhruz Kəngərlidir.
1883-cü
ildə Naxçıvan teatrı M.F.Axundzadənin
"Müsyö Jordan və dərviş Məstəli
şah" əsəri ilə öz qapılarını
xalqın üzünə açır. Bəhruz Kəngərli
1912-ci ildə Naxçıvan teatrında Ü.Hacıbəylinin
"O olmasın, bu olsun" musiqili komediyasının bədii
tərtibatını verərək, ilk dəfə teatr rəssamı
kimi fəaliyyətə başlayır.
Rəssam
1912-ci ildən 1918-ci ilədək Naxçıvan
teatrının səhnəsində N.Vəzirovun "Pəhləvanani-zəmanə",
"Hacı Qəmbər", "Müsibəti-Fəxrəddin",
Ə.Haqverdiyevin "Ac həriflər" - ümumilikdə
40-dan çox tamaşaya irihəcmli pannolar çəkmiş,
səhnə tərtibatı və geyim eskizləri
vermişdir. Rəssam milli xalq geyimlərinin misilsiz bilicisi idi.
O, bədii tərtibat verdiyi əsərlərin
personajlarını səciyyələndirən, tarixi
dürüstlüyü, milli koloriti, zəngin boyaları,
naxışları, bəzəkləri ilə nəzəri cəlb
edən çoxlu əlbəsə eskizləri
yaratmışdır. B.Kəngərlinin bu tamaşalara verdiyi
bədii tərtibatlar Azərbaycan teatr-dekorativ sənətinin
gözəl nümunələri idi.
Əliqulu
Qəmküsar "El güzgüsü" dram cəmiyyətinin
üzvləri ilə birlikdə 1917-ci ilin iyununda C.Məmmədquluzadənin
"Ölülər" tragikomediyasını cəsarətlə
tamaşaya qoyur. B.Kəngərlinin bədii tərtibatında
"Ölülər"in Naxçıvanda tamaşaya
qoyulması əlamətdar hadisəyə çevrilir. AMEA
Naxçıvan Bölməsi İncəsənət, Dil və
Ədəbiyyat İnstitutunun musiqi və teatr şöbəsinin
müdiri, sənətşünaslıq üzrə fəlsəfə
doktoru Əli Qəhrəmanov yazır: "İstedadlı
realist rəssam B.Kəngərli tərtibat verdiyi əsərlərdə
məzhəkə tamaşalarının mahiyyətinə dərindən
nüfuz edir, eskizlərində komik personajların zahiri
görkəmini, mənəvi aləmini üzə
çıxarır, səhnəyə lazım olan dekor və
pərdələr hazırlayır, geyim eskizlərində
dramaturqların niyyətlərini tam mənası ilə
uyğun cizgilərlə şərh edirdi. Məhz buna görə
də "Ölülər", "Hacı Qara", "Pəri
cadu" pyeslərinin səhnə tərtibatını
çox ustalıqla vermişdi. "Ölülər"
pyesi tamaşaya qoyularkən səhnədə həqiqətən
köhnə Naxçıvan həyatı
canlanmışdır. Görkəmli sənətkarın
"Pəri cadu" əsərinə verdiyi tərtibat da
çox maraqlı idi. Rəssam səhnə üçün
gözəl bir dağ mənzərəsi də çəkmişdir
ki, bu şəkil son zamanlara kimi Naxçıvan
teatrının səhnəsində istifadə edilirdi".
***
Milli
teatr rəssamlarından danışarkən Rüstəm Mustafayevin
adını da xüsusi ilə qeyd etməliyik. Bakı Rəssamlıq
Məktəbini bitirib Moskvada müəyyən təcrübə
keçdikdən sonra vətənə qayıdan Rüstəm
Mustafayev bir müddət Bakı Azad Tənqid-Təbliğ
Teatrında tamaşalara səhnə tərtibatı
vermişdir. O, sadəcə illüstrasiya çəkməklə
kifayətlənməmiş, bütün səhnələrin
qurulmasında fəal iştirak etməklə rejissor və
müəlliflərə kömək edirdi.
Repressiyanın
hökm sürdüyü ağır illərdə Rüstəm
Mustafayev Azərbaycan Dövlət Dram Teatrında baş rəssam
işləmişdir. Onun Mirzə Cəlilin, Cəfər
Cabbarlının, Hüseyn Cavidin, Əbdürrəhim bəy
Haqverdiyevin əsərlərinə verdiyi tərtibatlar Azərbaycan
teatr-dekorasiya sənətinin orijinal, qiymətli nümunələrindən
sayılır. Rüstəm Mustafayevlə yaxından dostluq
etmiş həmkarı Qəzənfər Xalıqov xatirələrində
yazırdı: "Rüstəmin
yaradıcılığı müasirlərindən bir də
onunla fərqlənirdi ki, o, teatr tərtibi sənətinin
nailiyyətlərini milli ənənələrimizlə zənginləşdirməyə
qabil sənətkar idi".
Dərin
biliyə, incə zövqə, orijinal düşüncəyə
malik olan rəssamın tamaşalara verdiyi tərtibat o qədər
diqqət çəkir ki, onu Dövlət Opera və Balet
Teatrında işləməyə dəvət edirlər.
"Şah İsmayıl", "Leyli və Məcnun",
"Aşıq Qərib", "Koroğlu" kimi operalara
verdiyi tərtibat böyük bəstəkarımız
Üzeyir Hacıbəyli tərəfindən yüksək qiymətləndirilir.
1937-1938-ci illərdə "Koroğlu" kimi möhtəşəm
operanın rəssamı olmaq şərəfi yalnız
Rüstəm Mustafayevə qismət olmuşdur.
***
Teatr-dekorasiya
sənətinin inkişafında Ə.Əzimzadənin bir
sıra teatr tamaşalarına çəkdiyi geyim eskizləri,
teatr rəssamlığı sahəsində fəaliyyət
göstərən rəssamlardan İ.Seyidovanın "Leyli və
Məcnun" (Ü.Hacıbəyli), "Sevil" (F.Əmirov),
Ə.Fətəliyevin "Koroğlu" (Ü.Hacıbəyli),
"Bahadır və Sona" (S.Ələsgərov)
operalarına, Ə.Almaszadənin "Gülşən"
(S.Hacıbəyov), "Qaraca qız" (Ə.Abbasov) baletlərinə,
N.Fətullayevin "Şərqin səhəri" (Ə.Məmmədxanlı),
"Otello" (V.Şekspir), "Vaqif" (S.Vurğun),
"Mahnı dağlarda qaldı" (İ.Əfəndiyev),
İ.Axundovun "Solğun çiçəklər"
(C.Cabbarlı), "Şeyx Sənan" (H.Cavid), S.Şərifzadənin
"Cavanşir" (M.Hüseyn), "Kəndçi
qızı" (M.İbrahimov) və s. dram tamaşalarına
verdikləri bədii tərtibatlar xüsusilə diqqəti cəlb
edir.
1960-cı
illərdən başlayaraq səhnə tərtibatı sahəsində
yenilik meylləri güclənir, rəssamlar şərtiliyə,
lakonik və rəmzi təsvir vasitələrinə xüsusi əhəmiyyət
verirlər. Bu sahədə ilk uğurlu addım atan görkəmli
rəssam Tahir Salahov "Antoni və Kleopatra",
"Hamlet" (V.Şekspir), "Aydın" (C.Cabbarlı)
pyeslərinin, xüsusilə "Koroğlu"
operasının (Ə.Fətəliyevlə birgə)
tamaşasına verdiyi bədii tərtibatda aydın
konstruksiyalı, əzəmətli dekorlar
yaratmışdır.
Xalq
rəssamı Mikayıl Abdullayev "Leyli və Məcnun",
"Koroğlu" (Ü.Hacıbəyli) operalarının və
""Çitra" (Niyazi) baletinin tərtibatını
şux və əlvan boyalarla həll etmişdir. Məşhur
fırça ustası Toğrul Nərimanbəyovun "Yeddi
gözəl" (Q.Qarayev), "1001 gecə" (F.Əmirov)
baletlərinə verdiyi tərtibat romantik üslubu ilə fərqlənir.
Teatr-dekorasiya sənətimizin inkişafında B.Əfqanlı,
H.Mustafayev, S.M.Fefimenko, Y.A.Toropov, Ə.Abbasov, E.Aslanov, B.Əfəndiyev,
M.Əliyev, A.Seyidov, E.Məmmədov, S.Haqverdiyeva, F.Əhmədov,
Q.Məmmədov, F.Ə.Xəlilov, F.Qafarov və digər rəssamların
mühüm xidmətləri olmuşdur.
Solmaz
Musayeva isə Azərbaycan incəsənəti tarixinə Azərbaycanın
ilk kukla rəssamı kimi düşüb. Kukla teatrını
möcüzələr teatrı adlandıran sənətkar
burada çalışdığı 25 il ərzində 60
tamaşanın rəssamı olub.
Təbii
ki, Azərbaycan teatrının keçdiyi 140 illik şərəfli
yolda adını qeyd etmədiyimiz, ancaq milli
teatrımızın inkişafında böyük xidmətləri
olan rəssamlarımız olub ki, onları yad etmək,
xatırlamaq borcumuzdur.
Təranə Vahid
medeniyyet.az
Ədalət.-2013.-28 fevral.-S.8.