AZƏRBAYCAN XALQ ÇALĞI ALƏTLƏRİ ÜÇÜN ƏSƏRLƏR YAZILMIR!

 

Bu alətlərin tədris və ifaçılıq repertuarında orijinal əsərlər yox dərəcəsindədir

 

 (əvvəli ötən saylarımızda)

 

Daha bir ciddi sual. Milli alətlərin tədrisi köçürmələr və işləmələr sayəsində həyata keçirilirsə, niyə məsələn, Orta Asiya ölkələrində, Türkiyədə, Məqrib ölkələrində, Tatarıstan, Başqırdıstan və b. Asiya respublikalarında xalq çalğı alətləri üçün yazılan əsərlərdən, opera və kamera musiqisindən, xalq rəqslərindən nümunələr də tədris proqramlarımıza daxil deyildir? Belə yanaşma tədris repertuarındakı köçürmə əsərlərin bədii məzmun, intonasiya rəngarəngliyinə səbəb olar və Asiya xalqlarının milli alətlərindəki qohum cəhətlər üzə çıxara bilər.

Mədəniyyət və Turizm Nazirliyi, Təhsil nazirliyi, Bəstəkarlar İttifaqı, Bakı şəhər mədəniyyət və turizm idarəsi milli alətlər üzrə ixtisas müəllimlərinə min dəfələrlə təşəkkür etməlidirilər. Niyə? Ona görə ki, məhz Bakıda, şəhər və rayonlarda işləyən ixtisas-not müəllimləri başqa alətlər üçün, səs, orkestr üçün yazılan əsərləri tar ilə fortepiano, kamança ilə fortepiano, balaban ilə fortepiano, qanun ilə fortepiano üçün köçürərək tədrisdə şagird və tələbələrin ixtisas öyrənmələrini təmin etmişlər. Milli alətlərin tədrisinin ölməməsi, əksinə yaşaması və bu günə çatması, kadrların yetişə bilməsi bu müəllimlərin onilliklər ərzində pedaqoji və metodik fəaliyyətləri sayəsində mümkün olubdur. Onlar milli alətlərimizin tədrisini yaşatmaq naminə peşəkarlıq, müəllimlik və milli təəssübkeşlik göstərərək, hökm sürən biganə, durğun vəziyyəti öz imkanları qədər alətlərimizin qarşısından kənarlaşdırmışlar. Əvəzində zəhmət haqqı, qonorar, pul mükafatı almamışlar. Bu xüsusda müəllimlərin bəzilərinin də olsa, adını qeyd etmək istəyirəm. Ü. Hacıbəyli, S. Rüstəmov, A. Gəraydan sonra tar tədrisinin metodikasını, tar ifaçılığının öyrədilməsini yaşatmaq, praktikada tətbiq etmək, kadr hazırlığını inkişaf etdirmək naminə xalq çağlı alətləri üçün yüzlərlə köçürmə edən, bu işin sayəsində tədris repertuarını formalaşdıran və zənginləşdirlən müəllimlərdən Xalq artisti, professor Ramiz Quliyevin, Əməkdar İncəsənət xadimi, sənətşünaslıq namizədi, professor Oqtay Quliyevin, Xalq artisti, professor Şəfiqə Eyvazovanın, sənətşünaslıq doktoru, Xalq artisti Məcnun Kərimovun, sənətşünaslıq namizədi, təcrübəli pedaqoq Əvəz Rəhmətovun, sənətşünaslıq namizədi, professor Məmmədağa Kərimovun, əməkdar artist, dosent Həmid Vəkilovun, tanınmış ixtisas müəllimi Akif Novruzovun, Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor Nazim Kazımovun, sənətşünaslıq namizədi, professor Afət Novruzovun, Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayevin, Əməkdar müəllim, professor Malik Quliyevin, Əməkdar artist, professor Fəxrəddin Dadaşovun, sənətşünaslıq namizədləri Hafiz Kərimov, Yaqut Seyidova və Təranə Əliyevanın, R.Əzizov, S.Paşazadə, Ç.Mütəllimova, R.Hüseynova, A.Kazımova, S.Həsənova və onlarla dəyərli rayon və şəhər tar, kamança, qanun, balaban müəllimlərinin bu səhədəki qiymətli əməyini xüsusi minnətdarlıqla qeyd edirik.

Sual yaranır: 100 ildir ki, xalq çalğı alətlərimizin tədrisində not ədəbiyyatının mütləq faizini köçürmələr təşkil edirsə, yalnız ixtisas müəllimlərinin sayəsində xalq çalğı alətlərinin tədrisi yaşayırsa, bəs belə vəziyyətin məsuliyyəti kimin üzərinə düşür? Adı çəkilən nazirliklərin, yoxsa bəstəkarların? Düşünürəm ki, müəllimlərin bu məsələdə heç bir təqsiri yoxdur. Məktəb rəhbərlərini də çox qınamaq ədalətsizlik olar. Yaxşı rəhbər işçilər məktəbdə tədrisin keyfiyyətinin yüksək olması üçün əllərindən gələni edirlər. Milli alətlər üçün tədris və konsert əsərləri yazılmırsa, bu işdə onların nə təqsiri?

Musiqi müəllimləri yaxşı bilirlər ki, peşəkar ifaçılıq kadrlarının yetişməsi tədris repertuarından çox asılıdır. Əgər tar ixtisasına gedən şagird 1-ci sinifdən 5-ci sinifə qədər onun ifaçılıq texnikasını inkişaf etdirən tar əsərləri əvəzinə tar üçün köçürülən əsərlər, mahnılar çalırsa, bu, tədrisin və ifaçılığın qarşısında ciddi maneədir. Deyilə bilər ki, tədrisdə Avropa, rus bəstəkarlarının pyesləri kifayət qədərdir. Lakin belə vəziyyətlə öyünmək yox, narahat olmaq lazımdır. Çünki xalq çalğı alətləri üçün not-tədris ədəbiyyatlarının ən azı 50 faizi məhz bu alətlər üçün yazılan əsərlərdən təşkil olunmalıdır. Həm də ona görə ki, alət üçün əsərlər bu alətin ifa, tembr, texniki və bədii ifa, səslənmə, çalğı üsulları nəzərə alınmaqla bəstələnir. Bir sözlə, xalq çalğı alətləri üçün tədris və konsert əsərlərinin olmaması yalnız tədrisə və ifaçılığa deyil, alətlərin özlərinə də ciddi problemlər yaradır. Məsələn, xalq çalğı alətlərimizin əsər ifa etmək imkanları indiyə qədər tam özünü büruzə verə bilirmi? Əlbəttə yox. Alət üçün çalmağa əsər yoxdursa, onun ifa imkanları da tam təqdim edilə bilməz. Yalnız Şopeni və ya Dvorjakı çalmaqla milli alətin ifa imkanlarını üzə çıxarmaq mümkün düyil. Bir də axı alətin tədrisi və ifaçılığı ibtidai təhsildən ali pilləyə qədər yalnız köçürmələr, işləmələr hesabına qurulmamalıdır - buna qəti yol vermək olmaz.

Əlbəttə, Bəstəkarlar İttifaqının xalq çalğı alətləri orkestri üçün əsərlərə həsr olunmuş plenumu, TÜRKSOY ilə Mədəniyyət və turizm nazirliyinin "Türk xalqlarının musiqi alətləri" beynəlxalq elmi simpoziumu, musiqi alətlərinə həsr olunmuş "Muğam aləmi" beynəxalq elmi simpoziumu bütün ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və alqışlanır. Lakin bu tədbirlər, açığını deyək, xalq çalğı alətlərinin tədrisi ilə bağlı mövcud vəziyyəti zərrə qədər də dəyişməyib, çünki bu tədbirlərin mövcud durğunluqla əlaqəsi yoxdur.

Xalq çalğı alətləri üçün ansambl əsərləri yazılması da vaxtı çoxdan çatan və həllini gözləyən bir məsələdir. Məsələn, tar, kamança, fortepiano; kamança, qanun və fortepiano; tar ilə skripka solo; kamança, vilonçel və balaban; tar, kamança, qanun; tar, kamança, qanun, balaban; tar kvarteti; balaban kvarteti və s. ansambl əsərlərin yazılması və konsertlərdə, efirdə səslənməsi musiqi həyatımızı xeyli maraqlı edə, milli alətlərimizin ifa imkanlarını xeyli artıra bilər. Təsəvvür edin, Milli Konservatoriyanın alətlər laboratoriyasında balabanın alt, tenor, bas növləri yaradılıbdır, həm də balaban kvarteti təşkil olunubdur. Amma çifayda, onlar da köçürmələr çalmaq zərurətində qalıblar.

Milli alətlərlə kamera, xalq çalğı alətləri, simfonik orkestr üçün virtuoz, lirik səciyyəli əsərlər də mütləq yazılmalıdır. Qeyd etmək vacibdir ki, bəstəkarlar öz kamera, simfonik əsərlərində partituraya tarı, balabanı da daxil edirlər. Lakin bu faktı yaranmış problemlə qarışdırmaq olmaz. Burada söhbət xalq çalğı alətləri üçün xüsusi əsərlərin yazılmamasından gedir.

Gəlin, real çıxış yollarını və vasitələrini təhlil edək. Real çıxış yolları isə mövcuddur, sadəcə onları təşkil etmək, hərəkətə gətirmək, həyata keçirmək, müəllim təcrübəsinə və əməyinə layiqli qiymət verə bilmək lazımdır.

Yeri gəlmişkən, Rusiyanın musiqi təhsilində belə bir ənənə formalaşıb: Rus xalq çalğı alətlərinin tədris reperuarını yazmaq təcrübəli, stajlı metodist müəllimlərə həvalə edilir və bunun səmərəli nəticələri olur. Sovet dönəmində rus xalq çalğı alətlərinin uşaq, orta ixtisas musiqi məktəblərində, incəsənət institutlarında, konservatoriyalarda tədrisi üçün yazılan pyeslərin müəllifləri təkcə bəstəkarlar deyil, həm də ixtisas müəllimləridirlər. Bu işdə onlara etibar olunması və işin bəstəkar redaktəsi ilə yerinə yetirilməsi nəticəsində yüzlərlə pyeslər yazılmış və nəşr olunmuşdur.

Azərbaycanda da təqribən bu ənənə ilə uzlaşan müəyyən təcrübə vardır: tar-ixtisas müəllimlərimiz bu alət üçün əsərlər yazırlar. Məsələn, Səid Rüstəmov tar üçün etüdlər, konsert bəstələmiş, dərs vəsaiti yazmışdır. Təcrübəli, məşhur tar müəllimlərindən M. Adil Gəray tar üçün etüdlər və pyeslər, Oqtay Quliyev uşaq musiqi məktəbləri üçün iki pyes, Əkrəm Məmmədli etüdlər və "Elegiya" pyesi, Novruz Aydəmirli 1 konsert və 2 pyes, Həmid Vəkilov 2 konsert pyesi yazmışlar. Təcrübəli və nüfuzlu tar-ixtisas müəllimlərinin yazdıqları etüdlərin və əsərlərin hamısı Mədəniyyət və turizm nazirliyi, Təhsil nazirliyi tərəfindən təsdiq olunmasalar da, qədirbilən ixtisas müəllimləri onlardan tədrisdə istifadə edirlər.

Onu da nəzərə alaq ki, tar ilə simfonik, xalq çalğı alətləri orkestrləri üçün konsertlərin, köçürmələrin tar partiyasını redaktə etmək üçün bəstəkarlar həmişə ustad ifaçılara və ya təcrübəli ixtisas müəllimlərinə müraciət etmişlər.

 

(Ardı var)

 

Ariz ABDULƏLİYEV,

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti,

böyük elmi işçi

 

Ədalət.- 2013.- 4 iyul.- S. 3.