"BƏNİM TANRIM"
Hüseyn
Cavidin təkcə adı çəkiləndə istər-istəməz
özünü toparlayısan, bu böyük söz
dühasının, sözün Şeyxinin
qarşısında diz çökürsən və onda hiss
edirsən ki, bu dünyada sözü diz çökdürən,
sözü göylərə qaldıran tək-tək
ustadlardan biri də məhz Cavid Əfəndi olub.
Doğrudur,
bu gün kitab oxuyan, sözə baş vuran say
baxımından xeyli azalsa da, amma sözlə oynayan,
özünü söz yaradanlar sırasına zorla təpənlər
kifayət qədərdir. Həmin o "söz
yazanların" bolluğunda, hamısı bir-birinə bənzəyən
inqobator sayağı kitabların arasında nə qədər
itib-batsaq da, başımızı qaldırıb baxanda ilk
gördüyümüz nəhənglərdən biri də məhz
Cavid Əfəndi olur. Sevindirici haldır ki, cəmiyyətimizdə,
dövlətimizdə bu böyük insana münasibət
get-gedə müsbət mənada daha da artır, onun
sözünün işığı ürəklərə
yol tapır.
Bugünlərdə
"Oğuz eli" qəzetinin ayrıca
buraxılışı olan "Yazıçı"nın
bu il üçün sayca üçüncü,
bütövlükdə 157-ci sayı işıq üü
görüb. Ayrıca buraxılışın redaktoru Azər
Abdulla bu sayı məhz Cavid Əfəndiyə həsr edib.
Onu da deyim ki, buraxılışın çox keyfiyyətli
bir şəkildə nəşr olunması ilk baxışdan
adamı özünə çəkir. Bu da görünür
yaradıcı heyətin böyük ustada olan özəl
sevgisinin nəticəsidir. Çoxumuzun əzbər bildiyi və
zaman-zaman məqamında böyük fəxartələ
söylədiyimiz
Hər
qulun cihanda bir pənahı var
Hər
əhli-halın bir qibləgahı var
Hər
kəsin bir eşqi, bir ilahi var,
Bənim
Tanrım gözəlikdi, sevgidi.
-
Misralarla və Cavid Əfəndinin portreti onun barəsində
böyük Cəfər Cabbarılının "Caviddə
su kimi duru, almaz kimi saf, parlaq və oynaq bir insan vardır ki,
bu, islahına çalışan lisanımızın təkamül
özülü ola biləcəkdir zənnindəyik"
sözləri yazılmış
"Yazıçı"nın üz qabığı
özü-özlüyündə oxucunun əlindən tutub
ayrıca buraxılışı gözdən keçirməyə
dəvət edir.
Çox
maraqlıdır ki, bu buraxılışda Cavid Əfəndi
haqqında Azərbaycanın çox böyük söz
adamları, tanınmış simaları, o cümlədən
Abdulla Şaiq, Əli Sultanlı, Mirzə İbrahimov, Rəsul
Rza, Məmməd Cəfər, Anar, Elçin, Yaşar Qarayev,
Mirmehdi Seyidzadə, həmçinin Məmməd
İsmayıl, Sabir Rüstəmxanlı, Azər Turan, Vaqif
Bayatılı Odər, Kamal Abdulla, Adil İsgəndərov,
Mehdi Məmmədov, Əziz Şərif, Şəmsi Bədəlbəyli,
həmçinin Turan Cavid (Cavid Əfəndinin qızı) və
digər qələm adamları öz fikirlərini diqqətə
çatdırıblar. Bu buraxılışda Cavid Əfəndi
barəsində xatirələr, ona ünvanlanmış poeziya
nümunələri, onun əsərlərində öz sənət
talelərini sınamış aktyorlarımızın da fikirləri
öz əksini tapmışdır. Ümumiyyətlə, bu
buraxılış Cavid Əfəndinin adına layiq bir şəkildə
tərtib olunmuşdur. Əvvəldə də
xatırlatdığım kimi, ayrıca
buraxılışın baş redaktoru Azər Abdullanın
Cavid Əfəndiyə ünvanlanmış essesi də
çox təqdirəlayiq və diqqət çəkəndir.
Və düşünürəm ki, Azərbaycan oxucusu bu
buraxılışdan məmnun qalacaqdır.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.- 2013.- 4 iyul.- S. 4.