MƏNİM
MƏMMƏD ARAZ ÜNVANLI POEZİYA ALƏMİM
TİFLİSDƏN
MƏKTUB
Mənim poeziya aləmimdə sevimli şairlərdən biri Məmməd Arazdır. Bu şairə qarşı hüsn-rəğbətim, sevgi duyğularım lap elə məktəb illərindən baş qaldıraraq məni poeziya vurğununa çevirib. Bəli, mən poeziyanı sevirəm, Məmməd Araz ünvanlı poeziyanı, Məmməd Arazı sevirəm, poeziya ünvanlı Məmməd Arazı...
...Yaxşı yadımdadır, hələ orta məktəbə oxuduğum illər, sinif yoldaşlarımdan biri qonşuluğumuzda yaşayırdı. Onun atası Rəhman müəllim savadlı idi, məktəbdə müəllim işləyirdi. Poeziyanı çox sevirdi, özü də arabir şeirlər yazırdı, məclislərdə aşıqlar onun sözlərini oxuyurdular. Ailə çoxuşaqlı idi. Hamısı da təhsilə xüsusi diqqət yetirirdi. Dərsdən sonra çox vaxt onlara gedirdim. Dərslərə birgə hazırlaşırdıq. Bu gün az-çox qazandığım nailiyyətlərə görə həmin ailəyə borcluyuam.
Sinif yoldaşımla bir dəfə evin taxtapuşuna çıxmışdıq. Nə isə axtarırdıq. Orada xeyli jurnal və qəzet bağlamaları var idi. Bunları ondan istədim. Bir neçəsini mənə verdi, "Azərbaycan" və "Ulduz" jurnalları idi. 1960-70-ci illərin jurnalları. Onları hərisliklə oxumağa başladım. Oxuduqlarımı geri qaytardıqca yenilərini gətirirdim. Beləcə bir müddət bu jurnallarla məşğul oldum. Həmin jurnallarda o vaxtlar dövri mətbuatda müntəzəm olaraq maraqlı çıxış edənlərin bir neçəsini, ələlxüsus, Məmməd İbrahim adı, sonralar Məmməd Araz adlı şairi sevməyə başladım. Beləcə bu şairin poeziya dünyasına daxil olmaqla poeziya həvəskarına çevrildim. Özüm də qələmimi sınadım. Orta məktəbədə oxuduğum illərdə rayon və respublika qəzetlərində şeirlərim və müxtəlif səpkili yazılarım dərc olunurdu. Beləcə yaşa dolduqca Məmməd Araza qarşı məhəbbətim getdikcə artırdı. Bakıda Azərbaycan Dövlət Universitetində təhsil aldığım dövrlər başqa şair və yazıçıar ilə yanaşı Məmməd Araza da fikir verirdim, onun kitablarını alırdım. Şeirlərinin bəzilərini əzbərləyərək məclislərdə sitatlar gətirirdim. Beləcə onun pərəstişkarları da ortaya çıxır, çoxalırdı, mənimlə dost olmaq istəyənlər də. Onu sevə-sevə sevilirdim də. Heç özüm bilmədən də ilk oğlumun adını da Araz qoydum. Poeziya aləmimdə Arazla yanaşı evdə də Arazım var. Bu adaş Arazlar mənim üçün bir aləmdir, bir dünyadır, poeziya, məhəbbət, sevgi, həyat eşqi aləmi, dünyası. Bu aləmdə bu dünyada artıq 56 yaşa qədəm qoyuram. Uşaqlıq aləmimdə gənc Məmməd İbrahim - ahıl yaşlı Məmməd Araz indi 80 yaşındadır. Xeyli vaxtdır ki, aramızda olmasa da, poeziyasevərlər, sənətsevərlər, eləcə də yurdsevərlər üçün həmişə sağdır, həmişə onların yanındadır. Sözü ilə, şeiri ilə, poeziyası ilə. Yaşının üstünə yaş artaraq həmişə yaşayacaqdır. 80 yaş ahıl yaşıdır. Bu yaş müdriklik yaşıdır. Onun müdrikliyini, ahıllığını özündən eşitməsək də, yurd sevgisi ilə, Araz sevgisi ilə yoğrulan şeirlərindən eşidirik, içimizə hopdururuq.
Onun dünyaya gəldiyi Nursi kəndi ilə mənim dünyaya gəldiyim Tiflis şəhəri arasında böyük bir məsafə vardır. Nağıl dili ilə, poeziya dili ilə desək, bu heç də o qədər böyük məsafə deyldir. Bu məsafədə məsafə deyil, yalnız sevgi olduğundan, arada da yalnız sevgi vardır. Məmməd Arazı bizə də doğma edən sevgi. Diqqətəlayiq haldır ki, yaşadığım Gürcüstanda, Tiflisdə soydaşlarım ilə yanaşı gürcülər də onu çox sevir. 30 il bundan öncə İlya Çavçavadzenin ölümünə həsr etdiyi şeiri gürcülərin çoxu əzbər bilir. Onu vaxtilə gürcü dilinə ruhumuzun tərcümanı, "Koroğlu" dastanını və "1001 bayatı"mızı gürcü dilinə çevirən dostum Zezva Medulaşvili tərcümə edib.
"Şöhrətə atılan güllə" adlı şeir hazırda İlya Çavçavadzeyə atılan güllə ilə yanaşı onun ev muzeyində saxlanılır.
Sürünür şöhrətin quyruğunda o,
Keçib divar olur, yeri gələndə,
Bir az aralı
dur, aralı, qatso,
Qurğuşun göyərir şair
görəndə...
Gürcülərin danışıq zamanı
tez-tez işlətdiyi
sözlərdən biri
olan "qatso" sözünü necə də yerində işlədib.
Maraqlı haldır ki, bir neçə il bundan
əvvəl Zezva Medulaşvili Məmməd
Arazın şerilərini
gürcü dilinə
çevirərək kitab
şəklində nəşr
etdirmişdir. 40-a yaxın olan şeirləri artırmaq və elə onun 80 illik yubileyinə
bir tövhə olaraq onun sayının
yaşı sanı etmək qərarına gəldim. Odur ki, Məmməd Araz dünyasını və Məmməd Araz poeziyasını sevdirə bildiyim, müasir gürcü ədəbiyyatında öz
dəst-xətləri ilə
seçilən, istedadlı
gürcü şairlərindən
Avto Çxaidze və Aliko Qabelayaya
onun bəzi şeirlərinin sətri tərcüməsini verərək
onların uğurla yüksək səviyyədə
gürcü dilinə
çevrilməsinə nail oldum. Onun 80 yaş, 80 şeir
adı ilə öz hesabıma nəşr etdirmək qərarına gəldim.
Bununla da bu sevimli
şairimizin 80 illik yubileyinə bir pərəstişkarı olaraq
öz tövhəmi verməkdən bir mutluluq duyuram. Əminəm
ki, bu mutluluq
indən belə onun yaşının üstünə yaş artıqca mənim başladığım ənənəni
gürcü dilində
də yazıb yaradan oğlum Almazın da davam etdirəcəyinə
zəmin yaradacaq.
Yuvarlaq yaş yubileylərini tərcümə
olunan şeirlərinə
tay edərək
gürcü oxucularını
da müntəzəm olaraq sevindirəcək.
Bəzən öz-özümə sual
verirəm. Məmməd niyə Araz
oldu. Bir bayatımızda elə buna özüm
də cavab tapıram. Mərhum sevimli yazıçımız
Əlfi Qasımov demişəkən, "Məsələ
açıldığına görə üstü basdırılsın".
Arazda buz bağladı.
Yandı yarpız, ağladı.
Oğlan
o tayda qaldı,
Bu tayda qız ağladı.
Öz mənbəyini Ərzurum dağlarından götürən
Araz çayı o taylı, bu taylı Azərbaycanın
yaxası ilə yayıla-yayıla, yayxana-yayxana
bizim üçün
də əziz olan, mənbəyini Türkiyənin Qars vilayətindəki Qızıl
Gədik dağlarından
götürən Kürlə
Azərbaycan ərazisində
birləşir, sonra da Bakının rəmzi olan Xəzər dənizinə
qovuşur. Bu dediklərimdə
məna var. Bu mənanı
o elə öz adına yaraşdırmaq
qərarına gəlib.
Özünün yazdığı kimi:
Qələm gəldi əlimə
-
Araz gəlir dilimə!
Xalq şairi
Səməd Vurğunla
dostluq etmiş gürcü şairi Georgi Leonidzeni çox sevirdi. Ölümündən
iki il
sonra onun boş yerini görən Məmməd Araz Georgi Leonidze
barəsində səmimi
bir yazı da yazmışdır. Yazı balaca olsa da,
bir neçə kəlmə ilə onun boş görünən
yerini bizə ustalıqla göstərə
bilib. Yazının bir yerində
deyib, bu gunə kimi sözbəsöz yadımdardır.
"Hərdən mən
özüm-özümə düşünürəm, görəsən,
Səməd Vurğunla
Georgi Leonidzeni dost eləyən amillər hansılardır. Özüm də
cavab verirəm, birincisi, mərdlik və kişilik sifətləri. İkincisi, ən
ümdəsi, doğma
torpağa bağlılıq.
Hər bağlılıq yox, şair bağlılığı!"
Başqa bir yerində yazıb: "Onun son "Doğma ağacların kölgəsində"
əsəri gəncliyimlə
vidalaşmağa hazırlaşdığım,
saçlarıma dən
düşən çağımda
məni şəhər
dünyasından qoparıb,
asfalt yolları köhnə ayaqqabılar kimi ayağından çıxarıb, tüstü-duman
köynəyini soyunub
atıb doğma kəndimizə getməyə
çağırır. Dünyada heç
nə ölmədiyi,
şəklini dəyişdiyi
kimi xatirələr də ölmür, yazıya çevrilir, rəngə dönür".
Bəli,
rənglərə dönür.
Elə bizim özümüz də bu rənglərin
əhatəsindəyik. Özünün "Vəsiyyət"
adlı şeirində
"Qara cilddə çap eyləyin kitabımı, soy adımı
süd rəngilə həkk edin ona", - deyir,
"Qara torpaq üstündə
Üfüqə doğru gedən
Ağ yola bənzəyim", - deyə
bu rənglər aləmində öz arzusunu ifadə edən Məmməd Arazın səsinə səs verirəm.
DÜNYA
SƏNİNDİR
Məmməd Araza
Mən dedim dünya
Dünya
mənimdir
Sən dedin dünya,
Dünya sənindir.
Bəs belə nədən
Dunya heç
kimin.
Bu sirrin sirliliyini
Çözüb açdın sən.
Uç
kəlməyə bükərək
Bir düsturla
ölçdün sən.
Araz dərdi çəkərək
Butasını içdin sən...
Araz axar, lal axar
Dili yox, ağzı yox
Deyiləsi sözü çox.
Arazlaşdın Araz oldun.
Sözlərini sən dedin,
Onun dililə sən danışdın,
Sən dindin.
"Elə bil, nə
mənsiz sən Araz,
Nə sənsiz mən şair olmazdım" -
dedin:
Sahillərinə həsrətlə
göz dikdiyimiz,
Sahillərinə
ümid fidanları əkdiyimiz
Araza adaş oldun
Araza sirdaş
oldun.
Məmməd adlı, Araz adlı
Dünyamıza boylanıram.
nələri, nələrisə
anıram...
Nursi kəndindən başlayan
qara yol
Burula-burula
Ağ yola qovuşur,
Araz boyu uzanan,
Üfüqə doğru gedən
ağ yola.
Vətənin qıraqda qalan yerindən
Düşüncələrə dala-dala
Ümidlə boylanırıq aramla
Mən və adına
adaş etdiyim
Araz adlı oğlumla.
Mirzə
MƏMMƏDOĞLU
Ədalət.- 2013.- 6 iyul.- S. 3.