Onlar Hacıqabulun ən ucqar kəndlərinə asfalt yol döşəyirlər

 

Vaxt da ömür kimidir, necə keçdiyi hiss edilmir. Onunla hələ xeyli əvvəl razılığa gəlsək də, o vaxtdan yarım ildən çox zaman keçirdi. İndi göydən bu Şirvan düzünə sanki od tökülürdü. Hacıqabul rayonunun yayına bələd olanlar yəqin ki, haqlı olduğumu təsdiq edərlər. Söhbət ondan gedir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul-Paşalı-Tağılı avtomobil yolunun tikintisi üçün 2012-ci ilin 05 dekabrında 2585 saylı sərəncam imzalayıb. Bu sərəncamın nə demək olduğunu isə Hacıqabul rayonundan kifayət qədər uzaqda yerləşən və bu yolun əsaslı təmirini və yaxud tikintisini həsrətlə gözləyən insanlar bilir. Yayın istisində, qışın palçığında bu bərbad, keçilməz yoldan istifadə etmək zorunda qalan kənd sakinlərinin hansı əziyyətlər çəkdiyini təsəvvür etmək belə asan deyil.

Uzunluğu 36 kilometr olan bu yolun tikintisinə isə dərhal başlanılmışdır. Mənə yaxşı tanış olan bu yolda tikintinin belə sürətlə və keyfiyyətlə aparılması marağımı birə-beş artırmışdı. Tikintini aparan "Azəryolservis" ASC-nin Hacıqabul rayonundakı 50 saylı Yol İstismar MMC-nin rəisi Firqət Əli oğlu Qurbanovla razılığa gəlsək də, yoldakı işlə yerindəcə tanış olmaq fürsətini uzun müddət reallaşdıra bilmədik.

Beləcə, yay gəlib çıxdı. İstilər tüğyan etməyə başladı. Nəhayət, biz bir səhər günəş yeri-göyü yandırmamış Firqət müəllimlə çəkilməkdə olan yola çıxdıq.

 

Yolu lap əvvəldən qorumaq lazımdır

 

Hacıqabul rayonunun Muğan qəsəbəsindən başlayır haqqında danışmaq istədiyim bu yol. Artıq xeyli hissəsi asfaltlanmış yolla çılpaq dağların o üzünə tələsirik. Əslində yol çox rahat olduğundan sürətin artdığından xəbərimiz olmadı. Bir qədər aralıda isə iri yük maşınları toz-duman içərisində torpaq yolla dağların o üzünə üz tutublar. Marağımı gizlədə bilməyib səbəbini soruşmaq istəyirdim ki, Firqət müəllimin özü məsələyə aydınlıq gətirdi:

-Yay aylarında asfalt yolla belə iri maşınların yük daşıması yolun ömrünə balta çalmaqdır. Bu maşınlar asfalt örtüyü elə Muğan qəsəbəsindəki zavoddan götürürlər. Hamısına demişəm ki, asfalt yola heç bir yük maşını girməməlidir. Çünki bu yol yük dolu o maşınlar üçün deyil. Özün gedib görəcəksən, lap uzaqdakı Qubalı kəndindən başlatmışam asfaltlaşma işini. Hamıya da, ən çox da o kəndlərdə yaşayanlara demişəm ki, yolu lap əvvəldən qorumaq lazımdır. Çünki bura ayrılan vəsait elə az pul deyil, buna görə də yol hamı tərəfindən qorunmalıdır. Yolun daha bir düşməni də sudur. Ona görə yol boyu kifayət qədər suötürücü qurğular görəcəksən. Yolun kənarlarındakı müxtəlif ölçülü kanallar da yolun sudan qorunmasına xidmət edir.

Asfalt yol qurtarandan sonra yerdən xeyli hündür, eni 8-10 metrə çatan çınqıl yola çıxırıq. Döngələrdə yolun təhlükəsizliyi baxımından müxtəlif işlərin görüldüyü də təqdirəlayiqdir. Az keçməmiş Udulu obasının kəndləri görünür.

 

"Evləri var xana-xana"

 

Mənim bu obaya ilk gəlişimdən 23 ildən çox vaxt keçir. 1990-cı ildə Hacıqabul rayonu yarananda qonşu Şamaxı rayonunun olan bu kəndlər yeni yaranmış rayonun tabeliyinə verildi. 7 para kənddən ibarət olan bu obaya "Udulu" deyilir, hərçənd burda bu adda heç bir kənd yoxdur. I və II Paşalı, Şorbaçı, Cəngən, Tağılı, Tava, Qubalı kəndləri bu obanın qədim yaşayış məskənləridir. Məşğuliyyətləri də əkinçilik və maldarlıqdır.

O vaxtlar çılpaq dağların ətəklərinə səpələnmiş bu kəndlər bir xeyli də miskin görünürdü. Kiçik evlərin köhnə dam örtükləri, qarğıdan olan uçuq-sökük hasarları çox şeydən xəbər verirdi. Biganəlikdən, baxımsızlıqdan insanlar da bezikmiş, narahat ömür yaşamağa məhkum edilmişdilər.

İndi bu kəndləri tanımaq olmur. Kiçik evləri indi iri və müasir imarətlər əvəz etmişdir. Köhnə dam örtüklərinin yerini qırmızı, yaşıl rəngli dəmir kirəmitlər tutmuşdur. Həyətlər səliqə ilə ağ daşlardan hasara alınmışdır. Görünən həyətlərdə ən müasir minik maşınları qərarlaşıb. Təsərrüfata əlavə edilən narçılıq bu kəndlərin iqtisadi həyatında mühüm rol oynayır. İndi Udulu obasında çox gəlirli sahə olan narçılıqla məşğul olmayan az ailələr var.

Bu obanın ən ucqar kəndlərində belə indi mütəmadi mavi qaz alovlanır. Elektrik enerjisində heç bir fasiləyə yol verilmir. Bu gün-sabah da yollar başdan-başa asfaltlaşacaq. Onda bu obadakı müasir, geniş evlərdə qonaqların sayı da daha çox olacaq. Çünki çılpaq dağların ətəklərində yerləşməsinə baxmayaraq burda yay xeyli mülayim keçir.

 

Səxavət Məmmədli

 

Ədalət.- 2013.- 9 iyul.- S. 3.