"Allah onu zəlil eləsin"

 

"Hədəf" rubrikası İntiqam Valehoğlunun təqdimatında

 

Xalq artisti Möhlət Müslümov xalq musiqimizi dərindən bilən tək-tük musiqiçilərdəndir. Son illər bir sıra müsabiqələrin münsifi qismində də gördüyümüz sənətkarla söhbətimizdə bir sıra maraqlı mətləblərə toxunmuşuq. "Hədəf"imizdə Əkrəm Əylisli də oldu. SMS-lə keçirilən müsabiqələr də...

- Möhlət müəllim, əvvəlcə sizə sualsız sual vermək istəyirəm. Sənət yeniliklərinizdən danışardınız, nə işlər görürsünüz, yaradıcılığınızda nə var, nə yox?

- Həm Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının rəhbəri kimi, həm solo ifaçı, həm də münsif olaraq işim çoxdur. Qarşıdan beynəlxalq instrumental müsabiqə gəlir. Hazırda ora üçün iştirakçıların seçimini aparırıq. Azərbaycanda beynəlxalq instrumental müsabiqənin keçirilməsi ilk dəfədir.

- Müsabiqə Bakıda keçiriləcək?

- Bəli, mən həmin müsabiqənin münsiflər heyətinin üzvüyəm. Artıq 7 nəfər seçmişik. Müsabiqədə Azərbaycan tar, kamança, balaban və kanon alətləri ilə təmsil olunacaq. Musiqi alətləri ifaçılarımızın solo şəkildə beynəlxalq müsabiqədə çıxışı da bir ilkdir, yenilikdir, əlamətdar hadisədir. Bildiyiniz kimi UNESCO tarı qəbul elədi. Bunun üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya "sağ ol" demək lazımdır. Bu cür mötəbər qurumun tarımızı şah alət elan etməsi balaca iş deyil. Məncə uşaqlarımız  müsabiqədə yüksək səviyyədə çıxış edəcəklər. Elə etməliyik ki, növbəti dəfə kamançamız da, balabanımız da həmin siyahıya düşsün.

- Bildiyimə görə beynəlxalq müsabiqənin açılışında ustad dərsləri var...

- Doğru qeyd elədiniz. Orda xanəndələrdən Mələkxanım Əyyubova, Aqil Məlikov, musiqiçilərdən mən, Fəxrəddin Dadaşov ustad dərsləri keçirik. Hazırda gərgin məşqlərimiz gedir.

- Yəqin ki, Novruz bayramı ilə əlaqədar da xarici səfərləriniz olacaq...

- Bayram ərəfəsində Moskvaya iki günlük səfərimiz olmalıdır. Ən əsas tədbirimiz martın 19-da olacaq. Mənim rəhbərliyim altında Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblı Dənizkənarı Milli Parkda 3 saatlıq konsert proqramı ilə çıxış edəcək. Həmin konsertdə prezident İlham Əliyevin iştirakı gözlənilir.

- Son zamanlar bir sıra telekanallarda da instrumental ifaçıların yarışması keçirilir. O ifaçıların arasında perspektivliləri varmı?

- Əvvəla bu müsabiqələri yüksək dəyərləndirirəm. Belə müsabiqələr bizə lazımdır. Çünki bir şey baxımsız qalarsa, kimsə gəlib götürəcək öz adına çıxacaq. Balabanımızı, digər alətlərimizi az təbliğ edirik. Ona görə digər millətlər deyir ki, balaban bizimdir. Balaban hardan bunların oldu? Bu, qədim türk sözüdür.

- Səhv etmirəmsə "ahəstə səs" kimi bir mənası var...

- Tamamilə doğrudur. Son illər mən bir neçə müsabiqədə münsif olmuşam. Amma SMS- müsabiqə məni qane etməyib. SMS- sənətkar seçilməz, sənət olmaz. Sənəti pulla ölçməzlər. İndiyə kimi keçirilən ən düzgün müsabiqə Heydər Əliyev Fondunun xanəndələr arasında keçirdiyi müsabiqə olub. Orda iştirakçılara münsiflər qiymət verirdi. Zalda oturanların əl çalmağından da kimin daha çox bəyənildiyi bilinirdi. Bəzi SMS-li yarışlarda bizi otuzdururlar ki, münsif olsun. Əgər SMS varsa, münsif kimə lazımdır?!

- Belə dəvətləri qəbul edirsiniz?

- Əvvəlcə bir-iki dəfə getdim, sonra əsəbləşdim, imtina elədim. Görürəm ki, Əli yaxşı ifa edir, amma SMS Vəliyə gəlir. Yalandan Əlini necə tərifləyim? Axı özüm sənətə elə gəlməmişəm, böyük sənət məktəbi görmüşəm.

- Sizi tez-tez İncəsənət Gimnaziyası tərəfdə görürəm. Yəqin ki, pedaqoq kimi fəaliyyətiniz var.

- Pedaqoq kimi fəaliyyətim var. Milli Kanservatoriya müvəqqəti olaraq İncəsənət Gimnaziyasında yerləşir. Gimnaziyanın həyətində Kanservatoriya üçün möhtəşəm bina tikilir inşallah növbəti dərs ilində istifadəyə verilməlidir.

- İstərdim ki, yazıçı Əkrəm Əylislinin son zamanlar cəmiyyətimizdə böyük səs-küyə səbəb olan "Daş yuxular" əsəri haqda da bir neçə kəlmə danışasınız. Çünki sizin onunla ünsiyyətiniz olub. Yəni kifayət qədər bələd olduğunuz insandır.

- Mən o kişiyə çox yüksək mərtəbədən baxmışam, əsərlərini sevmişəm. Hətta onu görəndə ayaq saxlayırdım. Belə xəyanətkarlıqlar əsrlər öncə olub. Bir padşahla qardaşlıq edir, sonra arxadan zərbə vurur. Əgər bu qan yüz faiz Azərbaycan qanıdırsa, gedər özünü öldürər, belə tutmaz. Əsir düşən o qədər qızlarımız olub ki, zorlanmağı qəbul etməyib, özlərini öldürüblər. Bu, satqınlıqdır. Həmin əsərin Azərbaycan dilinə tərcüməsini oxuyanda bir qutu siqaret çəkdim. Milləti belə üz-üzə qoymaq olmaz. Qırxdan çox ölkə gəzmişəm, heç yerdə elan olunmayıb ki, filan regiondanam. Mən Azərbaycanı təmsil edirəm. Allaha and olsun ki, Azərbaycanı o tay bu taya da ayırmıram. Cənubi Azərbaycanda o qədər dostlarım var ki. Əsl Azərbaycan ordadır. Bu əsəri təkcə doqquz milyon oxumur e... Ar olsun o kişiyə, Allah onu zəlil eləsin. Onunla dəfələrlə bir yerdə çörək yemişik. Onda da görürdün ki, hərdən sarsaqlayır. Deyirdik ki, bu boyda yazıçının özünü aparmağına bax da. Bu yaxınlarda Bəxtiyar Vahabzadənin Əkrəm Əylisli haqda yazdığı şeiri oxudum. Gör necə uzaqgörən insan imiş rəhmətlik. Bəxtiyar əsl türk idi.

-Şou biznesdə baş verənləri necə dəyərləndirirsiniz? Bu aləmdə bir xaos var sanki.

- Azərbaycanda şou var, amma biznesi yoxdur. Hansı sənətkar deyirsə ki, getdim Türkiyədə filan konserti filan qiymətə danışdım, yalan deyir. Düzdür, hamımız ara-sıra qastrollara gedirik. Amma aldığımız acından ölməmək üçün yüngülvari qonorardır. Şəxsən mən belə səfərlərə xalqımın musiqisini təbliğ etmək üçün gedirəm.

- Yeri gəlmişkəm soruşum, necə dolanırsınız?

- Şükür Allaha prezidentin, Heydər Əliyev Fondunun fərdi təqaüdçüsüyəm. Mənə ev veriblər. Amma bir vaxtlar çox acınacaqlı durumda yaşayırdım. 90-cı illərdə məni İsrailə, Kanadaya, Fransaya restoranlara dəvət elədilər. Kanadada bir kişi yalvardı ki, qal, burda, işlə, qalmağa yer verirəm. Bilirdim ki, burda benzin pulum da yoxdur. Amma qalmadım. Ayyarımlıq Hindistana gedirdim, gecələr oturub ağlayırdım. Mən  bura çox bağlıyam. Bilirdim ki, gələcəm yenə toz-torpaq, pulsuzluq...

- Siz həm solo ifaçısınız, həm gözəl müşayiət edirsiniz. Sırf müşayiətçi kimi hansı xanəndəylə işləmək sizə daha rahatdır?

- Ad çəksəm, gərək üç-dörd nəfəri deyim. Bu suala belə cavab verim-o xanəndəni sevirəm ki, peşəkardır, "bilmirəm" söhbəti yoxdur. Alim Qasımov, Ağaxan Abdullayev, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Arif Babayev, Yaqub Məmmədov, Canəli Əkbərov kimi sənətkarları müşayiət eləmişəm. Bunlar peşəkarlardır. Az yaşımda Hacıbaba Hüseynovu müşayiət etmişəm. Əbülfət Əliyev məni televiziyada görmüşdü, bəyənmişdi. Sevindiyimdən bir həftə yatmadım ki, Əbülfət məni bəyənib, dəvət edib. Getdim dedim ki, səni müşayiət eləməyə qorxuram. Solo çalmağa var ki? Çıx, bilirsən çal. Mən həm solo ifaçıyam, həm müşayiət edirəm, həm ansamblın bədii rəhbəriyəm. İnanın ki, ansambla gələnlər fanatlardır, bir manat pul almırlar.

 

 

Ədalət.-2013.-1 mart.-S.6.