Onlar Hacıqabulun ən ucqar kəndlərinə asfalt
yol döşəyirlər
(Əvvəli
ötən sayımızda)
Yolçəkənlər,
Tava kəndi və ağsaqqalları
Biz Tava kəndinə çatanda gün bir qədər qalxmışdı. Su daşıyan iri yük maşını çınqıl döşənmiş yollara su çiləyirdi. Bunsuz ötüşmək olmaz, çünki hələ asfalt döşənməmiş bu yollardan keçən mşınların toz-dumanı ərşə dayanır. Ona görə də kəndlərdən keçən bu çınqıl yol quraqlıqda gündə 2-3 dəfə beləcə sulanır. Udulu obasının I Paşalı kəndindən sonuncu olan Qubalı kəndinə düz 15 kilometr yoldur.
Qubalı kəndinin yolları isə indi başdan-başa asfaltlaşdırılıb. Artıq yol çəkənlər öz işlərini Tava kəndində həyata keçirirlər. Yol çəkilişinə sevinənlərin sayı-hesabı isə yoxdur. Axı bu yollardan uzun illər insanlar çox çətinliklə istifadə ediblər.
71 yaşlı Gülməmməd Atakişiyev, onun qonşusu və həmyaşı Əli Ağayev yolçəkənlərə minnətdarlıq edə-edə onlara xeyir-dua da verdilər. Qəzet işçisi olduğumu bilib kənd camaatı adından onların dediklərini yazmağımı xahiş etdilər:
- Bax, bu görülən iş son 30-40 ilin ən böyük hadisəsidir, oğul. Yol sarıdan nə zülmlər çəkdiyimizi özümüzdən başqa heç kəs bilmir. Əlləri var olsun bu yolçəkənlərin. Ən böyük təşəkkür isə prezidentimiz İlham Əliyevə düşür. Onun xüsusi qayğısı nəticəsində bu çılpaq dağlara belə gözəl yol çəkilir. Əvvəllər bu kəndə maşın sürdürmək müşkül iş idi, indi yəqin özləri minnətçi olacaq. Abad el yolundan bəlli olar, bala. Şükür Allaha, gün-güzəranımız pis deyil. Bir yol sarıdan korluq çəkirdik, o da belə düzəldi. Bəlkə deməkdə bir az tələsdim, ancaq prezident seçkilərində biz İlham Əliyevə səs verəcəyik. Yoxsa elə bu yol bizi heç mənzil başına aparmaz, Allah bizi cəzalandırar. Bir də onun son illər ölkə üçün gördüyü işləri necə danmaq olar, ay oğul?
Ağsaqqalların xeyir-duası həmişə düşərli olub. Yəqin bu dəfə də belə olacaq.
Qızmar günəş
altında asfalt istisi
Kölgədə ölçülən 35-40 dərəcə istidə, qızmar günəş altında asfalt döşəyən insanların bir an da olsa yanında olmusunuzmu? Yayılmaqda olan asfaltdan qopan isti təndirdən çıxan od kimi adamın üz-gözünü qarsıyır. Alnından süzülən tər damcılarını silməyə belə imkan tapılmır. Vaxt keçir ..., növbəti asfalt dolu yük maşınları səni gözləyir. Çünki şəraitin çətinliyindən asılı olmayaraq hər gün 600-700 metr yol asfaltlanmalıdır.
İş icraçısı Eldar Səlimovun eyni vaxtda neçə adamla iş barədə fikir mübadiləsi aparması da maraqlıdır. Vərdənə (katok) sürən Emin Qarayev asfaltdan qalxan istiyə öyrəşdiyindən daha elə də narahat deyil. Sürücü Rza Qəhrəmanov, fəhlə Əmirxan Kərimov və digərləri işə aludə olduqlarından bəlkə də nə qızmar yay günəşini, nə də od püskürən asfaltı hiss etmirlər.
Ancaq uzandıqca uzanan və arxada qalan asfalt yol doğrudan da gözəldir. Bir qədər uzaqda, yol işçilərinin icazə verdikləri yerdə kənd uşaqları velosiped yarışına çıxmışlar. Qız-gəlinlər də kirimişcə həyətlərdən bu yollara tamaşa edirlər. Çox güman ki, subayların xəyalında bu asfalt yoldan gəlin maşını karvanları keçir...
Bir anlıq fasilə,
bir stəkan çay
İstidə dayanmadan işləyənlər
üçün bir anlıq fasilə, kəkotu qatılmış
bir stəkan pürrəngi çay belə məqamda əvəzsizdir. Əlibrahim Yahyayev də
başqa həmkəndliləri
kimi yolçəkənləri
çaysız, susuz qoymur. İri mizin üstünə
düzülmüş çay
stəkanları bir andaca boşalır. Hasarın o üzündə, Əlibrahimin
həyətindəki samovar nəhayət ortaya gəlir.
Yolçəkənlərlə söhbətdən o da məlum oldu ki, kənddən keçən yolların çəkilməsi bir qədər diqqət tələb edir. Kənd sakinləri
min bir əziyyətlə
ucaltdıqları hasarlarına,
yolun lap kənarındakı
kiçik bir su quyusuna belə
xələl gəlməsini
istəmirlər. Ona görə
də belə məqamlarda daha səbrli olmaq lazım gəlir. Xeyli söhbətcil olan Əlibrahim Yahyayev sonda onu da əlavə
elədi ki, bu yolçəkənlərlə,
kənd sakinləri ilə hər gün bir yerdə
olan Firqət Qurbanova ayrıca "çox sağ ol" düşür:
- Ot kökü üstə bitər, rəhmətlik atası Əli kişi
də həmişə
camaatın arasında
olardı, xeyirxahlıq
edərdi. "Ət Əli"ni respublikada demək olar ki, hamı
tanıyırdı.
Əlibrahim düz deyir, o xeyirxah, mərd və səxavətli kişini mən də bax beləcə
tanıyırdım.
"Ömür bitər, yol bitməz"
Günortadan sonra geri qayıdanda bir qədər fikirli olan, Hacıqabul rayonunun doğma Navahı kəndində yaşayan Firqət müəllim qəflətən
soruşdu:
- Sən bilərsən,
"ömür bitər,
yol bitməz" ifadəsini kim
deyib? Çox gözəl fikirdir.
Mən bu yoldan sonra daha
başqa bir yol da çəkmək
istəyərdim. Ancaq ömrüm çatarmı
görən? Bəli, ömürlər
bitəcək, yol bitməyəcək. O yolu
da başqa bir Firqət çəkəcək. Qaldı Hacıqabul-Paşalı-Tağılı
avtomobil yoluna, bu yolu sentyabrın
əvvəllərinə qədər
təhvil verəcəyik.
Hacıqabul rayon İcra Hakimiyyətinin
başçısı Əhməd
Muxtarovun bizə hərtərəfli köməyini
də mütləq qeyd edərsən. Bizdən çox o kişi maraqlıdır
bu yolun vaxtında və keyfiyyətlə təhvil
verilməsində. Neçə vaxtdır bu yolu gəlib görmək istəyirdin.
Axır ki, məqsədinə çatdın. Daha nə
yazacaqsan, necə yazacaqsan öz işindi.
Mənsə öz növbəmdə gördüklərimi qələmə aldım və çox güman ki, unutduğum bəzi şeylər də oldu. Təsəlli odur ki, bir isti yay günü yolçəkənlərlə bir yerdə olduğumdan qəti təəssüflənmirəm. Əksinə, bir az da qürur duyuram, sevinirəm.
Səxavət Məmmədli
Ədalət.- 2013.- 10 iyul.- S. 3.