ƏSGƏR ÇƏKMƏSİ

 

(hekayə)

 

Nəvəsini hərbi xidmətə yola saldığı günü xatırladı. Onda da indiki kimi qohum-əqrəba yığışmışdı. Kimi məsləhət verir, kimi il yarımlıq müddətin papağını fırladana kimi ötüb keçəcəyini xatırladır, kimi o qayıdanacan Allahın ətəyindən yapışıb sağ-salamat dönəcəyi üçün dua edəcəyini söyləyirdi. Kövrəlib ağlayanlar, yolasalma mərasiminə vaxt itirdiyi üçün gözlərində narazı, üzündə yamaqlı təbəssüm gəzdirənlər də vardı. Hərdən zarafat edənlər olurdu:

- Hə, daha gecələr rahat yata bilərik, keşiyimizdə duracaqsan axı, - deyirdilər.

Nəvə ən sonda babası ilə görüşmüşdü. Çarpayıda oturub xəstə ayaqlarını yerə sallayan baba pilə kimi yumşalmış əlləri ilə nəvəsinin kürəyini şappıldadıb "canının qeydinə qalmağı da unutma, amma ən əsası, çalış ki, geriyə baban kimi dönəsən, qələbə ilə", - demişdi. "Hə, onda mən də əsgər çəkmələrimi gətirib səninkilərin yanına qoyaram," - demişdi. Baba da dişlərini şaqqıldadıb gülmüşdü: - Əlbəttə, mənim balam, çəkmələrimizi yan-yana qoyarıq, onlar da yırtılmış dabanları ilə keçdikləri qələbə yolundan danışa-danışa ləzzətlə dincələrlər, - demişdi.

İndi bütün yaxın qohumlar bu geniş, bağlı-bağatlı həyətə yığışıb nəvənin yolunu gəzləyirdilər. Nəvə dünəndən zəng etmişdi ki, sabah bizi buraxacaqlar, axşama evdə olacağam.

Baba otağına çəkilmişdi. Öz əlil arabasında oturub gözünü dəmir çarpayının altındakı köhnə, yöndəmsiz əsgər çəkmələrinə dikmişdi. Xəyalında bu çəkmələri yeriməyən ayaqlarına geyinib cəbhə xətti boyu yel kimi qaçırdı. Bu çəkmələrə iti ayaq, görən bələdçi gərək deyildi. Bu çəkmələr dörd il ağır pəncələrini yerə möhkəm basa-basa düşməni yuvasınacan qovduğu yolu yaxşı tanıyırdı.

Arabasını çevirib üzü pəncərəyə sarı gəldi. Həyətə axşamın kölgəsi düşmüşdü. Qohum-əqrəba həyətdəki əncir ağacının altında oturub çay içirdi. Deyəsən builki taxılın qıtlığından danışırdılar. Qulağına qonşu Ələsgərin səsi gəldi: "Çəyirtkələr yaman daraşıblar taxıla", - deyirdi. Əsəbiləşdi, arabasının dəstəyini sıxıb: - Əcəb eləyirlər çəyirtkələr, yeməyi də bacarmaq lazımdır, - dedi. Üzünü toranlaşmağa başlayan göylərə tutub gözlərini qıydı. Müharibədən məzuniyyətə buraxıldığı günü xatırladı. O zaman Smolensk ərazisində iki tank vurmuşdu. Mükafat olaraq bir aylıq məzuniyyət vermişdilər. Doğma kəndini, əzizlərini görəcəyi üçün çox sevinmişdi. Həyəcanla, ürəyi görüş anlarının sevincindən əsə-əsə bir neçə gün yol gəldi. Atalı-analı evində, isti otağında, doğmaları arasında vur-tut ikicə gün özünü rahat hiss etdi. Sonra darıxmağa başladı. Çarpayısına uzanıb gözünü yuman kimi özünü tozlu-torpaqlı səngərdə hiss edir, burnuna barıt, tüstü qoxusu gəlirdi. Yoldaşlarının çağırışını eşidir, top, güllə səsinə yuxudan ayılırdı. Bir həftəni güclə başa vurdu. Anası yolundan saxlamağa çalışdı: - Oğlum, hələ vaxtına xeyli var. Niyə belə tələsirsən? Qal, dincəl. Aldığın yaraların yeri hələ sağalmayıb.

- Getməliyəm, ana, çəkmələrimi gətir geyinim.

Atasının, bacı-qardaşlarının etirazlı sözlərinə əsgər paltarını geyinə-geyinə qulaq asdı. Heç bir söz demədən hamını bir-bir bağrına basıb üzündən öpdü, sarı bretkasını başına qoyub qapıdan çıxdı. Bir də faşistləri darmadağın edib qələbə çaldıqdan sonra geri döndü. Elə o vaxtdan da bu əsgər çəkmələri onun ən əziz əşyasına çevrildi. Bəzən bu çəkmələri qarşısına qoyub saatlarla susardı. Əslində qəlbi danışardı. Çəkmələr qəlbinin səsinə alışmışdı, yüz metrlikdən bu səsi alırdılar. Qəlbi ilə dilləri-sirləri də bir idi çəkmələrinin. Odur ki, biri-birilərini sözsüz başa düşürdülər. Ötənləri-keçənləri yada salır, cəbhədə keçirdiyi günləri xatırlayırdı.

Eşikdəki səs-küyün ahəngi dəyişdi. Hamı oturduğu yerdən qalxıb həyət qapısına sarı yeridi. Arabasını pəncərənin qabağına çəkdi. Əsgər geyimli nəvəsi qohum-əqrəba ilə görüşür, boynuna sarılıb üz-gözündən öpənlərin çiyinlərini mehribancasına oxşayırdı. Birdən nəvənin gözü pəncərədən onları seyr edən babaya sataşdı. Bir anlığa gözlərində ulduzlar sayrışdı və eyni anda söndü. Nəvə ani tərəddüddən sonra tələsik evə çıxdı. Baba sövq-təbii arabasını qapının ağzına sürüşdürdü. Səssiz-səmirsiz biri-birinə sarıldılar. Baba nəvənin canına, pal-paltarına hopmuş səngər, barıt qoxusunu jiyərlərinə çəkdi. Gözünün yaşını nəvənin çiyinlərinə sildi. Nəvənin də qəhərdən boğazı qurumuşdu. Ağzını açsaydı ağlayacaqdı. Baba onun çiyinlərindən tutub qolu bərabəri geri çəkdi. Nəvə baxışlarını endirdi. Baba bir neçə anlıq nəvəsinin titrəyən dodaqlarını, nəmli kipriklərini seyr etdionun başını yenidən sinəsinə sıxıb "ağla, yüngülləşərsən", - dedi. Nəvənin çiyinləri əsdi.

- Həə, bax belə, ağla, - dedi baba.

- Baba, mən bacarmadım, mən sənin dediyini eliyə bilmədim.

- Hə, görürəm.

- Mən ...

- Lazım deyil.

- Axı ...

- Səni başa düşürəm.

- Mənimçün çox ağırdır, sənin qarşında ...

- Əsas odur ki, sağ-salamat dönmüsən.

- Axı, bu səni sevindirə bilməz.

- , düzdür.

- Mən ...

- Danışma.

- Baba, daha məni çox istəmirsən?

- Bu sözdü? Mən həmişə səni çox istəmişəm.

- İndi ?

- Bu məsələnin istəyə dəxli var?

- Var, baba, bilirəm ki, var.

Həyətdən nəvəni səslədilər:

- Elşən, babanı da gətir, gəl. Sizi gözləyirik.

Nəvə babanın arabasının arxasına keçdi. Onu qabağa itələmək istəyəndə baba razı olmadı: - Sən get, indi gəlirəm.

O, həyətə çıxanda nəvəni hamama salmışdılar. Soyunduğu əsgər paltarı iri, qırmızı vannada qalaqlanmıdı. Çəkmələri isə vannanın yanına atılmışdı. İndi bu paltar və çəkmələr heç kəs üçün maraqlı deyildi. Baba arabasını bir küncə çəkdi. Ha çalışdısa gözlərini hərəsi bir səmtə atılmış, uzun qaytanları ilan balası kimi yerdə qıvrılıb qalan əsgər çəkmələrindən çəkə bilmirdi. Birdən bu çəkmələr balaca Turalın da diqqətini çəkdi. Uşaq sevinclə babanın üstünə qaçdı: - Baba, baba, bax qaqaşın da çəkmələri sənin çəkmələrindəndir.

Sonra qaçıb çəkmələri götürdü. Toz-torpağını üst-başına sürtə-sürtə sinəsinə sıxıb babanın yanına qayıtdı: - Baba, sənin çəkmələrin orada tək darıxır. Qaqaşın çəkmələrini onların yanına qoyummu?

Əsgər nəvə təmiz, rahat ev geyimində hamamın qapısında göründü. Bütün həyatı bu cavabdan asılı imiş kimi həyəcanla gözlərini babanın ağzına dikdi. Baba nəvənin bu həyəcanını hiss edib verəcəyi cavabı protez dişlərinin arasında çıxdı.

- Əgər istəyirsənsə apar qoy, - dedi, amma əvvəl qardaşının özündən soruş, gör razıdırmı?

- Qaqaş, nə deyirsən?

- Lazım deyil, mən onları saxlamaq fikrində deyiləm. Atacam, onsuz da köhnəliblər, amma əgər baba icazə verirsə... - deyən nəvə baxışlarını gizlətməyə çalışdı. Məsumluğa bələnmiş günahkar görkəmi babanın qəlbini ağrıtdı. Nəvəsinin xətrinə dəymək istəməyib susdu. Arabasını fırladıb otağına döndü. Çarpayının yanına çatar-çatmaz kiçik nəvəsi tələsik özünü içəri saldı:

- Baba, bax qaqaşın çəkmələrini gətirmişəm, - dedi. Qucağına çıxdığı çəkmələri əyilib babasının çəkmələrinin yanına qoydu. Çəkmələr gövdəsindən kəsilmiş budaq kimi yana yıxıldı. Balaca onu düzəltmək istədi. Bacarmadı, çəkmələr yenidən yıxıldı. Baba rahatlıqla köksünü ötürdü: - Lazım deyil, bala, sən onları dikəldə bilməzsən.

Balaca bacarıqsızlığı ilə barışmaq istəmədi. Lakin cəhdi yenə uğursuz alındı: - Nahaq əziyyətdir, bala, dəymə, necə durub, qoy elə də qalsın.

- Baba, axı yenə də sənin çəkmələrin tək qalacaqlar.

- Eybi yoxdur, mənim balam, tək qalmaq elə böyük dərd deyil, təki qaldığın yerə layiq olasan.

Baba gözlərini qıyıb yıxılmış çəkmələrə baxdı. Sağ tayının üstündə gözünə balaca bir qızartı sataşdı: - Tural, o çəkməni mənə gətir.

Uşaq irəli cumdu: - Al, baba, neynirsən, niyə belə diqqətlə baxırsan?

Baba bayaqdan bəri başı köksündən ayrılmayan əsgər nəvəsinə baxdı:

- Bu qan ləkəsinə oxşayır.

Nəvə xəcalətli baxışını babasına dikdi:

- Elədir, dostumu gözlərimin qabağında vurdular, qollarımın üstündə şəhid oldu.

Baba təəssüflə başını yellədi, gözlərinin dərinliyindəki kədər ağac şüyü kimi bir andaca boy verib pardaqlandı: - Hə, oğlum, deyirsən dostunu ...

Əsgər nəvənin gözləri doldu. Udqunub boğazına dolan qəhəri boğmağa çalışdı.

- Utanma, oğlum, şəhid verməyi bacaran əsgərin günahı olmaz.

- Baba ...

- Tural, qaqaşın çəkmələrini sil, təmizlə, amma bu qan ləkəsinə dəymə.

- Bəs onu hara qoyacağıq, baba?

- Onu evimizin ən görkəmli yerinə qoyarıq.

- Yox, baba, sən onu öz çəkmələrinin yanında saxlasan bu da mənə təsəlli olar, - əsgər nəvə sakit səslə dilləndi.

- Sənin təsəlliyə ehtiyacın yoxdur, bala, sən bacardığını etdin.

- , qaqaş, babam düz deyir. Sonrası mənlikdir, - kiçik nəvə sinəsini qabardıb irəli yeridi.

- Doğrudur, oğlum, üçüncü çəkmə mütləq qalib əsgərin çəkməsi olacaq.

Hər üçü rahatlıqla köks ötürdü. Babanın səsindəki inam qətiyyət hər üçünün köksündəki ağırlığı xeyli xəfifflətdi. Baba nəvələrinə baxıb gülümsədi:

- Gəlin həyətə çıxaq. Elşənin gəlişini əməlli-başlı qeyd edək.

- , baba, özü üçümüz qeyd edək, - balaca Tural qabağa düşdü.

- Gedək, - Elşən babanın arabasının arxasına keçib irəli itələdi. Balaca Tural qürurla onların arxasınca gəlirdi.

 

Fərruxə UMAROVA

 

Ədalət.- 2013.- 6 iyul.- S. 12.