Gənc qızların istəyi ilə 300 min tirajla çap olunan trilogiya

 

"İtkin gəlin” almaq üçün...”

 

Danılmaz faktdır ki, Sovet dövründə Əlibala Hacızadə Azərbaycan yazıçıları içərisində Məmməd Səid Ordubadidən sonra ən çox oxucusu olan qələm adamı idi. Onun romanları 250-300 min tirajla çap olununsada satışda tapılmırdı. Yazıçı-publisist Hafiz Mirzə yazılarının birində çox maraqlı məqama toxunur. "Rəhmətlik yazıçı Əlibala Hacızadənin sovet dövründə kitabları 100 min tirajla nəşr olunur, amma yenə də defisitlə satılırdı. Yüz minlik oxucu ordusundan indi ortada heç min nəfər də qalmayıb. Nə isə. Hə, Əlibala müəllimin "İtkin gəlin” kitabı təzəcə nəşr olunmuşdu. Axtarıb onu Yasamalda, Şərifzadə küçəsindəki kitab mağazasında tapdıq. Ancaq satıcı onu ele-belə satmırdı. Bu kitabı almaq istəyən şəxs Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnevin "Kiçik torpaq” və "Dirçəliş” kitablarını da almağa məcbur idi."

"İtkin gəlin”in almaq istəyən oxucuların çoxluğu, işbazları da hərəkətə keçirmişdi. Kitaba olan maraqdan istifadə edib, Brejnevin heç bir dəyəri olmayan sicilləmələrini də oxuculara sırıyırdılar. Oxucu da "İtkin gəlin”i almaq üçün bu fədakarlığı edirdi...

 

Yüz minlərlə oxucunun sevimlisi

 

Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan, "60-cılar” ədəbi nəslinin ən sevilən nümayəndələrindən biri yazıçı Əlibala Hacızadə "İtkin gəlin” romanına qədər bir çox sevilən əsərlərin müəllifi olub. Ancaq ona ən böyük şöhrəti və oxucu sevgisini "İtkin gəlin” gətirib.

O, 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuş yazıçı 1953-1958-ci illərdə indiki BDU-nun Şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil alıb. 1958-ci ildən Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. 1966-1970-ci illərdə Əfqanıstanda təcüməçi kimi fəaliyyət göstərib. Ömrünün sonuna qədər Azərbaycan Milli Elmlər Akademiyasında Şərqşünaslıq inistitutunda çalışıb.

1956-cı ildə yazdığı "Mənim müəlliməm" adlı ilk hekayəsi ilə ədəbi yaradıcılığa başlayan müəllif "Təyyarə kölgəsi", "Vəfalim mənim" əsərləri qisa müddətdə tanınıb .

"İtkin gəlin" trilogiyası isə Əlibala Hacızadəyə yüz minlərlə oxucunun sevgisini qazandırıb. Müəllifin bu roman əsasında yazdığı ssenariyə 12 seriyalı bədii televiziya filmi çəkilib və bu filmi Azərbaycanın ilk serialı hesab etmək olar.

 

Talesiz Əfsanə

 

"İtkin gəlin" romanın süjet xətti bədbəxt taleli bir qızın – sevdiyi adamdan qaçan Əfsanənin taleyi üzərində qurulub. "Romanındakı hadisələrin əsasında məhəbbət macərası dayanır. Tacir Həzrətgülün bacısı qızı Əfsanə bədbəxt bir hadisə nəticəsində ata-anasını itirmiş, dayısının himayəsində yaşamağa məcbur olub. Həzrətgül bacısı qızını həm dükanda, həm də evdə qulluqçu kimi işlədir, onun arvadı isə qıza qarşı son dərəcə amansızdır. Evin kiçik gəlini Nazənin isə Əfsanəyə bir bacı kimi yanaşır, sevir, onun həmsöhbətinə və sirdaşına çevrilir. Əfsanə gözəldir, nəcibdir, qəlbi kövrəkdir, güclü hafizəsi var. Şeri, sənəti başa düşür. Bütün Əfqanıstanda olduğu kimi, Ədnan qəryəsində də savadsızlıq, hüquqsuzluq və məhrumiyyət hökm sürməkdədir. Kəndin ağbirçək qadınlarından biri də Səbihə arvaddır. O, gənc yaşlarından dul qalmış, çətinliklə Yusif və Elməddin adlı oğlanlarını böyütmüşdür. Yusif - böyük qardaş şəhərə gəlib çətinliklə açdığı kiçik dükanda odun və kömür satır, Elməddin isə oxumaq arzusunu yoxsulluq üzündən qəlbinin dərinliklərində dəfn edib kənddə qalaraq qəryədər Qulamın yanında katib işləyir. Elməddin və Əfsanə bir-birini sevsə də, Əfsanə Elməddinin böyük qardaşı Yusiflə evləndirilir. Yusufin ölümündən sonra qardaşının arvadı ilə evlənməyə məcbur olan Elməddin Əfsanəyə qardaşının arvadı olduğu üçün toxunmur. Buna dözməyən Əfsanə Ədnandan qaçır. Elməddin isə etdiklərinə peşman olub, itkin gəlini- Əfsanəni axtarmağa başlayır.

 

İnqilabçı şair və "Pərçəm”

 

Trilogiyada təsvir olunan əsas sürətlərdən biri şair, əfqan xalqının sevdiyi "Pərçəm” qəzetinin baş redaktoru Məhəmməd Şəfi Rəhgüzərdır. Məhəmməd Şəfi milyonların sevimlisidir. O Elməddini öz oğlu kimi qəbul edir, onu milyonçu Nəcməddinin yanında işə düzəldir. Tezliklə Elməddin "Pərçəm" qəzeti ilə əməkdaşlığa başlayır. Xalqı mübarizəyə səsləyən, cəmiyyətdəki haqsızlığı, qeyri-bərabərliyi ustalıqla təsvir edən mübarizə ruhlu şerlər, hekayələr, karikaturalar çap etdirir.

 

Bədbəxt milyonçu, xəyanətkar qadın, nankor qulluqçu

 

Nəcməddin milyonçu və əyyaş olsa da, şeri, sənəti sevir. Qızı Zərrintac xanım kübar ailədə böyümüş tüfeyli şərq qadınıdır. Elməddin zahirən yaraşıqlıdır və şəhərə tez uyğunlaşıb və milyonçunun qızı Zərrintacın diqqətini cəlb edir. Əsərdə milyonların, sərvətin xoşbəxt edə bilmədiyi Nəcməddin surətini müəllif hərtərəfli verməyə çalışıb: o, bir yandan sərvət sahibidir, zalımdır, qadın düşgünüdür, bir yandan isə şerpərəstdir, ağıllı və bacarıqlı adamlara əl tutur, dostluqda möhkəmdir. Sevimli qadını Dünya xanımın ona xəyanət etmək istədiyini biləndə (Bədbəxt milyonçunun Dünyanın əsl xəyanətindən xəbəri yoxdur, başa düşmür ki, öz adını verdiyi balaca Nəcməddin onun yox, Əbdülün oğludur) onu öldürür. Qadın dəllalı Siracəddinin əlinə düşmüş Dünya fahişəlikdənsə, yaşca atasından da böyük olan Nəcməddinlə yaşamağı üstün tutur. Nəcməddin ona çox möhkəm bağlanır. Dünyanın hər şeyi var: Nəcməddin kimi əri, təmtəraqlı villası, Əbdül kimi nökəri. Nəcməddinin var-dövlətinə sahib olmaq üçün o, ana olmalıdır. Nəcməddin isə ata olacaq yaşı keçib. Bu məkrli məqsədini yerinə yetirmək üçün Dünya Əbdülü seçir. Dünya ana olur. Dünya öz məqsədinə çatandan sonra Əbdülə marağı azalır və qonşuları Vəlixana aşiq olur. Xoşbəxtlik nə olduğunu bilməyən, ömürünü qapılarda keçirən Əbdül hər şeyi anlayır. Sərxoş olduqdan sonra əhvalatı Nəcməddinə danışır və bununla da Dünyanı da, bir az sonra Nəcməddinin özünü də məhv edir. Vəlixanı Nəcməddin aradan götürür. Dünyanı Nəcməddin öldürür. Nəcməddinin özünü isə qüruru, yaralanmış heysiyyati intihara sürükləyir. Əbdül isə balaca Nəcməddinin – öz oğlunun əli ilə qətlə yetirilir.

 

Əfqanıstanın qaranlıq taleyi

 

Əlibala Hacızadə feodal-patriarxal mühitdə hökm sürən kapital hökmranlığını, onun əxlaq kodeksinin puçluğunu göstərir. Kapitalın, dəbdəbənin arxasındakı iyrəncliyi ifşa edir. Ancaq müəllif belə iyrənc bir mühitdə Məhəmməd Şəfi, Elməddin, Bəbir, Ziyaülhəqq kimi mübarizlər və cəfakeşlərin olduğunu da gizlətmir. Şəfi gözünün birini itirib, amma dönməzdir. Elməddinin qolunun birini şikəst ediblər, ancaq o yoluna sadiqdir.

Əsərdə Məhəmməd Şəfi kimi inqilabçı şair obrazı ilə yanaşı, Miyonçu Mümtazın pulu ilə əqidəsiz, oyuncaq qəzet nəşr edən, savadsız və kütbeyin, paxıl Əli Tüğyan obrazı da var.

"Pərçəm" qəzeti isə cəmiyyəti lərzəyə salır, zəhmət adamlarını öz arxasınca aparır.

Müəllif bu trilogiyada sadəcə insan talelərini, nakam, bəxtsiz insanların, idealist inqilabçıların həyatını qələmə almır. Müəllif eyni zamanda Əfqanıstanın qaranlıq taleyini də oxucuya çatdırır.

 

Heydər Əliyevin qayğısı

 

Yazıçı Əlibala Hacızadə ölümündən əvvəl verdiyi müsahibələrin birində bu trilogiyası haqqında deyir : "Mənim kitablarımın tirajı 100 minlərlə olub. Təkcə "İtkin gəlin” kitabım üç dəfə təkrar çap olunub, hər dəfə də 100 min tirajla. Sovet vaxtı Heydər Əliyev rayonlara səfər edəndə yazıçıları da özü ilə aparardı. Səfərlərinin birində heyətə mənim də adımı salmışdılar. Lakin xəstələndiyim üçün gedə bilmədim. Onlar Saatlıdan keçəndə Heydər Əliyev yolun kənarında, günün altında pambıq sahəsində işləyən qızları görür və maşınını saxlatdıraraq onların yanına gedir. Pambıqçı qızlarla söhbət zamanı onların problemləri ilə maraqlanır və ürəklərində hansı arzuların olduğunu soruşur. Qızlardan biri əlini qaldırıb probleminin olduğunu söyləyir. Heydər Əliyev problemin nədən ibarət olduğunu soruşanda qız cavab verir ki, Əlibala Hacızadənin "İtkin gəlin” adlı bir kitabı çıxıb, həmin kitabdan onların kəndinə cəmi 1 nüsxə göndəriblər. Qız kitabı oxumaq üçün siyahıda 23-cü adam olduğunu deyib və xahiş eləyib ki, mümkünsə, həmin kitabdan bir az çox nəşr etsinlər. Heydər Əliyev ətrafa baxaraq, mənim harada olduğumu soruşub. Cavab veriblər ki, xəstələndiyi üçün gələ bilməyib. O, da özünəməxsus şəkildə gülərək "yəqin Əlibala bilib ki, ondan kitab istəyəcəksiniz, ona görə gəlməyib” deyir. Bundan sonra kitablarımın tirajı daha da artdı. "Əfsanəsiz illər” və "Ayrılığın sonu yoxmuş” kitablarımın hərəsi 300 min tirajla çap olunub.”

 

"Aaz, nə ət, nə kartof, nə soğan!”

 

Müəllifin 16 ilə tamamladığı trilogiya ilə bağlı olduqca maraqlı var: "Bir dəfə mətbəxdə oturub (mənim yazı otağım olmayıb. Elə harada gəldi, hətta dizim üstündə də yazırdım) "İtkin gəlin”i yazıram. Şahın şairi sarayına çağırdığı səhnəni yazıram. Şair içində sevinir ki, xalqın dərdini deməyə imkan yaranıb. Elə bu vaxt çiynimə bir əl qoyuldu. Çevrildim ki, uşaqların anasıdır. Dedi Əlibala bilirsən, ətimiz, kartofumuz, soğanımız qurtarıb. Qələmi qoydum yerə. Dedim "Aaz, nə ət, nə kartof, nə soğan! Sən görmürsən mən burda şahlarla saraylarda oturmuşam!” Arvad geri çəkildi. Elə bildi ki, mənim başıma hava gəlib.”

 

Ən çox axtarılan əsərlər

 

16 il ərzində Əlibala Hacızadə qəhrəmanlarına o qədər alışır ki, hətta romanı yekunlaşdırmağa qorxurmuş: " "İtkin gəlin” mənə bir müəllif kimi, böyük sevinclər bəxş etmişdir. Bildiyiniz kimi, bu əsəri mən 1966-70-ciillərdə Əfqanıstanda mütərcim işlərkən müşahidələrim əsasında yazmağa başlamış və bu işə ömrümün on altı ilini sərf etmişəm. O illər ərzində həmin adamlar : Əfsanə, Elməddin, Məleykə, Nəcməddin və s. mənim doğma adamlarıma çevrilmişdilər və mən romanın sonuncu nöqtəsini qoymaqdan bir növ qorxurdum.”

Akademik Vasim Məmmədəliyev uzun müddət birlikdə çalışdığı Əlibala Hacızadənin yaradıcılığını çox yüksək qiymətləndirir: "Onun yazdıqları, xüsusən də "İtkin gəlin” romanı ən çox axtarılan, oxunan əsərlərdir. O böyük monumental romanlar müəllifidir. Əlibala Hacızadə gözəl şeirlər də yazıb. Əgər nəsrə ayırdığı vaxtı şeir yazmağa da sərf etsəydi, çox gözəl şair kimi tanına bilərdi. O bütün ömrü boyu gözəllik, məhəbbət aşiqi olub. Hətta onun bir şeiri var ki, orada müəllif "təpədən-dırnağa məhəbbətəm mən”, – deyir.”

 

Fərqli təfəkkür, yeni düşüncə, hələ də aktual əsər

 

AMEA əmakdaşı, filologiya üzrə fəlsəfə doktoru, şərqşünas Məsiağa Məhəmmədi də Əlibala Hacızadə yaradıcılığını, xüsusilə "İtkin gəlin” trilogiyasını yüksək qiymətləndirir: "Mən tam cəsarətlə deyə bilərəm ki, Əlibala Hacızadə ədəbiyyatımızda ötən əsrin 60-cı illərindən özünü aydın şəkildə göstərən bütöv bir təmayülün yaradıcısıdır. Bu təmayülün mahiyyətini və spesifik cəhətlərini anlamaqdan ötrü onu təkcə bizim ədəbiyyatşünaslığın əsaslandığı rus-Avropa estetikası baxımından deyil, həm də (və daha çox) milli ədəniyyətimiz üçün tarixən təbii olan Şərq kontekstində incələmək lazımdır. Bu özünəməxsusluqda bir tərəfdən Əlibala müəllimin ixtisasca şərqşünas olması, Şərq ədəbiyyatına dərindən bələdliyi, digər tərəfdən də onun, ümumiyyətlə, şərqli təbiəti və təfəkkür tərzi az rol oynamamışdır. Və həmin təmayülün yaradıcısı olaraq, Əlibala Hacızadə ədəbiyyatımıza bir sıra yeni mövzular gətirib, üstəlik öz intuisiyası, yazıçı duyumu ilə uzaqgörənliyini təsbit edib. Bunlardan ən başlıcası məşhur "İtkin gəlin” trilogiyası ilə təmsil olunan əfqan mövzusudur. Əfqanıstan adlı ölkənin bizə çox uzaq göründüyü bir zamanda meydana çıxan bu əsər həmin ölkəyə sovet hərbi müdaxiləsindən və Azərbaycanda "əfqanlar” peyda olandan sonra daha böyük populyarlıq qazandı. Bu trilogiyada Əfqanıstan gerçəkliyi, əfqanların milli mentaliteti rasional düşüncəyə əsaslanan politoloji araşdırmalardan daha dəqiq və daha canlı inikasını tapmışdır. Və indi Əfqanıstan məsələsinin beynəlxalq bir problemə çevrildiyi şəraitdə trilogiyanın daha da aktual səsləndiyini sübut etməyə ehtiyac yoxdur. Trilogiyanın janr və poetikası isə özünəməxsusluğunu başqa bir planda nümayiş etdirdi – ilk Azərbaycan seriallarından biri mərhum Lütfi Məmmədbəyov tərəfindən məhz "İtkin gəlin” əsasında çəkildi.”

 

Ədalət.- 2013.- 5 iyul.- S. 2.