İNKİŞAFIN
VƏ MÜASİRLƏŞMƏNİN QAX
NÜMUNƏSİ
(əvvəli
ötən saylarımızda)
Sevindirici haldır ki, turizmin inkişafına xidmət edən kompleks tədbirlər indi daha sürətlə davam etdirilir. Qısa müddətdə şəhərin 10 küçəsində, bir sıra məhəllələrində başlanmış təmir-bərpa işləri artıq başa çatmaqdadır.
Yerli çay daşlarından milli üslubda səki və divarlara işlənən üzlüklər, orta əsr memarlığından xəbər verən ağac materiallarından hazırlanmış qapı və darvazaları, məhəllələrin girişlərində işlənmiş simvolik qala qapıları, milli üslubda keramitlə yapılmış dam örtükləri, evlərin sürahiləri bu yerlərə xüsusi gözəllik verməklə adamda ulularımızın həyat və məişətindən, zəngin mədəniyyətindən, adət-ənənəsindən xəbər verir. Bütün bu milli köklərə söykənən quruculuq işləri həm də bu layihənin ideyasını verənlərlə bərabər işin icrasına rəhbərlik və nəzarət edənlərin, sənətkarların içindən gələn böyük vətən sevgisini göstərir.
Bu gün Qaxda turizmin inkişafına yönəldilmiş Respublika büdcəsindən və rayonun daxili büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilən böyük infrastruktur layihələri, quruculuq işləri ilə bərabər (respublikanın turizm marşurutunun üzərində olan Şəki-Qax yolunun, Qaxın su-kanalizasiya sisteminin, almalı, tasmalı, Turaclı-Marsan, Qum, Çinarlı və digər kənd yollarının inşası, asfaltlaşdırılması, onlarla körpülərin tikintisi, kəndlərin qazlaşdırılması, parkların yenidən qurulması kimi və s.) turizm müəssisələrinin yerləşdikləri ərazilərdəki kəndlərin daxili imkanları ilə də xeyli təmir-tikinti, abadlıq işləri görülmüşdür və bu işlər davam edir. RİH başçısının təşəbbüsü və tövsiyələri ilə kəndlərdə başlamış abadlıq işləri davam edir. Hazırda RİH başçısının məsləhəti ilə digər kəndlərdə mədəniyyət mərkəzlərinin yaradılması istiqamətində tədbirlər davam edir.
Rayon sakinlərinin köməyi ilə şəhərin küçə və meydanlarında, yol kənarlarında, turizm marşrutlarının üzərində yaradılan səliqə-sahman, aparılan abadlıq işləri, salınan yaşıl zolaqlar, əkilən gül-çiçək kolları, ağaclar da turizmin inkişafına xidmət edir.
Bütün bunlarla yanaşı təcrübə göstərir ki, bölgədə turizmin inkişafı yerli əhalinin bu istiqamətdə maarifləndirilməsindən, turistlərin bölgənin tarixi, adət-ənənələri, mədəniyyəti, xalq yaradıcılığı ilə tanış edilməsi təcrübəsindən də çox asılıdır.
Qədim... Müasir İlisu
Rayon həyatından, müasirliklə qədimliyin, eləcə də təbiət gözəlliklərinin qovuşmasından söhbət açıb da ayrıca olaraq Qaxın simvolu olan İlisudan bir qədər geniş danışmaq lazım gəlir. O İlisudan ki, Azərbaycan dövlətçiliyi tarixinə 300 illik sultanlıq ənənəsi ilə daxil olan, görkəmli ziyalıları, elm, mədəniyyət, dövlət xadimləri ilə Qaxı daha da məşhurlaşdırıb. Xalqımıza məxsus milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi bu günədək qoruyub saxlayan sakinləri, zəngin, ecazkar gözəlliyə malik füsunkar təbiəti ilə məşhur olan qədim İlisu kəndi hazırda həm də respublikamızın turizm mərkəzlərindən birinə çevrilmişdir.
Qaxda dövlət vəsaiti və daxili imkanlar hesabına həyata keçirilən infrastruktur layihələri, şəhərdə salınan yaraşıqlı parklar, küçə və məhəllələrdə, o cümlədən İçəribazar turizm mərkəzində milli-memarlıq üslubunda aparılan təmir-bərpa işləri təbiətən böyük turizm potensialına malik olan İlisunun bu istiqamətdəki imkanlarını xeyli genişləndirmişdir. Ulu Öndərimizin sərəncamı ilə 2002-ci ildə yaradılan İlisu Dövlət Tarix Mədəniyyət Qoruğu, bir sıra tarixi abidələrin bərpası, hörmətli Prezidentimiz İlham Əliyevin qayğısı ilə İlisu kəndini iki yerə bölən Hamamçay üzərində inşa olunan müasir tipli körpü, kəndin sel-sulardan mühafizəsi məqsədilə salınan böyük həcmli istinad divarları bu məkana turistlərin marağını daha da artırmışdır. Artıq mövsüm ərzində minlərlə turist qəbul edən İlisu bələdiyyəsinin ərazisində onadək turizm-istirahət müəssisələri, onlarla iaşə obyektləri vardır.
... Həm də İlisu haqqında bir çox rəvayətlər, əfsanələr də nəsildən-nəsilə yaşamaqdadır. Bu yerlərin qonaqpərvər, hörmətcil insanlarının danışıq dili diqqət yetirdikdə Türkiyə türkcəsini xatırladır. Bəzi deyimlər, müraciətlər az qala olduğu kimi oxşardır. Bəlkə də nəsə mistik bağlantılar da var. İstanbulun və Qaxın avtomobillərinin seriya nömrələrinin 34 rəqəmi ilə başlanması kimi təsadüflər də.
Mənim də bu kənd haqqında "Uludağ əfsanəsi" adlı kiçik bir hekayətim var idi...
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.- 2013.- 4 iyul.- S. 3.