"BEŞ GÜNLÜK QONAQ"
Bu günlərdə dəyərli araşdırmaçı, ehtiyatda olan polkovnik Şəmistan Nəzirli mənə iki kitab bağışladı. Əslində bu kitablarla birlikdə o, mənə həm də son dərəcə dəyərli və kifayət qədər də gərəkli olan iki hədiyyə bağışlamış olur. Və mən də bu kitabları elə həmin o dəyərə layiq bir səviyyədə qarşılamaq həvəsi ilə qəbul etdim. Çünki kitabların hər biri ayrı-ayrılıqda Azərbaycanın ictimai həyatında, Azərbaycan söz dünyasında ağır çəkisi olan şəxslər barəsində idi. Onlardan biri ölkə prenzidentinin 150 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzaladığı Firuddin bəy Köçərliyə həsr olunmuşdu.
İkinci kitab isə Əslində Azərbaycanda az-çox duyumu, düşüncəsi, söz anlamaq qabiliyyəti olan hər kəs Səməd Vurğunu tanıyır. Özü də bu tanıtma təkcə kitablardan, sinif otaqlarından başlanmır. Çünki Səməd Vurğun özünün böyük poeziyası ilə xalıq içində olduğundan, xalqın iç dünyasında qərar tutduğundan onun misraları hər bir evdə, hər bir ailədə zaman-zaman səslənib. Xüsusilə böyük şairin "Azərbaycan" şeiri birmənalı olaraq hamımıza könül açıb, biz də onu könlümüzdə yaşatmışıq.
İstənilən araşdırma və yaxud da maraq nümayiş etdirmək istəyən şəxs ölkənin paytaxtından tutmuş ən ucqar kəndinə qədər söz duyan istənilən bəndəyə yaxınlaşıb onun dilindən "Azərbaycan" şeirini eşidə bilər. Bu şeirdəki Azərbaycan sevgisi hamımıza aydın olduğundan biz onu bir dəfə dinləməklə, bir dəfə oxumaqla mübaliğəsiz yaddaşımıza köçürürük.
Şəmistan Nəzirlinin "Beş günlük qonaq" kitabı məhz böyük şairimizin yaradıcılığına, şəxsiyyətinə, onun həyatının müxtəlif anlarına, insanlara münasibətinə, xüsusilə dostları ilə təmasına həsr edilib. Böyük zəhmət bahasına, necə deyərlər gərgin əməyin, yuxusuz gecələrin hesabına ərsəyə gəlmiş 450 səhifəlik bu kitab çox nəfis şəkildə fotolarla birlikdə "OKA ofset" nəşriyyatında işıq üzü görüb. Kitab oxucuya Səməd Vurğunun "Nəslimə məktub" müraciəti ilə başlayıb. Həmin müraciətdə böyük şair yazır: "Mən yüz illərin arxasından səni, xoşbəxt simanı, Günəş kimi parlayan taleyini, dünya cəmiyyətinin, vətəndaşının böyük taleyini görürəm. Mən xəyalən sənlə yan-yana addımlayır, səninlə birlikdə nəfəs alır və səninlə əl-ələ işləyirəm. Mən sənin xoşbəxt simanda, sənin işıqlı, iti gözlərində nəsə əziz və doğma bir şey görürəm. Mənə elə gəlir ki, yaşayır və yaratmaqda davam edirəm".
Bəli, böyük şairin bu müraciəti əslində hamımızın bildiyi bir gerçəyi, yəni Səməd Vurğunun ürəklərdə zaman-zaman yaşadığını və yaşayacağını təsdiq edir. Elə bu muraciətin ardınca gələn ilk yazı da, yəni bir növ kitabın ön sözünü əvəz edən mərhum qələm dostumuz, istedadlı şair-publisist Səyavuş Sərxanlının 1978-ci ildə yazdığı "Günəş kimi, çörək kimi..." yazısı "Beş günlük qonaq" kitabını böyük maraqla oxumağa oxucuda əlavə maraq yaradır.
Mən kitabı oxumamışdan öncə bu kitabda təqdim olunan və hər biri də tarixin bir anını əks etdirən, özündə zamanı donduran fotoları gözdən keçirirəm. Şairin 1920-ci ildə, 1923-cü ildə, eləcə ömrünün sonuna qədər olan müxtəlif illərdə, müxtəlif yerlərdə müxtəlif insanlarla, həmçinin ailəsi ilə, qələm dostları ilə çəkdirdiyi şəkillərə acgözlüklə tamaşa etdi. Mənə elə gəldi ki, təkcə elə bu şəkillərin hər birini ayrı-ayrılıqda oxucuya təqdim etmək böyük Səməd Vurğunun insanlara sevgisini ifadə etmiş olar.
Bu kitabda xalq şairimizin Azərbaycanın müxtəlif regionlarında həm görüşləri, həm ov məqamları, həmçinin əmək adamları arasında keçən vaxtları xüsusilə ilə maraqlıdır. Araşdırmaçı müəllif hadisələri xronoloji ardıcıllıqla elə təqdim edir ki, oxucu xalq şairi ilə birlikdə bütün bu görüşlərin iştirakçısına çevrilir.
"Beş günün qonağı" kitabı öz səhifələri arasında müəllifin topladığı xatirələrlə də diqqəti çəkir. Demək olar ki, müxtəlif millətlərin, müxtəlif ölkələrin söz-sənət adamları, xüsusilə xalq şairimizin qələm dostlarının könül pıçıltıları oxucuda qürur hissi yaradır. Aydınca hiss edir və birmənalı olaraq yaşayırsan, bilirsən ki, böyük şairə ünvanlanan bu səmimi və şirin sözlər həm də Azərbaycan xalqına ünvanlanır. Bax elə kitabın adının da ifadə etdiyi bu beş günlük dünyada qonaq olan hər kəs həyatın mənasını anlasa və bu beş günün hər anını xalq üçün, vətən üçün yaşaya bilsə, onda dünya bəlkə də heç maraqlı günlərin sayını-hesabını bir yerə toplaya bilməz. Daha dəqiq ifadə etsəm, dünyanın beş günlük yox, neçə-neçə qərinəlik olduğu da insanın yadından çıxar.
Doğrudan da insan yaşadığı bütün həyatı boyu nə iləsə hansı addımı atsa, o mütləq hardasa yazılır, ilişir qalır. Yəni heç nə elə-belə silinib getmir. Hətta ən böyük təbii fəlakətlər də böyük-böyük imarətləri yerlə-yeksan etsə belə, böyük sözlərin üstünü örtə bilmir. O böyük sözlərin sırasında əbədi yeri olan Səməd Vurğun sözü bu beşgünlük dünyada qərinələr ömrü qazanıb və bu ömür də qərinədən qərinəyə keçməklə davam edir. Həmin davamlı ömrə bir şam yandıran Şəmistan Nəzirlinin mənə hədiyyə etdiyi kitabı da Səməd Vurğunun şərəfinə ucaldılan abidələrdən biridir. Bu abidəyə görə oxucu kimi müəllifə dərin təşəkkürlərimi bildirirəm.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.-2013.-1 mart.-S.5.