İŞIĞI
HAQDAN GƏLƏN...
Düşüncələrim
Mən onu ilk dəfə "Dəclə-Fərat
sahillərində" kitabı
ilə tanımışam. Onda dünyanın
düz vaxtı idi. O mənada düz vaxtı deyirəm ki, biz hamımız bir imperiyanın vətəndaşıydıq
və şair Mayakovskinin təbirincə
desəm, hər yerdə Sovet vətəndaşıyam - deyib
az qala
at oynadıb meydan sulayırdıq. O cür imperiyanın vətəndaşı
olmaq, loru dildə desək, dünyanın ikidə birindən çox hissəsində hökmranlıq
edən, qılıncının
dalı-qabağı kəsən,
sözünün qabağında
söz deyilməyən
ağ adamların
ən yaxşılarından
sayılmaq demək idi. Və biz də bax
beləcə dünyanın
gözünə kül
üfürə-üfürə elə özümüz də bu dünya
ilə yol yoldaşlığı edirdik.
Mən
lap erkən yaşlarından,
yəni mütaliəyə
könül verəndən
xatirə janrında, düşüncələr üslubunda
yazılan bədii əsərlərə həmişə
bir özəl maraq göstərmişəm.
İstər xalq şairi Nəbi Xəzrinin, istər çox dəyərli ədəbiyyatşünas yazarımız
Manaf Süleymanovun, istər xatirəsini həmişə içimdə
yaşatdığım Əzizə
xanım Cəfərzadənin
və digərlərinin,
xüsusilə böyük
Cəfər Cabbarlının
xanımının xatirələrini
sevə-sevə oxumuşam.
Və hər mütaliəmdə həm
özümüzü, həm
ətrafımızı bir
az da
yaxından tanımağa,
bir az da
yaxından görməyə
imkan əldə etmişəm.
Bu mənada professor, görkəmli
alim, ədəbiyyatşünas-araşdırmaçı,
Şərq dünyasını
mükəmməl bilən,
bədii yaradıcılığında
fərqli nüanslar ortaya qoyan, ən
vacibi isə özünə qarşı
son dərəcə tələbkar,
son dərəcə həssas
və sadə bir insan olan,
şəxsiyyətini hər
şeydən üstün
tutan Qəzənfər
Paşayevin mütaliə
etdiyim hər bir əsərində mənim üzümə yeni bir nəfəslik
açılıb. Mən o nəfəslikdən
dünyanın yeni naxışlarını, yeni
cizgilərini görməyə
fürsət qazanmışam.
Elə bu günlərdə böyük
alimimizin son iki kitabı əlimə düşdü. Kitablardan biri Qəzənfər
müəllimin yaradıcılığının
"Biblioqrafiya"sından bəhs edirdi. Təkcə bu biblioqrafiyanı vərəqləməklə alimin
sözə könül
verdiyi gündən 75
yaşının tamamına
qədər böyük
ədəbiyyata, ədəbi
ictimaiyyətə, Azərbaycan
elmi düşüncəsinə
nə boyda töhfələr verdiyini
görmək mümkündür.
Sadəcə burada bir istək olmalıdır.
Səmimi bir istək.
Həmin istəklə
kitabı vərəqləyəndə
görünür ki, Qəzənfər Məhəmməd
oğlu Paşayev
1937-ci ilin avqust ayının 27-də Tovuz
rayonunun Düzqırıxlı
kəndində dünyaya
gəlməklə təkcə
doğulduğu kəndi,
bölgəni deyil, həm də bütövlükdə Azərbaycanı
öz qələmiylə,
öz sözüylə,
öz ziyasıyla işığa boyamaq missiyasını öz üzərinə götürüb.
Şükürlər olsun ki, böyük alim bu ziyanı, bu işığı indi də coşquyla,
sevgiylə məmləkətimizə
paylayır.
Həmin kitabdakı fotoşəkillərə
baxanda şəxsən
mən bir azərbaycanlı kimi çox böyük qürur hissi keçirdim. Fotolarda Qəzənfər müəllim dünyanın,
xüsusilə Türk
dünyasının ən
ünlü insanları
ilə çiyin-çiyinə
dayanıb, onlarla eyni masa arxasında
əyləşib. Bax elə
bu yerdə böyük alim Yaşar Qarayevin fikirlərini dilə gətirməyin zənnimcə
əsl məqamıdır.
Yaşar müəllim
yazıb: "Bizim nəsil üçün İraq Füzulidən, Füzuli Kərbəladan başladığı kimi,
Kərkük də Qəzənfər Paşayevdən
başlayır".
Məncə, bu fikirlərə şərh verməyə nə ehtiyac var, nə də
ondan mükəmməlini
demək mümkün
deyil.
Tanış olduğum ikinci kitabın adı "Kərkük sevdalı elm
adamı"dı. Bu kitabda
da millət vəkili, şair Sabir Rüstəmxanlının
vurğuladığı kimi
"Vətəndaş və
alim vəzifəsini bütün ömrü boyu yorulmadan xalqına xidmət etməyə..." yönəltmiş
Qəzənfər Paşayev
barəsində dünyanın
çox görkəmli
alimlərinin, qələm
sahiblərinin fikirləri
yer alıbdır.
Bu kitab bir neçə bölümdən
ibarətdir. Şəxsən
mən bu kitabda Türk dünyasının, eləcə
də yaxın-uzaq Şərqin bir-birindən
dəyərli simalarının
Qəzənfər müəllim
barəsində fikirlərini
qürur hissi ilə oxudum və sevindim ki, bütün fikirlər Qəzənfər
müəllimin simasında
həm də Azərbaycanın bütün
ziyalılarına ünvanlanıbdır.
Ümumiyyətlə, hər iki kitab
Azərbaycanın bir aydınını, bir alimini söz-söz tanımaq üçün,
şəxsiyyətini dəyərləndirmək
üçün, həyat
fəaliyyətinə qiymət
vermək üçün
çox mötəbər
mənbədir. Zənnimcə, içində Azərbaycan
sevgisi olan hər kəs bu cür aydınların
Azərbaycana aid olmasından
yalnız qürur hissi keçirə bilər.
ƏBÜLFƏT
MƏDƏTOĞLU
Ədalət.- 2013.- 10 iyul.- S. 4.