Aqil Abbasın Türkiyədə kitabı nəşr olundu

 

"Adı konamayan katil" kitabının təqdimatı keçirilib

 

Millət vəkili, yazıçı-publisist Aqil Abbasın "Adı konamayan katil" (Adı bilinməyən qatil) kitabı Türkiyədə nəşr olunub. Bu barədə qəzetimizə yazıçının özü məlumat verib. A.Abbas bildirib ki, kitabı Türkiyə türkcəsinə çevirən TRT radiosunun Azərbaycan nümayəndəliyinin rəhbəri doktor Seyfəddin Altaylıdır.

Onun sözlərinə görə, yeni kitabın Türkiyənin bir sıra vilayətlərində təqdimatı keçirilib: "Türkiyədə Xocalı həftəsi keçirilir. Xocalıya Ədalət Kompaniyası çərçivəsində keçirilən bu tədbirlər zamanı fevralın 25-də Kayseridə, 26-da Konyada, 27-də Ankarada və fevralın 28-də Dənizlidə yeni kitabın tədqimatı olub. Tədbirin təşkilatçıları Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlu və doktor Seyfəddin Altaylıdır".

Türkiyənin Kayseri Ərciyəz Universitetində keçirilən tədqimat mərasimi böyük coşqu ilə qarşılanıb: "Universitetdə bu işi təşkil edən həmyerlimiz professor Sevinc Üçgül oldu. Tədqimat mərasimi zamanı universitetin rektoru Fəxrəddin Çeleştetmurla Azərbaycan türkcə-ədəbi əlaqələri müzakirə olunub. Təqdimat mərasimində doktor Seyfəddin Altaylı və Yaqub Dəliöməroğlu, Əli Akbaş çıxış edib".

Fevralın 27-si kitabın Ankarada keçirilən təqdimat mərasimini Altundağ bələdiyyəsi təşkil edib. Tədbirdə Altundağ bələdiyyə başqanının müavini Yunus bəy, Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri, doktor Seyfəddin Altaylı, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlu, millət vəkili Musa Qasımlı iştirak edib. Onlar kitab barədə tədbir iştirakçılarını məlumatlandırıblar. Tədbirin sonunda "Dolu" filminin təqdimatı olub.

 

 

Ədalət.-2013.-1 mart.-S.5.