AZƏRBAYCAN XALQ ÇALĞI ALƏTLƏRİ ÜÇÜN ƏSƏRLƏR YAZILMIR!

 

Bu alətlərin tədris və ifaçılıq repertuarında orijinal əsərlər yox dərəcəsindədir

 

(əvvəli ötən saylarımızda)

 

Burada bir məqamı da qeyd etmək istəyirəm. Tar alətinin yalnız "konsert" janrı sarından bəxti gətiribdir. Bu alət üçün asan, orta, yüksək çətinlikli əsərlər, sonatalar, virtuoz əsərlər yazmayan bəstəkarlarımız yalnız "konsert" yazırlar. Sanki bəstəkarlar arasında "tar konserti" yazmaq yarışı gedir. Peşəkar ifaçılar səhnəyə çıxanda tar üçün yazılan "konsert"lərdən başqa çalmağa əsər təqdim edə bilmirlər. Tar üçün o qədər konsert yazılıb ki, sayı-hesabı bilinmir, hətta kamançada, qanunda da tar "konsert"ləri tədris edirlər. Bəlkə də dünyanın musiqi tarixində tar yeganə alətdir ki, bəstəkarlar onun üçün yalnız və yalnız "konsert" janrı bəstələyirlər. Elə kamançanın da taleyini öz əlimizə belə qara günə qoymuşuq. Bu alətdə dərs pyesləri, konsert əsərləri tapılmadığı halda, "bəxtəvər" alət üçün yazılan 5 əsərdən (!) 3-ü konsert janrındadır. Mümkündür ki, bəstəkarların milli alətlərə münasibətdə yalnız konsert janrını seçmələri bu janra verilən qonorarın nisbətən böyük həcmi ilə bağlıdır. Hər halda, tar üçün konsert, sonataya nisbətən çox pula alınır. Deməli, problemin gələcək həllində bu cür maliyyə maraqlarını da nəzərdən qaçırmaq olmaz.

Yaranmış vəziyyəti bir daha vurğulayırıq: Tarın, kamançanın, qanun və balabanın tədrisində və konsert ifasında nə vaxta qədər Avropa alətləri üçün əsərlərdən, vokal əsərlərdən edilən köçürmələr, mahnılar çalmalıyıq? Müasir tar ifaçılığı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olunduğu halda, bəstəkarların bu alətə qarşı yüz faizli biganəliyi heç cür başa düşülən və qəbul edilən hal deyil. Bu alətlərin taleyi bizləri niyə bu qədər qayğılandırmır? Paradoksal haldır ki, müəllifi Heydər Əliyev Fondu olan "Muğam aləmi" festivalının, müsabiqəsinin və simpoziumunun təşkilatçıları və icraçıları Təhsil Nazirliyi, Mədəniyyət və turizm nazirliyi, Bəstəkarlar ittifaqı olduğu halda muğam ifaçılığının şah alətlərinin tədrisində ixtisas-not ədəbiyyatları tapılmır. Daha bir paradoks: 2013-cü ildə Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə düzənlənən III "Muğam aləmi" beynəlxalq simpoziumunun mövzusu məhz Şərq milli alətləri ilə bağlı idi, amma Bəstəklar İttifaqı milli alətlərimiz üçün (orkestr üçün yox) əsərlərin yazılıb-yazılmaması üzərində neçə onilliklərdir düşünmək istəmir. Bəlkə nazirliklər, Bəstəkarlar ittifaqı bu məsələnin də həllini Heydər Əliyev Fondundan gözləyirlər? Ayıb deyilmi?

Azərbaycan bəstəkarlarının 20-ci əsr boyunca və hal-hazırda milli alətlər üçün əsər yazmamalarının birinci səbəbi bu əsərlərin Mədəniyyət və turizm nazirliyi tərəfindən alınmaması və ya çox aşağı qonorarla alınmasıdır. İkinci səbəb milli alətlər üçün əsər yazan bəstəkarlara öz həmkarları və musiqişünaslar tərəfindən "aşağı sort bəstəkar", həmin əsərlərə isə "aşağı sort musiqi" münasibətidir. Yox, gəlin özünəbəraət instinktimizə aldanmayaq, gəlin yaratdığımız bu real, həm də eybəcər durumu etiraf etmək mədəniyyətinə qadir olaq. Buyurun, Bəstəkarlar İttifaqının qurultay konsertərindən birində xalq çalğı alətləri üçün əsərlər ifa edilir, gənc bəstəkarlar isə bu əsərləri ironiya ilə, fitlə, ələ salmaq hərəkətləri ilə qarşılayırlar. Belə gənclərin vətənpərvərlik iddialarına, Qarabağ mövsusunda, məhəbbət, təbiət fəlsəfəsində yazdıqları "avanqard" musiqiyə necə inanasan? İllərdir ki, avanqard metodların "a" hərfində ilişib qalmış "zorən avanqardlar", bu azmış kimi, xalq çalğı alətləri, xalq musiqisi ilə bağlı məlumatları öz İnternet saytlarında açıq təhqir etməkdən belə çəkinmirlər. Şübhəsiz ki, yaradıcılıq mənliyi və şəxsiyyəti üçün yaramaz göstəricidir, sadəcə tərbiyəsizlikdir. Amma iş buradadır ki, sənətə xalq çalğı alətləri ilə qədəm qoyan bəstəkarlar da elə bil bu alətlərə yadlaşıblar. Onlar sanki qorxurlar ki, avanqardın "a" hərfində ilişib "dahimaniya" xəstəliyinə tutulan bəstəçi "azlıqlar", üstəlik milli mədəniyyətin inkişafından geri qalan və azərbaycançılıqdan mənən uzaq olan anti-milli və infantil "composer"lər tərəfindən "aşağı sort bəstəkar" hesab olunarlar...

Üçüncü səbəb milli alətlər üçün tədris və konsert pyeslərinin yazılmasına təhsil, mədəniyyət müəssisələrinin maraqlı olmamasında, stimul yaratmamasında, dövlət sifarişləri verməməsində, bu məsələni tədrisin gündəliyinə daxil etməməsindədir. Dördüncü səbəb, yaradıcılıq fəaliyyətini təşkilatlandıran, istiqamətləndirən, təhlil etməli və idarə etməli olan Bəstəkarlar İttifaqının bu məsələdə həmişə susmağa üstünlük verməsi, ən yaxşı halda məsuliyyəti başqalarının üzərinə atmasıdır. Neyləyək? İndi Üzeyir bəy, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Niyazi, Səid Rüsətəmov həyatda yoxdurlar. Belə alınır ki, musiqi mədəniyyətimiz, incəsənətimiz və təhsilimiz beləcə başsız, böyüksüz, qayğıkeşsiz qalaraq yaşadığı problemlər, özbaşınalıqlar içində boğulmalıdır?..

Konkret faktlara - tədris proqramlarına əsaslanaq.

1. Azərbaycan Respublikası Mədəniyyət və turizm nazirliyi. Musiqi təhsili üzrə tədris-metodika kabineti. "Uşaq musiqi və incəsənət məktəblərinin tar sinfi üçün proqramı" - 2009-cu il. Tərtib edəni kabinetin baş metodisti Rauf İmanovdur.

- I sinif üçün 24 pyes tövsiyə olunmuşdur. Hamısı köçürmədir.

- II sinif, 40 pyes. Hamısı köçürmədir.

- III sinif, 51 pyes. B. Kərimovun 2 pyesindən başqa hamısı köçürmələrdir.

- IV sinif, 41 pyes. O. Quliyevin 1, B. Kərimovun 3 pyesindən başqa digər 37 pyes köçürmədir.

- V sinif, 55 pyes. Bunlardan S. Rüstəmovun, S. Ələsgərovun, H. Xanməmmədovun tar konsertləri, S. Ələsgərovun sonatinası istisna olmaqla, 49 pyes köçürmədir.

- Beləliklə, respublika uşaq musiqi və incəsənət məktəblərinin tar ixtisası üzrə I-V siniflərdə cəmi 211 pyes keçilir ki, 12 pyesdən başqa hamısı köçürmədir.

2. Azərbaycan Respublikası Mədəniyyət və turizm nazirliyi. Musiqi təhsili üzrə tədris-metodika kabineti. "Uşaq musiqi və incəsənət məktəblərinin kamança sinfi üçün Proqramı" - 1992-ci il. Tərtib edənləri Rauf İmanov, Gündüz Əfəndiyev, Adıgözəl Əliyevdir.

- I sinif, 34 pyes. Hamısı köçürmədir.

- II sinif, 32 pyes. Hamısı köçürlmədir.

- III sinif, 45 pyes. Hamısı köçürmədir.

- IV sinif, 37 pyes. Hamısı köçürmədir.

- V sinif, 45 pyes. Hamısı köçürülmədir. İllik tələbata yuxarıdakı kitablarla yanaşı, F. Volfartın, Kayzerin skripka üçün etüdləri, S. Rüstəmovun tar üçün melodik etüdləri tövsiyə olunur.

- Beləliklə, respublika uşaq musiqi və incəsənət məktəblərinin kamança ixtisası üzrə I-V siniflərdə cəmi 193 pyes tədris olunur ki, bunlardan heç biri kamança üçün yazılmamışdır.

3. Azərbaycan Respublikası Mədəniyyət və turizm nazirliyi. Mədəniyyətşünaslıq üzrə elmi-metodik mərkəzi. "Uşaq musiqi və incəsənət məktəblərinin qanun sinfi üçün Proqramı" - 2010-cu il. Tərtib edənləri mərkəzin metodsiti, ABİ-nin üzvü, musiqişünas Rauf İmanov və Bakı şəhər 20 N-li uşaq musiqi məktəbinin, AMK tərkibində musiqi kollecinin müəllimi Kəmalə Cahangirovadır.

- I sinif, 39 pyes. Hamısı köçürmədir.

- II sinif, 27 pyes. Hamısı köçürmədir.

- III sinif, 29 pyes. Hamısı köçürmədir.

- IV sinif, 44 pyes. Bunlardan S. Ələsgərovun "Şalaxo" pyesi istisna olmaqla, digər 43 pyesin hamısı köçürmədir.

- V sinif, 43 pyes. Bunlardan D. Dadaşovun "Çinarənin sevinci" pyesi istisna olmaqla, digər 42 pyesin hamısı köçürmədir.

- Beləliklə, respublika uşaq musiqi və incəsənət məktəblərinin qanun ixtisası üzrə I-V siniflərdə cəmi 183 pyes tədris olunur ki, bunlardan yalnız 2-si qanun üçün yazılmışdır. Digər 182 pyes köçürmədir.

4. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi kolleci. "Tar aləti ixtisas (not) fənni üzrə Proqram" - 2013-cü il. Tərtib edəni kollecin müəllimi Firudin Quliyevdir.

- I kurs, 32 pyes. Bunlardan S. Ələsgərovun "Daimi hərəkət", A. Gərayın "Şahnazsayağı" pyeslərindən başqa, bütün digər 30 pyes köçürmədir.

- II kurs, 42 pyes. Bunlardan S. Rüstəmovun və S. Ələsgərovun 2 tar konserti, A, Gərayın 3 pyesi istisna olmaqla, digər 37 əsərin hamısı köçürmədir.

- III kurs, 32 pyes. Bunlardan S. Rüstəmovun, H.Xanməmmədovun, S. Ələsgərovun, T. Bakıxanovun, R. Mirişlinin, Ə. Rəhmətovanın tar üçün 9 konserti və A.Gərayın 1 pyesi istisna olmaqla, digər 22 pyesin hamısı köçürmədir.

- IV kurs, 28 pyes. Bunlardan heç biri tar üçün yazılmamışdır, hamısı köçürmədir.

- Beləliklə, musiqi kolleclərində tar ixtisası üzrə I-IV kurslarda cəmi 134 pyes tədris olunur ki, 17-si tar üçün yazılmışdır.

5. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi kolleci. "İxtisas kamança fənni üzrə Proqram" - 2012-ci il. Tərtib edən kollecin müəllimi, FBK sədri Adıgözəl Əliyevdir.

- I kurs, 47 pyes. Heç biri kamança üçün yazılmamışdır. Hamısı köçürmədir.

- II kurs, 36 pyes. Heç biri kamança üçün yazılmamışdır. Hamısı köçürmədir.

- III kurs, 36 pyes. S. Ələsgərovun "Tarantella" pyesi istisna olmaqla, digər 35 pyesin hamısı köçürmədir.

- IV kurs, 32 pyes. H. Xanməmmədovun, Ə. Rəhmətovanın kamança üçün 2 konserti istisna olmaqla digər 30 pyesin hamısı köçürmədir.

- Beləliklə, respublika musiqi kolleclərində kamança ixtisası üzrə I-IV kurslarda cəmi 151 pyes tədris olunur ki, bunlardan yalnız 3-ü kamança üçündür, digər 148 pyes köçürmədir.

İndi isə ali musiqi məktəbinin proqramları üzərində dayanaq.

1. Azərbaycan Respublikası Təhsil Nazilriliyi, Azərbaycan Milli Konservatoriyası. Bakalavr hazırlığı üçün tar, kamança, qanun - not fənləri üzrə Proqram. İxtisas: HS 140100 - İnstrumental ifaçılıq. Tərtib edəni Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor Məmmədağa Kərimovdur. Bakı, 2011.

- Tar-not fənni üzrə proqram. I-IV kurslar, cəmi 240 əsər. Bunlardan 41 əsər tar üçün yazılmışdır, o sıradan 24-ü tar konsertidir, 1 sonatinadır, 1 sonatadır. Digər 199 pyes köçürmədir.

- Kamança-not fənni üzrə proqram. I-IV kurslar, cəmi 197 pyes. Bunlardan cəmi 5 əsər kamança üçündür. Digər 192 əsər köçürmədir.

- Qanun-not fənni üzrə proqram. I-IV kurslar, cəmi 227 əsər. Bunlardan yalnız 4-ü qanun üçün yazılmışdır. Digər 223 əsər köçürmədir.

Buyurun, bu da uşaq musiqi və incəsənət məktəbləri, orta ixtisas musiqi məktəbləri, musiqi kollecləri və Milli Konservatoriyanın xalq çalğı alətləri üzrə tədris proqramlarının verdikləri məlumatlar. Əlavə şərhə ehtiyac yoxdur. Respublikada bu alətlərin ixtisas-not tədrisinin vəziyyəti bu dərəcədə acınacaqldır. Proqramlar yeniləşsə də, ildən ilə xalq çalğı alətlərimizin tədris repertuarında onlar üçün yazılan əsərə və ya yeni əsərə rast gəlinmir. Nə təklif edirsiniz, xalq çalğı alətlərimizin ixtisas tədrisini baxımsızlıq, biganəlik, avropalaşma, lovğalıq qurbanı adlandıraq? Bəlkə ümumiyyətlə alətlərimizi vətən, sənət, peşəkarlıq, təhsil maraqlarımıza daxil etməsək yaxşıdır? Bəlkə, nazirliklərin, ABİ-nin milli alətlərin tədrisini, ifaçılığını inkişaf etdirmək üçün vaxtları, pulları, maraqları yoxdur? Məni ciddi düşündürən bir sual da var: Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan bölməsi fəaliyyətdədir və Naxçıvanda istedadlı bəstəkar nəsilləri yaşayıb-yaradırlar. Lakin nədəndirsə, onların tar, kamança üçün əsərləri, yaxud orkestr əsərlərindən köçürmələr respublikanın musiqi tədrisi proqramlarına daxil edilmir. ABİ-nin Gəncə, Lənkəran bölməsinin bəstəkarlarına da eyni münasibət hökm sürür. Niyə? Mənə elə gəlir, adları çəkilən şəhərlərin musiqi məktəblərində və musiqi kolleclərində də, Bakı məktəblərində də istedadlı əyalət bəstəkarlarımızın yaradıcılığına həssaslıqla yanaşılmalıdır.

 

(Ardı var)

 

Ariz ABDULƏLİYEV,

 

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, böyük elmi işçi

 

Ədalət.- 2013.- 3 iyul.- S. 3.