Dağların füsunkar gözəli Lerik

 

Yaz-yay aylarında cənub bölgəsinin bir ayrı hüsnü var. Hər tərəf yaşıllığa bürünür, yamaclarda, dərələrdə min rəngə çalan çiçəklər ətrafa ətir saçır. Lənkərandan Lerikə uzanan şose yolunda indi əməlli-başlı qələbəlikdir. Aşağıdan axan Vazaru çayı boyunca yanbayan düzülən "Xəyal", "Çənlibel". "Meşəbəyi", "Cənub", "Təbəssüm", "Qaya", "Həyat" başqa turizm-istirahət mərkəzlərində indi həyat qaynayır. "Relax"da isə yayın yenicə başlamasına baxmayaraq, burda yer tapmaq çətindir. Daha çox Neft Şirkətinin işçilərinə xidmət edən bu istirahət mərkəzində xeyli bahalıqdır.

Özünəməxsus flora faunası olan Lerikdə sərin bulaqlar, mineral sular çoxdur. Rayon ərazisində 200-dən çox təbiət tarixi abidələrlə yanaşı ən qədim yaşayış yeri kimi tarixə düşmüş Büzeyir mağarası, XI-XII əsrlərə aid Oğlan Qız qalaları, Babagil abidəsi, qoç heykəlləri var. Talış dağlarının əhatəsində yerləşən Lerikdə bu gün 788072 nəfər insan yaşayır. 1930-cu ildə təşkil edilən bu rayonun ən yüksək zirvələri Kömürgöy (2493 metr) Qızyurdu (2433 metr) yüksəkliyidir. 40306 hektar meşə sahəsi olan dağlarda bəbir, ayı, canavar, tülkü, dovşan, meşəpişiyi yaşayır. Qışda bu dağlarda bəzən 15-20 dərəcə şaxta olur. 1084 kvadrat kilometr ərazisi olan Lerikin qışı sərt olsa da, yayı mülayim, isti keçir.

 

Təəssüf ki, uzunömürlülər diyarında ömürlər qısalır

 

Özünəməxsus təbii gözəlliyi olan Lerikdə planetdə hələ ki, yeganə olan uzunömürlülər muzeyi ilə bərabər rəsm qalereyası, istirahət parkı da yerli sakinlərin, əsasən qonaqların ən çox üz tutduqları məkandır. Xaricdən gələn müsafirlər isə daha çox 1991-ci ildə təşkil olunmuş uzunömürlülər muzeyinə baş çəkirlər. Kifayət qədər maraqlı olan bu muzeydə diqqət çəkən faktlardan biri, bəlkə birincisi burdakı böyük formatlı şəkillərdir. Lerikdəki yaşı yüzdən yuxarı olan insanların xeylisini əhatə edən bu şəkillər o qədər gözəl çəkilib ki, sanki indi danışacaqlar. Fransız fotoqrafı Fredrek Loşap tərəfindən tarixləşən bu şəkillər içərisində 1898-2011-ci illərdə yaşamış Məhbubə Həsənverdi qızı Fətullayevanın fotosu ayrıca bir sənət əsəridir.

Muzeyin direktoru Dilarə Fətullayeva həmişə olduğu kimi yenə Lerikin uzunömürlüləri haqqında maraqla danışır:

- Çox böyük marağa səbəb olan bu muzeyin qonaqları yay aylarında daha çox olur.

Çünki Lerikin istirahət turizm məkanlarına üz tutanlar bu vaxtlar daha çox olur. Hamının diqqətini çəkən bu şəkilləri isə Leriki qarış-qarış gəzmiş fransız Fredrek Loşap çəkib. Çox təəssüf ki, muzey yarananda Lerikdə yaşı 100-dən çox olan yüz nəfərdən çox insan yaşayırdısa, indi onların sayı cəmi 8 nəfərdir. Mən belə başa düşürəm ki, ekoloji faktorların, informasiyaların insan ömrünə çox böyük təsirləri var. Əvvəllər təbii olan çox şeylər var idi, telekanallarda da 6 nəfərin avtomobilin içində yanmasından bəhs etmirdilər. Uzunömürlülərin sayının azalmasından son vaxtlar kifayət qədər məqalələr dərc edilib. Bu muzeydə həm çox nadir otlar, bitkilər haqqında məlumatlar var. "Müşk-ənbər" adlanan bax bu bitkinin tərkibində valerianın olduğu müəyyənləşdirilib. Veri kəndindəki bu dərman bitkisindən heç yerdə yoxdur. Belə dərman bitkiləri bizim dağlarda kifayət qədərdir, ancaq uzunömürlülər muzeyinin əsas "kapitalı" olan insanların indi az yaşamaları xeyli kədərlidir.

Çox ağır olsa da, bu belədir, Dilarə xanım. Həm bir sıra faktorlarla bərabər ömür verən Ulu Tanrıdır axı...

 

Dağ yollarının öz qayğıları var

 

Lənkərandan Lerikə uzanan yeganə magistral yol son zamanlar bir sıra çox ciddi təbiət şıltaqlığı ilə üzləşmişdir. Ötən ilin payızında, bu ilin əvvəllərində yağan yağışlar bu yolun 17-ci kilometrliyində böyük sürüşmə zonası yaratmışdır. Nəticədə burda xeyli asfalt yol dağılmışdır. Magistralın təhlükəsiz olması üçün böyük bir dağ silsiləsini yarmaqla indi yolu genişləndirirlər. Ümumiyyətlə, Lerikdə aparılan abadlıq-quruculuq işləri ilə bağlı iri tonajlı yük maşınları bu yolda bir sıra xoşagəlməz izlər qoymuşlar.

Dağlarda yolları qorumaq, saxlamaq elə asan deyil. Güclü yağışlardan sonra dağ selləri yollarda xeyli problem yaradır. İllərlə çəkilən zəhmət, qoyulan vəsait bir andaca yox olub gedir. Buna baxmayaraq Lerikdə bu infrastruktura ayrıca fikir verilir. 2011-ci ildən başlayaraq rayon büdcəsindən ayrılan vəsait hesabına Lerikdə kəndarası yolların asfaltlaşdırılmasına başlanılmışdır. Piran, Noda, Vizəzəmin kəndlərində 9200 kvadrat metr asfalt döşənmişdir. Lərmərud-Masallı, Əliabad-Ağçay, Piran-Bürsülüm, Piran-Hamarat, 27-ci kilometr-Tikəband daxili yolları təmir edilmişdir.

 

(Ardı var)

 

Səxavət Məmmədli

 

Ədalət.- 2013.- 5 iyul.- S. 3.