ÜRƏYİ İSİDƏN SƏSLƏR...

 

... Kövrək musiqinin səsi ətrafa yayılır. Bir an ayaq saxlayıram və eşitdiyim "Qarabağ şikəstəsi"ni axıra qədər dinləmək  istəyirəm. Çünki bu "Qarabağ şikəstəsi"ni ifa edən uşaqlar Qarabağdan, o gözəl yurddan qaçqın düşən məcburi köçkünlərdir. "Qarabağ şikəstəsi"ni oxumaqla hardasa, bəlkə də ürəklərinin dərinliyində yenidən musiqinin qanadlarında Füzuliyə, Ərgünəşə, Köndələn çayına, Arışa, Cəmilliyə, Hoğaya... səyahət edirlər. Həmin musiqinin qanadında o mahnını ifa edən uşaqlar Füzulinin havasını udur, suyunu içir, torpağının üstündə gəzir...

... Özümdən də asılı olmayaraq gözlərim dolur və istər-istəməz bu səs  gələn tərəfə boylanıram və xırda addımlarla ora üz tuturam. Bakıda Dərnəgül yaşayış sahəsində binaların birində sığınacaq tapan Füzuli rayon İnşaatçılar qəsəbə uşaq musiqi məktəbi. Bunlar bu ünvanda, bu yerdə qərar tutublar. 1993-cü ildən bu ünvanda məskən tapan musiqi məktəbinin kollektivi və şagirdləri çətinliklə də olsa müəyyən uğurlara imza ata biliblər. Ən azından ona görə ki, qərib bir yerdə duruş tapmaqkollektivi yaşatmaq insandan böyük ürək tələb edir.

Elə məktəbin direktoru Zöhrə xanım Rzayeva da böyük ürək sahibidir. O ürək ki, həmişə itirilmiş yurd-yuva, Füzuli haqqında narahatdı. Narahat ürək qərib yerdə bir parça torpağın üstündə özünü yuvasından pərən-pərən düşmüş quş kimi kövrək hiss edir. Amma bu kövrəklik, bu incəlik insanların bir-birinə olan böyük məhəbbəti ilə zaman-zaman bərkiyir. Elə bunun nəticəsidir ki, Zöhrə xanım uşaq musiqi məktəbi yarandığı gündən - 1991-ci ildən bu kollektivə rəhbərlik edir.

Zöhrə xanımla vaxtilə rəhmətlik İslam Rzayevlə olan söhbətimi xatırlayıram. Rəhmətlik İslam Rzayev deyərdi ki, Qarabağ torpağı olmadığı üçün zil səslər də yoxdur. Həmin fikri bu gün musiqi məktəbinin direktoru Zöhrə xanım da təsdiqləyir. Deyir ki, görürsünüz, Eldəniz Məmmədovun necə gözəl zil səsi var?! Çünki Eldəniz Məmmədov Füzulidə anadan olub. Oranın havasını udub, suyunu içib, çörəyini yeyib və torpağının üstündə böyüyüb. İndi də bizdə şirin səslər var, amma elə zil səslər hələ ki, tapılmır.

Bu gün İnşaatçılar qəsəbə uşaq musiqi məktəbində 213 şagird  oxuyur. 2012-2013 tədris ilində musiqi məktəbinə 35 şagird qəbul edilib. Məktəbin direktoru Zöhrə xanım bildirir ki, həmin uşaqları da biz müsabiqə yolu ilə seçmişik. Yəni musiqi duyumu olan, istedadı bilinən və eyni zamanda, qabiliyyətli uşaqları məktəbimizə qəbul eləmişik. Buna görə peşiman da deyilik. Çünki bu uşaqlar üç-dörd ildən sonra seçdikləri musiqi sənətinin müxtəlif növləri üzrə öz sözlərini deyə biləcəklər. Ən başlıcası isə bu uşaqlara məktəbimizdə musiqi nəzəriyyəsinin və təcrübəsinin öyrənilməsi üçün hər cür şərait yaradılıb.

Bir fikri xüsusilə söyləyə bilərik ki, İnşaatçılar qəsəbə uşaq musiqi məktəbində fortopiano, xalq çalğı alətləri, tar, kamança, qarmon, nağara şöbələri fəaliyyət göstərir. Eyni zamanda, məktəbdə səs (yəni xanəndəlik) həmişə diqqət mərkəzində olub. Ona görə ki, gözəl səsi və məlahətli ifası ilə fərqlənən uşaqlar bu məktəbdə  daha da püxtələşib və yetişiblər.

Məktəbin müəllimlərindən Vəfa Musayeva (fortopiano), Tofiq Nəsibov (xanəndəlik), Lətafət Məhərrəmova (musiqi nəzəriyyəsi), Ramiq Mehdiyev (tar), Səbuhi Rzalı (tar) şagirdlərin müxtəlif musiqi alətlərində daha gözəl ifa etmələri üçün əllərindən gələni əsirgəmirlər. Tar müəllimi Ramiq Mehdiyev deyir ki, istedadlı şagirdləri öyrətmək daha asandır. Hər hansı musiqini və əsəri bir dəfə çalıb öyrədən kimi istedadlı uşaqlar onu  yaddaşlarına həmişəlik həkk edirlər. Amma bir də görürsən ki, elə də musiqi duyumu olmayan şagirdə bir musiqini neçə dəfə səsləndirsən də onu ifa etməkdə çətinlik çəkir. Nə yaxşı ki, bizim məktəbdə belələri yoxdur. Xanəndə Tofiq Nəsibov da məktəbdəki istedadlı uşaqlardan ağızdolusu danışır. Deyir ki, bizim elə şagirdlərimiz var ki, artıq muğamın bir neçə şöbəsini çox gözəl bilirifa edir. Onu da xatırladaq ki, Tofiq Nəsibov məşhur bəstəkar və istedadlı gitara ifaçısı Bəhram Nəsibovun qardaşıdır.

Ayrı-ayrı istedadlı uşaqlar müxtəlif müsabiqələrdə musiqi məktəbini çox gözəl təmsil ediblər. Belə ki, Nəriman İmanzadə gözəl səsi ilə və İsmayıl Xəlilzadə isə fortopianoda mahir ifaçılığı ilə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi respublika müsabiqəsində fərqlənərək fəxri fərmana layiq görülüblər. Ötən il uşaq musiqi məktəbini bitirmiş 2 məzun - Zeynəb Əliyeva və Gündüz Mirzəzadə musiqi kollecinə daxil olub. Çünki şagirdlər uşaq musiqi məktəbini bitirəndən sonra müxtəlif kolleclərdə və ali musiqi məktəblərində təhsillərini davam etdirirlər.

Bir faktı da qeyd edək ki, bu məktəbi bitirən neçə-neçə məzun yenidən öz doğma uşaq musiqi məktəbinə qayıdıb və orda uğurlu fəaliyyətə başlayıb. Belə məzunların sayı 10-a yaxındır. Məktəbin məzunu Novruz Ağayev (tanınmış müğənni Manaf Ağayevin qardaşı oğlu) bir çox müsabiqələrdə iştirak edibqeyri-adi səsi ilə tamaşaçıların yaddaşında əbədi iz qoyub.

Məktəbin direktoru Zöhrə xanım Rzayeva bir fikri də xüsusilə vurğuladı ki, bizə dövlət və hökumət səviyyəsində böyük qayğı göstərilir. Belə ki, bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən məktəbimizə bir ədəd yeni pianostol-stul verilib. Ümumiyyətlə, Füzuli rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Elman Məmmədov davamlı olaraq bizimlə əlaqə saxlayır, problemlərimizlə maraqlanır və qarşıya çıxan hər hansı çətinliyi qısa zaman kəsiyində həll edir. Təbii ki, məsələlərin belə çevikoperativ həlli bizdə daha böyük inam hissi yaradır və işləmək həvəsi oyadır.

Zöhrə xanım çox nikbinmübariz bir ziyalıdır. Söhbətimizin əvvəli də, sonu da həmişə Füzuli şəhərinə qayıtmaqla bağlı olur. Elə bu dəfə də söhbətimiz Füzuli şəhərinin və eləcə də işğal altında olan digər kəndlərimizin üstündə kökləndi. Hiss edirdim ki, o kəndlərin, o yerlərin, o bulaqların adını çəkdikcə, o çox kövrəlir. Amma gözünün dərinliyində bir ümidbir inam vardı: Biz o yerlərə tezliklə qayıdacağıq!..

 

 

Faiq  QİSMƏTOĞLU

 

Ədalət.-2013.-1 mart.-S.6.