Dağlıq Qarabağ həqiqətləri: Beynəlxalq aləm
sözdən əmələ niyə keçmir?
Haqq nazilər, amma üzülməz həqiqəti bütün dünyaya bəlli olsa da, nədənsə dünyanın iri, aparıcı dövlətləri haqqımızı tanıyıb, onu etiraf etmək istəmir... Uzun illərdir ki, Azərbaycan dövlətinin ərazi bütövlüyü pozulub, ermənilər torpaqlarımızı işğal altında saxlayır, bu azmış kimi xalqımıza adi maddi-mənəvi abidələri dağıdır, sərvətimizi qarət edir. Azərbaycan dövləti və xalqı illərdir ki, erməni şovinzmindən, terrorundan əziyyət çəkir. Dağlıq Qarabağın ermənilər tərəfindən 20 ildən artıq bir müddət ərzində işğal altında saxlanmasına baxmayaraq hələ heç bir beynəlxalq təşkilat onlara "təcavüzdən əl çək" mesajı verməyib.
Baxmayaraq ki, ATƏT, AŞPA, MİNSK qrupu və daha başqa təşkilatlar ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi faktı ilə bağlı bəyanat verib, qətnamələr çıxarıb. Lakin bu sənədlər quru kağız formasından kənara çıxa bilməyib, qarşı tərəfə heç bir təsiri olmayıb. Azərbaycan dövləti, müvafiq qurumlar, ictimai təşkilatlar Azərbaycan həqiqətlərinin dünya üzünə çatdırılması üçün gördüyü işlər bəllidir... Dünyanın aparıcı dövlətləri də Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı bilgiyə malikdir. Onlar ən müxtəlif formalarda erməni təcavüzünü pisləyiblər... Onların Dağlıq Qarabağla bağlı tutduqları ikili mövqe onlara mane olur ki, bu həqiqətin qələbə çalmasını ləngitsinlər. Dağlıq Qarabağ həqiqətlərinin beynəlxalq aləmdə nə zamansa öz haqqına qovuşacağına ümidlərimiz çoxdur. Amma prosesin bu dərəcədə ağır-ağır irəliləməsi onu deməyə əsas verir ki, beynəlxalq aləm bu problemlə bağlı öz verdiyi sözü danır, indiyə qədər qəbul edilən qətnamələrin, bəyanatların üstündən xətt çəkir... Bilirik ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransanın prezidentləri "Böyük səkkizlər"in sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birgə bəyanatla çıxış ediblər. Barak Obama, Vladimir Putin və Fransua Ollandın imzaladığı bəyanatda münaqişə tərəflərinin danışıqlar prosesində problemin həllinə nail ola bilməməsindən dərin təəssüf hissi ifadə olunur. Bu bəyanatda bildirilir ki, biz münaqişə tərəflərinin danışıqlar prosesinin gedişində hər iki tərəfin maraqlarına uyğun həll yolu tapmaq əvəzinə, birtərəfli fayda əldə etmək cəhdlərini davam etdirməsindən dərin təəssüf hissi keçirdiyimizi ifadə etmək istəyirik: "Əminik ki, münaqişənin sülh yolu ilə həllinə aparacaq balanslaşdırılmış çərçivə razılaşmasının əldə olunmasının bundan sonra da gecikdirilməsi qəbul edilməzdir. Biz Ermənistan və Azərbaycan liderlərini güclərini yenilənmiş enerji ilə həlli açıq qalmış məsələlərin həllinə cəmləşdirməyə çağırırıq".
Azərbaycan tərəfi isə haqlı olaraq bildirir ki, əgər biz gələcəkdə sülhün bərqərar olduğu bir bölgə yaratmaq istəyiriksə, Ermənistan işğal siyasətinə son qoymalıdır. Ermənistanın bugünkü siyasəti bölgədəki situasiyanı təhlükə altında qoyur və belə təsəvvür yaranır ki, bu ölkə status-kvonu qorumaq üçün hər şeyi edir. Azərbaycan dəfələrlə münaqişənin həllinə dair yol xəritəsi təqdim edib, amma qarşı tərəf bunu qəbul etməyib. Təəssüf ki, Ermənistan Azərbaycanın bütün təkliflərini, hətta həmsədrlərin yenilənmiş Madrid prinsiplərinə dair təkliflərini rədd edir. Bu səbəblə 2009-cu ildən bəri iki ölkə prezidentlərinin görüşlərində irəliləyiş olmur. Azərbaycan ilk gündən yenilənmiş Madrid prinsipləri ilə tanış olub və bunu münaqişənin həlli üçün baza sənədi kimi qəbul edib. Azərbaycan yenilənmiş Madrid prinsipləri üzrə işin davam etdirilməsinə tərəfdar olduğunu bəyan edir.
Qeyd edək ki, ATƏT-in sədri, Ukrayna xarici işlər naziri Leonid Kojara iyunun 14-də Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Jak Foru (Fransa), Yan Kellini (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib. ATƏT-in mətbuat katibliyinin məlumatına görə, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar məsələləri müzakirə edib. Həmsədrlər ATƏT sədrini danışıq prosesinin hazırkı vəziyyəti, həmçinin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşün nəticələri barədə qısa məlumat veriblər. Tərəflər arasında ATƏT sədrinin Azərbaycana və Ermənistana gözlənilən səfəri ətrafında fikir mübadiləsi aparılıb, Ukraynanın ATƏT-in rəhbəri kimi əhəmiyyətini nəzərə alaraq, gələcək görüşlərin səmərələri olacağına ümid ifadə edilib. ATƏT-in sədri Leonid Kojara Ukraynanın ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində səylərini dəstəklədiyini təsdiqləyərək, bu məsələnin Ukraynanın ATƏT-in sədrliyi dövründə prioritet olduğunu qeyd edib.
Məlumdur ki, ATƏT təmsilçiləri dəfələrlə bəyan edib ki, onlar Dağlıq Qarabağda situasiyanın pisləşə biləcəyindən narahatdır... Qurumdan deyirlər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in rolu Minsk Qrupu həmsədrlərinin iştirakının fəallaşdırılması ilə qorunub saxlanacaq. Amma onların bu yöndə həyata keçirdikləri işlər heç də Azərbaycan dövlətinin xeyrinə işləmir...
Tarixə nəzər salsaq görərik ki, bu ilin may ayının 7-də BMT Təhlükəsizlik Şurasının iclasında ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojaranın Şura üzvləri qarşısında etdiyi çıxışda toxunduğu məsələlərdən biri Dağlıq Qarabağ problemilə bağlı olub. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan L.Kojara ATƏT-in Ukrayna sədrliyinin münaqişənin sülh yolu ilə həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərini dəstəklədiyini vurğulayıb və iyun ayında Cənubi Qafqaz bölgəsinə edəcəyi səfər zamanı danışıqlarda fəallığın artırılmasına çağırış edəcəyini bəyan edib. ATƏT sədrinə cavab olaraq, Təhlükəsizlik Şurasının üzvü kimi çıxış etmiş Azərbaycan nümayəndəsi Ukrayna sədrliyinin ATƏT məkanında münaqişələrin həlli məsələsinə ciddi diqqət yetirdiyinə görə təqdir edib. Azərbaycan nümayəndəsi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərinin Ermənistanın işğalı altında qalması faktına diqqət çəkərək, münaqişə ilə bağlı ən nüfuzlu və öhdəlikli qüvvədə olan qərarlar hesab edilən 1993-cü ildə Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin Azərbaycana qarşı hərbi gücün tətbiq edildiyini və bu hərəkətin beynəlxalq hüququn ciddi pozuntusu olduğunu tanıdığını bildirib.
Azərbaycan təmsilçisi Təhlükəsizlik Şurasının əsas tələblərinin yerinə yetirilmədiyini və ATƏT çərçivəsində iyirmi ildən artıq müddət ərzində aparılan vasitəçilik səylərinin hələ də heç bir nəticə vermədiyini təəssüflə qeyd edib. Təmsilçimizin sözlərinə görə, Ermənistanın Təhlükəsizlik Şurasının qətnamələrinin əhəmiyyətini azaltmaq və beynəlxalq hüququn norma və prinsiplərini məqsədyönlü şəkildə təhrif etmək cəhdləri, habelə onun reallıqdan uzaq ilhaqçı iddiaları münaqişənin həlli prosesinə açıq təhdid və beynəlxalq və regional sülh və təhlükəsizlik üçün ciddi təhlükə törədir. Bundan əlavə, Ermənistan tərəfi işğal altında saxladığı Azərbaycan ərazilərində işğal vəziyyətinin daha da gücləndirilmək və 700 mindən çox azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasının qarşısını almaq məqsədilə davamlı şəkildə tədbirlər görür.
Ekspertlər deyir ki, Azərbaycanın BMT-də təşəbbüsləri əsasında 2005 və 2010-cu illərdə ATƏT-in fakt araşdırıcı missiyaları işğal edilmiş ərazilərə səfər edərək, orada qanunsuz fəaliyyətlərin, o cümlədən digər yerlərdən gətirilən əhalinin məskunlaşdırılması, inzibati sərhədlərin və ərazi adlarının dəyişdirilməsi, mədəni və dini abidələrin dağıdılması faktlarını aşkar edərək sənədləşdirib. Lakin bu missiyaların tövsiyələri kağız üzərində qalıb. Bundan əlavə, Suriya ermənilərinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərinə köçürülməsi və bu ərazilərə uçuşların təşkil edilməsi kimi qanunsuz fəaliyyətlər Ermənistanın Azərbaycan torpaqlarının məqsədyönlü şəkildə müstəmləkələşdirilməsi siyasətinin bariz nümunəsidir. Bu faktlara istinad edən Azərbaycan nümayəndəsi ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişənin danışıqlar yolu ilə və beynəlxalq hüquqa əsaslanan həllini ciddi şəkildə əngəlləyən bütün hərəkətlərin dərhal və qeyd-şərtsiz dayandırılmasına israr edəcəyinə ümid etdiyini xüsusilə qeyd edib.
Azərbaycan rəsmiləri hesab edirlər ki, beynəlxalq aləm erməni fitnəsindən can qurtarıb uzun illərdən bəri göz yumduqları Azərbaycan həqiqətlərini dünyaya car çəkəcəklər... Amma bununla belə, hələ ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ölkələrin dövlət başçılarının son bəyanatında müəyyən şübhəli məqamlar ortaya çıxarır. YAP təmsilçisi Əli Əhmədov hesab edib ki, bəzi beynəlxalq qurumlar Azərbaycan həqiqətlərini bəyan etmək istəmir...
Azərbaycan rəsmiləri beynəlxalq qurumların ikili siyasət yeritməsinə cavab olaraq əminliklə bildirirlər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi istənilən halda və istənilən variantda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəkdir, buna heç kim şübhə etmir. Bununla belə, etiraf etmək lazımdır ki, Azərbaycanın son ll il ərzində beynəlxalq səviyyədə yürütdüyü ardıcıl siyasət nəticəsində artıq Ermənistanın təcavüzkar olduğu bütün dünyaya məlumdur. Müxtəlif səviyyəli görüşlərdə, zirvə toplantılarında, konfranslarda bu məsələ diqqət mərkəzində saxlanılmış və Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı dəfələrlə beynəlxalq sənədlərdə öz təsdiqini tapmışdır. Bu sənədlərin, demək olar ki, hamısında Azərbaycan torpaqlarının işğal edildiyi göstərilir, bir milyondan çox insanın qaçqın və məcburi köçkün kimi yaşadığı bildirilir. Onların bəzisində təcavüzkar adı ilə göstərilsə də, təəssüf ki, bu münasibət hələ beynəlxalq birliyin rəsmi ortaq mövqeyi deyildir.
Hər halda uğurlar var və bu uğurlar münaqişənin həllində beynəlxalq hüquq normalarına əməl olunmasının vacibliyini ön plana çəkmək üçün yaxşı zəmin yaratmışdır... Hesab edirik ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycanla bağlı yürütdüyü bu siyasətə son qoyacaq və kağız üzərində qalan məsələlər dövlətimizin ərazibütövlüyün bərpası xeyrinə həll ediləcək... Azərbaycan tərəf Dağlıq Qarabağ münaqişəsinin həllinə ümid edir və gec-tez də bu arzusuna nail olacaq...
Ədil
Ədilzadə
Ədalət.- 2013.- 2 iyul.- S. 4.