Dağların
füsunkar gözəli Lerik
(Əvvəli
ötən sayımızda)
Lerik-Qosmaliyan-Kəlvəz
avtomobil yolunun tikintisi davam etdirilir. Artıq bu yolun 18 kilometri
hazırdır. Bu tikintidə mühəndis işləyən
Əlimərdan Talıbovun dediklərindən:
-Dağlıq
ərazidə yol çəkmək nə qədər çətindirsə,
bu yolu saxlamaq ondan da çətindir. Qədərindən
artıq yüklənmiş iri yük maşınları,
dağ selləri yolların əsas qənimidir. Kiçik bir
dağıntıdan sonra yola düşən
yağışlar onun ömrünü çox sürətlə
qısaldır.
Yol
mühəndisi sonda onu da qeyd elədi ki, çox yaxın
vaxtlarda onlar öz işlərini yüksək keyfiyyətlə
axıra çatdıracaqlar.
Hər gün bir az da gözəlləşən
rayon
Burda
öz rayonlarının uğurları ilə sevinən
ziyalılar çoxdur. Onlardan biri də Heydər Əliyev Mərkəzinin
direktoru Hüsaməddin Abbasovdur. 2010-cu il 25 iyunda
açılışı olan Mərkəzdə bu gün 138
şəkil və 49 sənədin surəti qorunur.
İxtisasca jurnalist olan Hüsaməddin müəllim Lerikdə
aparılan abadlıq-quruculuq işləri barədə fərəhlə
danışdı:
-Son illərdə
Lerikdə nə qədər inzibati və sosial binaların
tikintisinin aparıldığını demək çətindir.
Elə rayon mərkəzindəki bu kiçik parkdakı aura
çox şeydən xəbər verir. Burdakı Heydər
Əliyevin heykəli, dalğalanan üçrəngli
bayrağımız, Lerik rayon İcra Hakimiyyətinin yeni
inzibati binası, təmir edilmiş Rayon Mərkəzi Xəstəxanası,
elə bu Mərkəzin özü Lerikə bir
yaraşıqdır. Uzunömürlülər muzeyinin,
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin,
rayon prokurorluğunun, məhkəmənin yeni binaları dediklərimə
sübutdur. Lerikdə 18 ümumtəhsil məktəbi əsaslı
təmir edilmiş, 7 məktəb binası isə inşa
olunmuşdur. Daha 8 məktəbimizdə tikinti davam etdirilir.
Nazirlər Kabinetinin tapşırığına əsasən
rayondakı bütün məktəblərə, uşaq
bağçalarına baxış keçirilmişdir. Sonda
mütəxəssislər akt tərtib edib müvafiq qurumlara
vermişlər ki, Lerikdəki 39 məktəbdə, 10 uşaq
bağçasında tikintinin aparılması zəruridir.
Daha 17 məktəbdə və 3 uşaq bağçasında
əsaslı təmir aparılmalıdır. 2013-cü ildə
Lerikdə daha 5 məktəbin tikintisi, 2 məktəbin əsaslı
təmir edilməsi üçün texniki işlər həyata
keçirilir. Bu işlərdə İcra Hakimiyyətinin
başçısı Rövşən Bağırovun xidməti
əvəzsizdir.
Bir
sözlə, indi Lerikdə yaşamaq daha maraqlıdır.
Rayonun aqrar uğurları
Rayonda ən
inkişaf etmiş sahələrdən biri də
heyvandarlıqdır. Yeni cins mal-qaranın yetişdirilməsi
ilə əlaqədar 2009-2013-cü illərdə bir sıra tədbirlər
həyata keçirilmiş, mal-qaranın cins tərkibinin dəyişdirilməsi
sayəsində uğurlara nail olunmuşdur. Həyata
keçirilmiş tədbirlər nəticəsində
iribuynuzlu mal-qaranın, qoyun və keçilərin baş
sayı ötən ilin müvafiq dövrünə nisbətən
xeyli artmışdır. Ət, süd, yun və yumurta
istehsalı da çoxalmışdır.
Rayonun
bütün təsərrüfatlarında yazlıq bitkilərin
əkini müvəffəqiyyətlə
aparılmışdır. Ötən ilin müvafiq
dövrünə nisbətən 340 hektar çox əkin
işi həyata keçirilmişdir. Əkilmiş yazlıq
bitkilərin 713 hektarı kartof, 198 hektarı tərəvəz,
62 hektarı dənli və dənli-paxlalı bitkilər təşkil
edir. Leriklilər yaxın günlərdə 1300 hektar taxıl
sahəsinin biçilməsini uğurla həyata keçirəcəklər.
Lerikdə
sahibkarlığın inkişafı da rayon iqtisadiyyatına
xeyli təsir göstərir. Rayonun Piran kəndi
yaxınlığında iş adamı tərəfindən ət,
yumurta, quş istehsalı ilə məşğul olacaq broyler
fabrikinin tikintisinə 2011-ci ilin mart ayında
başlanılmışdır. İndi burda son tamamlama işləri
həyata keçirilir. Müəssisənin ümumi dəyəri
ilkin hesablamalara görə 18 milyon manatdır. Müəssisənin
tikintisi başa çatdıqdan sonra burda yüzlərlə
lerikli işlə təmin olunacaqdır.
Mavi alov ucqar dağ kəndlərində
Uzun illər
leriklilər yanacağa olan tələbatlarını meşənin
hesabına həyata keçirmişlər. İndi onlar bu
qayğıdan tam azad olmaq ərəfəsindədirlər.
2006-cı
ildə Lerik şəhəri, 2011-2013-cü illərdə isə
daha 21 yaşayış məntəqəsi mavi yanacaqla təmin
edilmişdir. İndi rayonun daha 24 kəndinə qaz xətlərinin
çəkilişi davam etdirilir. Masallı-Lerik yüksək
təzyiqli qaz xətti üzərində yerləşən
Kirəvud, Əliabad, Nücü, Şingədolan, Nüvədi,
Noda inzibati ərazi vahidlərində yerləşən 34
yaşayış məntəqəsində qaz xətlərinin
çəkilməsi üçün "Azəriqaz"
İstehsalat Birliyinə müraciət edilmişdir. Yəqin
ki, yaxın vaxtlarda bütün bunlar öz həllini
tapacaqdır.
2013-cü
ilin iyun ayının son günlərində isə rayon mərkəzindən
kifayət qədər uzaqda yerləşən Qosmaliyan kəndində
mavi qazın verilməsi üçün təntənəli
yığıncaq keçirilmişdir. Bu kəndlə bərabər
qonşu Totani, Hiveri, Nuravud kəndlərində də sakinlər
bu sevinci yaşamışlar. Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq
Abdullayev, vitse-prezident Xoşbəxt Yusifzadə, "Azəriqaz"
İstehsalat Birliyinin direktoru Əkbər Hacıyev, Lerikdə
millət vəkili seçilən İqbal Məmmədov bu
yığıncağın iştirakçıları
olmuşdur. Ucqar dağ kəndlərində mavi qaz çəkilişləri
davam etdirilir. Yəqin ki, yaxın vaxtlarda bu leriklilər bu təbii
nemətdən istifadə edə biləcəklər.
Səxavət Məmmədli
Ədalət.- 2013.- 6 iyul.- S. 4.